Cavanlaşan Ana Radio - Azərbaycan
Radiosu-90
Bu il Azərbaycan Radiosunun yubileyidir. 1926-cı il noyabrın 6-dan fəaliyyətə
başlayan radioda “Danışır Bakı” sözləri
paytaxtla yanaşı qısa müddətdən sonra ölkənin
bütün ərazilərində eşidilməyə
başlayır. Daha sonra Azərbaycan Radiosunun səsi uzaq-uzaq
ellərə yayılır...
O
dövrdə dünyada radionun meydana gəlməsi dövrün böyük
inqilabi hadisəsi hesab edilirdi. Ölkəmizdə
isə hansı şəraitdə yaranmasına baxmayaraq
ziyalılar ona millətin nicatı üçün bir
ümid qığılcımı kimi baxırdılar. Ona görə də
ətrafına cəm olan böyük şəxsiyyətlər
radionun nələrə qadir olduğunu ciddi dərk edərək
onu xalqın, millətin maariflənməsində,
inkişafında ən lazımi vasitə hesab edir və fəaliyyətini
şüurlu şəkildə tənzimləməyə səy
göstərirdilər. Üzeyir Hacıbəyov,
Müslüm Maqomayev və sair ünlü musiqi xadimləri
milli musiqinin sərhədləri aşmasında texniki nailiyyətlərin
xidmətindən bəhrələnməyə çalışırdı.
1932-ci ildə Müslüm Maqomayev Üzeyir Hacıbəyovla
birlikdə Radio Komitəsində ilk notlu Şərq alətləri
orkestrinin yaradılmasına nail olur. Bu orkestrin
yaradılması radionun musiqi proqramlarının
inkişafına böyük təsir göstərir. Bir
neçə il sonra məhz həmin orkestrin vasitəsilə
Niyazi, Fikrət Əmirov, Səid Rüstəmov, Əşrəf
Abbasov, Ağabacı Rzayeva, Cahangir Cahangirov, Süleyman Ələsgərov,
Nəriman Əzimov kimi bəstəkarlar və
çoxsaylı musiqiçilər radiodan böyük
yaradıcı həyata qədəm qoyurlar...
1933-cü
il martın 8-i axşam saat 8-də
Müslüm Maqomayevin təşəbbüsü ilə
radioda “Çahargah gecəsi” adlı muğam konserti təşkil
olunur. Konsertdə xanəndələr Cabbar
Qaryağdıoğlu, Məşədi Bilal, artistlər
Hüseynqulu Sarabski, Zülfi Adıgözəlov, Yavər Kələntərli,
Zülfüqar Sarıyev, tarzənlər Qurban Pirimov, Əhməd
Bakıxanov, Bəhram Mansurov, Xosrov Məlikov,
kamançaçılar Qılman Salahov, Hafiz Mirzəliyev və
başqaları iştirak edirlər. İki saata qədər
davam edən konsertdə “Çahargah”ın “Bəstənigar”,
“Hisar”, “Müxalif”, “Mənsuriyyə”, “Hüzzal” şöbələri
və onlara uyğun təsniflər ifa edilir...
Ədəbiyyatın
təbliği istiqamətində Məmməd Səid Ordubadi
kimi yazarlar söz xiridarlarını başına toplayıb ədəbi
nümunələrin xalqa təqdimatı ilə məşğul
olurdular. Ordubadi radioya Cəfər
Cabbarlı, Hüseyn Cavid, Mikayıl Müşfiq, Seyid
Hüseyn, Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd
Rahim, Mehdi Hüseyn, Sabit Rəhman, Mir Cəlal Paşayev kimi
nasir və şairləri cəlb etməklə efirdə yeni əsərlərin
tez-tez səslənilməsinə
çalışırdı. Artıq 20-ci illərin
sonlarında bütün radio məhsulunun üçdə-biri
bədii verilişlərdən ibarət idi....
Sənət
adamları radioteatrların hazırlanması, səslənməsi
ilə ölkədə
incəsənətin qüdrətini nümayiş etdirir, aktyorlarımızın potensial
imkanları üzə çıxarmağa cəhd edirdilər.
Belə ki, 1931-ci ildə Azərbaycan Radiosunda
Mustafa Mərdanovun rejissorluq etdiyi “Radioteatr” yaradılır.
Azərbaycan teatr sənətinin radioya
uyğunlaşdırılması prosesi aktyorların fəaliyyət
imkanlarının genişlənməsinə səbəb olur.
