Nizami əsərlərinin tərcüməsi
haqqında NKVD-nin xüsusi arayışı
Nizami Gəncəvi əsərlərinin, xüsusən
“Xəmsə”yə daxil olan poemaların Azərbaycan dilinə
tərcüməsi zaman-zaman müzakirə və mübahisə
obyekti olub. Özü də çeşidli tənqidlər təkcə
Nizami əsərlərinin poetik çevirmələrini deyil,
sətri (filoloji) tərcümələrini də əhatə
edib.
Əldə olan sənədlər göstərir ki, həmin
tərcümələrin keyfiyyəti ilə bağlı
mübahisələr onların meydana çıxması ilə
eyni vaxtda başlayıb.
Bu
baxımdan keçmiş SSRİ-də, özəlliklə
respublikamızda Nizaminin 800 illiyinə qızğın
hazırlıq getdiyi dövrdə Azərbaycan SSR Xalq Daxili
İşlər Komissarı (“NKVD” adı ilə məşhur
olan qurumun rəhbəri) Stepan Yemelyanov tərəfindən Azərbaycan
Kommunist Partiyasının Mərkəzi Komitəsinə
göndərilmiş xüsusi arayış maraq doğurur.
“Tam məxfi” qrifi ilə rus dilində hazırlanmış bu
sənəd elə imzalandığı gün - 1939-cu il avqustun 17-də Mərkəzi Komitənin
müvafiq şöbəsində 675 nömrə ilə qeydə
alınıb.
Arayışda Nizaminin yubileyinə hazırlıqla
bağlı şairin əsərlərinin Azərbaycan dilinə
sətri və poetik tərcüməsi üzərində
işin gedişi və vəziyyətindən bəhs olunur,
ayrı-ayrı tərcüməçilərin bu sahədəki
fəaliyyətinə qiymət verilir. Maraqlıdır ki,
bundan öncə, tərcümələrin tekstoloji bazası
ilə bağlı problemə də toxunulur.
Mövzunun bu gün də elmi-ədəbi dairələrdə
müzakirə predmeti olduğunu nəzərə alıb
arayışı ana dilimizə tərcümə etməyi
lazım bildim.
Arayışın məzmununa şərh vermədən
bəzi zəruri izahlarla kifayətləndim.
Məsiağa
MƏHƏMMƏDİ
TAM
MƏXFİ
XÜSUSİ
ARAYIŞ № 1
Azərbaycan
şairi Nizami Gəncəvinin yubileyinə hazırlıq
haqqında
1941-ci ildə böyük Azərbaycan şairi Nizami Gəncəvinin
(Gəncə, indiki Kirovabad şəhərində) anadan
olmasının 800 illiyi ilə əlaqədar yubileyin
keçirilməsi nəzərdə tutulur.
Nizami Gəncəvi yubileyinin nəhəng siyasi və
ciddi elmi əhəmiyyətinə baxmayaraq, yubileyə
hazırlıqla və şairin əsərlərinin Azərbaycan
dilində nəşri ilə bağlı görülən
işlərdə bir sıra mühüm nöqsanlar və
çatışmazlıqlar müşahidə olunur.
Nizami Gəncəvi
külliyyatının tam mətni Vəhidi Dəsti Kərdi1
adlı tərtibçi tərəfindən
hazırlanmış və Tehranda “Ərməğan”
[jurnalı] redaksiyasının nəşr etdiyi 7 cildlik toplu əsasında tərcümə
olunur.
Bu nəşr elmi şəkildə
hazırlanmamışdır, çoxsaylı səhvlər və
təhrifləri ehtiva edir. Bundan əlavə, həmin
kitabların hamısının üz qabığında
“Bütün hüquqları tərtibçiyə məxsusdur”
deyə bir qeyd vardır, yəni tərtibçinin müvafiq
razılığı olmadan elmi tədqiq və ya tərcümə
üçün bir növ toxunulmaz elan olunmuşdur.
Tərcümələr
üçün Kərdinin həmin toplularından istifadə
edilməsi, əvvəla, Nizami Gəncəvi
yaradıcılığının düzgün dərk
olunması sahəsində əməlli-başlı
qarışıqlıq yaradacaqdır, çünki
onların tərtibçisinə tam inanmaq olmaz; ikincisi isə
bu, siyasi qalmaqala səbəb ola bilər, belə ki, mövcud
“müəllif hüququ”na əsasən, Kərdi öz
hökuməti vasitəsilə onun nəşrindən istifadəyə
görə iddia qaldıra və bir neçə milyon rubl məbləğində
qonorar tələb edə bilər (Azərbaycan dilinə sətri
tərcümələr əsasında Nizami Gəncəvi əsərlərinin
bütün qardaş respublikalarda nəşr ediləcəyi
təqdirdə ümumi tirajı nəzərə
alınır).
