Nurəngiz Günün poeziyasında təbiətin
tərənnümü
Şairi
təbiət yaradır, cəmiyyət formalaşdırır,
eşq hər şeyin fövqünə qaldırır!
Mənəvi
güc-qüvvəni, zövqü təbiətdən alan söz adamlarının baş mövzusu da
çox zaman təbiət özü olur. Bəlkə
də təbiətin əsrarəngiz gözəllikləri
olmasaydı insan öz şairlik duyğusunu, istedadını
dərk etməkdə, üzə çıxartmaqda çətinlik
çəkərdi. Unutmayaq ki, hər kəsə
nəsib olmayan şairlik istedadı elə təbiətin -
yaradanın öz seçilmişlərinə bəxş
etdiyi əvəzsiz nemətdir.
O
seçilmişlərdən biri, parlaq istedad sahibi, şair,
nasir Nurəngiz Günün ilk şeirlərinin baş qəhrəmanı da məhz
təbiət olub. Onun poeziyasında təbiət
və təbii hadisələrin təsvir, tərənnümü
mühüm yer tutur.
Ümumilikdə
təbiət şeirləri məna və məzmununa görə
üç yerə, üç qismə bölünür:
Birinci qisim şeirlərdə yalnız sırf təbiət
gözəllikləri vəsf olunur.
İkinci qisim şeirlərdə təbiət Vətənləşir. Burada ülvi,
solmaz, unudulmaz Vətənin təbiəti poetikləşir.
Üçüncü qisim şeirlərdə isə təbiət
insaniləşir. İnsan təbiətə, təbiətsə
insana təsir edir.
Bu mənada N.Günün poeziyasında təbiət hər
üç halında əks olunub. Şair gah təbiətin
özünü vəsf edir, gah onun dili ilə Vətəni tərənnüm
edir, gah da təbiəti şairanə seyr edə-edə onunla
insan kimi dərdləşir, danışır, bir sözlə,
təbiəti insaniləşdirir. Bu səpkili
şeirlər Nurəngiz xanımın
yaradıcılığında yetərincədi. Xüsusilə, şair
yaradıcılığının ilk dövrlərində I
qism təbiət şeirlərinə daha çox
üstünlük verir.
Göy
üzü rəngbərəngdir -
mavi,
sarı, çəhrayı, abı, narıncı,
Görən
rənglər selindən üz tutuban
hara
gedir bu cığır?
Quşların
civiltisi bihuş
etdi
ağlımı,
Oh! Bu aləmin
içindən
necə
anım halımı?
Ən
gözəl himn -
bu
quşların mahnısı!
Ən
gözəl gün -
bu səhərin
hüsnü, havası!
Şair bu misralarla təbiətin ülvi gözəlliyindən
göz oxşayan bir peyzaj yaradıb. Onun lirik qəhrəmanı
bu mənzərənin önündə heyrətini, rəğbətini
gizlətməyərək bihuş olub. Çünki
qəlbi təbiətlə baş-başadır, onunla bir
döyünür. Beləcə, səhərlər
Günəşin al-qırmızı şəfəqlərlə
göy üzünə qalxması, bu şəfəqlər
altında gül-çiçəklərin üzə
gülümsəməsi, quşların civiltisi, hay-həşirlə
yuva qurması, dən axtarması, daha nələr... şairin
ilk təbiət şeirlərinin baş mövzusudur.
N.Günün başqa bir şeiri - “Oh, necə bayram istədi
könlüm” adlanır və yenə təbiətin quş səsindən,
quş nəğməsindən, sevincindən bəhs edir. Bu şeirin
baş qəhrəmanı isə torağayılardır.
Onların yaz çağı oxuması, dən
axtarışı, uçuşu şair qəlbini riqqətə
gətirir. O da istəyir ki, qüssə-kədərdən
uzaq olub, beləcə quşlara qoşulsun, sevinsin,
gülsün, bayram etsin:
Torağaylar
pırr edib uçdular torpaqdan,
Bir də
haçan görəcəyəm
mən
belə bayramı,
ay Allah!
N.Gün hər şeyə - quşa, böcəyə,
torpağa, ağaca, yarpağa sevgi ilə yanaşır,
sevgiylə qələmə alır. Çünki
özü də təbiidir, təbiətin bir
parçasıdır. Bu şeirlərdə
o həm də özünü ifadə edir.
