“Onu olimpiya
çempionu kimi Azərbaycan yetişdirdi”
BİRİNCİ HİSSƏ
Bizim taekvondonun əsas simalarından biridi, Rəşad Əhmədov. Zamanında dörd dəfə Avropa çempionu, iki dəfə dünya çempionatının mükafatçısı olub. Əgər... Əgərlər olmasaydı, bu gün Olimpiya çempionu adını da daşıyırdı. Amma ən yüksək nailiyyəti beşincilik oldu o yarışlarda.
Bunlar bilinən faktlardı. Görüşümüzün səbəbi isə Rio Olimpiya Oyunlarıdı. Rəşad budəfəki Yay Olimpiya Oyunlarından artıq bir idmançı yox, məmur kimi qayıdıb. Hə, artıq idman məmurudu, Azərbaycan Taekvondo Federasiyasının təşkilat komitəsinin rəhbəridi.
Belə başa düşürəm ki, işindən razıdı. Söhbət zamanı toxunacağıq buna. İşdən də danışacağıq, federasiyanın prezidenti Kəmaləddin Heydərovdan da, Rəşadın qaynı, dünya çempionu Niyaməddin Paşayevdən də (iki qohum, eyni federasiyada işləyir. Niyaməddin vitse-prezidentdi), 2004-ün olimpiya çempionu Fərid Mansurovdan da (o da Rəşadın dostudu), Radik İsayevdən də (o da məlum, 2016-nın olimpiya çempionudu).
Görüşümüz federasiyada olur. Bu gördüyünüz şəkil də orada çəkilib. Rəşad taekvondoçuların mükafatlarının yığıldığı muzeyi göstərir.
“Göz dəyməsin, nə qədər mükafatınız var” – deyirəm. Amma taekvondo tariximizin ən yüksək mükafatı təbii ki, yoxdu burda və yəqin heç vaxt da olmayacaq. Hansı ağıllı Olimpiya Oyunlarının qızıl medalını muzeyə verəsidi?))
Üzündən dəhşətli bir yorğunluq yağır.
- Zarafat gəlməsin sənə. Gör neçə saat yol gəlmişik. Üstəgəl Rio ilə Bakı arasında 7 saat fərq var. Peşəkar idmançı dünyanın hər tərəfinə yarışa gedir, ora tez uyğunlaşır. Ancaq 7 saat çox böyük fərqdi.
Təkcə saat fərqinə görə yox, Riodan, ümumiyyətlə, narazılıq çox oldu. Yadınızdadı, az qala hər gün dünya mediası idmançıların, qonaqların qarət olunduğuna dair məlumatlar yayırdı. Təbii, Rəşaddan bu haqda da soruşuram ki, sizin başınıza bir iş gəlmədi?
- Ora bir az gec getdik. Avqustun 13-ü Rioda
olduq. Öncədən biz də
düşünürdük ki, oğurluq, ya da başqa
şeylər ola bilər. Oranın
kriminal yer olduğunu deyirdilər. Düzü,
oğurluq hadisə ilə üzləşmədik. Amma təşkilatçılıqla bağlı
çatışmazlıq vardı. Afina
(2004), Pekin (2008) və London (2012) Olimpiya Oyunlarında təşkilatçılıq
əla idi.
Əlbəttə, işimiz-gücümüz var, oturub
saatlarla ordakı oğurluğu, təşkilatçılığı
müzakirə edəsi deyilik. Heç bəlkə
indi Riodakılıarın özlərinin də yadına
düşmür bu. Olimpiya Oyunları artıq yadlarından
çıxıb, ölkə çalxalanır,
şirin-şəkər xanım prezidentlərini istefaya
göndəriblər. Mənə siyasi
proseslər maraqlı gəlir, amma Rəşada yox.
- Siyasətin
dərinliyinə girmirəm, belə çox vacib nəsə
olanda maraqlanıram.
Nəysə. Braziliya bilər, xanım Dilma bilər.
Biz özümüzlə məşğul olaq.
Taekvondoçular
dalbadal üç Olimpiya Oyunlarındakı uğursuzluqdan
sonra ilk dəfə medal gətiriblər Azərbaycana. Özü də fikir verin, 4 idmançıdan
3-ü medal qazanıb. “Hakimlər Fəridəyə
haqsızlıq etməsəydi, o da medal qazanacaqdı” – deyir Rəşad.
1 qızıl, 2-i bürünc. Super göstəricidi.
İdmançılara da, Rəşada da,
Taekvondo Federasiyasının digər rəsmilərinə də
alqışlar düşür. Həqiqətən
əziyyət çəkiblər bu insanlar.
Demək
ki, 2012-ci ildə Taekvondo Federasiyasının idarəetmə
sistemindəki uğurlu dəyişiklik müsbət nəticələrini
verdi. Dünya səviyyəli
yarışlarda ciddi uğurlar əldə olundu və nəhayət,
Rioda 3 medal qazanıldı. Buna qədər
isə qatıldıqları üç olimpiya oyunlarında
bir medalımız da olmamışdı.
