Vətəndaşlıq mövqeyi, plyus lirizm

 

 

Azərbaycan poeziyasında vətəndaşlıq ruhu, ictimai mövqe, millilik amili bütün dövrlərdə aparıcılıq təşkil etmişdir.

 

Əslində ictimai və milli ideal olmadan bütünlükdə böyük ədəbiyyatı, o cümlədən də poeziyanı təsəvvür etmək olmaz. Lakin vətəndaşlıq mövqeyinin, ictimai idealların üstünlük qazandığı məqamlarda bəzən ədəbiyyatda, xüsusən də şeirdə lirika arxa plana keçir, pafos, çağırış ruhu ilhamın köhlən atını çəkib aparır.

Bir qədər vaxt keçdikdən sonra həmin çağırışların aktuallığı azalır və ya zaman digər ictimai sifarişləri irəli çıxarır, beləliklə də şeir yaradıcılıq faktından uzağa gedə bilmir. Böyük ədəbiyyat ictimai idealları bədiilik faktoru ilə birlikdə təqdim etmək funksiyasını yerinə yetirdikdə uzun ömür qazanır.

 

Azərbaycan şeirinin orta nəslinin tanınmış nümayəndələrindən biri olan Asim Yadigarın da şeirlərində mümkün olduqca vətəndaşlıq ruhu, ictimai və milli idealların poetik bədii vasitələrlə obrazlı şəkildə ifadə olunmasına ciddi fikir verilir. Daha doğrusu, Asim Yadigar şeirlərinin ictimai məzmununu lirikanın dili ilə ifadə etməyi əsas məqsəd kimi qəbul edib, yoluna davam edir. Hələ bədii yaradıcılığının başlanğıc dövründə, 1982-ci ildə yazdığı “Darıxan məzarlar” adlı şeirində ana yurdun başına dönən pərvanələri kimi dəyərləndirdiyi Xaqani, Nəsimi, Füzuli, Məhəmməd Hadi, Mikayıl Müşfiq şeirinə poetik qiymət verərkən onların ictimai idealları ilə bədii düşüncələrinin dərinliyindən söz açmaqla ədəbiyyatın, poeziyanın bu not üstündə köklənməsinin əhəmiyyətli olmasına dair qənaətlərini bəyan etmişdir. O, Hüseyn Cavidin məzarının Vətənə qaytarılması hadisəsini “qürbətin günəşi buzdan soyuqdur” tezisi ilə mənalandıraraq, bədii təfəkkürün nidası kimi meydana çıxan şeirin bəşəri ideallarla yanaşı, ana Vətənə, doğma torpağa, mənsub olduğun xalqa xidmət etməsini zəruri saymışdır. Asim Yadigarın şeirə - sənətə münasibəti baxımından “Gecələrim” şeirindəki fikirlər çox əhəmiyyətlidir. O, gecə və şeir mövzusuna çox orijinal mövqedən yanaşaraq söz sənətinin ali niyyətinin “gecələri şam kimi əritmək”, “gecənin üstündən adlamaq” olduğunu obrazlı düşüncələrlə aşağıdakı kimi ifadə edir:

 

Dönür duyğularım alova, oda,

Söz-söz alışırlar, söz-söz yanırlar.

Gecə duyğularım göyərçin kimi,

Bu ürək yuvamdan pərvazlanırlar.

 

Tuşlayıb şeirini bəbəklərimə,

Hər gecə yuxumu odlayıram mən.

Elə bil yazdığım şeirlərimlə

Gecənin üstündən adlayıram mən.