Şairin ikinci qisim şeirlərində təbiət
şeirləri Vətən şeirləri ilə birləşir,
çuğlaşır, onları ayırmaq, fərqləndirmək
qeyri-mümkündür. Məsələn, “Quş, məkan, şair və Vətənə
dair aydın cavab”, “Torpaq yuxularım”, “Ora bizimki deyil”, “Yol
uzunu arzular”, “Yalnız ilğım müstəsna” və s.
kimi şeirlərində təbiət
füsunkarlığı, gözəlliyi ilə bərabər
həm də müqəddəsləşir, çünki o
artır Vətənin təbiətidi, Vətənin otu,
çiçəyi, torpağıdır!
Qayıtdım
bu torpağa
Bu
torpağa dönüncə
dizlərim titrəyir....
Bu
torpağın önündəyəm,
Eləcə
mil durmuşam,
dil
tutulub, nəfəs təntiyir...
Şair hara gedir getsin, harda gəzib dolanır
dolansın, yalnız Vətənə qayıdanda bu
torpağın önündə dizləri titrəyir, nəfəsi
təntiyir.
Çünki bu torpaq əyilməz, basılmaz böyük Vətəndir!
Öz ağrıları, həsrəti ilə bərabər
onundur. Onun həyatıdır, arzuzu, xəyalıdır.
“...Bu
torpağın üstündə Araz adlı bir çay
axır.... Qubar dolu suyundan hönkürüb şərbət
içmişəm... Kənarında çəpər var!.. Bu çəpərin
küncündə ölmək üçün üç
arşın yer seçmişəm...” - Qara torpaq önündə
əyilən lirik qəhrəman bu torpaqda uyuyan
ulularını da xatırlayır. Adi, qara
torpaq ona görə müqəddəsdir ki, onun qoynunda əzizləri
yatır. “Bu torpağın üstündə bir qoşa
məzar var. Bürünüb göz yaşına, sərilib
soyuq daşına, bu candan ruh çıxınca, tabım,
tavanım çatınca içim yanar, yaxılar... biri atam,
biri anam?!” - deyir şair. “Torpaq yuxularım” adlı bu şeir
torpağın təsvirindən çıxıb Vətənləşir,
ululaşır, insaniləşir... Şairin keçmişi
ilə bu günü və sabahı birləşir.
Beləcə,
Nurəngiz Gün “Uzaq xatirələri, unudulmuş,
yurdları, köhnə sevgiləri yada saldıqca onların rənglərini
də yada salır, unudulmuş arxaikləşmiş kimi
görünən sözlər onun şeirlərinin nəbzinə
çevrilir, söz xalısına vurulan bu qədim, təbii
rənglər, pası təmizlənmiş kəlmə
çeşmələri onun ifadə tərzini fərqləndirən
cəhətlərdəndir”.
Şair
növbəti bir şeirində yenə üzünü təbiətə
tutur; təbii ki, bu şeir də sırf təbiət hadisəsi deyil. Müəllifin lirik qəhrəmanı “Hansı daha
yaxşıdır?!” sualına cavab axtarır.
-
Hansı quş daha yaxşı?
-
Qaraquşdan, bayquşdan,
darğa
qarxadan başqa
hamısı...
Ən
sevgilisi -
... fikirli, boynu bükük Şənəbub...
Çünki onun oxuduğu nəğmələr daha
çox düşündürücüdü. Sonrakı sual:
-
Hansı məkan daha yaxşı?
-
Tikansızsa hasarı,
demək
olar hamısı...
Ən
dadlısı -
O məkan
ki, azadlıq
qoxuyur
onun
göylərində ab-havası.
Və
azadlıq havasının... küyü yox,
Özü gəzir təbəssümdə, gözlərdə.
N.Gün sözləri, ifadə vasitələrini
çox diqqətlə, qayğı, sevgi ilə seçir,
“Lirik mən”ini ifadə edə-edə Vətəni də, onun
torpağını, daşını da ifadə etmiş olur. Vətəndə
hər şey gözəldir. Yaşıl
çəmənin al-qırmızı çiçək
qoxusu ilə birgə, yaşıl dünyanın özü
bir xoşbəxtlikdir. Lakin ən böyük xoşbəxtlik
Vətənin azadlıq qoxusudur! Azadlıq
ab-havasıdır. Bu N.Gün
poeziyasının başlıca, qırmızı xəttidir.