Təbii, son göstərici ürəkaçan
faktdı. Amma bir narahatlığım da var ki, onu Rəşadla
bölüşürəm. Hər
üç medalı legioner taekvondoçular qazanıb.
Kaş ki, öz azərbaycanlımız Fəridə də
olaydı o siyahıda...
Rəşad
Əhmədov:
- Kim istəməz
ki, medalı özümüzünkülər qazanmasın? Bizim də istəyimiz budur ki,
idmançılarımızın hamısı yerli olsun.
Azərbaycan vətəndaşı öz həmyerlisini
dəstəkləsin. Bu istiqamətdə
ciddi işlər gedir. Bu iş federasiyamızın
prezidenti Kəmaləddin Heydərovun nəzarətindədir. Onun dəstəyini, qayğısını
idmançılar, məşqçilər, federasiyanın məsul
şəxsləri həmişə hiss edib. Bilirsiz ki, bir müddət taekvondoda
çöküş vardı. Bizim nəsildən
sonra taekvondoda uğur dayanmışdı. Sonra Nağı Səfərov və Niyaməddin
Paşayev vitse-prezident təyin olundular. 2012-ci il idi. Rio Olimpiya Oyunları haqda
düşünürdük. Vaxtımız
da az. Əlbəttə, tək yerli idmançı ilə son
yarışda medal qazanmaq olmayacaqdı. Biz
yerli idmançı yetişdirməklə yanaşı
perspektiv vəd edən legioner axtarışına da
çıxdıq.
- ... Və gedib Radik İsayevi tapdınız?
- Onu Dağıstandan gətirdik. Çox adam
elə bilir ki, bura gələnə qədər Radikin
yaxşı nəticələri olub. Elə
deyil. Bizim məşqçilər onu izləmişdilər,
perspektivi vardı, boyu da hündürdür deyə
komandamıza cəlb etdilər. Məşqçilər
fiziki tərəfdən də onun üzərində işlədilər.
İlk nəticəsi 2013-cü ildə Meksikada
qazandığı dünya çempionatının
üçüncülüyü oldu.
- Yani Radiki sırf boyuna görə gətirdiniz?
- Əsasən boyuna görə. Amma istedadı,
perspektivi də vardı. Bizdə bəzən
elə legioner gətirirlər ki, Avropa çempionu olub. Radik isə Rusiyada heç bir ciddi nəticə
qazanmamışdı. Biz Radiki gətirəndə
məşqçilər dedilər ki, üzərində
çalışıb, nəsə etmək olar. Özünün də yaxşı xarakteri olduğu
üçün öz üzərində
çalışıb, yetişməyə başladı.
- Fikrindən
belə başa düşülür ki, Radik bizim taekvandonun
yetirməsidir?
- Bəli,
bunu çox adam bilmir. O, məhz Azərbaycanda yetişdi. Bundan başqa, Rioda bürünc qazanan Milad Beiqi də
İranda tanınmamış idmançı idi. Bizim iranlı məşqçimiz Rza Mehmandost
Miladı İrandan tapıb gətirdi ki, bunu yaxşı
idmançı etmək olar. Dünyada iki ən
yaxşı taekvondo məşqçisi varsa, biri bizim məşqçimiz
Rza Mehmandostdur. O, komandanı çox qaldırdı
yüksəyə. Bu qısa vaxtda məcburduq
ki, bir yol tapıb, qızıl medal qazanaq. Bununla bərabər, biz başladıq bölgələrdə
yarışlar keçirməyə, gəncləri, yeniyetmələri
seçib, üzərində işləməyə. Biz əsas bunun üzərində
çalışırıq ki, yaxşı yerli
idmançılarımız yetişsin. Amma bir az vaxt lazımdı.
...
İnanaq ki, o vaxt gələndə daha çox yerli
idmançılarımız üzdə olacaq. Amma
təbii, legionerlər uğur qazanıb deyə görülən
işlərə, çəkdikləri əziyyətə
kölgə salmaq insafsızlıq olardı.
Gətirəndə
də gərək Radik kimi legioneri gətirəsən ki, sabah bayraq qaldırıb qızıl medal qəbul
etsin, daha başqaları kimi dopinq deyil...
Doğrudan, ağırlıqqaldırmada o nə
biabırçılıq idi elə? Sadəcə, yeri deyil
bu haqda danışmağın. Heç
olmasa, taekvondoya, güləşə baxıb nümunə
götürsünlər.
Nə isə
qayıdaq Rəşadla söhbətə...
Amma
stop... Yazının birinci hissəsini burda bitirək.
Axır vaxtlar elə hamı gileylənir ki, böyük
yazılar oxuya bilmirik...))
Oxucuya cox əziyyət verməyək.
Sabahadək...
Aydın BAĞIROV
525-ci qəzet.- 2016.- 3 sentyabr.- S.9.