 

Burada Asim Yadigarın sənətə baxışı, ictimai idealları ilə birlikdə öz obrazı da canlanır. Ümumiyyətlə, Asim Yadigarın bir çox şeirləri onun özünüifadəsi, avtoportreti kimi səslənir. Kitablarından birinin  adı olan “Zirvə yolu” şeirində şair sənətdə özünəməxsus yol açmaq üçün “yoxuşlar”dan keçməyin çətinliklərindən qorxmayaraq alpinisttək məsuliyyətlə çalışmaqdan danışanda da avtoportretini yaradır. Bütövlükdə Asim Yadigar şeirlərində ictimai və milli ideallara sənətin gözü ilə baxan, vətəndaşlıq ruhu ilə şair mövqeyini vəhdətdə ifadə etməyi əsas vəzifə hesab edən yaradıcı simalardandır. Onun yaradıcılığında ictimai motivlərin poetik təqdimatı əksər məqamlarda nəticə etibarilə sənət faktına çevrilir:

 

Vətəndir dünyada hər şeydən əvvəl,

İlk sevgim, son sevgim bu yurd, bu torpaq.

Məndən inciməsin sevdiyim gözəl,

Vətəni sevmişəm mən ondan qabaq.

 

Asim Yadigarın siyasi lirikasında da ictimai düşüncə ilə səmimiyyətin və şeiriyyətin birgə ifadəsi onun haqqında danışılan mövzulara, şəxsiyyətlərə dair geniş ürəklə orijinal söz deməsinə imkan yaradır. Şairin 2014-cü ildə “Əcəmi” nəşriyyatında çapdan çıxmış “Bir nurlu heykəl yarat” adlı kitabındakı  şeirlərdə ictimai motivlər şair baxışından keçərək mənalı və təsirli fikirlərin canlandırılmasına səbəb olur. Asim Yadigar xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr edilmiş şeirlərində ulu öndərin Azərbaycan dövlətçiliyi tarixindəki və müasir inkişafımızdakı yerini fərqli şəkildə mənalandırmağı bacarmışdır. Heykəltaraşa müraciət edərək görkəmli dövlət xadimi Heydər Əliyevin şərəfli adına və misilsiz xidmətlərinə “nurlu bir heykəl” yaratmaq arzusunu ifadə edən şair “fövqəlbəşər” şəxsiyyət kimi vəsf etdiyi bu parlaq simanın obrazını Azərbaycan coğrafiyasının rəmzləri ilə birlikdə mənalandırır:

 

Xəzər vuran ürəyi, Kür, Araz coşan qanı,

Qoşqar, Şahdağ, Savalan əyilməyən başıdır.

Əlli milyon insanın ən xoş sözü, kəlməsi,

Əlli milyon insanın fəxri vətəndaşıdır.

 

Asim Yadigar görkəmli dövlət xadimi Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” - sözlərini 2002-ci ildə yazdığı bir şeirində poetik şəkildə obrazlı düşüncə ilə, dərin və qəti inamla ifadə etmişdir:

 

Yollarında min tufan, yüz külək əssə belə,

Yadigar yolu üstə min silah düzsə belə,

Şərin qara əlləri yolunu kəssə belə,

Onu tanrı qoruyur, o zülməti boğacaq.

“Azərbaycan dünyaya günəş kimi doğacaq”.

 

Müstəqil Azərbaycan dövlətinin rəmzi olan Azərbaycan bayrağına xalqımızın “azadlıq nəğməsi” səviyyəsində baxan Asim Yadigarın üçrəngli bayrağımızın timsalında “bayraqlar cərgəsində adicə bayrağım yox, millətlər cərgəsində Azərbaycan görünür” - misraları da qürurla deyilmiş poetik sözləridir. “Üçrəngli bayrağımız bizim birlik rəmzimiz” - misraları da eyni səviyyədə ictimai məna daşıyan şair sözüdür. Bir sözlə, Azərbaycan bayrağına həsr edilmiş şeirlərində Asim Yadigar böyük ilhamla və inamla müstəqil Azərbaycanı, milli dövlətçilik ideallarını vəsf edir. Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin də şeirdə əsl sənət səviyyəsində mənalandırılması yolunda ürəklə danışan şair “Dədə Heydərim”, “Biz ona səs veririk”, “Səni döyüşə  göndərirəm”, “Bir olaq deyirik”, “Hücum əmri ver mənə”, “Döyüş havaları çaldırmalıyıq”, “Qələbə bayramı”, “Torpaq davası” kimi şeirlərində güclü dövlət və milli birlik ideyalarını poeziyanın ilhamlı və kəsərli sözü ilə mənalandırır. Asim Yadigar müasir Azərbaycan şeirində dövlət müstəqilliyi ideyalarını ardıcıl olaraq ifadə edən şairlərdən biridir. Müstəqil dövlət quruculuğunun başlanğıc illərində yazdığı “Səni döyüşə göndərirəm, səsim” şeiri özünün orijinallığı ilə tam fərqli bir poetik nümunədir. Asim Yadigar ölkənin bütün potensialının, o cümlədən, şairin səsinin də müstəqillik yollarında mərd əsgər kimi iştirak etməsini ilk dəfə olaraq şeirdə səsləndirir.

