Birinci Türkoloji Konqresdən qeydlər  

 

1926-cı il fevralın 16-da İstanbuldan yola çıxdıq. Fuad Köprülü, Etnoqrafiya muzeyinin direktoru Mesaroş, Leninqrad professorlarından Bartold, Strasburqdan professor Menzel ilə birlikdə idik.

 

26 fevral 1926-cı ildə Səməd Ağam oğlu Malıyev (əslində Səməd Ağamalıoğlu olmalıdır, Əli bəyin bilərəkdən, yaxud yanlışlıq üzündən Azərbaycanın bolşevik liderlərindən birinin soyadını təhrif etməsinin səbəbi məlum deyil - V.Q.) Qurultayı açdı. Bir neçə nitq söyləndi. Məclisdən sonra Əli Heydər Qarayevlə görüşdüm.

 

27 fevral 1927-ci il, cümə günü səhər saat 10-da Bartold (V.V. Bartold, akademik, məşhur rus Sovet şərqşünası. Qurultayın ilk iclasındakı məruzəsinin adı belə idi: "Türk xalqları tarixinin öyrənilməsinin müasir vəziyyəti ən yaxın vəzifələri -V.Q.) ərəb fars qaynaqları əsasında Teymur tarixindən bəhs etdi. VII yüzildə Orhun yazıları ilə özlərini Türk adlandıran bir xalq tarix səhnəsinə çıxır. Yeni araşdırmalara görə Çin ədəbiyyatında indiyə qədər məlum olmayan bir sıra vəsiqələr aşkar edilib ki, onlar Türk tarixinin ilk dövrlərinə işıq salmağa imkan verir. Bundan sonra o, "Gırğız" istilahının filoloji kökündən söz açdı. Bartoldun qənaətinə görə türklər islamiyyəti öz istəkləri ilə, heç bir təzyiq olmadan qəbul etmişdilər. Çin, Yava, Sumatra Afrikada islamiyyətin yayılması da eyni şəkildə baş tutmuşdu. İslamı hər bir xalq qəbul edə bilər. Bartold burada Türkmən kəlməsinin etimologiyası üzərində dayandı. İkincisi Borodinin referatı (əslində İ.N.Borozdin,  Mövzu: "Tatar mədəniyyəti sahəsində ən yeni tapıntılar"- V.Q.) idi. Mövzusu Qazan Volqa tarixi abidələri ilə bağlı idi. Məsələ ilə əlaqəli şəkildə Qazan tarixi haqqındakı ən son araşdırmalardan bəhs etdi. 1924-1925-ci illərdə Volqaboyunda yeni qazıntılar aparılmışdır. Altın Ordaya dair rus ərəb tarixlərindəki aşağılayıcı fikir mülahizələrin əksinə olaraq bölgədə yüksək bir mədəniyyətin mövcudluğu diqqəti çəkməkdədir. Bu araşdırmalardan sonra artıq Altın Orda mədəniyyətindən gözəl sənətlərindən bəhs etmək imkanı yaranmışdır. Bundan sonra natiq 1925-ci ildə Bağçasarayda aparılan qazıntılar üzərində dayanaraq aşağıdakıları qeyd etdi:

 

1. Bu araşdırmalar indiyə qədər məlum olanlardan başqa tamamilə yeni mətləblər üzə çıxarır;

 

2. Abidələr, yazılı daşlar başqa yüksək sənət əsərləri bölgəyə Səlcuqların Məmlüklərin təsirini göstərməkdədir. Qazıntılar nəticəsində bir karvansaray aşkara çıxarılmışdır. Orada bir çox əşyalar, keramika nümunələri, habelə emalatxana tapılmışdır. İndiyə qədər Bizans keramikası kimi təqdim edilən bəzi əşyalar həmin emalatxanada düzəldilmişdir. Bu dövrdən qalma ipək parçalar, XIV əsrə aid bir türbədə isə digər əsərlər  əldə olunmuşdur. Araşdırmalar davam etdirilməkdədir.

 

