Nuhun günahı

 

 hekayə-pritça

 

 

 

Nuh peyğəmbər ömrünün doqquz yüz qırx doqquzuncu baharına yenicə qədəm qoymuşdu.

 

Hər gün Allaha Həzrət Adəmdən də uzun ömür sürdüyünə görə şükür edirdi və şükür səcdəsində Rəbbindən ona göstərdiyi bu lütfkarlığın səbəbini soruşurdu. Bir gün Allahdan ona vəhy gəldi: "Ya Nuh, ömrün uzunluğu və əcəl qabaqcadan müəyyən edilmiş vaxtdır. Artıq sənin də bu dünya ilə vidalaşmaq vədən yetişib. Öz zürriyyətindən dünyaya gələn imanlı övladlarınla halallaşmaq üçün sənə bir il möhlət verirəm. Öyrənmək istədiyin sirri-Xudadan bu zaman agah olacaqsan..."

 

Halallaşmaq, həm də öz zürriyyətindən, artıb-törəyən imanlı övladlarıyla vidalaşmaq və öyrənmək istədiyi sirri-Xudadan agah olacağı barədə eşitdiyi kəlmələr Nuh peyğəmbəri bir xeyli düşüncələrə qərq etdi. Çox götür-qoy eləyəndən sonra ayağına tumacdan tikilmiş yüngül çarıq geydi, əlinə sərv ağacından düzəltdiyi qartal başlı əsasını alıb yola düzəldi. İllər öncə gəmisinin lövbər saldığı dağın ətəyində binə salmış elləri-obaları bir-bir gəzib-dolaşdı.

 

Bəşərin atası Adəm peyğəmbərdən sonra Nuhu özlərinə ikinci ulu əcdad bilən qövmü onu hər yerdə təmtəraqla qarşılayırdı. Peyğəmbər əvvəlcə Sam, sonra Ham, daha sonra Yafəs adlı üç oğlundan törəyən nəvə-nəticələrinə baş çəkdi; günlərlə onlara qonaq oldu, onlar da "Nuh baba" deyib onun boynuna sarıldılar, uzun əllərindən, iri gözlərindən öpdülər...

 

Eldən-elə, obadan-obaya gəzib-dolaşdıqca Nuhu bir sual düşündürürdü: "Bəs görəsən, qızım Vəjilədən olan nəvə-nəticələrimi necə tanıyacam?! Axı..." Xatırladığı əhvalat nə idisə, birdən onun əhval-ruhiyyəsi dəyişdi, dağ başına qəfil çökən qara bulud kimi peyğəmbərin çöhrəsini kədər bürüdü. Rəbbinin: "Öyrənmək istədiyin sirri-Xudadan bu zaman agah olacaqsan!" kəlamı qulağında əks-səda verdi.

 

Nuh nigaranlıq duyğusu içindəydi, dərindən köks ötürüb, sonra ağır-ağır və sükut içində yoluna davam etdi. Varid olduğu eldə-obada qarşısına çıxan cavan-comrulu, ağsaqqalı-ağbirçəyi, bir sözlə, uşaqdan böyüyəcən hamını təpədən-dırnağacan zəndlə süzürdü. Öz qövmündən ona iman gətirənləri, tufandan ibrət dərsi alan zümrəni həm zahiri, həm də batini aləmlərinə görə tanıyırdı. Onlar da Nuhu xilaskar bilir, yer üzünü tutan tufandan onun sayəsəində dədə-babalarının nicat tapdıqlarını əminliklə dilə gətirib, Allaha şükür edirdilər.

 

Çuxurobada isə bir dəstə gənc Nuh peyğəmbəri dərviş bilib ələ saldı: "Siz bu qoca dərvişə baxın, özünü Nuh peyğəmbərə bənzədir..." Nuh dayanıb onlara öyüd-nəsihət verdi. Amma cavanlar əllərini yelləyib, onun dediklərini qulaqardına vurdular. Ətəklərinə daş yığa-yığa: "Ey qoca dərviş, nağıl danışma, öz yolunla düz-əməlli get, yoxsa biz səni daşa basarıq" - dedilər.

 

 Nuh onlara baxa-baxa başını buladı, bir anlıq fikrə getdi və birdən qorxulu yuxu görmüş adamlar sayaq diksinib, daldığı düşüncələrdən ayrıldı.

