Türkoloji qurultayın əks-sədası,
yaxud vətənə son gəliş
90 il bundan əvvəl, 1926-cı ilin fevral-mart
aylarında Bakı beynəlxalq miqyaslı mühüm elmi-mədəni
və ictimai-ideoloji toplantıya - Birinci Türkoloji qurultaya ev
sahibliyi etdi.
Seçim
təsadüfi sayılmamalıdır: Şərq
xalqlarının 1920-ci ilin sentyabrındakı
qurultayının məntiqi davamı sayılacaq elmi-siyasi xarakterli forum Azərbaycanın
həqiqətən də Şərqlə Qərb arasında
fikir və mədəniyyət körpüsü olduğunu
inandırıcı şəkildə ortaya qoydu.
Türkoloji
qurultayın iştirakçıları arasında
ünlü isimlər az deyildi. Onların arasından bir nəfərin - Əli bəy
Hüseynzadənin Sovet rəsmi dairələri tərəfindən
tədbirə dəvət olunması özlüyündə
diqqətçəkici hadisə idi. Doğrudur, 1937-ci ilin
böyük terroruna hələ xeyli qalırdı. Amma
siyasi mövcudluğa və dövlət quruculuğu fəaliyyətinə
qırmızı terrorla başlayan bolşevik hakimiyyəti
qanlı dişlərini varlığının ilk
günlərindən göstərməkdə idi. Sərt, hətta düşməncəsinə
yanaşma tərzi türk xalqlarının nümayəndələrinə
münasibətdə özünü daha kəskin büruzə
verirdi. İlk qurbanların çoxu da
onların arasından seçilmişdi. Belə şəraitdə
turançılıq və türk birliyi cərəyanının
ideya atalarından birinin bolşevik liderlərinin təşəbbüsü
ilə keçirilən qurultaya dəvət alması,
üstəlik əvvəldən sona qədər xüsusi diqqət
və ehtiram görməsi yeni quruluşun, kommunist
ideologiyasının elmə və alimə hörmətindən,
sima dəyişməsindən çox xoş istisna kimi dəyərləndirilə
bilərdi.
Təşkilatçıların Əli bəy
Hüseynzadənin namizədliyi üzərində dayanma səbəblərindən
biri onun dövrün türk fikir tarixində böyük
nüfuz sahibi sayılması idisə, digəri əqidə
dostları və həmkarlarının çoxundan fərqli
olaraq siyasi proseslərə qoşulmaması,
bütünlükdə Sovet rejiminə loyal münasibət bəsləməsi
idi. Yəqin
ki, həm bu səbəbdən, həm də mühacirlər
arasına ayrı-seçkilik salmaq niyyəti ilə Əhməd
Ağaoğlu, yaxud Rəşid Rəhməti Arat, Əhməd
Cəfəroğlu, yaxud Zəki Vəlidi Toğan türkoloji
qurultaya dəvət ala bilməmişdilər.
Səkkiz illik ayrılıqdan sonra qonaq qismində də
olsa vətənə dönmək Əli bəy
üçün həyatının unudulmaz hadisələrindən
idi. Hər halda bu görüşün ardınca gələn
ayrılığın ömrünün sonuna qədər
sürəcəyinin fərqinə varmamış deyildi.
Ona görə də Bakıdakı günlərini
maksimum səmərəli keçirməyə, həm
doğmaları, həm də fikir və əqidə
dostları ilə çox ünsiyyət qurmağa
çalışmışdı. Əksər
ailə üzvlərinin bir araya toplandığı məşhur
foto-şəkil də həmin günlərin
yadigarıdır.