 

Bundan başqa, Azərbaycan poeziyasında səngərdə əsgər, döyüş anları haqqında çox yazılıbsa da, xüsusi olaraq səngərə həsr edilmiş poetik nümunələrə az rast gəlmək olar. Asim Yadigarın  Səngərin” şeiri bu mövzuda yazılmış təsirli poetik nümunələrdən biridir. Onun səngərdə əsgəri Vətən torpağında bitən çinara bənzətməsi yenidir, mənalıdır  yaddaqalandır. Şairin “bir ola bilmirik” şeiri də milli birlik ideyasının möhkəmlənməsinə xidmət edən müdrik poeziya nümunəsidir. “Torpaq davası” şeirindəki “Torpaq - torpaq altda qoruyar məni, onu torpaq üstdə qoruyan mənəm” - misraları şairin məlum mövzuya diqqəti çəkən qiyməti əlavələridir.

 

“Hücum əmri ver mənə” şeiri 1993-cü ildə yazılmasına baxmayaraq, bu gün də, torpaqlarımızın azad edilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi uğrunda mübarizə davam etdikcə aktuallığını qoruyub saxlayacaq şeirlərdəndir. Aradan illər keçdikdən sonra, 2010-cu ildə yazılmış “Döyüş əmri ver mənə” şeiri mübariz azərbaycançılıq ideyasının onun yaradıcılığında davamlı bir xətt olduğunu göstərir.

 

“Hücum əmri ver mənə” şeirində döyüş cəbhəsində komandirinə müraciət edən şair vətənpərvər bir əsgərin funksiyasını yerinə yetirir. “Döyüş əmri ver mənə” şeirində isə Asim Yadigar müstəqil Azərbaycan dövlətinin vətəndaşı kimi çıxış edərək Ali Baş Komandana müraciət edir, bu torpağın bütün oğullarının döyüşə hazır olduğunu bəyan edir:

 

Hər bir oğul bu yurdun vuran şah damarıdır,

Vətən yoxsa, biz nəyik? ...Quru torpaq, quru daş...

Səngərlərdə qurd kimi marıqda dayanmasaq,

Bu yurda nə oğuluq, nə əsgər, nə vətəndaş?! 

Vətəndir canım-gözüm, odur şərəfim-şanım,

Döyüş əmri ver mənə, Ali Baş Komandanım!

 

Ümumiyyətlə, Asim Yadigar müstəqillik uğrunda mübarizənin çətin imtahanlarının ən mühüm məqamlarını şeirlərində öz səsi, öz nəfəsi ilə əks edirməkdə davam edir. Onun müstəqil dövlətçilik ideallarını işıqlandıran şeirləri ən yeni dövr Azərbaycan şeirinin düşündürücü, mənalı və təsirli nümunələridir. Şairin bu mövzuda yazılmış şeirləri Azərbaycan ədəbiyyatında böyük ənənələri olan siyasi lirikanı daha da zənginləşdirməyə xidmət edir. Siyasi lirika istiqamətində yaratdığı şeirlərdəki bədiilik faktoru bu poetik nümunələri uzunömürlü sənət faktına çevirir. Asim Yadigar müstəqillik dövrü Azərbaycan şeirində siyasi lirikanın əsas yaradıcılarından biridir.