Bu xətdən başlayır Vətənin
poetik təsvir və tərənnümü.
Nəhayət, “ən yaxşı Vətən
hansıdır” sualına cavab da maraqlıdır. “Türkün eli böyükdür, o Vətən ki,
basılmayır ulusu! Və insanı!”
Göründüyü kimi, şeir təbiətlə
başlayıb Vətənlə bitir. Görkəmli tənqidçi-ədəbiyyatşünas
Yaşar Qarayev “Poeziyanın illəri və yolları” məqaləsində
yazır: “Müasir şeir artıq, “Təbiət
lirikası”, “Məhəbbət lirikası” və “İctimai
lirika” kimi bir qəlbə və sxemə sığa bilmir. Onlar arasında sərhəddi müəyyən etmək
həmişə çətin olmuş, indi isə lap mürəkkəbləşmişdir.
Bu gün təbiət problemi birinci dərəcəli
ictimai və birinci dərəcəli müasir problemdir. Ana təbiətin insan və bəşər həyatında
nəinki əxlaqi-estetik amil kimi, hətta ictimai vətəndaşlıq
amili kimi də rolu xüsusilə aşkar, göz
qabağında, qabarıq olmağa başlamışdır”.
Təbiət - cəmiyyət - Vətən özü də
ayrılmaz, bütöv varlıqdır. Bütöv də
xarakterizə olunur. Onlar bir-birinə
qarışmış, çuğlaşmış formada təzahür
edir. “Və bizi də bugünkü təbiət
lirikası birinci növbədə məhz humanizmin və Vətəndaşlığın
ifadə olunduğu lirika kimi maraqlandırır. Həm füsunkar, həm də düşünən,
müdrik, fəlsəfi təbiət obrazı bugünkü
lirikada xalis ictimai bir obrazdır”.
“Yol uzunu arzular” şeirində N.Gün ideyasına,
arzu-niyyətinə sadiq qalaraq xəyallarının,
yuxularının çin olmasını
düşünür. “Vətənin gecələri də Salim
olaydı, pəncərələr aya, Günəşə
açılaydı; torpağım nura qarışaydı;
yurd qeyrəti hər şeydən ucada dayanaydı”. Bir
sözlə:
Yuxular
çin çıxaydı,
Gömgöy
bənövşə arzular
Nə
saralıb, nə solmuş olaydı,
...Bir
gün də bir sübhçağı
Təbrizimlə
Bakımda
Şəhid
ruhlar... məzarlar
Vüsal
cəngilərindən
agah
olmuş olaydı!
Vətən anlamında Təbrizlə-Bakı qoşa
qardaş olsalar da bir-birinə həsrətdir. Arada rəqiblər
dayanıb. Nə vaxtsa bu həsrətə son qoyulacaq,
onda şəhid ruhları da vüsal cəngilərindən
oyanacaqlar!..
“Təbii sərvətlər həm də mənəvi sərvətlərin
beşiyidir. Əxlaqı saflıq və bütövlük
üçün məsuliyyət problemi ilə bağlı
anlayışdır. “Təbiət” və
“Cəmiyyət” poeziyası lirik və ictimai poeziya indi
qarşı-qarşıya durmur”.
N.Günün məşhur əsərlərindən biri
onun “Yol gedirəm” şeiridir. Şeirə şairin
və onun lirik “mən”inin ömür yolu da demək olar.
Çünki əsər ömür boyu gediləcək
bir yolu təsvir edir. Təkcə yolu yox, həm də
uğrunda çabaladığı, mübarizə
apardığı müqəddəs işləri də tərənnüm
edir:
Dodaqlarımda
təbəssüm,
Bəbəklərimdə
ümid və qürur,
İçimdə
ağlamaq ehtiyacı...