İstedadlı səhnə ustalarından Abbas Mirzə Şərifzadənin,
Mirzağa Əliyevin, Kazım Ziyanın, Ülvi Rəcəbin,
Mərziyə Davudovanın, Fatma Qədrinin, Sidqi Ruhullanın,
Mustafa Mərdanovun çıxışları dinləyiciləri
valeh edirdi...
Radionun texniki imkanları genişləndikcə radio sənəti
də təşəkkül tapır və incəsənətinin
bir qolu kimi püxtələşməyə
başlayırdı.
Radiojurnalistikanın
genişlənməsi, “radioincəsənət”in meydana gəlməsi
və təşəkkülü nadir fond nümunələrinin,
zəngin səs irsinin - “Qızıl Fond”un meydana gəlməsi ilə nəticələndi.
Radionun “Qızıl fond”unda görkəmli sənətkarlarımızın
ifasında muğamlar, bəstəkar mahnıları, müxtəlif
opera və tamaşalardan nadir parçalar qorunub
saxlanılır. 100 minə yaxın səs yazısı
- xalqın səs səlnaməsi gələcəyə
ötürülən ən
qiymətli varidatımız hesab edilir...
Ana radiomuz əvvəl gündən ədəbi dilin
mühafizəsinin keşiyində dayanıb. Çünki
başlanğıcdan təməli belə qoyulub. Sovetlər
birliyinin bir bayraq altında birləşdiyi bir dövrdə
yaranmasına, rus dilinin hökmran olduğu dövrlərdə
saatlarla özgə dillərdə də verilişlərin hazırlanmasına baxmayaraq, ta mövcud olduğu vaxtdan bugünə kimi ənənəyə
sadiq qalaraq radioya ana dilində səlis
və məntiqli danışmağı bacaran, ədəbi
dilin normalarına mükəmməl
səviyyədə cavab verən şəxslər işə
qəbul olunublar.
...Bu
gün Azərbaycanda radioyayım genişlənib, özəl
və internet radioları çoxalıb. Ancaq
dalğaların arasında “Ana radio” öz danışıq
üslubundan, rəvan nitqindən, yəni nəfəsindən
tanınır. Yüksək səviyyəli
danışığı ilə onunla rəqabətə girən
ikinci bir dalğa hələ ki yoxdur. Ədəbi məktəb
hesab edilən doğma radionun kollektivi efirdəki danışıq mədəniyyətinə
görə aparılan monitorinqlər zamanı həmişə
birinciliyə layiq görülüb.
İndi də milli radioda dil məsələsinə həssas
yanaşılır. Keçmiş diktorların bacarığından, efir təcrübəsindən, danışıq
mədənyyətindən yararlanmaq üçün
onların ustad dərsləri təşkil edilir. Özünü radioda Aydın Qaradağlının
tələbəsi hesab edən Əli Məhəmmədoğlu
rəhbərliyin istəyi və öz şəxsi insani
keyfiyyətləri ilə efirə gələn hər bir gəncin
yüksək səviyyədə hazırlanması
üçün saatlarla vaxt ayırır ki, bildiklərini
onlara əxz edə bilsin.
Bu gün
radionun qapıları diktorlar məktəbinin layiqli nümayəndələrindən
biri olan əməkdar artist Sevil Hüseynlinin, Sevda Salehin,
xüsusi ilə bədii mətnlərin oxunuşunda mahir
ifaçılıq qabiliyyəti ilə hər zaman diqqətdə
olan Eldost Bayramın, cazibəli və rəvan danışan
İradə Ələkbərqızının və başqa
diktorların üzünə açıqdır.
Hazırda
diktorlarla yanaşı, illərlə efir təcrübəsi olan
jurnalistlərin əməyindən də geniş istifadə edilir. İlyas
Adıgözəlli, Yasin Qaraməmmədli və s. qocaman
jurnalistlərin istədikləri vaxt doğma ocağa təşrif
buyurduğu, mikrofon önündə əyləşdiyi
hamıya məlumdur.
Bir
neçə ildir ki, radioda fəaliyyət göstərən
xüsusi komissiya efirdən öncə verilişlərə
qulaq asır, ssenariləri oxuyur, səslənmə prosesinin
keyfiyyətinə nəzarət edir, ifa ilə mətn
arasındakı uyğunluğu yoxlayır və dil sarıdan baş verən
nöqsanları vaxtında aşkarlayır. Hər
hansı nöqsan olarsa, veriliş yenidən işlənməsi
üçün müəllifə qaytarılır.