 

Asim Yadigar məhəbbət lirikasında da ictimai motivləri canlandırır. Şair məhəbbət anlayışına həyat, sınaq, mənəviyyat faktoru kimi baxır, təmiz sevgi üzərində qurulmuş ailəni cəmiyyətin dayaq nöqtəsi hesab edir.

 

“Qoşa ömür” şeiri məhəbbət mövzusunda olduğu kimi, cəmiyyət mövzusunda da yazılmış mənalı və ibrətamiz poetik nümunədir:

 

Hamıya “can” deyən anadır torpaq,

Ondan ayaq üzən yıxılar ancaq.

Torpağa kök  atan bir ağac olaq,

Bir budaq mən olum, bir budaq sən ol!

 

... Təmizlik yaşayır bulaq suyunda,

Saflıq timsalıdır bulaq da, su da.

Heç nə istəmirəm, elə cahanda

Bir bulaq mən olum, bir bulaq sən ol.

 

Tarıma çəkilmiş qoşa simik biz,

Sevgimiz müqəddəs, eşqimiz təmiz.

Dinəndə nəğməli ürəklərimiz,

Bir dodaq mən olum, bir dodaq sən ol!

 

Asim Yadigarın poetik baxışlarından doğmuş “Saz kimi köynəkdən çıxdı gözəllər, Köklənib... əl dəysə dillənəcəklər” - misralarında obrazlı düşüncə ilə məna-mətləb birləşir. Yaxud onun “Hər qız bir ürəkdə ürəyə dönüb, Qoşa ürək kimi döyünər bu yaz” - misraları həm sədaqəti, vəfanı, mənəvi birliyi ifadə etmək mənasında, həm də obrazlı düşüncə baxımından yenidir. Həm də Asim Yadigar şeirlərində yenilik xatirinə söz oynatmaqdan uzaqdır. Onun şeirləri özünəməxsus poetik baxışın orijinallığı ilə, mənalandırmaq istədiyi mövzuya, detala fərqli tərəfdən baxmaq niyyəti ilə yenilik qazanır. Bu şeirlərin ənənəvi mövzularda, məlum şeir notlarında yazılmasına, şeir mətnlərindəki fikirlərin müəyyən dərəcədə təkrar olmasına baxmayaraq, həmin poetik nümunələrdəki bədii cəhətdən cazibədar olan misraları da görməmək olmur:

 

Gözündən torpağa düşən o damla

Çiçək bitirəcək, ətirli çiçək.

Kim baxsa, ətirli çiçəyə, orda

Bizim əksimizi qoşa görəcək.

 

Asim Yadigarın “İki sahil arasında bir çayam, sinəm olsa sənə körpü” - misraları da məhəbbət lirikasının yaddaqalan bənzətmələri sayıla bilər. Dərin səmimiyyət, obrazlı düşüncə və nikbinlik Asimin bir çox məhəbbət şeirlərini mahnı kimi səsləndirir. Şair özü də bir neçə şeirini - “Unutsam dözəcəkmi”, şeirini, “Bir ömrün nəğməsi”ni mahnı, nəğmə adlandırmışdır. Lirizm - Asim Yadigar şeirində də həyatı müşahidələrdəki incəliklərin, poetik detala obrazlı münasibətin ifadəsindən süzülüb gəlir. Onun “Qurban olum”, “Sevda yolu”, “Ömrümün baharı”, “Sənsiz”, “Sən varsan”, “Bahar sevgi fəslidir” və sair şeirlərində də nəğmə ruhu yaşayır. Bu şeirləri məktəb uşaqları notsuz da nəğmə kimi oxuya bilərlər, yaxud bəstəkarlar həmin şeirlərə mahnı bəstələməkdə çətinlik çəkməzlər.