Əziz Abdullinin (əslində Q.A.Qubaydullin, tarixçi türkoloq. Bakı Universitetinin dosenti. Qurultayın ikinci iclasındakı əhatəli məruzəsinin adı: "Türk-tatar xalqlarında tarixi ədəbiyyatın inkişafı" - V.Q.) referatı türkcə idi. Əksəriyyət ruscadan türkcəyə türkcədən ruscaya tərcüməyə ehtiyac olmadığına qərar verdi. Rudenkonun referatı (S.İ.Rudenko, Leninqrad şərqşünaslıq məktəbini təmsil edən tarixçi etnoqraf. Məruzə mövzusu: "Türk tayfalarının etnoqrafik baxımdan öyrənilməsinin müasir vəziyyəti ən yaxın vəzifələri" - V.Q.) türkcə yeni xalq ləhcəsinə aid olduğundan anlaşılması da daha asan idi. Türk xalqlarının etnoqrafik xəritəsi rənglərlə göstərilir. Şimal-Cənub, Şərq-Qərb, çadırlar (Kudumku - mətndə mötərizə arasında verilən bu sözün mənasını aydınlaşdırmaq mümkün olmadı - V.Q.), Türklər Monqollarda geyimlərin müxtəlif növləri - başlıqlar, ayaqqabılar, köynəklər, qadınların baş örtüləri, mətbəx yeməklər, adət-ənənələr, qadınların yaşayış tərzi qiyafələri ləhcə tədqiqi vasitəsi ilə gözdən keçirildi. On dəqiqəlik tənəffüsdən sonra söz Mesaroşa (D.Mesaroş, macar türkoloqu, etnoqraf. Məruzə mövzusu: "Anadolu Balkan türklərinin etnoqrafiyasının öyrənilməsi ilə bağlı müasir vəziyyət qarşıda duran vəzifələr" - V.Q.) verildi. O, Ankaradakı Türk Muzeyinin son illərdəki araşdırmalarından bəhs etdi, Anadolunun ən qədim xalqlarının, elamların əski Qafqaz qövmləri ilə mədəni münasibətləri məsələsinə toxundu. Şorşin (əslində Q.F.Çursin, mövzu: "Qafqaz türklərinin etnoqrafik baxımdan öyrənilməsinin ən ümdə vəzifələri" - V.Q.) öz çıxışında Qafqaz dilləri haqqında danışdı. Qafqazda əlliyə qədər dil olduğunu dedi. Bunlardan on ləhcəni Qafqaz türkləri danışır bütünlükdə ümumi əhalinin 25 faizini təşkil edirlər. Miller (A.A.Miller, alman əsilli rus türkoloqu, məruzə mövzusu: "Türk xalqlarının təsviri sənəti haqda" - V.Q.)  nitqini rusca oxudu. Dilentantlığın zərərlərindən danışdı. "Xoşa gələndir, yaxud gəlməyəndir"- mövqeyindən çıxış etsək, elm irəli getməz" - dedi.

 

Alimcan Şofof (mətndə bu şəkildə getmişdir. Əslində qurultayda Tatarıstanı təmsil edən Qazan Ali Pedaqoji İnstitutunun müəllimi, yazıçı türkoloq Alimcan Şərəf nəzərdə tutulur - V.Q.) ayrı-ayrılıqda hər türk xalqının iqtisadi vəziyyətindən (mətndə belədir, çox güman ki, müəllif iqtisadi inkişafın, yeni təsərrüfat sahələrinin yaranmasının dilin zənginləşməsinə təsiri məsələsini diqqətə çatdırmaq istəmişdi -  V.Q.) sosial təbəqələrindən bəhs etdi. Himet Hakim  (söhbət qurultaya Daşkənddən gəlmiş Qazan tatarı, jurnalist Nemət Hakimov haqqındadır - V.Q.) Tatarca kimi tanınan türk ləhcəsində danışdı. Milli həyat şərtləri daxilində budduzm, marksizm təsirlərini onların təcəssümlərini araşdırdı. Daha sonra Osmanlıca yazılmış kitabdan bir neçə sətir, ardınca isə Qazan ləhcəsində yazılmış digər kitabdan bir neçə sətir oxuyur. Sonra ikisi arasındakı tələffüz və anlaşıqlılıq fərqinin böyüklüyünü göstərir.

 

Günortadan sonra Savaşkin (əslində A.M.Sabaşkin - qurultaya Ulan-Udedən qatılmışdı - V.Q.)  danışdı. Özü Oyrot xalqının (qərbi monqolların, habelə kalmık və cunqarların ümumiləşmiş adı - V.Q.) təmsilçisidir. Diqqət çəkən sözləri arasında başlıca olaraq bunları söylədi: "Hansı millətə mənsub olduğumu bilmirəm. Başqaları ilə təmasa girəndən sonra anladım ki, nə kalmık, nə də monqolam. Dopdoğru bir türkəm!"

 

1. Türk olduğumun tarixi dəlilləri; 2. Adət və ənənələr halında olan dəlillər - deyə iki istiqamətdə məsələyə aydınlıq gətirdi. Bu müqəddimədən sonra Oyrot məmləkətinə gerçəkləşdirilən üç elmi səyahət (expedition) haqda məlumat verdi. Ardınca isə qurultay iştirakçılarının xahişinə əsasən nitqini Oyrot dilində təkrar etdi. Ondan sonra söz alan Yakovlev (N.F.Yakovlev -qafqazşünaslinqvist,  Moskva təmsilçisi. Qurultayın doqquzuncu iclasında "Türk qövmlərinin sosial-mədəni mövcudluq şərtləri və yazı sisteminin bərqərar olması ilə əlaqəli şəkildə əlifba məsələsi" mövzusunda məruzə etmişdi - V.Q.)  dil məsələsinə toxundu. Alim Yunusov (Qazi Alim Yunusov, özbək folklorşünası və tarixçi- V.Q.) doğma ləhcəsi olan özbəkcə danışdı. Özbəkcənin Sart şivəsi ilə bağlı məsələyə aydınlıq gətirməyə çalışdı.  Sayları otuz iki olan özbək uruqları (soy, nəsil - V.Q.) arasında özlərinə macar deyənlər də var.

 

(Ardı var)

 

Əli bəy HÜSEYNZADƏ

 

 

525-ci qəzet.- 15 sentyabr.- S.4.