Təşkilatçılar mümkün qədər
çox nüfuzlu alimin, beynəlxalq miqyasda tanınan elm və
mədəniyyət xadimlərinin Türkoloji qurultayda
iştirakına maraqlı idilər. Dəvət olunan
qonaqların siyahısı yüksək instansiyalarla
razılaşdırılmışdı. Bakı
forumunun əsas ideya
generatoru, hərəkətverici qüvvəsi alimlər
olsa da, onun yüksək səviyyədə hazırlanması,
texniki-təşkilati məsələlərin həlli
yalnız rəsmi dairələrin,
bolşeviklər partiyası və Sovet hökumətinin icazəsi
sayəsində mümkün olmuşdu. Geniş
yayılmış ifadədə deyildiyi kimi, həmişə
pulu ödəyən də musiqi sifarişi hüququ
qazanır... Bu mənada qurultayın siyasi-ideoloji
ağırlığına elmi-mədəni istiqamətdən
az diqqət yetirilməmişdi.
Humanitar elm sahəsinin təmsilçiləri Bakıda
bir neçə vəzifənin öhdəsindən gəlməli
idilər. Qarşıda dünya miqyasında, daha çox isə
Yaxın və Orta Şərqdə SSRİ-nin imicinin
yaxşılaşdırılması hədəfi
dayanırdı. Qurultay vasitəsi ilə
bolşevik rejimi istər əsarət altına
aldığı, istərsə də potensial rəqib
saydığı türk-müsəlman ölkələrə
özünün siyasi və mədəni himayədarlıq
mesajını ötürməyə
çalışırdı. Başqa
mühüm məsələ isə bütün tənqidlərə,
inkarlara rəğmən hələ də müsəlman
xalqlar arasında yalnız dini deyil, həm də mədəni-mənəvi
ünsiyyətin qorunmasına xidmət edən ərəb əlifbasının
aradan qaldırılması ilə bağlı idi. Nəhayət, dünənki “milli ucqarlarda” kimi nə
ilə nəfəs aldığını, nəzərlərinin
hara yönəldiyini öyrənmək istəyi də sonuncu
yerdə dayanmırdı. Qurultaya
tanınmış xarici alimlərin təkidli dəvəti
SSRİ-nin açıq humanitar siyasətinin təzahürü
olmaqla bir sırada nəticə etibarı ilə mədəni
izolyasiyadan çıxmağa da bəlli ölçüdə
yardım göstərməli idi.
1926-cı
il Bakı forumuna müxtəlif Avropa
ölkələrindən həmin dövrdə beynəlxalq
miqyasda türkologiya elminin aparıcı simaları sayılan
24 nəfər xarici alim dəvət olunmuşdu. Onların
sırasında Orhun-Yenisey abidələrinin sirrini açan məşhur
Danimarka türkoloqu V.Tomsen, Armin Vamberi ilə birlikdə macar
türkologiya məktəbinin yaradıcısı kimi
tanınan Dyula Nemet, fransız şərqşünası,
türk dilinin qrammatikasına
dair bir sıra dərsliklərin, elmi-tədqiqat əsərlərinin
müəllifi Jan Deni və başqaları vardı.
Bütünlükdə, güclü türkoloji məktəb
və tədqiqat ənənələrinə malik Almaniya,
Türkiyə və Macarıstandan 5-7, İtaliya, Danimarka,
İsveç və Finlandiyadan isə ən azı bir nəfərin
gəlişi gözlənirdi.
Lakin
müəyyən səbəblər üzündən dəvətlilərdən
yalnız üçdə biri forumu işinə qatıla bilmişdi.
Onlardan dörd nəfəri (Əli by
Hüseynzadə, Mehmet Fuad Köprülü, İsmayıl
Hikmət və Hikmət Cövdətzadə) Türkiyəni,
iki nəfəri Almaniyanı (Teodor Mentsel və Valter Radebold),
digər iki nəfər isə Macarıstan (Dyula Mesaroş) və
Avstriyanı (Paul Vittek) təmsil edirdilər.
Əslində Türkiyədən gələnlər sadəcə
iki nəfər - Əli bəylə Mehmet Fuad idilər. Çünki
həmin dövrdə İsmayıl Hikmət Bakıda
yaşayır və dəvətli professor kimi Azərbaycan
Dövlət Pedaqoji İnstitutunda
çalışırdı. Sonralar
Leninqrad Canlı Şərq Dilləri İnstitutunun professoru
kimi elmi-pedaqoji fəaliyyət göstərən və
1934-cü ildə A.N.Kononovla birlikdə “Müasir türk
dilinin qrammatikası” kitabını çap etdirən Hikmət
Cövdətzadə isə Qurultaya 1920-ci illərin
ortalarında yaşayıb-işlədiyi Acarıstanın təmsilçisi
qismində qatılmışdı.