 

Asim Yadigarın yaradıcılığında Azərbaycanın tanınmış şairlərinin dilindən deyilmiş şeirlər yazmaq ənənəsi vardır. “Darıxan məzarlar” şeirində Xaqani və Nəsiminin, Məhəmməd Hadi və Mikayıl Müşfiqin dilindən deyilmiş parçalarda sənətkar   zaman, şair və Vətən münasibətləri şərh olunmuşdur. Bu məqamda Asim Yadigar qüdrətli söz ustadlarının simasında hər bir insan üçün, xüsusən də böyük ədəbi şəxsiyyətlər üçün Vətən anlayışının qiyməti və əhəmiyyəti haqqında orijinal poetik söz deyə bilir. Məsələn, “məğrurluq heykəli” kimi duran Nəsimi babanın şikayəti sənətkarın vətənsizliyinin acı hekayətindən ibarətdir:

 

... Qürbətdə bu qədər yaşadım - yetər,

Vətənsiz yaşamaq, elsiz yaşamaq

Vallah soyulmaqdan betərdi, betər.

 

Başqa görkəmli şairlərin “dilindən” şeir yazıb, həm də sənətdə öz üslubunu, dəst-xəttini qoruyub-saxlamaq çətin və məsuliyyətli bir yaradıcılıq işidir. Bu səpkidə yazılan şeirləri göstərir ki, Asim Yadigar hər hansı bir sənətkarın “dilindən” şeir yazmağın münasib ruhunu tapmışdır. O, bu qəbildən olan şeirlərində ya adından söz açdığı şairin özünü danışdırıb, bununla dövrə, zamana, ictimai münasibətlərə sənətkar münasibətini ifadə edir, ya həmin söz ustadının lirik notları üstündə köklənmiş misraları ilə öz qəlbini, həyəcanını ifadə edir.

 

Məsələn, Xalq şairi Söhrab Tahirin dilindən yazılmış “Görüşünə gələcəyəm” şeirində Asim Yadigar əslində özünün ayrılıq və milli-mənəvi bütövlük duyğularını ifadə etmişdir. Nəriman Həsənzadənin “dilindən” yazılmış “Sənsiz” şeirində xalq şairinə məxsus kövrək və həzin notlar üstündə Asim Yadigar öz lirikasını dilləndirmişdir. “Sənsiz” şeirindəki dərin lirizm Nəriman Həsənzadə kövrəkliyi ilə Asim Yadigarın mənəvi bütövlük haqqında poetik düşüncələrinin birgə ifadəsində məna tapmışdır. Asim Yadigar “Sənsiz” şeirində Nəriman Həsənzadə həzinliyinin işığında sənsizliyin poetik mahiyyətini özünəməxsus şəkildə açmış, çox orijinal bir şeir meydana qoymuşdur. Nəriman Həsənzadənin “dilindən” deyilmiş “Sənsiz” şeiri Asim Yadigar lirikasının mükəmməl bir bədii nümunəsidir.

 

Dəyişir təbiət donunu tez-tez

Qış gedir, yaz gəlir öz vədəsində.

Dünya bir gəlindir, yol gedir elə

Min ildir bəzəkli gəcavəsində.

 

Könül, əldən çıxan qayıtmaz geri,

Düşüb arxasınca ha yüyür, ha qaç.

Sən torpaq altında bitən çiçəksən,

Mən torpaq altında quruyan ağac.

 

Fikrimizcə, Asim Yadigarın şairlərin “dilindən” yazılmış şeirlərinə görkəmli sənət adamlarına həsr etdiyi şeirləri də əlavə etmək olar. Bu cəhətdən onun ustad Məhəmmədhüseyn Şəhriyara həsr etdiyi “Eyləmisən” rədifli qəzəli çox uğurlu lirika nümunəsidir. Asim Yadigarın Şəhriyarın “Türkün dili” şeirinə nəzirə kimi yazılmış qəzəli böyük sənətkarın möhtəşəm obrazını canlandıran mükəmməl şeirdir. Burada Asim Yadigar Şəhriyarı mədh etməmiş, sənətin qüdrəti baxımından fəth etmişdir. “Eyləmisən” qəzəli Azərbaycan poeziyasında ustad Şəhriyara həsr edilmiş ən yaxşı şeirlərdən biridir:

 

Bu dili, Şəhriyarım, balü-şəkər eyləmisən,

Hər sözə can verərək ləli-gövhər eyləmisən.

