Dünyaya sevgi dolu gözlə baxan
şair
Xoş bir təsadüf mənim maraqlı və dəyərli
bir insanla tanışlığıma imkan yaratmış oldu.
Tanınmış dramaturq Firuz Mustafa bu
tanışlığımızda vasitəçi rolu
oynamış oldu. Tanış olduğum şəxs isə
professor Elçin İsgəndərzadə idi. Öncədən söyləyim ki, söhbətimiz
ilk dəqiqələrdən tutdu. İntellektual
səviyyəyə, geniş erudisiyaya sahib insanlarla təmas
saxlamaq daha xoş və asandır, çünki bu qəbildən
olan insanlar hər bir söhbətə nüfuz edə bilirlər.
Elçin İsgəndərzadənin geniş fəaliyyət
alanı içərisində onun poetik
yaradıcılığı xüsusi çəkiyə
malikdir.
Maraqlıdır ki, adətən, şairlərin əksəriyyəti
poeziya aləminə sevgi mövzusu ilə gəlir və demək
olar ki, uzun bir zaman bunu yaradıcılıqda əsas mövzu
olaraq görürlər. Lakin Elçin bəyin
yaradıcılığının ilk mərhələlərində
bu meyli heç də tam olaraq görə bilmirik, yəni onu,
heç şübhəsiz, təbii olaraq sevgi mövzusu ilə
birlikdə, dünyəvi mövzular - Ana və Vətən
sevgisi, insan mövzusu, haqsızlıqlara, ümumən
yüksək əxlaqın antipodlarına qarşı nifrət
daha çox maraqlandırıb. Hələ 1984-cü ildə
yazdığı “İstəyim” adlı şeirində o bu
fikimizi dilə gətirərək yazırdı:
İstəyirəm
istək olam,
İstəklərə
qarışam mən,
Tək
bircə şey istəmirəm: -
Haqsızlıqla
barışam mən!
Maraqlıdır ki, gələcəkdə də bu
mövzular şairin diqqət mərkəzindən
yayınmır, belə ki, müəllif yaxşı
anlayır ki, əslində bu mövzular əbədi
mövzulardır və onlar yaradıcılıq
üçün saysız-hesabsız imkanlar saxlaya bilər.
Onun
yaradıcılığının milliliyi və xəlqiliyini
də qeyd etməmək olmaz, belə ki, bunu biz yalniz zahiri tərəflərdə
(ənənəvi şeir formaları, bədii-təsvir vasitələri,
ənənəvi fikir və ibarələr, ata sözləri
və s.) deyil, həmçinin şeirlərin ideya-məzmununda,
vətən və xalq anlayışının, təbiət
gözəlliyinin bədii ifadəsinə görə deyə
bilirik.
Maraqlıdır ki, biz bu şeirlərin çoxunda
“Xarı bülbül” kəlməsinə rast gəlirik. Heç
şübhəsiz, bu, şairin doğma Qarabağ
torpağına bağlılığını, ona olan sonsuz
sevgisini ifadə etməkdədir. Elçin
bəyin “Xarı bülbül”ə olan dərin münasibəti
əslində onun Vətəninə, doğma
torpağımıza, Qarabağımıza olan məhəbbətindən
irəli gəlir.
Qarabağ mövzusu şairin
yaradıcılığında önəmli yerlərdən
birini tutmaqdadır. Orada böyüyüb boya-başa çatmış
Elçin bəy təbii ki, erməni vandalizminə, onların
törətdikləri vəhşiliklərə biganə qala
bilməzdi və erməni təcavüzünün, demək
olar ki, ilk günlərindən öz şeirlərində bu
çirkin, məkirli düşmənin iç
üzünü açmağa, dünya ictimaiyyətinə
çatdırmağa çalışıb. Qarabağa
həsr olunmuş bir silsilə şeirlərində Vətən
sevgisi, vətənpərvərlik hissləri xüsusi bir məharətlə,
yüksək bədiiliklə ifadə olunub. Şairin əsərlərində
Qarabağ, Şuşa, Cıdır düzü, Qobustan, Təbriz,
Bakı, Molla Pənah Vaqif, Xan Şuşinski kimi yer və
şəxsiyyət adlarını çəkməsi də
heç şübhəsiz, onun xalqa dərin tellərlə
bağlılığını, əsərlərinin milli
spesifikliyi və xəlqiliyini sübut edən amillərdəndir.