Vətənində Əli bəyi gözlədiyindən
daha böyük minnətdarlıq və ehtiram hissi ilə
qarşılamışdılar. Türk dünyasına çoxillik
xidmətlərinə hörmət
əlaməti kimi onu ilk iclasda
alman türkoloqu V.Y.Banq, Danimarka alimi V.Tomsen, məşhur
Sovet dilçisi akademik N.Y.Marr, SSRİ Xalq Maarif komissarı
A.V.Lunaçarski və Azərbaycan SSR Xalq Maarif komissarı
M.Z.Quliyevlə birlikdə qurultayın fəxri rəyasət
heyətinə seçmişdilər. Bakıda
olduğu günlərdə bəlli fikir
ayrılıqlarına baxmayaraq Azərbaycan hökumətinin
bir sıra üzvləri ilə görüşmüş, təkcə
elmi deyil, ictimai-maarifçi xarakterli tədbirlərə də
qatılmışdı.
Fikrimizcə,
Əli bəy tarixi vətənində ilk türkoloji
qurultayın hazırlanmasına da müəyyən töhfə vermişdi. Başqa sözlə desək, onun nüfuz və əlaqələri
tədbirin daha yüksək səviyyəli təşkili
baxımından səmərəli olmuşdu.
Tavriya
Milli Universitetinin professoru D.P.Ursu özünün yeni
çapdan çıxan “Bəkir Çobanzadə: Həyatı.
Taleyi. Dövrü”
kitabında Bakı Türkoloji qurultayına qatılan
azsaylı xarici qonaqların, ilk növbədə isə macar
alimi Dyula Mesaroşun gəlişini Çobanzadənin xidməti
kimi qiymətləndirir. Təbii ki, Bakı Universitetinin
dekanı, Təşkilat Komitəsinin üzvü, nəhayət,
güclü Avropa məktəbi keçmiş geniş əlaqələrə
malik türkoloq kimi Bəkir
Çobanzadə qurultayın hazırlanmasında mühüm
xidmət göstərmişdi. Lakin onun səy və zəhmətini
qətiyyən azaltmadan iddia edə
bilərik ki, həm Mehmet Fuad Köprülü, həm də
Dyula Mesaroşun Bakı səfəri daha çox Əli bəyin
təlqinləri nəticəsində gerçəkləşmişdi.
Doğrudur,
Köprülü Türkoloji qurultaydan bir neçə ay əvvəl,
1925-ci ilin oktyabrında Rusiya
Elmlər Akademiyasının 200 illik yubileyində iştirakla əlaqədar
Moskva və Peterburqda olmuş, hətta türk alimləri
arasında bu qurumun ilk xarici müxbir üzvü
seçilmişdi. Rəsmi Sovet elmi ilə əlaqələri
öz yerində. Amma düşünmək olar ki, yaxından
tanıdığı Əli bəyin Bakı səfəri
professor Köprülünün də dəvəti qəbul
etməsində ruhlandırıcı stimul rolunu
oynamışdı.
Macar türkoloqu Dyula Mesaroşa gəldikdə isə azərbaycanlı
fikir adamı ilə ilk tanışlığı 1916-cı ildə
olmuşdu.
Onları yaxınlaşdıran, birləşdirən hər ikisinin ideya cərəyanı
kimi turançılıqla ciddi şəkildə
maraqlanmaları idi. Əli bəyin tarixi və
genetik açıdan türk-macar birliyinin poetik manifesti
sayıla biləcək “Sizlərsiniz ey qövmi-macar bizlərə
ixvan” misrası ilə başlayan məşhur şeiri 1917-ci
ildə Mesaroş tərəfindən macar dilinə
çevrilmiş və orijinalı ilə birlikdə
özünün də redaksiya heyətinin tərkibinə
daxil olduğu “Turan” dərgisinin 3-cü sayında dərc
edilmişdi. Bu kiçik, lakin dolğun məzmunlu
bədii parça ötən əsrin 20-30-cu illərində
macar turançıları arasında kifayət qədər
geniş yayılmışdı.