Azərbaycan Radiosunun bir özəlliyi də ondadır
ki, 50 ilə yaxındır sinəsində “Bulaq” çağlayır.
Dinləyici yaddaşında əbədilən
“Bulağ”ın zaman-zaman müxtəlif müəllifləri
olsa da, fərdi və fərqli yaradıcılıq üslubu
ilə araya-ərsəyə gələn rəngarəng
verilişlərin hər bir sayı Qızıl Fond nümunəsi
hesab edilir. Biri digərindən seçilən
“Bulaq”ların qayəsi odur ki, folklor nümunələrinin,
elat dilinin, şirin ləhcəyə sahib olan yurd yerlərimizin
coğrafi dil məkanlarını üzə
çıxartmaqla elin sazlı-sözlü
boxçasını açmağa qadir olsun. Məhz buna görə
də alimlərimiz radionun “Bulaq” verilişinə həmişə
yüksək qiymət verərək, onun hər bir
sayını etnoqrafik tədqiqat obyekti hesab edirlər.
Radionun əvəzedilməz verilişlərindən biri də “Axşam görüşləri”dir. Akademik Rafael Hüseynovun hazırladığı bu veriliş müasir dövrdə digər dalğalardakı oxşar layihələrdən onunla fərqlənir ki, burada haqqında söhbət açılan sənətkarlardan müəllifin özünün aldığı müsahibələri, şəxsi arxivindəki unikal səs yazıları proqramın daha dolğun olmasnı təmin edir. Rafael Hüseynov millət vəkili olmasına, uzun illər AŞPA-da Azərbaycan parlament nümayəndə heyətinin tərkibində çalışmasına, eyni zamanda elmi fəaliyyətinin gərginliyinə, rəhbər vəzifələrdə işləməsinə baxmayaraq həmişə radioya sadiqlik nümayiş etdirib. Hələ bugünə kimi bir dəfə də olsun “Axşam görüşləri”nin təkrar buraxılışını efirə verməyib. Hər dəfə orijinal sənət əsəri təqdim etməklə radioya olan sonsuz sevgisini nümayiş etdirib, gənc radio əməkdaşlarına örnək olub. Müəllif öz dinləyicisini heç vaxt intizarda qoymayıb. Öz dinləyicisini məxsusi onun üçün deyirəm ki, professorun özünün təqdimatında bu veriliş xüsusi reytinq qazanıb.
Azərbaycan Radiosu cəfakeş insanların sayəsində ucalıb. Radioya doğma evi qədər ehtiram göstərən əməkdaşlarının gərgin əməyi nəticəsində yüksəlib, sənət məbədinə, xalqın səs yaddaşına çevrilib.
Ana televiziya yaranana qədər öz radiofilmləri ilə “görüntü” yaradan bu yaradıcılıq ocağı maarifçilik, təbliğat funksiyasını yerinə yetirməklə bahəm elmin, mədəniyyətin, incəsənətin inkişafında da müstəsna rol oynayıb. Ən əsası xalqın informasiya təminatçısı rolunda çıxış edib.
İkinci dünya müharibəsi illərində, milli azadlıq mübarizəsinin vüsət götürdüyü dövrlərdə, qanlı yanvar hadisələri zamanı, eləcə də müstəqillik illərində xalqın məlumat əldə etməsində radio yeganə informasiya vasitəsi olub.
Bircə faktı xatırlatmaq istəyirəm. 1990-cı ilin yanvarında Sovet imperiyası təkcə xalqı deyil, həm də Azərbaycan Radiosunu susdurmağa cəhd edir. Televiziyanın enerji blokunu partladıb sıradan çıxarmaqla yanaşı, Azərbaycan Radiosunun əməkdaşları da efirdən uzaqlaşdırılır. Radioda hərbi senzor fəaliyyət göstərirdi. Matəm içində olan ölkəmizə komendantın həqiqətdən tamamilə uzaq, iftira dolu məlumatları ötürülürdü. Lakin həmin faciəli günlərdə Azərbaycan Radiosunun “Xaricə yayım” redaksiyası 20 Yanvar faciəsinin baş verməsini bütün təfərrüatı ilə dünyaya çatdırmağı bacarır. Yanvarın 20-də köməkçisi ilə qəfildən radioya gələn Azərbaycan SSRİ Ali Sovetinin sədri Elmira Qafarova Azərbaycan və rus dillərində bəyanatlarla birbaşa efirdə çıxış edir. O, tökülən günahsız qanlar üçün bütün məsuliyyətin SSRİ orqanlarının və onların vəzifəli şəxslərinin üzərinə düşdüyünü, Azərbaycan xalqının öz oğul və qızlarının faciəli surətdə həlak olmasını heç kimə bağışlamayacağını bəyan edir. Texniki işçilər çıxışı lentə yazırlar və gün ərzində bir neçə dəfə səsləndirməyə müvəffəq olurlar. “Xaricə yayım” redaksiyası bu bəyanatı ərəb ölkələrinin, İranın Tehran, Təbriz və Türkiyənin Ankara radioları vasitəsilə bütün dünyaya çatdırır. Studiyanın qapısında dayanan əli avtomatlı hərbçilər, Beynəlxalq radionun dalğalara malik olmasını tamam unudan hərbi rejim ayılınca radio vasitəsilə dünya Bakıda törədilən qırğından xəbərdar olmuşdur.