 

 - Tökün ətəyinizdəki daşları yerə! - dedi, - mən gedirəm, istəsəniz də məni bir daha görməyəcəksiniz! Amma bilin ki, özgəsinə atmaq üçün ətəyinizə doldurduğunuz o daşlar bir gün öz başınızı da yaracaq!..

 

Cavanlar bir-birinə baxıb qəhqəhə çəkdilər:

 

- Hmmm, özgəsinə atdığımız daş özümüzə necə dəyə bilər?

 

Nuh susub qəlbində özü-özündən soruşdu: "Məgər bu sayğısız, yolun azmış, anlaqsız cavan-comrul mənə iman gətirən və tufandan nicat tapan yetmiş iki ümmətimdən dünyaya gəlib? Hə, axı Rəbbim buyurdu ki, öz zürriyyətimdən doğub-törəyənlərlə halallaşma zamanı öyrənmək istədiyim sirri-Xudadan agah olacam..." Sonra üzünü göyə tutub dedi: "İlahi, bilirəm, bu, mənim ən bağışlanmaz suçumdur. Fəqət, mənim suçum Sənin mənə rəhmindən intişar edib, axı tufandan sonra naçar qaldığım vədədə mən Sənin əmrini yerinə yetirdim... Yoxsa, suçumun böyüklüyünü dərk etmək və sonucundan agah olmaq üçün məni uzunömürlü etdin?!"

 

Belə sual və düşüncələr qoynunda Nuh peyğəmbər az getdi, üz getdi, dərə-təpə düz getdi, nəhayət, gəlib dağın gündoğan səmtinə çıxdı. Burada bir-biri ilə ucadan höcətləşən iki çobana tuş gəldi. Çobanların biri otlaqda qara, o biri isə qoyun sürüsü otarırdı. Çiyninə qara saçaqlı qara yapıncı salmış qaraca çoban üzünü yapıncılı ağca çobana tutub deyirdi:

 

 -Nə hərzə-mərzə söylənirsən, çoban oğlu, çoban! Sənə dedim ki, Nuh-əleyhisalamın yeganə qızı Vəjilə bizim tayfanın ulu nənəsi sayılır. Allahın izni ilə Nuh peyğəmbər öz qızını gəmisini düzəldən Dülgər babamıza ərə verib. Vəjilə nənəmiz boz qurd kimi igid ərənlər doğub. Biz də həmin ərən babaların nəvələriyik. Sən heyvərə isə dədəni-babanı kimin doğduğundan bixəbərsən!.. Odur ki, gördüyün o dağ da, bu gömgöy otlaqlar da, o yaşıl meşə də, göz yaşı kimi dupduru bu göycə göl də fələk oğlu Boz qurd babamızdan bizə miras qalıb!..

 

Ağ yapıncılı çoban qara yapıncılı çobanın başına it kimi çımxırdı:

 

 - Ay qurd oğlu qurd, aç qulağı

 

yaxşı-yaxşı eşit, o Vəjilə dediyin qadın bizim nənəmizdi. Özü də çox gözəl-göycək qız imiş. Nuhun gəmisini də sizin yox, bizim babamız düzəldib... Başının üstündəki o göy də, ayağının altındakı bu yer də bizimdir... Ya mən kimi sürünü otar, ya da çıx get buralardan!

 

Birdən çobanların çomaqları qılınc kimi havaya qalxdı, az qala bir-birlərinin başını yarıb, qanlarına qəltan etsinlər. Nuh peyğəmbər özünü yetirib onları sülhə dəvət etdi. Qara yapıncılı çoban Nuhu görcək ona təzim elədi. Ağ yapıncılı çoban Nuh dedi, peyğəmbər demədi. Elə hey hay-küy salıb, dil qəfəsə qoymurdu.

 

Nuh dedi:

 

- Bu yeddi qat yerin də, o yeddi qat asimanın da sahibi Allahdır. Biz bəni-Adəm yer üzünə qonaq qismində gəlmişik, qonaq olan kəs yer-göy mənimdi deyib, dava-dalaş salmaz! Bu fani dünyada, yerlə-göy arasında, qohumlarımız da, qonşularımız da Tanrının seçimidir. Dostlarımızı isə biz özümüz qazanırıq! İnadkarlıq, təkəbbürlük, mənəm-mənəmlik, ədavət, nifrət hissi bəşər oğluna heç vaxt fayda verməyib, verməyəcək də...