Türkiyə
Cümhuriyyətinin elanından sonra Qazi Mustafa Kamal Paşanın dəvəti
ilə Ankaraya gələn professor Dyula Mesaroş yeni paytaxtda
Anadolu Etnoqrafiya Muzeyinin təşkili vəzifəsini üzərinə
götürmüşdü. Sonralar
özünün də xatırladığı kimi, həyatının
həmin dövründə dostanə münasibət və məsləhətlərindən
tez-tez yararlandığı görkəmli ədəbi simalar
sırasına Əhməd Ağaoğlu, Yusif Akçura və
Əli bəy Hüseynzadə daxil idi. Bəkir
Çobanzadə çox ehtimal ki, Budapeştdəki təhsil
illərindən tanıdığı Mesaroşa sadəcə
rəsmi dəvət məktubu göndərə bilərdi.
Onu səfərin vacibliyinə inandırmaq və
özü ilə birlikdə tarixi vətəninə gətirmək
missiyası isə Əli bəyin üzərinə
düşmüşdü. Onlar İstanbuldan
eyni vaxtda, birlikdə çıxmış və birlikdə də
geri dönmüşdülər.
Professor
Asif Rüstəmlinin yazdığına görə,
Türkoloji qurultay işini başa çatdırandan iki
gün sonra hökumət ofisiozu - “Kommunist” qəzeti 8 mart
1926-cı il tarixli 57-ci sayında “xaricdən gələn
professorlardan” Mehmet Fuad Köprülü (Türkiyə),
Əli bəy Hüseynzadə (Türkiyə), Dyula Mesaroş
(Macarıstan), Teodor Mentsel (Almaniya) və Paul Vittekin (Avstiya)
birgə foto-şəklini dərc etmişdi. Bu
simvolik illüstrativ material da azsaylı xarici alimlərin
Bakıya daha çox Əli bəyin nüfuzu və təkidi
nəticəsində gəldiyini düşünməyə əsas
verir.
Təşkilatçılar
açıq mətnlə deməsələr də xarici
qonaqların üzərinə təbliğati missiya
qoyulmuşdu - Əli bəy Hüseynzadə də daxil
onların hamısından geri döndükdən sonra
yaşadıqları ölkənin mətbuatında, akademiya və
universitetlərində türkoloji qurultayın gedişini,
varılan nəticələri və qəbul edilən qərarları
işıqlandırmaq xahiş olunmuşdu. Öz-özlüyündə
aydındır ki, keçmiş SSRİ-nin müxtəlif yerlərindən
gələn nümayəndələr bunu etməyə sadəcə
borclu idilər və üzərlərinə düşən
vəzifəyə maksimum ciddiliklə
yanaşmışdılar. Nəticədə Bakıda,
tarixi “İsmailiyyə” binasının divarları arasında,
nisbətən məhdud dairədə başlanan elmi
müzakirə və fikir mübadilələri 1926-1929-cu illərdə
Qafqazdan Altaylara qədər böyük bir coğrafiyada
yayılmış, universitet auditoriyalarında, qəzet və
jurnallarda ciddi mövzulardan birinə
çevrilmişdi.
Bakı
forumunun gedişini diqqətlə izləyən “Krasnıy
Krım” qəzeti 3 may 1926-cı il tarixli
sayında “Türkoloji qurultayın əks-sədası”
adlı məqalə dərc etmişdi. Cağdaş türk cəmiyyətinin
türkoloji qurultayın qərarlarını qızğın
müzakirə etdiyini vurğulayan anonim müəllif onun
işində “görkəmli türk alimlərindən
İstanbul universitetinin professorları - Tarix-Filologiya fakültəsinin
dekanı Mehmet Fuad Köprülü və əslən Azərbaycandan
olan Əli bəy Hüseynzadənin” fəal iştirak etdiyini
xatırladaraq hər ikisinin vətənə döndükdən
dərhal sonra “Milliyyət”, “Cümhuriyyət”, “Hakimiyyəti-milliyyə”
kimi populyar qəzetlərə müsahibələr verib
Bakıda bütün türk dünyasının gələcək
mədəni tərəqqisi və çağdaş dünya
ilə ayaqlaşması baxımından taleyüklü qərarların qəbul
edildiyini xüsusi vurğuladıqları bildirilirdi.