...90
yaşlı Ana Radiomuz get-gedə gəncləşir. Milli
radioda proqram tərtibatında
yeniləşmə, yeni gəncliyin ab-havasına köklənən
verilişlərin araya-ərsəyə gəlməsi, müxtəlif format dəyişikləri
dövrün tələbi olduğundan bu istiqamətdə həyata
keçirilən işlər planlı şəkildə
aparıldığından 90 yaşlı radionun fəaliyyətdə
bir cavanlaşma, daha dəqiq desək canlanma hiss olunur. Gənc
kadrlara isə xüsusi üstünlük verilir... İnformasiya xidmətinin fəaliyyəti daha da təkmilləşir.
Musiqi+informasiya formatına mili radionun
dalğalarında da tez-tez müraciət edilir. Hər
saatın tamamında
“Xəbərlər”in xüsusi
buraxılışı səslənir. “Xəbərlər”
redaksiyanın texniki təminatında baş verən dəyişikliklər,
əməkdaşların son model kompüter texnologiyaları
ilə təmin olunması, bir sözlə yaradılan şərait
imkan verir ki, redaksiya operativ şəkildə xəbəri
auditoriyaya anındaca ötürə bilsin.
Mərhələlərlə inkişaf etmiş radio
yayımı hazırkı şəraitdə HD FM radio
yayımınadək müasirləşmişdir. Belə ki, 2012-ci il aprelin
13-də Bakı Teleqüllə kompleksinin 200 metr
hündürlüyündə quraşdırılmış,
İtaliyanın RVR Elektronika şirkətinin istehsalı
olan 5 kVt gücündə HD
radiovericisi vasitəsilə, Bakı şəhərində ilk
dəfə olaraq 105 MHs tezliyində “Azərbaycan” radiosunun HD
formatlı yayımı həyata keçirilir. Radionun
studiyaları, yaradıcı heyətin
çalışdığı otaqlar da tamamilə yenidən
qurulub, rəqəmsal yayım üçün zəruri olan
avadanlıqla təchiz olunub. “Qızıl Fond”da olan səs
yazılarının lentlərdən elektron disklərə
köçürülməsi, əməkdaşların efir
materiallarını hazırlayarkən fonddan rahatlıqla
istifadə etməsi prosesi də tam qaydada
elektronlaşdırılıb...
Radio insanın yol yoldaşı, qulaq dostu, duyğulu
anlarında könül sirdaşıdır. Günün
istənilən anında Ana Radionun efirindən zövq almaq
mümkündür. Çünki daha çox musiqi
verilişləri ilə zəngin olan Azərbaycan Radiosunda
milli və klassik musiqilərdən ibarət konsert proqramları,
zəngin fond səsləri və
yüksək səviyyəli danışıq, bir sözlə
mükəmməl təqdim edilən radio sənətkarlığı dinləyici
rəğbəti qazanmaq, “Ana Radio”nun ucalardan uca olduğunu
göstərmək, onun şan-şöhrətini qorumaq
üçündür.
Azərbaycan Radiosu xalqın
döyünən ürəyi, danışan səsi, eşidən
qulağı, çalınan musiqisi, sənət beşiyi, səs
yaddaşı, söz dünyasıdır. 90 yaşını
zəfərlə qeyd edəcək xalqımızın milli mənəviyyat
ocağıdır. Deməli,
noyabrın 6-sı radio işçilərinin peşə
bayramı günü xalqımızın, Azərbaycanımızın bayramıdır.
Şəlalə
MƏHYƏDDİNQIZI
Azərbaycan Radiosunun redaktoru
525-ci qəzet.- 2016.- 10 sentyabr.- S.19.