Sən sözün bayrağını qaldıraraq Qaf dağına,

Şeirin zülmət evini nurlu səhər eyləmisən!

...Sən sözün Şəhriyarı, taxt da sənin, tac da sənin,

Dilimə tac qoyaraq şahi-sərvər eyləmisən.

 

Asim Yadigarın təxmis janrında yazdığı şeirləri də “dilindən” seriyasından hesab etmək olar.

 

Məlum olduğu kimi, təxmislərdə hər hansı bir şeirdən, daha çox isə klassik lirikanın görkəmli yaradıcılarının şeirlərindən bir beyt və ya şeirin bütün beytləri alınaraq, ona üç misra da əlavə edilməklə yeni bir poetik forma yaradılır və təzə fikir ifadə olunur. Bu yolla başqa bir şairdən alınaraq şeirdə istifadə olunan misralar elə bil ki, həmin sənətkarın dilindən deyilmiş sözlər kimi səslənir.

 

Əslində, əlavə edilən üç misra da həmin klassiklə birgə yazılan, yaxud şeirə uyğunlaşdırıldığı üçün sanki istinad olunan şairin şeiri təsiri bağışlayır. Lakin əsl istedad sahibləri təxmis yazarkən hər dövrün şairləri yaşadığı epoxanın ideyalarını və ya şəxsi düşüncələrini ifadə etməklə bu janrda yeni söz deyə bilmişlər.

 

Asim Yadigarın İmadəddin Nəsimiyə, Xurşidbanu Natəvana və Məhəmmədhüseyn Şəhriyara həsr olunmuş təxmislərində adları çəkilən şairlərin şeirlərinin hər beytinə əlavə edilmiş misralarda da həm vəzn və ahəng qorunub saxlanılmış, həm də bu zəmində müasir dövrün mətləblərinin ifadə olunmasına ciddi fikir verilmişdir.

 

Beləliklə, klassik şeirin dərin fəlsəfi məzmunu ilə müasir şeirin düşüncələrinin harmoniyası əsasında yeni dövrün çağırışlarını ifadə edən maraqlı və düşündürücü poetik örnəklər əmələ gəlmişdir. Əlbəttə, İmadəddin Nəsimi, Xurşidbanu Natəvan və Məhəmmədhüseyn Şəhriyar kimi qüdrətli sənətkarların məşhur beytlərinə əlavə edilən misraları onların səviyyəsində ifadə edə bilmək olduqca çətindir. Ona görə də Asim Yadigarın təxmislərini həm də Nəsimiyə, Natəvana və Şəhriyara ithaf şeirləri kimi düşünüb yazması həmin çətinliyi aradan qaldırır. İthaf-təxmislərdə şeirlərin həsr edildiyi qüdrətli sənətkarlar haqqında uca, təntənəli söz deyilmiş, həm də imkan daxilində yeni dövrün mətləblərindən bəhs olunmuşdur.

 

Bundan başqa, hər üç təxmisin birinci şəxsin dilindən deyilmiş poetik söz kimi ifadə edilməsi də klassik şairlərin uzaqgörən fikirlərinin təsdiqi, yaxud sintezi əsasında ağır çəkili müasir bir şeirin yaranmasına səbəb olmuşdur. Asim Yadigarın orta əsr Azərbaycan poeziyasının qüdrətli yaradıcılarından olan İmaddədin Nəsimiyə ithaf etdiyi və onun “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” misrası ilə başlanan məşhur şeirinə təxmis olaraq yazdığı şeirdə böyük mütəfəkkirin sənəti, əqidəsi və taleyi haqqında mötəbət sözlər ifadə olunmuşdur:

 

Mən zamandan ucadayam, vaxta, zamana sığmazam,

Şəkər dilim, bal sözümlə, pətəyə, şana sığmazam.