Hələ
Bakı forumunda qızğın mübahisələrin aparıldığı
günlərdə “Yeni fikir” (Tiflis) qəzetinə
(material qurultayın bağlanış mərasimindən
üç gün sonra - martın 9-da işıq üzü
görmüşdü - V.Q.) müsahibə verərək
“Qurultayın qəbul etmiş olduğu latın əlifbası
türk-tatar xalqlarını harsa (mədəniyyətə)
yanaşdırmaq üçün ən iyi bir vasitədir. Qurultay iclasında baş vermiş olan mübahisə
Şuralar İttifaqında yaşayan türk-tatar
xalqlarının oyanmasına dəlalət edir. Zənnimcə,
bu qədər böyük bir kütlənin
oyanışı Şuralar İttifaqı xaricində
yaşayan Ural-Altay xalqlarının oyanışına təsir
etməkdən xali qalmaz” - deyən professor Dyula Mesaroş təəssüratlarını
daha geniş şəkildə Budapeştdə çıxan
“Keletkutatadaş” (“Şərq tədqiqləri”) məcmuəsinin
1926-cı il payız
buraxılışında macar həmkarları ilə
bölüşmüşdü.
Qurultayın
Avstriyadan olan iştirakçısı professor Paul Vittek hesabat xarakterli
yazısını bir qədər gec - 1929-cu ildə alman
şərqşünaslarının mətbu orqanı
sayılan “Zeitschrift des Deutschen Morgenlandischen Gesellschaft”
jurnalında (1929, ¹ 8, s. 114-120) dərc etdirmişdi. Məcmuənin
həmin sayında Vittekin ön sözü ilə akademik
V.V.Bartoldun Türkoloji qurultay tribunasından oxuduğu “Türk xalqları
tarixinin öyrənilməsinin vəziyyəti və ən
yaxın vəzifələri” adlı
məruzəsi də (s. 121-142) alman dilinə tərcümədə
özünə yer almışdı.
Xarici
qonaqlar arasında üzərinə qoyulan vəzifənin
icrasına daha böyük məsuliyyət və həqiqi
alman dəqiqliyi ilə yanaşan, heç şübhəsiz,
tanınmış türkoloq, professor
Teodor Mentsel olmuşdu. O, Bakıdan Əli bəy Hüseynzadə
və digər həmkarları ilə birlikdə Odessaya
dönmüşdü. Bir müddət burada qalmasından yararlanıb aprelin
4-də yerli şərqşünaslar qarşısında
“Bakıdakı Birinci Türkoloji qurultayın nəticələri”
mövzusunda məruzə ilə çıxış
etmişdi. Forumun beynəlxalq əhəmiyyətinin
ön plana çəkildiyi məruzəni dinləyənlər
arasında Almaniyanın və Türkiyə Cümhuriyyətinin
Odessa konsulları Dinstman ilə Münif bəy də var idilər.