 

Nuh peyğəmbərin dediklərini qara yapınçılı qaraca çoban qulaqlarında sırğa edirdi. Ağ yapıncılı ağca çobanın gözləri Nuhun ayağındakı qara tumacdan tikilmiş yüngül və yumşaq çarığa dikilmişdi, fikri-zikri isə qaraca çobanın qara qoyunlarının əmcəklərini südlə dolduran göy otlaqlarda qalmışdı. Birdən nə düşündüsə, ağca çoban arsız-arsız hırıldadı:

 

- Hə, baxıram ki, peyğəmbər olsan da, ayağına geydiyin başmaq, başındakı keçə külahdan da qiymətlidi. Sənin bihudə danışığınsa mənim qoyun-quzumu qurda-quşa yem edər...

 

Bu zaman uzaqdan qurd uladı. Çoban köpəkləri səs gələn tərəfə hürdülər. Nuh da çobanlardan uzaqlaşıb, qurd ulayan səmtə doğru addımladı. Peyğəmbər məyus görkəmdə və yorğun halda dağın zirvəsinə qalxırdı. Mənzil başına çathaçatda qartal başlı əsasına söykənib son dəfə yuxarıdan dünyanın seyrinə daldı. Dağın ətəklərindəki sərin yaylaqlar, yamyaşıl yamaclarda çəmənliklər göz işlədikcə şərqə doğru uzanıb gedirdi. Nuhun qurşağınacan uzanmış saç-saqqalını dağın yaşıl qoynundan ah kimi qopan meh sığalladı. Dağ susmuşdu. Dərələr gen qulaqlarını şəkləmişdi.

 

 - Bu gün günah və günahkarlarla dolu yer üzündə mənim yolçuluğum başa çatır! - deyə ağır-ağır dilləndi Nuh, - vida səfərimdə yenə səcdəsini itirmiş, ətəklərinə şər əməllər üçün daş yığmış adam cildində xeyli şərbəndələr gördüm. Onlar dildə Allaha və onun peyğəmbərinə iman gətirirlər, amma əməldə şeytana xidmət edirlər..

 

Nuh dizləri üstə düşüb əllərini göyə açdı:

 

- Ya Rəbbim, yolunu azmışlara Şeytanı sevindirmək fürsəti vermə, dünyanı onların şərindən hifz eylə!

 

 Nuh öz Rəbbinə yalvarıb-yaxardıqca qarnına ağrı dolurdu, qoynuna acı-acı göz yaşları tökülürdü. Dağ-daş dilə gəldi:

 

- Ya peyğəmbər, niyə ağlayırsan ?

 

Peyğəmbər əsasını yaxındakı ağacın qovuğuna toxundurub:

 

- Məzarım bu gövdənin içi olacaq, - dedi, - mən bu dünyadan gözükölgəli, üzüqara köçdüyümə yanıb-yaxılıram... Ölümdən, ölməkdən əsla qorxmuram, fəqət adamlardan qorxuram. Yenə adamlıqdan çıxırlar. Əgər bir də tufan olsa, canlılar xilas ola bilməyəcəklər!

 

 

Dağ soruşdu:

 

- Niyə, onların günahı indi nədir, ya Nuh?

 

- Niyə? - Peyğəmbərin səsi xırıldadı, - Tanrı nə vaxtsa bitib-tükənməyən günahlarına görə bu adamlardan peyğəmbərliyi qaçaq salacaq, bu son və ən ağır cəza olacaq BƏŞƏR nəsli üçün.

 

- Bu nə zaman olacaq?

 

Nuh peyğəmbər başını buladı:

 

- Mən günaha batmışam, böyük günaha, ona görə o cəza gününün nə zaman olacağını təkcə Allah bilir...

 

Dağ heyrətdən yırğalandı, qaşından bir daş qopub üzü aşağı diyirləndi. Ətrafdakı quşlar diksinib civildəşdi. Nuh dilləndi:

 

 - Heyrətlənmə, əzəli və əbədi dostum, mən də bu günahdan ölümqabağı xəbər tutdum. Gecdir, çox gec. Bu günahdan çox böyük günahlar törəyəcək.