Ruhum cövlan edir göydə, deyir bir canə sığmazam.

“Məndə sığar iki cahan, mən bu cahana sığmazam,

Gövhəri-laməkan mənəm, kövnü-məkanə sığmazam”.

 

Bununla belə, Asim Yadigar böyük söz ustadının qüdrətini göstərməklə bərabər, həm də bu fonda özünün də sənət qayəsini, həyata, zamana baxışlarını ifadə edə bilmişdir:

 

...Həqqi buldum - həqq söylərəm,

mən də haqqın aşiqiyəm,

Həqiqətin carçısıyam, haqqı öyən mərd kişiyəm.

Asim, de ki, bir az sufi, bir azca da hürufiyəm.

“Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,

Bundan uludur ayətim, ayətü şanə sığmazam.

 

Xurşudbanu Natəvana ithaf olunmuş “Könlüm” rədifli təxmisdə “Yenə yarəb nə qəmgindir mənim bu şad olan könlüm” - misrası ilə başlanan qəzəlinin ahəngində görkəmli şairənin kədərinin fəlsəfi mahiyyəti açıqlanmış, sənətinin qayəsi dəqiq mənalandırılmışdır:

 

Düşübdür dərdü-möhnətə, mənim dilşad olan könlüm,

Dönüb eşqin əsirinə bir vaxt azad olan könlüm.

Üzür yenə qəm gölündə, qəmdən bərbad olan könlüm,

“Yenə yarəb, nə qəmgindir mənim bu şad olan könlüm,

Rümuzi-eşqdən ağah olub, ustad olan könlüm”.

 

Təxmisin son beytində Xurşidbanu Natəvanın kədərinə şərik çıxan Asim Yadigarın da nigarından pərmüjdə olduğu bəyan olunur. Beləliklə, klassik şeirin “bərbad olan könlüm” ideyası ilə müasir şairin “nigarın tənə oxundan” naşad olan könlü arasındakı doğmalıq bu təxmisin fərqli şəkildə olsa da hər iki halda dərin ovqat şeiri olduğunu nümayiş etdirir:

 

Ey Asim, bir soruş, öyrən, nə etmişəm o nigarə,

Yadigarı tənə oxun, qəlb evin dönüb şikarə,

Tapılmır dərdinə çarə, könlüm min bir yerdən yarə.

“Baxın bu Natəvan zarə, günü bəxtim kimi qarə,

Gəzər Məcnuntək avarə, mənim naşad olan könlüm.”

 

Ustad Məhəmmədhüseyn Şəhriyara həsr edilmiş “Azərbaycan” adlı təxmisdə klassik şairlə müasir şeir arasında möhkəm ideya-mənəvi birlik vardır. On altı hecada yazılmış, hər bəndi beş misradan ibarət olan bu təxmis böyük bir məktəb yaratmış qüdrətli şairin həmin məktəbin istedadlı şagirdi tərəfindən eyni ahəngdə və mənada deyilmiş qüvvətli söz çələngi kimi görünür:

 

Torpağı zər, suyu dərman, qəlbi üm man, Azərbaycan!

Bir can nədir, olsun min can sənə qurban, Azərbaycan!

Səndən başqa cənnət yoxdur, ey gülüstan, Azərbaycan!

Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan!

Xoş günlərin getmir müdam, xəyalımdan Azərbaycan!

 

Ümumiyyətlə, janr baxımından Asim Yadigarın lirikası zəngindir. O, heca vəznli şeirin qoşma, gəraylı, bayatı, təcnis, əruz vəznli şeirin qəzəl, rübai, təxmis, müxəmməs janrlarında yaddaqalan, təsirli şeirlər yazmışdır.