1927-ci ildə isə o, Leypsiqdə çıxan “Der İslam” jurnalının iki sayında (1927, ¹ 1, s. 1-76, ¹ 2, s.169-228) isə “Bakıda Türkoloji konqres” adlı geniş icmal yazısı ilə çıxış etmişdi. Ümumi həcmi 130 səhifəyə çatan hesabatı əslində Avropada qurultay haqqında ilk və ayrıca monoqrafik nəşr də saymaq mümkündür. Məqalədəki əhatəli təhlillərdən də göründüyü kimi, alman alimi elmi diskussiyaların gedişi zamanı hərtərəfli qeydlər aparmış, sonradan isə müşahidələri əsasında türkoloqların Bakı forumunun obyektiv, təfərrüatlı mənzərəsini yaratmışdır. Mənbəni diqqətlə araşdıran professor B.Urbanın yazdığına görə, Teodor Mentselin qeydləri qurultaydan az sonra Bakıda rus dilində çap olunan “Birinci Ümumittifaq Türkoloji qurultay. 26 fevral - 5 mart 1926-cı il. Stenoqrafik hesabat” kitabı ilə müqayisədə daha dolğun və dəqiqdir. Çünki həmin kitabda əsasən rus dilində oxunan məruzələrin tam mətni verilmiş, türk dillərində çıxış və məruzələr isə əsasən qısa icmal şəklində işıqlandırılmışdı. Rus və türk dillərini yaxşı bilən Teodor Mentsel diqqətini hər iki səmtə proporsional şəkildə yönəldə bilmişdi. Digər diqqətəlayiq cəhət kəskin mübahisə doğuran ziddiyyətli məqamların stenoqrafik hesabatda ciddi ixtisar və ideoloji redaktəyə uğradığı halda Mentselin qeydlərində daha dolğun, ən başlıca isə siyasi konyukturaya tabe tutulmayan şəkildə əks olunması sayıla bilər.
Sovet mətbuatının rəsmi məlumatı, habelə qurultay iştirakçılarının məqalə və qeydləri türkoloqların Bakı forumuna qatıla bilməyən bir sıra tanınmış Avropa alimlərinin, mühacir nəşrlərin Türkoloji qurultaydakı elmi müzakirələrə münasibət bildirməsinə təkan vermişdi. Məsələn, uzun müddət Orta Asiyada yaşamış fransız türkoloqu J.Kastane Parisin məşhur “Revue du Monde Musulman” jurnalında “Bakıda 1926-cı ilin mart Türkoloji konqresi” adlı geniş analitik məqalə ilə (1926, cild 63, say 1, s. 15-90) çıxış etmişdi. Müəllif yazısında Azərbaycan paytaxtını yeni “İslam İntibahının” mərkəzi adlandırır, qurultayın qərarlarının sayları Sovetlər İttifaqında 17-25 milyon arasında tərəddüd edən türk-tatar xalqlarının mədəni və siyasi həyatına mühüm təsir göstərəcəyinə diqqət çəkirdi. Maraqlıdır ki, J.Kastane məqaləsinin əlavələr bölməsində özünün ruscadan fransız dilinə tərcüməsində Bakı qəzetlərindən götürülən və Azərbaycanda mədəni quruculuğun nailiyyətlərinə işıq salan bütöv bir silsilə məqalələr yerləşdirmişdi.
İçində azərbaycanlı siyasi mühacirlərin yaxından iştirak etdiyi “Prometey” jurnalı isə əksinə, Türkoloji qurultaya ümumən skeptik yanaşaraq bütün qərarların Moskvada verildiyini göstərir, alimlərin çıxış və mübahisələrini isə əvvəlcədən hazırlanmış siyasi şou kimi dəyərləndirirdi.
Türkoloji qurultaya maraq həqiqətən böyük idi. Yerli və xarici alimlər Bakıda da razılaşdırıldığı kimi iki il sonra Səmərqənddə növbəti forumda yenidən bir araya gələcəkləri günü səbirsizliklə gözləyirdilər. Lakin məşhur ifadədə deyildiyi kimi, “mavr işini görmüşdü və mavr artıq gedə bilərdi”. SSRİ-nin türk xalqları latın əlifbasını qəbul edəndən sonra türkoloqların yeni qurultayına heç bir ehtiyac qalmamışdı. 1940-cı ildə bu xalqlar bir direktivlə kiril əlifbasına keçəndə, tarix və mədəniyyətlərindən bir az da uzaq salınanda isə ümumiyyətlə hər hansı fikir mübadiləsinə, məşvərətə lüzum duyulmadı.