Nizami Gəncəvi [əsərlərinin] qədim əlyazmaları
və ayrı-ayrı nəşrləri çoxdan
mövcuddur. Bu qiymətli əlyazmaların və nəşrlərin
bir qismi (həm əsli, həm də valyuta müqabilində xaricdən
alınmış fotosurətləri) [SSRİ] Elmlər
Akademiyasının Azərbaycan Filialında, eləcə də
Moskva və Leninqrad şəhərlərindəki digər
elmi müəssisələrində saxlanmaqdadır. Nizami Gəncəvi əsərlərinin tam, daha
düzgün və elmi mətnini tərtib etmək
üçün həmin əlyazma və nəşrlərin
tutuşdurulması tələb olunur, lakin buna
açıq-aşkar məhəl qoyulmur. Həmin
işin Kərdi nəşrinin hazır mətnləri əsasında
sətri tərcümələr bitdikdən sonra görülməsi
nəzərdə tutulur, bu da labüd şəkildə
çoxsaylı dəyişiklik və düzəlişlərin
edilməsi ilə müşayiət olunacaq, üstəlik, istər
sətri tərcümələrin, istərsə də
artıq xeyli hissəsi edilmiş poetik tərcümələrin
dəyişdirilməsi üçün əlavə vəsait
və vaxt sərf olunmasına gətirib çıxaracaq.
Yubileyə
hazırlıq işi üzərində möhkəm
elmi-siyasi və maliyyə nəzarəti yoxdur, şəxsi
qazanc naminə Nizami Gəncəvi
yaradıcılığı ilə möhtəkirliyə çevrilən
inhisarçılıq və açıq-aşkar
mənfəətpərəstlik meylləri özünü
göstərir.
Nizami [adına Ədəbiyyat və Dil]
İnstitutunda2 (direktor müavini - Dadaşzadə Arif3, bitərəf,
ordenli; Ədəbiyyat şöbəsinin müdiri - Araslı
Həmid4, bitərəf) sətri tərcümə və
redaktə işi əsasən 4 nəfər arasında
bölüşdürülmüşdür, halbuki bunun
üçün Şərqi, Nizami dövrünün dilini və
ruhunu bilən əməkdaşlardan ibarət briqada-kollektiv
yaradılmalı idi. Bu azmış kimi, bölgü zamanı
həmin işçilərin fars dilini [necə]
bilməsi, qabiliyyətləri və elmi keyfiyyətləri, eləcə
də iş yükü nəzərə
alınmamışdır. Belə ki, asan qazanc mənbəyi
olaraq, Araslı Həmid ümumilikdə azı 60 min misradan
ibarət olan üç poemanın redaktəsini öz üzərinə
götürmüşdür, halbuki o, fars dilində
düzgün oxumağı bacarmır.
Abdulla
Şaiq5, İbrahim Tahir6, Rzaqulu Zadə7 və s. tərcüməçi
və redaktorlarla bağlı da eyni vəziyyət
müşahidə olunur.
Bu işə (heç olmasa mətbuat vasitəsilə) səriştəli
ziyalıların, Nizami Gəncəvi həvəskarı və
pərəstişkarlarının geniş dairələrinin cəlb
olunmasına maneçilik törədilməsi meylləri də
özünü göstərir. Belə ki, məsələn, əldə
olan məlumatlara görə, Hökumət
Komissiyasının Nizami Gəncəvi
yaradıcılığına dair məsələləri zəif
bilən məsul katibi, bitərəf Rəfili Mikayıl8 bəzən
insanların təşəbbüsünü boğur,
faydalı təklifləri və çox vaxt hətta gözəl
fikirləri qulaqardına vurur. Bəzi mütəxəssislər
arasında o, pis ad çıxarmışdır və onlar
deyirlər ki, “Mikayıl Rəfilinin “nəzarəti” durduqca,
heç nə yazmayacaqlar”.
Bir
çox tərcüməçilər fars dilini lazımi səviyyədə
bilməmək və səriştəsizlik ucbatından tərcümələrdə
yanlışlıqlara yol vermiş, fikirləri təhrif
etmiş, ayrı-ayrı misraların məzmununu dəqiq
çatdırmamışlar və s. İşdə
açıq-aşkar “xaltura” və primitivlik əlamətləri
özünü göstərməkdədir.
Bir
sıra işçilərdə (Babayev Fazil9 - ÜİK(b)P10
üzvü, Əliyev Mübariz11 - bitərəf) Nizami Gəncəvi
əsərlərinin tərcümələrindəki səhv
və təhriflərin dərəcəsini göstərən
faktlardan ibarət geniş həcmli icmallar vardır.
İşin aşağı keyfiyyəti xüsusən
poetik tərcümələrdə əyani şəkildə
müşahidə olunur. Şair Səməd Vurğunun12 və qismən də Məmməd
Rahimin13 tərcümələri istisna olmaqla, qalan poetik tərcümələr
aşağı səviyyəlidir və onlar, bizdə olan məlumatlara
görə, Nizami Gəncəvi əsərlərinə
karikaturadan başqa bir şey deyildir. Onlarda bədiilik,
möhtəşəmlik yoxdur, Nizami Gəncəvinin
dühası və əzəməti hiss olunmur. Nəhəng klassik və dahi şair Nizami Gəncəvi
bu tərcümələrdə çox vaxt ən pis və
adi nasir təsiri bağışlayır (məsələn,
“İsgəndərnamə”, “Həft peykər”14 poemaları və
s.).