Şair o
qədər aydın, sadə şəkildə təsvir, tərənnüm
edir ki, oxucu bu yolu çox aydın görür: Üzü
dağlara qalxan ot basmış bir köhnə
yolda. Bu yolda bir qərib yolçu
addımlayır. Dodaqlarında təbəssüm,
gözlərində ümid, qürur əks olunsa da, hiss edirsən
ki, tək olduğu üçün daxilən çox
kövrəkdir, incədir, dindirsən göz yaşları
selə dönəcək... Bu uzaq yolu tək
getdiyi üçün kimlərdənsə incikdir. Amma
bunu hiss etdirmir. Çünki qürurludur, sadəcə yolunu,
öz yolunu tutub təmkinlə gedir:
Saçlarımda
rüzgarım,
Ruhumda ana
laylası,
Başımda
məğlub eşqim,
Yol gedirəm,
sinəm qaralanadək...
Bu yolda ona kömək edən, təpər verən əsən
sərin rüzgar, anasının laylası və
xeyir-duasıdır. Baxmayaraq ki, “önündə silsilə dağlar, sərt
qayalar, soyuq dəniz” var, həm də qürub
çağına az qalıb, yenə
yolundan dönmür, çünki məramı, məqsədi
qətidir. Amma yox - heç də tək deyil:
Arxamda
sarp enişlər,
Çiynimdə
Günəş tayası,
Ağuşumda
Jaləm və titrəyişim...
Yol gedirəm,
yol olanadək...
Heç
vaxt batmayacaq Günəş tayası onunladı;
Ağuşundakı körpə qığıltısı,
titrəyişi, qorxusuz-ürküsüz, qayğısız
gülüşü də onunladı! Bu yol onun olanadək gedəcək!
Sona qədər gedəcək! İnsanlardan uzaq düşsə
də bu dağlar, dərələr, sarp enişlər
onunladır! Demək lirik qəhrəman öz yenilməz
gücünü, qüvvəsini təbiətdən, onun
tükənməz sehrli, sirli rüzgarından alır!
Əsər
N.Gün yaradıcılığının manifestidir,
pasportudur, - desək yanılmarıq. Onun həyatının
mayası, qayəsidir, - desək yenə yanılmarıq. O qədər
təbii, inandırıcı, səmimi deyilib, yazılıb
ki, heyrət etməyə bilmirsən.
Sabir
Rüstəmxanlı N.Günün “Yol gedirəm” kitabına
yazdığı ön sözdə ən çox bu şeir
haqqında maraqlı fikirlər söyləyib: “Yol gedirəm
yol olanadək” misrası... şair ömrünün mənasını
gözəl ifadə edir”. Daha sonra Sabir müəllim
yazır ki, “Amma bu qəribə bir yoldur. Günlərlə
evindən bayıra çıxmasa belə Nurəngiz xanım
həmişə bu yolun üstündə və həmişə
hərəkətdədir. Bir ucu ana
dünyasında, bir ucu günəşi öpmək həsrətində
olan bu yol əbədiyyət yoludur; görüşlər,
ayrılıqlar yoludur; eniş-yoxuşları, dolanbacları
ilə bərabər doğma yoldur... şeirlər isə yol
üstü düşüncələrdir”.
Sabir müəllimin şeirə yanaşması da
orijinaldır, dəqiq və aydındır. Mən bu
şeiri təbiət şeirləri sırasına aid etsəm
də, əslində təbiət də, yol da rəmzidi, lakin
eyni zamanda, həm də realdır, həqiqətdir.
“Bu axşam” şeiri şairin uçan xəyallarının bir axşamlıq ovqatıdır. “Əgər qəh-qəhə çəksəm, dolu buludları qucmaq istəsəm, dəli deməzlər ki, mənə?.” Şair xəyalı susqun çəmənə sərilib, dərdini dinləmək istəyir. Çünki bu çəməndə, bu yaşıl təbiətdə böyük türk şairi Nazim Hikmət uyuyur. Lirik qəhrəman onun qəbri üstündə onunla dərdləşir, onunla danışır:
Üz tutub, əl uzadıb günbatana
El ə bu axşam
Uzaq üfüqlərini haylasam,
Haraylasam səninçün,
Bax bu daş bəbəklər,
Qranit ürək üçün
Dəli deməzlər ki mənə?”...