Doğrudur, əvvəlcə Bakı forumunun daha geniş miqyasda davamı kimi 1929-cu il noyabrın 20-də Moskvada şərqşünasların ikinci beynəlxalq qurultayının çağırılması nəzərdə tutulmuşdu. ÜK(b)P-nın katibliyi və bürosu məsələni nəzərdən keçirərək xüsusi qərar qəbul etmiş, hətta SSRİ MİK-nin katibi E.Yenukidzenin rəhbərliyi altında Təşkilat Komitəsi yaradılmışdı. Lakin çox güman ki, qanlı kollektivləşmə dövrünün araya düşməsi və 20-ci illərə məxsus yarıdemokratik ab-havanın keçmişdə qalması ilə təşəbbüs də tam yaddan çıxarılmışdı. Türkoloqların ilk Bakı qurultayı həm də sonuncu olmuşdu.
Yenidən Əli bəy Hüseynzadəyə qayıdaraq qeyd etməliyəm ki, o da digər həmkarları kimi Türkoloji qurultayla bağlı fikir və müşahidələrini qələmə almışdı. Hələ Bakıda olduğu günlərdə təəssüratların isti izi ilə “Yeni fikir” qəzetinə (9 mart 1926-cı il) müsahibəsində tarixi vətəni haqda məhəbbətlə söz açıb “Azərbaycanın bugünkü iqtisadi-mədəni vəziyyəti ilə onun çar vəqtindəki vəziyyətini müqayisə edərkən hər yerdə və qismən gözə çarpmaqda olan tərəqqini qeyd etməyə bilməm. Mən Azərbaycanın çar zamanındakı həyatını şəxsən görmüşəm. Bu gün gördüyüm fəaliyyət bəni heyrətə salmaqdadır. Azərbaycan kütləsinin bugünkü fütuhat və tərəqqisini görürkən qəlbimin şadlıq və məmnuniyyətlə döyünməsini gizlətməm. Çünki bu kütlənin bütün bəşəriyyətlə birlikdə tərəqqi etməsi mənim əsas qayəmi təşkil edir”-deyən Əli bəy iştirakçısı olduğu forum haqqında iki yazı hazırlamışdı. Onlardan daha geniş olanı və analitik xarakter daşıyanı 1920-ci illərin sonunda “Türk təfəkkür tarixi” adlı fundamental əsər üzərində işləyən filosof və sosioloq Hilmi Ziya Ülkənə verilmişdi. Əlyazmasının sonrakı taleyi bəlli deyil.
Çox güman qurultay günlərində aparılan qeydlərdən ibarət olan və müəllifin arxivində saxlanan “Birinci Türkoloji konqresdən qeydlər” adlı nisbətən müxtəsər və informativ xarakterli mətn isə ilk dəfə Əli Rza Bayatın “Əli bəy Hüseynzadə” toplusunda (Ankara, 1998) çap edilmişdir. Lakin türk tədqiqatçısı özü üçün o qədər də anlaşıqlı olmayan adların transkripsiyası zamanı çoxsaylı təhrif və yanlışlıqlara yol vermişdir. Məsələn, müəllif “kumık” sözünü “komik”, “kerçli” sözünü “koçlu” kimi oxuyub. Eyni zamanda qeydlərdə rast gəlinən rus ad və soyadlarının orijinal yazılış şəkli əlinin altında olmadığından onların əslinə uyğun transkripsiyasının öhdəsindən gələ bilməyib. Mətni yenidən çapa hazırlayan zaman bütün bu yanlışlıqlar islah edilib, mötərizə içərisində iştirakçıların dəqiq ad və soyadları, habelə məruzə mövzuları göstərilib.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Birinci Bakı Türkoloji qurultayının 90 illiyinin ölkəmizdə geniş qeyd edildiyi bir vaxtda Əli bəy Hüseynzadənin müxtəsər qeydlərinin “525-ci qəzet” vasitəsi ilə elmi-ədəbi ictimaiyyətə təqdim olunmasını məqsədəuyğun saydım.
REDAKSİYADAN: Əli bəy Hüseynzadənin
“Birinci Türkoloji Konqresdən qeydlər”i gələn
sayımızda
Vilayət QULİYEV
525-ci qəzet.- 2016.- 10 sentyabr.- S.10-11.