Elçin bəyin yaradıcılığının
müasirliyi haqqında da söz açmaq istərdim. Onun
yaradıcılığı, xüsusilə də son illərdəki
əsərləri bu baxımdan daha səciyyəvi xarakter
daşımaqdadır. Şairi daha
çox qlobal hadisələr, dünyada baş verənlər
düşündürür, XXI əsrdə
insanlığın haraya getdiyi, bu vəhşiliklərin,
haqsızlıqların haradan gəlməsi kimi problemlər
daha çox diqqət çəkir. Bu
baxımdan onun bir çox dünya ölkələri və
şəhərlərində olması, müxtəlif millətlərin
mədəniyyətləri və sənət adamları ilə
yaxından tanışlığı, əslində dünya
xalqlarının mənən bir-birilərinə çox
yaxın olmaları fikrini söyləməyə imkan
yaradır.
Zənnimizcə, çağdaşlığı
yalnız zahiri bədii-ifadə vasitələrində,
yeni-yeni modernist cərəyanların ifadəsində görməyən
şair (xatırlatmaq lazımdır ki, onun şeirlərində
abstraksionizm (mücərrədçilik), impressionizm,
ekspressionizm, bəzən simvolizm və s. təsirini duymaq
mümkündür) hər şeydən öncə bu cərəyanlardan
əsərin əsas ideyasını ifadə üçün
istifadə etməyi bacarır. Burada söhbət
modernist cərəyanların ünsürlərindən
kor-koranə istifadə etməkdən yox, əsərlərin
bədii-ideya məzmunundan çıxış edərək
yaradıcılıq prosesini gerçəkləşdirməkdən
getməlidir. Zənnimizcə, Elçin bəyin
bir çox əsərlərində məhz bu
yaradıcılıq metodunun ustalıqla istifadə
olunmasını görə bilirik. Şairin
“Ebru” silsiləli şeirlərində biz yuxarıda zikr
etdiyimiz fikirləri aydın bir şəkildə görə
bilirik. Çində, Yaponiyada, xüsusilə də
XIV-XV əsrlərdən başlayaraq Türkiyədə də
geniş intişar tapmış şərq
rəssamlığının önəmli qolu olan ebru sənətinin
özünün mücərrəd bir sənət olduğunu
söyləmək mümkündür. Lakin
buradakı mücərrədçilik heç də bəzi
modernist Qərb rəssamlarında olduğu kimi tamamilə
reallıqdan, real insanın hiss və duyğularından təcrid
olunmuş bir tərzdə gerçəkləşdirilmir.
Ebru sənətində
ortaya çıxmış əsərlər hər nə qədər
mücərrəd görünsələr də (burada
gül, çiçək, naxışlar, rəng tonları
və s.) mütləq sənətkarın istək-arzularının, iç dünyasının hənirtilərini
duya bilirik, eyni zamanda ebru ustasının insanlara nə isə
xoş bir müjdə verə bilmə arzusu da
özünü yüksək emosionallıqla göstərməkdədir.
Bütün bu estetik qanunauyğunluqları dərindən
anlayan (zənnimizcə, şairin Türkiyədə
çalışdığı müddətdə bu sənətin
qədim tarixi və ustaları ilə
tanışlığının da rolu olması qənaətindəyəm)
Elçin bəy, təsadüfi deyil ki, silsilə şeirlərini
“ebru” adı altında oxucularına təqdim etməyi məntiqəuyğun
bilib. Bu baxımdan onun
“Qırmızı ebru,” “Ömür ebrusu”, “Cənnət
ebrusu”, “Naxışlı ebru”, “Qürbət ebrusu”,
“Ayrılıq ebrusu”, “Eylül ebrusu”, “Ağ dəniz ebrusu”
şeirlərini örnək vermək mümkündür. Bu
şeirlərin hər birində şair öz daxili aləmini,
istək və arzularını, zəngin iç
dünyasının müəyyən tərəflərini,
poetik düşüncələrini oxucuları ilə
paylaşmaq ehtiyacı duyur.
