Fərhad Xəlilovun Moskvada
sərgisi açıldı
Moskvadakı “Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisi”
kompleksində Azərbaycan
Rəssamlar İttifaqının
sədri, Xalq rəssamı Fərhad Xəlilovun “Görüş”
adlı yubiley sərgisinin təntənəli
açılış mərasimi
keçirilib.
Sərgi Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyi, Rusiya Mədəniyyət Nazirliyi,
ölkəmizin Moskvadakı
səfirliyinin dəstəyi
ilə Rusiya Dövlət Şərq Muzeyi tərəfindən təşkil olunub.
Sərgini açan Şərq muzeyinin direktoru Aleksandr Sedov qeyd edib ki,
“Görüş” sərgi
layihəsində Fərhad
Xəlilovun son 10 ildə
yaratdığı 50-yə yaxın rəsm əsəri nümayiş
olunur. Abşeron təbiətinin vurğunu
olan rəssamın tablolarında Buzovna, Mərdəkan, Qala, Goradil mənzərələri
xüsusi incəlik və sevgi ilə
əks edilib. Sərgidə Fərhad Xəlilovun “Görüş”,
“Torpağın naxışları”,
“Təsadüfi baxış”
silsiləsindən təqdim
olunan rəsmlərində
torpağın, dənizin
və səmanın vəhdəti hiss olunur.
Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə,
o cümlədən, humanitar
sahədə əlaqələrin
bu gün daha da sürətlə
inkişaf etdiyini bildirib.
Səfir
Azərbaycan-Rusiya dostluq
münasibətlərinin möhkəmlənməsi,
incəsənətimizin təbliği
istiqamətində fəaliyyətinə
görə Şərq
muzeyinə və muzeyin rəhbəri Aleksandr Sedova təşəkkürünü bildirərək qeyd edib ki, moskvalıların
Azərbaycan rəssamlarının
yaradıcılığını daha yaxından tanıması üçün
işlər bundan sonra da davam
etdiriləcək.
P.Bülbüloğlunun sözlərinə görə,
Fərhad Xəlilov kimi şöhrətli Azərbaycan rəssamının
dünyanın mədəniyyət
mərkəzlərinin birində
- Moskvada fərdi sərgisinin açılması
olduqca qürurverici hadisədir. O deyib: “Həm səfir, həm də mədəniyyət xadimi kimi çox şadam ki, ölkələrimiz arasında
münasibətlər təkcə
siyasi, iqtisadi sahələrdə deyil, mədəniyyət və
incəsənət sahəsində
də inkişaf edir, möhkəmlənir”.
Diplomat onu da
vurğulayıb ki,
XTNS-də Azərbaycan
Respublikası üçün
ayrılmış pavilyonda
hazırda bərpa işləri davam etdirilir və yaxın vaxtlarda istifadəyə veriləcək.
Daha sonra çıxış edən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar şöbəsinin müdiri Tamilla Əhmədova bildirib ki, Heydər Əliyev Fondu ilə Rusiya Dövlət Şərq Muzeyi arasında çoxillik əməkdaşlıq münasibətləri var və bu əlaqələr uğurla davam etdirilir. T.Əhmədova sərgi layihəsinin açılışı münasibətilə Fərhad Xəlilovu təbrik edərək deyib: “Bugünkü sərgi bizim üçün böyük hədiyyədir, bu salonda Vətənimizin nəfəsini duyduğumuza görə sizə minnətdarıq”.
Beynəlxalq Rəssamlar Konfederasiyası İcraiyyə Komitəsinin sədri Masud Fatkullinin fikrincə, Fərhad Xəlilovun əsərlərində doğma Abşeron motivləri ilə yanaşı, 4 ünsür - su, od, torpaq və havanın daimi vəhdəti və ziddiyyəti fəlsəfəsi əksini tapıb. O deyib: “Fərhad Xəlilov təkcə Azərbaycan miqyasında deyil, dünya miqyasında şöhrət tapmış sənətkardır. Onun əsərləri aparıcı incəsənət ekspertləri tərəfindən xüsusi qeyd olunur”.
Xalq rəssamı Fərhad Xəlilov AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, “Görüş” onun Moskvada nümayiş etdirilən 9-cu fərdi sərgisidir. Bu layihənin Londonda, Parisdə, Berlində və digər şəhərlərdə artıq təqdim edildiyini deyən rəssam vurğulayıb ki, Moskvada yaradıcılığını nümayiş etdirmək onun üçün həm fərəhli, həm də məsuliyyətlidir. “Burada mənim çoxlu dostlarım var və onlar qarşısında yaradıcılıq hesabatı vermək bir rəssam kimi mənim üçün çox vacibdir”. F.Xəlilovun sözlərinə görə, sərginin ikinci hissəsi noyabrın 10-da Şərq muzeyində açılacaq, orada daha kiçik həcmli rəsmlər nümayiş etdiriləcək.
525-ci qəzet.- 2016.- 10 sentyabr.- S.12.