 

- Ey Nuh! - Dağ dilləndi, - sən dünyanı su alanda üz tutub dabanını köksümə basdığın dağ mən olmuşam. İzin ver, agah olum günah dediyin sirrindən...

 

 Nuh yanıqlı ah çəkdi, sonra aramla danışmağa başladı:

 

- Adamlar adamlığından çıxanda Tanrı buyurdu ki, yer üzünü su basacaq, mən canlıları xilas etmək üçün gəmi düzəltməyə başladım. Vaxt da gözləmirdi. Köməyə üç dülgər çağırdım. Söz verdim ki, gəmini vaxtında düzəltsəniz, hər nə istəsəniz, onu da verəcəyəm. İnsafən canla-başla işlədilər... Tufandan sonra onlar hüzuruma gəlib mənə öz vədimi xatırlatdılar. Mən onların nə istədiklərini soruşdum. Onlar bir-birindən xəbərsiz ağac parçasına çəkdikləri rəsmi mənə verdilər. Hər üçü yeganə qızımın rəsmini çəkib, adını yazmışdı. Vədimə onların istədiyi şəkildə əməl etmək çətin idi. Elə bu vaxt Rəbbim cənab Cəbrayılı yanıma göndərdi, mənə bir eşşək və bir it alıb, qızım Vəjilə ilə bir otağa salmağı əmr etdi. Allahın əmrini yerinə yetirdim. Bir müddət sonra otağın qapısını açanda orada bir-birinə bənzəyən üç qız gördüm. Və bu qızların hansının gerçək qızım olduğunun fərqinə varmadan dülgərlərə ərə verdim. Allaha şükür etdim ki, məni onların yanında vədəxilaf çıxarmadı.

 

Nuh peyğəmbər susub, köks ötürdü. Dağ da, quşlar da, daşlar da susmuşdu.

 

 - Bu işıqlı dünya ilə vida zamanımın yetişdiyini bilən gündən Rəbbimin buyurduğu ilə nəvə-nəticələrimə baş çəkirdim. Doğma qızıma oxşayan eşşək və itdən törəyənləri üzdən olmasa da, əməllərindən, davranışlarından tanıdım. Tanıyan kimi də bədənimə ağrı doldu. İçimə dolan o ağrını götürüb uzaqlaşdım onlardan...

 

 Nuh peyğəmbərin ağzına qulağını dirəmiş Dağ dedi:

 

 - Bu, nə böyük sirrdir, ey Nuh, sənin ağrın mənim içimə doldu. Kaş əzəl başdan gəmin başqa dağlara gedib çıxaydı. Aman, rahatlığım əldən getdi. Bu, nə qorxunc sirdi, Allah dünyanı şeytana xidmət edən o adamların şərindən qorusun!

 

Nuh əvvəl karıxdı, dağın səsindəki inciklik peyğəmbərin dərdinə dərd caladı, handan-hana özünə toxtaqlıq verib dedi:

 

- Bir yanın Nuhdabandı, bir yanın Nuhçıxan... İndi də sirrimdən agah olub ağrı tapdın, bu gündən sənin adın Ağrı oldu. Dinlə məni, Ağrı dağı, sirrimi sənə dedim, ruhumu Rəbbimə, cismimi da sənə tapşırıram. Unutma, əgər dünyanı yenidən tufan bürüsə, bil ki, həmin fəlakət o eşşək və it cinsindən törəyənlərin ucbatından baş verəcək...

 

Nuhun son kəlməsi dalğa-dalğa ətrafa yayıldı. Bu zaman Dağın başında şimşək çaxdı. Göy üzü məşum-məşum titrədi. Çiskin yağış yağmağa başladı. Sonra yağış kəsdi. Şər vaxtı çatanda Ağrı dağı günahkar Nuhu öz ağuşuna almışdı.

 

...Ağrıdağın ətəklərdən ağı və fəryad səsləri göylərə yüksəlirdi.

 

Avqust, 2016-cı il. Bilgəh

 

Nurəddin ƏDİLOĞLU

 

 

525-ci qəzet.- 2016.- 7 sentyabr.- S.8.