Bir daha
xatırladaq ki, bütün bu şeirlərdə biz yenə də
şairi düşündürən mövzularla ( saf məhəbbət, hansı isə xoş
anların təəssüratları, Qarabağ faciəsi,
Xarıbülbül, Şuşa və s.) rastlaşa bilirik. Son dərəcə mücərrəd görünə
bilən bu şeirlərdə mütləq real gerçəkliklə,
insan həyəcanları və istəklərinin, zövq və
estetik tələbatlarının nişanələrini hiss
edirik. Bu qəbildən olan şeirlərdə assosiativ
qarşılaşdırmalar üsulundan da
Elçin bəy məharətlə istifadə edə bilir. Belə ki, məsələn, rəssamın çəkdiyi
qan-qırmızı çiçəklər assosiativ yolla
ona anasını xatırlada bilir. Maraqlıdır
ki, çağdaş rəsm sənətində assosiativ yolla
yaradılmış kollaj janrı da olduqca yüksək
aktuallıq kəsb etməkdədir. Bu yaxınlarda
Türkiyədə bir rəssam dostum mənə “Kollaj”
adlı rəsmlərdən ibarət albomunu
bağışladı və burada bu janrın
çağdaş rəssamlar üçün nə qədər
önəmli bir janr olduğunu hiss etmiş oldum.
Elçin bəy assosiativ metoddan öz ruh halını,
düşüncələrini, subyektiv hiss və həyəcanlarını
bədii bir biçimdə ifadə etmək üçün
istifadə etməkdədir. Heç şübhəsiz,
burada Elçin bəyin müasir dünya sənəti həyatında
baş verən bədii hadisələrdən xəbərdar
olması, sənət tarixi və onun tanınmış
nümayəndələri ilə tanışlığı
da mühüm rol oynayır. Şeirlərində
dünyaca tanınan sənət adamlarının isimlərinin,
bəzən fikirlərinin iqtibas olaraq istifadə edilməsi,
onlara həsr etdiyi misralar məhz şairin yüksək
istedada sahib olmasının və lokal milli çərçivələri
aşa bilməsinin nişanəsidir.
Şair bir çox dünya ölkələri və
şəhərlərində olarkən heç də bəzi
turistlər kimi yalnız zahiri yönləri, gözəllikləri,
orijinal və modern memarlıq abidələrini nəzərdən
keçirməklə qalmır, poeziya sənəti və
idrakı baxımından dərin müşahidə qabiliyyətinə
sahib olmasını da nümayiş etdirir. Yəni gəzdiyi yerlərdə
(Paris, Buxarest, İstanbul, Moskva, Peterburq, Duisburq, Şam, Sofya,
Qaziantəp və s.) xalqına, millətinə, ümumilikdə
isə bəşəriyyət üçün faydalı ola biləcək ortaq mənəvi dəyərləri
görə bilir, onları bədii bir dillə şeirlərində
tərənnüm edir. Elçin bəyin
“Türkülər” adlı silsilə şeirləri də
maraq doğurmaqdadır. Bu şeirlərdə (“Yağmur
türküsü”, “Tənhalıq türküsü”, “Qobustan
türküsü”, “Röya türkusü”, “Bənövşə
türküsü”, “Sevda türküsü” və s.) daha
çox şairin diqqətini çəkən ötəri
hadisələr, Türkiyədəki təəssüratları,
həyəcanları, Vətən həsrəti, qürbət
motivləri, dostluq əlaqələri və s. kimi mövzular
yer almaqdadır. Xatırlatmaq lazımdır ki,
bu əsərlərdə əsasən impressionizm cərəyanının
(impression - fransızca - təəssürat anlamına gəlməkdədir)
prinsipləri hiss edilməkdədir. Ötəri,
keçici hiss və həyəcanların, təəssüratların
burada daha çox özünü göstərməsinin burada
şahidi ola bilərik. Məsələn,
“Gecə türküsü”, “Rüzgar türküsü”, “Arzu
türküsü”, “Çiçək türküsü”
şeirlərində bu meyli daha aydın bir şəkildə
hiss etmək olur:
Belə
şeirlərdə eyni zamanda ulu tarixi keçmişimiz, Ana
yurdumuzun təkrarolunmaz gözəllikləri, ruh yüksəkliyi
və nikbinliyi ilə səsləşən
çağırış səsləri yüksəlməkdədir:
Ana yurdum
qarlı dağlar,
Heyvalı,
narlı dağlar,
Heyva
gülü, nar çiçəyi,
Ana ürəyi...