 

Bir neçə düşündürücü və yığcam sərbəst şeiri olsa da, bu vəzn ümumən Asim Yadigarın yaradıcılığı üçün səciyyəvi deyildir. Şair poeziyamızda böyük ənənələri olan xalq şeiri və klassik lirika janrlarında yazdığı şeirlərində yeni poetik söz deməyə, müasir dövrün fikirlərini ifadə etməyə, həm ideyalı, həm də cazibədar şeirlər ərsəyə gətirməyə nail ola bilmişdir. Asim Yadigarın müasirlik üstündə köklənmiş lirikasında xalqımızın ictimai baxışları, insanın mənəvi aləmi, nəciblik və bütövlük xüsusi çəkiyə malikdir. Asim Yadigar şeirləri ilə əxlaq, öyüd-nəsihət dərsi vermir, mənəvi saflığı, pak vicdanı, sədaqəti tərənnüm etməklə oxucunu düşündürür və inandırır.

 

Peyzaj lirikasında Asim Yadigar daha şairanə görünür. O, sanki ana təbiətin dilini başa düşür və ruhu ilə yaşayır. İlin bahar fəsli və payız çağı onun lirikasında daha cazibədar şəkildə tərənnüm olunur. O, ilk baharı ilk sevgi kimi saf və təmiz, çiçəkli-göyçəkli fəsil olaraq canlandırır. Onun təbiət təsvirlərində məhəbbət duyğuları ilə səsləşən orijinal bədii təsvir vasitələri tapılmışdır:

 

Təzə xallar düşər, nəğmələr düşər

Baharda qızların ürəklərinə.

Baxışlar arıtək sancılar, qonar

Qızların çiçəkli köynəklərinə.

 

Bədii forma baxımından çoxçeşidlilik Asim Yadigarın lirikasına əlvanlıq, rəngarənglik gətirir. “Könlüm” rədifli, cinas qafiyəli təcnisdə forma aludəçiliyi yox, şairin zəngin söz yaradıcılığı qabiliyyəti və düşündürücü fikir demək bacarığı əsasdır. “Könlüm” təcnisi istedadla və ilhamla yazılmış axıcı, oynaq, təsirli və mənalı şeirdir. “Könlüm” təxmisində mahnı ruhu yaşayır, bu şeiri bəstəsiz də nəğmə kimi oxumaq olar:

 

Dostu yaxşı tanı, yaxşı sına sən,

Can qurban de dostun yaxşısına sən.

Qoyma mərd alçala, yaxşı sına sən

Sınmasın yaxşının qanadı könlüm!

 

Bayırda şaxtadı, qəlbimdə yazdı,

Qəlbim nə dedisə, əl onu yazdı.

Bir gözəl qəlbimi oxladı, yazdı

Yüz yerdən göynədi, qanadı könlüm!

 

Klassik lirikanın aparıcı janrı olan qəzəldə Asim Yadigar müasir fikirləri ifadə edə bilir. “Hər şeyin sonu var” (2007) kitabında çap olunan 17 qəzəlində sevgi şeirlərindən çox ictimai mətləblərdən söz açılır. Hətta bu qəzəllərdən bir çoxunda satira əlamətləri də vardır. “Şeytana papış tikən mələk oğlu mələksən. Sən ki başdan-ayağa kələksən ki, kələksən” mətlə beyti ilə başlanan şeir satirik qəzəl nümunəsidir.

 

Asim Yadigarın rübailər silsiləsi klassik bədii formada müasir dövrün söz rübabıdır. Bu rübailərdə fəlsəfi fikir də, müasirlik də ifadə olunmuşdur.

 

...Görürəm, çətindi yamanca işin,

Başına min oyun açıb vərdişin.

Bir ürək tapmadın isidə səni,

Hər gün bir ürəkdə - kirayənişin.

 

(Ardı var)

 

 

İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik

 

525-ci qəzet.- 2016.- 17 sentyabr.- S.14-15.