Sadalanan
faktların çoxu barədə Nizami [adına Ədəbiyyat
və Dil] İnstitutunun direktoru, ÜİK(b)P üzvü
Hüseynov Heydərə15 siqnallar daxil olmuşdur, lakin o, bu
barədə rəhbər orqanlara məlumat verməmişdir.
Azərbaycan
SSR Xalq Daxili İşlər Komissarı, Dövlət Təhlükəsizliyi
Baş Mayoru (Yemelyanov)16
17 avqust
1939-cu il, Bakı şəh.
İcraçı:
Mustafayev
İzahlar:
1.
Əslində Vəhid Dəstgerdi (1879-1942) - İran alimi və
şairi, iyirmi ildən artıq nəşr olunan “Ərməğan”
ədəbi jurnalının təsisçisi. 1934-1938-ci
illərdə XIV-XVII əsrlərə aid 30 əlyazma əsasında
Nizami Gəncəvi əsərlərinin tam
külliyyatını (“Xəmsə” + lirika) 7 kitab halında nəşr
etdirmişdir.
2. Hazırda AMEA Nizami adına Ədəbiyyat İnstitutu. O zaman
yeni yaranmış İnstitut cəmi 3 şöbədən (ədəbiyyat,
dil və folklor) ibarət idi.
3. Akademik
Məmməd Arif Dadaşzadə (1904-1975). Arayışın
yazılmasından təqribən bir ay sonra - 1939-cu il sentyabr ayının 25-də Nizami adına
Ədəbiyyat və Dil İnstitutunun direktoru vəzifəsinə
təyin edilmişdi.
4. Akademik
Həmid Araslı (1909-1983). Sonralar Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı
Muzeyinin (1960-1968) və AMEA Şərqşünaslıq
İnstitutunun (1970-1983) direktoru olmuşdur.
5. Abdulla
Şaiq (1881-1959) Nizaminin “İsgəndərnamə”
poemasının “Şərəfnamə” hissəsini Azərbaycan
dilinə poetik tərcümə etmişdir.
6.
İbrahim Tahir Musayev (1869-1943) - şair və tərcüməçi.
Həmin dövrdə Nizaminin “Sirlər xəzinəsi”
poemasını sətri tərcümə etmişdi.
7.
Mikayıl Rzaquluzadə (1905-1984) Nizaminin “İsgəndərnamə”sinə
daxil olan “İqbalnamə”ni Azərbaycan
dilinə poetik tərcümə etmişdir.
8.
Mikayıl Rəfili (1905-1958) - şair, ədəbiyyatşünas,
tərcüməçi, filologiya elmləri doktoru, professor. “Nizami - dövrü, həyatı,
yaradıcılığı” (1941), “Nizami Gəncəvi və
onun yaradıcılığı” (1947) kimi kitabların müəllifidir.
9. Fazil Babayev - filologiya elmləri namizədi.
Nizaminin “Leyli və Məcnun” poemasının
elmi-tənqidi mətninin tərtibçilərindən biri
olmuşdur. Həmin mətn onun vəfatından
sonra - 1965-ci ildə Moskvada nəşr edilmişdir.
10. ÜİK(b)P - Ümumittifaq Kommunist
(bolşeviklər) Partiyası. Sovet
İttifaqı Kommunist Partiyası 1925-1952-ci illərdə belə
adlanmışdır.
11. Mübariz Əlizadə (1911-1994) - şərqşünas-alim və tərcüməçi, filologiya elmləri doktoru, professor. Həmin dövrdə Nizami adına Ədəbiyyat və Dil İnstitutunun elmi işçisi olmuşdur. Nizaminin “Leyli və Məcnun” poemasının və lirikasının Azərbaycan dilinə filoloji tərcüməsinin müəllifidir.
12. Səməd Vurğun (1906-1956) Nizaminin “Leyli və Məcnun” poemasını Azərbaycan dilinə poetik tərcümə etmişdir.
13. Məmməd Rahim (1907-1977) Nizaminin “Yeddi gözəl” poemasını Azərbaycan dilinə poetik tərcümə etmişdir.
14. “Yeddi gözəl” poemasının orijinaldakı adı.
15. Akademik Heydər Hüseynov (1908-1950). İxtisasca filosof olmasına və o dövrdə Elmlər Akademiyasının Ensiklopediya və Lüğətlər İnstitutuna rəhbərlik etməsinə baxmayaraq, 1939-cu ilin yanvar-sentyabr aylarında Nizami adına Ədəbiyyat və Dil İnstitutunun yarımştat direktoru olmuşdur.
16. Stepan
Fyodoroviç Yemelyanov (1902-1988) - general-mayor. 1939-1953-cü
illərdə Azərbaycan SSR-in təhlükəsizlik
orqanlarına rəhbərlik etmişdir.
525-ci qəzet.- 2016.-
17 sentyabr.- S.10