Bu şeir də təbiətlə, onun təsviri, tərənümü ilə başlayır. Lakin yurdundan, yuvasından uzaq düşmüş, qərib çəmənlikdə əbədi uyuyan şair N.Hikmətə deyilmiş bir elegiya ilə bitir. Şair “Əhli kef Türkünün ən Yalqız Nəhəngi!” deyə müraciət etdiyi Nazim Hikmətə daha bir şeir həsr edib. N.Hikmətin məşhur şeirindən epiqraf gətirdiyi bu poetik parça da bir peyzajdı. “Su başında durmuşuq, mən, pişik, bir də çinar....” deyən N.Hikmətə eyni ahənglə cavab verir: “Paşam, hey! Biz də o yerdə durmuşuq, su önündə dayanmışıq, suyun bağrını yarmışıq. Mən, əjdaha, bir də küçük. Balıqçı dərin yuxuda. Bilinməyir. Bəlkə də ölüb... məkan toran içində...” Şeir N.Hikmətə məxsus poetik axınla davam edir. Şairin könül duyğuları göl ətrafında dolaşsa da, qəmli notlarla ötsə, oxusa da, bu torpağı, gölü, həyatı sevir, onlara bağlıdır. N.Günün qələmi ilə Vətənin bir parçası canlı, xarakterik bir obraza çevrilir.
N.Günün “Qəfəs bülbülü”, “Zaman özü təsdiq etdi”, “Üç ilğım”, “Üç təsəlli”, “Kövrək cüyür, ürkək cüyür”, “Can durnalar, qorxursuzmu?!, “Qərib Xədicə gülü, qıl körpüsü və qəfəssiz bülbüllər”, “Qanadsızlıqdır”, “Bəyaz dünya yaşamada”, “Meşə balladası”, “Dinlə qızılım, torpaq” kimi şeirləri üçüncü qisim təbiət şeirlərinə aid etmək olar. Bu əsərlərdə canlı təbiətin təsviri ilə yanaşı şairin lirik “Mən”nin düşüncələri də xüsusi yer alıb. Bu düşüncələr daha çox fəlsəfi çalarla müşahidə olunur. Təbiətə, onun qaynar həyatına fəlsəfi baxış daha çox önəm daşıyır. Məsələn, şair bülbülü qəfəsdə görür. Amma bülbülün məskəni güllü-çiçəkli bağça-bağdır. Dar qəfəsdə donub qalmış bülbül çətin ki, oxuya bilsin. Odur ki, şair son qəpiyini verib qəfəsi alır və onun qapağını açıb bülbülü təbiətə uçurur:
Aldım bu qəfəsi,
Açdım bu qəfəsi,
Açdım və buraxdım səni
Uç, uç!
Geniş ormanlar yaxşıdır,
Baxma ki, pələngi, aslanı var.
Toxunmaz onlar sənə..
Uç, uç...
Ormanlar
bir yaşıl nağılın yağışı....
Şeirin ahəngində təbiəti sevməklə
yanaşı bir humanizm, yaxşılıq, nəcib keyfiyyətlər
də aşılanır. Azadlığın - yaşıl
çəməndə, gülün qoynunda gizlənməyin həsrətini
çəkən bülbül üçün bundan
böyük xoşbəxtlik ola bilməz:
Uç
bülbül!
Halal
xoşun olsun sənin,
İntizarı
saralmış,
Qocalmış azadlığın.
Və ya onun “Zaman özü təsdiq etdi” şeirində
dibçəkdə əkilmiş toxumun aqibəti təsvir
olunur. Nə qədər qulluq edilsə də, torpaq, su
verilsə də toxum cücərmir, bir-birinə
sarılıb məhv olan cücərti, şairin fikrincə,
yəqin ki, geniş, dərin torpaq qatı, böyük
meşə arzusundadır. Odur ki, bu dar, havasız qabda,
dibçəkdə böyüyə bilmir. Bu da
təbiətin öz qanunauyğunluğudur,
spesifikasıdır. Onu dəyişdirmək
cılızlığa, adiliyə, heçliyə gətirib
çıxaracaq. Dibçəkdə
palıd əkənlər də var. Amma bu təbii ki, təbiətdəki
əsrarəngiz palıd olmayacaq. Yalnız onun cüzi
oxşarına çevriləcək:
O meşənin
bu toxumu
bu
güldanda bitə bilməz.
Bir
ağıllı demişdi bunu -
Birsə
də nə faydası,
Kara gəlməz,
çiçək tökməz,
üzə gülməz.
Şairin “Pələng yuxusu”da eyni məqsəd, eyni ahənglə
yazılıb.
