Paralel dünyalardakı şifrələr
Hər şairin
yaradıcılığı, poeziyası əslində,
yaşadığımız dünyaya paralel olan bir aləmdir. Bəlkə
də mütaliə adlanan proses heç yerli-dibli yoxdu, sadəcə qaçış var, uçuş var, pənah aparmaq var...
İnsan
yaşadığı dünyanın
naqisliyindən, ruhsuzluğundan,
bu ruhsuzluğun yaratdığı ağrıdan bezərək hər bir şairin
qələmindən çıxan
paralel dünyaya qədəm qoyur. Müvəqqəti də olsa, zaman, məkan
və hərəkət
kateqoriyaları fərqli olan bu paralel dünyada
yaşayır, nəfəs
alır (biz isə elə bilirik ki, kimsə əlində kitab ancaq mütaliə edir), yaşadığı
ağrıların nüvəsinin,
başlanğıcının söz-söz, misra-misra, şeir-şeir qurulan bu fərqli
dünyadan qaynaqlandığının
fərqinə varır.
İnsan özünü
həmin dünyada rastlaşdığı dərdindən,
ağrısından tanıyır,
onlarla salamlaşır,
onlara qovuşur, onlarla baş-başa qalıb, qısa müddətlik də olsa, özünə
varır...
Sonra kitab örtülür və insan paralel
dünyaya olan metafizik yolçuluğunu
başa vurur...
Dünya yuxutək
əriyir adlı şeirlər toplusu məhz paralel dünyanın şifrələrini
bizim üçün
çözür. İstedadlı gənc şairə Leyla Əliyevanın bu yaxınlarda işıq üzü görmüş şeirlər
kitabı sanki yaşadığımız dünyanın
buludlarının yuxarısından
çəkilən ruhsallıq,
hissiyyat xəritəsidir.
Müəllif insan, dünya və kainat
üçün Allaha
müraciət edir. Kitabdakı əksər şeirlərdə kainat qəmini, dünya ağrılarını Allahın
dərgahına aparmaq
və təmizlənmiş
dünya ilə geri qayıtmaq istəyi var:
Güc ver, insanları, hamını sevim.
Axı sənin
zərrən hər insanda var.
Bu müraciət səmadakı
işıq pillələrinin
ən uca nöqtəsində, gizli bir məkanda kainatı özündə
birləşdirən insana
ünvanlanıb. Məkan müqəddəsliyi, göz
qamaşdıran saf işıq, qaçışan
mələklər və
s. metafizik səyahətdə
olan gənc şairənin ruhundakı
insanlıq sevgisini daha da artırır.
Çəkisizlik halında
olan, ruhdan kağıza hopan misralar üzümüzə
başqa bir dünyanın qapılarını
açır:
Allaha
lap yaxın olan vaxtlarda,
Göyləri ovcumla sığallayıram.
O an unuduram, hiss-həyəcanı,
Möcüzə olanı mən anlayıram.
Yaddaş
insan ağrılarının,
sevgisinin, kədərinin,
ruhsuzluğunun dolmaq (bəlkə də doymaq) bilməyən bazasıdı. Yaddaş həm də
insanın Vətənidir. Özümüzdən xəbərsiz məkandan,
zamandan asılı olmayaraq biz bu Vətənin sərhədləri
daxilindəyik. Aldığımız
nəfəs belə bu Vətəndə işıq sürətilə dövr
edir. Yaddaş ağrısının ruhumuzu
diz çökdürdüyü
an şairənin kitabdakı
şeirlərinin birində təklif etdiyi xilas düsturuna
pənah aparmaq olar:
Məni tərk eylədi,
uyudu Günəş,
Göydə göy qurşağı qaraldı qəfil.
Günəş uyuyubdu... Yenə
yuxuyla
Dil tapa bilmirəm heç cürə indi.
Gündüz kətan üstə
çəkdiyim rənglər
Bir ucdan süzülür, axır heçliyə...
Budur, yenə
təkəm. İndi siz deyin-
Kimdə hünər çatar belə təkliyə?
Bu misralardakı xilas düsturunu açmağa
çalışaq: şeirlərinin
hamısında xarakter
göstərən şairə
burada da öz missiyasına sadiq qalır. O, ağrıya, puçluğa,
boşluğa qalib gəlmək üçün
onların gözlərinə
dik baxmağı, üzərlərinə
getməyi lazım bilir. Bir ucdan süzülüb heçliyə axan inam, həyat sevgisi yalnız bu yolla qayıda
bilər. İnsan
tək olarkən yaddaşı ilə təkbətək qaldığından
puçluq, heçlik
ilə mübarizə
də məhz o an şiddətlənir.
Müəllif isə
döyüşün qızğın
vaxtında geri çəkilməməyi, tək
olanda belə yüksək xarakterlə inamsızlığa, ruhsuzluğa
və onların yaratdığı
heçliyə qalib
gəlməyi aşılayır.