Ana yurdum
qarlı dağlar,
fələk yolları bağlar,
Ay
işığı, bülbül səsi,
axar su,
heyva
gülü, nar çiçəyi,
yarpız
qoxusu.
Bu misralarda Vətənimizin zəngin təbiəti və
onun sevilməyə, uğrunda ölməyə haqqı
olması ideyası öz bədii ifadəsini tapmaqdadır. Şairin bir digər
türküsündə (“Ovqat türküsü”) vətənpərvərlik
hisslərinin tərənnümü və nikbin ruh
özünü bariz bir şəkildə ifadə etməkdədir:
Davullar
vurulsun,
könüllər durulsun,
dağ
döşündə, yamacda
ağ
çadırlar qurulsun.
Yəhərləyin
atları,
açılsın qanadları,
salamlayın dağlarda
doğmaları, yadları.
Ozan Türkü tutdursun,
dərdləri unutdursun,
qızlar yallı oynasın,
dağlar ayağa dursun.
Elçin bəyin türkçülük ideallarına sayğısı, ona bağlılığı “Röyalar şəhəri İstanbul” şeirində xüsusilə güclü bir şəkildə ifadə olunmaqdadır:
İstanbul röyalar şəhəriydi dünən,
İstanbul röyalar şəhəri bu gün,
İstanbul röyalar şəhəri olacaq yarın da...
Və şeirin digər misralarında biz şairin bu şəhərə, ümumiyyətlə Türkiyəyə bağlılığının ən yüksək təzahürünü hiss edə bilirik:
İlk baharda sokaklar, caddələr,
camilər, minarələr və dəniz gözlü qızlar
və könlümü ovsunlayan cürə sazlar...
İlk bahardı İstanbul,
İçimdə, dışımda ilk bahar
İçimdə, dışımda İstanbul.
Əski bir türkü havalanır Turan elindən
Türk qanı coşur damarlarımda.
Bu sevgini, türklüyə bağlılığı şairin Nazim Hikmətə, Orxan Vəliyə, Yunus Əmrəyə, Qaracaoğlana və başqalarına həsr etdiyi, ürək yanğısı ilə yazılan şeirlərində dərindən hiss edə bilirik.
Dünyaya sevgi dolu gözlə, müdrik insan, həqiqi şair gözü ilə baxa bilən Elçin bəy, təsadüfi deyil ki, kitabın “İkiliklər” bölümündə :
“Şairin üç gözü olur,
Şair üç gözlə doğulur”. - deyir.
Zənnimizcə, bu kəlmələrlə o, şairin dünyaya baxarkən olduqca diqqətli olmasını, ağı qaradan, xeyri şərdən seçə bilməsini tövsiyə edir və özü də əsərlərində bu prinsiplərə hər zaman sadiq qalır.
Elçin bəyin bir çox şeir kitablarında, həmçinin xarici dillərə tərcümə olunmuş şeirlərində və xüsusilə də bu yaxınlarda işıq üzü görmüş “Sevənlərə” (“Vektor” nəşrlər evi, Bakı, 2015) adlı kitabında yer almış onlarca yüksək ideya-məzmunlu şeirləri geniş oxucu kütlələri və sənət adamlarının rəğbətini qazanmaqdadır.
Babək QURBANOV
professor, Qaziantep Universiteti (Türkiyə)
525-ci qəzet.- 2016.- 10 sentyabr.- S.18.