Təbiətin, meşələrin şahı
hesab olunan pələng dəmir qəfəsdədir. O
meşədəki azadlığını, sevincini, xoşbəxtliyini
indi yalnız yuxularında görür: “Dəmir qəfəsdəki
o pələng - o dəmir qəfəsdəki yuxusunda
gördü ki, yan-yörəsində balta, bıçaq, rəndə
var... Qəfəsdən o üzdəsə yaşıl
ağaclar... Dəmir qəfəsdəki o pələng gecə
yarı bir nəfəsə Hücum etdi o qəfəsə....”
“Kövrək cüyür, ürkək cüyür” şeirinin qəhrəmanı maral balası təbiətin qoynunda, çöldə, düzdə olsa da həyatı üçün təhlükə çoxdur. Çünki “Çöllərin gözəllik carçısı”nın nə arxası, nə dayağı, nə hayanı var. Bu zərif varlıq hər an ovçu tələsinə rast gələ bilər. Özünü qorumaq üçün isə təbiət ona nə buynuz, nə tikan, nə zəhər verib. Yalnız badamı gözləri, ürkək baxışları, qaçacaq uzun qılçaları var... Çöllərin ürkək, ala gözlüsünün həyatı yalnız bu vəhşi təbiətdə insanların insafına, vicdanına, mərhəmətinə qalıb. Meşələrin şahı pələngdirsə, kraliçası da bu cüyürdü axı:
Kövrək cüyür, ürkək cüyür,
Gəl bu düzdən çıx get, cüyür!
N.Gün göründüyü kimi, təbiət şeirlərində təbiətə, onun sərvətinə, gözəlliklərinə daha böyük, geniş rakusdan yanaşır. Onun baxış bucağında yurd sevərlik, insanpərvərlik dayanır. O hər otun, çiçəyin dilini bilir, qəlbini oxuyur, sonra vəsf edir və təbiətin qayğısını, narahatlıqlarını da dilə gətirir, üzə çıxarır.
Oxucusunun əlindən tutaraq bu təbiəti gəzdirir və onun təbiiliyini qorumağa çağırır. Arada təbiətin nizamını, düzümünü pozmamaq üçün çaldığı həyəcan təbilində də bir ürkəklik, ehtiyat intizarı var.
“Böcəklə böcəkçiyin səhati”ndə adamların ayağı altında qalacaq böcəklərin taleyindən nigaranlıq təbii, axarı bir dillə bəyan edilir. Müasir insanla qədim insanlar böcək dilində müqayisə olunur.
“Meşə balladası”nda susuz qalmış, palıdı ayaqüstə ölmüş, maralı qocalmış, kirpisi müavin olmuş, tülküsü başqa yerə dadanmış, çaqqalları naqqallıq edən meşənin bugünkü durumundan, xoş olmayan vəziyyətindən söhbət açılır.
“Ört üstümü, ört meşəm” şeirində vələsin dili ilə təbiətdən - meşədən onun sərinliyindən, gözəlliyindən, başqa canlılardan uzaq düşmüş, şəhər həyatında darıxmağı əks olunur.
Aç qoynunu, aç meşəm!
Mən səninçün qəribsəmişəm!
Aç qoynunu, aç meşəm!
Söz deməyə gəlmişəm!
Aç qoynunu,
əyilim azadə budaqlarına!
Söz deyim qulaqlarına.
Aç qoynunu, aç meşəm!
içim yanır, tənginəfəs olmuşam!
Bir sərinlik həsrətiylə tutulmuşam,
Dolmuşam...
Beləliklə, N.Gün poeziyasında təbiət və onun əsrarəngiz gözəllikləri, həmçinin Vətənin təbii, müqəddəs torpağı, ulu dağları, axar çayları, sirli meşələri, istənilən səviyyədə, yetərincə təsvir və tərənnüm olunub.
Şairin şeir dünyasında poetikləşmiş canlı bir təbiət obrazı yaradılıb. Bu obraz onun bütün poeziyası kimi, hətta deyərdik ki, şairin özü kimi daim canlıdır, təbiidir, səmimidir və hər cür süni boyadan, yalandan və riyadan uzaqdır.
Bahar BƏRDƏLİ
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2016.-
17 sentyabr.- S.16-17.