Kainat yükünün ağırlığı
Kitabdakı şeirləri bir-bir
oxuduqca İlahi məkana olan metafizik yolçuluğun məşəqqətləri göz
önündə canlanır.
Bu yolçuluq kainatın
qəmini, dünyanın
ağrısını, insanın
dərdini, təbiətin
ruhsuzluğunu sözlərin,
misraların, şeirlərin
köməyi ilə İlahi qata aparmaq prosesidir. Burada artıq Mələk öz missiyasını yerinə
yetirir: müəllif sözlə kainat üçün bir nəfəslik açır
və məhz oradan süzülən işıq kainatın qəminə şərik çıxır, onu azaldır. İlahi, qəmi azalan
kainat necə də yüngülləşərmiş?!
Şairə qələmlə
o nəfəsliyi bir az da genişləndirir
və kainat, dünya, təbiət, insan hamısı eyni vaxtda daxilən
təmizlənir, yüngülləşir.
Sözlərlə, misralarla
yağan bu işıq yağışı
hər yeri saflaşdırır:
Amma anladım mən hiyləni, Zaman...
Bu şuluq qanunun
sirrin anladım.
Bizi Yer üzünə sıxan-cəzb deyil,
Kainat qəminin
ağırlığıdır.
Zərrə-zərrə nura bələnmək
Yaradıcı insan zərrə-zərrə
tükənir, özünü
qeyb edir. Ondan uzaqlaşan, ayrılan zərrələr
başqalarına ruh versə də, onun özünü yorğun, heysiz salır. Belə ki, o işıqlarını
xərcləyə-xərcləyə, paylaşa-paylaşa özü
sönür, ətrafını
isə nurlandırır.
Sevinmək üçün
sevməyən, sevdiyi
üçün sevinən
xüsusi insan toplumu (onlar azdan az olsalar da, hələ
də var) bəşəriyyətin, insanlığın
naminə ziyalarını
xərcləyib əbədi
nura qərq olurlar.
Leyla xanımın şeirlərində
özünü insanlıq
üçün zərrə-zərrə
xərcləyən Mələk
obrazı var. Həmin
Mələk az
qala onun bütün şeirlərindən
boylanır. Sadəcə, misraların daxili
qatında qalan bu Mələyi üzə çıxarmaq,
onun xərclədiyi enerjini görmək lazımdır. Həmin
Mələyin insan
ruhu üçün gördüyü iş, həyata keçirdiyi İlahi missiya, gecənin zülmətində ətrafı
işıqlandıraraq get-gedə solğunlaşan gecə fənərlərinin iş
rejimini xatırladır:
Yanırlar səssizcə, qımıldanmadan
Ensiz cığırlarsa, nura boyanır.
Əl-ələ adlayır sakit kölgələr,
Fənərlərsə baxır, həsrətlə yanır...
Sevgili qəlblərin cüt döyüntüsü
Onların nuruna süzülür, dolur.
Bəlkə təbiətdən gəlir bu bölgü?
Sevməyən həmişə sevimli olur.
Zamanla sorğu-sual
Müəllif bəzən zamanla mübahisə edir. Böyük rəssam Salvador Dalinin zamandan almaq istədiyi qisas, tərsinə çəkilən saatlar, Eynşteynin zamanı nisbi məfhuma çevirən nəzəriyyəsi, zamanın sevgi dolu dəqiqələrdə su kimi axar, ağrılı anlarda isə daş kimi yatar olması kimi faktları bu mübahisələrin pasportu hesab etmək olar. Gənc şairə zamanı insanın itirdiyi keçmiş, aqibətini bilmədiyi gələcək kimi qınayır. Ondan hara axdığını, niyə özü ilə neçə milyonların ruhunu, sevgisini apardığını soruşur:
Bilmək istəyirəm hara gedirsən?
Zaman ki, heç nədən qorxmur, çəkinmir.
Hamının, hər şeyin üstündən keçib,
Susub, hey yol gedir, yeri bilinmir.
Anlat məni,
nolar, orda nələr var?
Nə var ki, əvəzi yoxdu dünyada?
Sənin dincliyini nədi, de, pozan?
De, nədi, canını
bürüyən oda?
Sonluq
Yuxarıda qeyd etdiyimiz paralel dünya məfhumuna yenidən qayıdaq. Bəli, Dünya yuxutək əriyir kitabını qapamaqla yenidən hər kəsin bildiyi bu adiliklər,
sadəliklər dünyasına
qayıtmaq elə də asan deyil.
Minnətdarlıqla oxuduğumuz bu kitabda hər birimizin dərdi, ağrısı, kədəri
var. Bu paralel dünyaya
səyahət etsəniz
siz də tanış dərdləriniz, ağrılarınızla
baş-başa qala, dərdin özü ilə dərdləşə
biləcəksiniz.
Kitabda həmin
paralel dünyadakı
ağrıların şifrələri
də çözülüb. Çözülən
şifrələrdə gizlənən
özünüzü görsəniz,
təəccüblənməyin...
Elmin NURİ
525-ci qəzet.- 2016.-
17 sentyabr.- S.11.