Vətəndaşlıq mövqeyi, plyus lirizm

 

 (Əvvəli şənbə sayımızda)

 

Asim Yadigarın şeir yaradıcılı ğında janr baxımından rast gəldiyim əhəmiyyətli bir faktı da ayrıca nəzərə çatdırmağa ehtiyac var.

 

“Sonet” adlanan və həmin janrda yazılmış şeir forma və məzmunca yeni və əhəmiyyətlidir. Məsuliyyətlə demək olar ki, “Sonet” şeiri Asim Yadigarın bu janrda yaranmış zəngin xəzinəyə qiymətli bir əlavədir. İdeya-məzmun etibarilə bu sonetdə insan etibarına dərin bir çağırış vardır.

 

Forma baxımından da Asim Yadigarın soneti yenidir. Sonet janrında yazılmış şeirlərdə dörd misralı katrenlər əvvəldə gəldiyi halda, bu sonetdə final beyt başlanğıca çəkilmişdir. Şeirin müqəddiməsi kimi yazılmış iki misralı beyt “Sonet”in bütün ideyasını ifadə edir. Sonrakı bəndlər “proloqda” ifadə olunan ideyanın açılışına işıq salır. İki katrendən ibarət olan “Sonet”in hər bəndində başlanğıc beytin bir misrası təkrar olunmuşdur.

 

Beləliklə, şeirin bütün hissələri zəncirvari şəkildə bir-birinə bağlanmışdır. Dünya ədəbiyyatını tam deyə bilmərəm, ancaq Azərbaycan poeziyasında bu formada yazılmış “Sonet”ə ilk dəfədir ki, rast gəlirəm. Asim Yadigarın “Sonet” şeiri Azərbaycan poeziyasını janr baxımından zənginləşdirən yeni poetik örnəkdir. Bu şeir başdan-başa zəngin və dərin bir lirika nümunəsidir:

 

Tökdüyüm göz yaşlarımı qaytar görüm gözlərimə,

Söndürmüşəm ürəyimi, isit görüm közlərini.

 

Sözlərimdən neçə çələng bağlamışam sənin üçün,

Bulaq kimi axşam-səhər çağlamışam sənin üçün,

İçin-için sızlamışam, ağlamışam  sənin üçün,

Tökdüyüm göz yaşlarımı, qaytar görüm gözlərimə.

 

Xəyalımda üçüb gedən bir durnanın qatarı var,

Könlümə qar yağdırmısan, amma güllü baharı var.

Sənsiz qalan ürəyimin gəl, gör bir nə havarı var,

Söndürmüşəm ürəyimi, isin görüm közlərinə.

 

Asim Yadigarın uşaq şeirləri kiçiklər üçün yox, əsasən uşaqlar haqqında yazılmış şeirlərdir. Şairin nəvələri Fatiməyə, Nicata və Aytaca, qızları Aygünə və Günaya həsr etdiyi şeirləri nəvə-baba və ata-övlad münasibətlərinin bənzərsiz və təsirli nümunələridir.  Uşaq psixologiyasının incəliklərinə dərin bələdlik, sadə və axıcı dil, tərbiyəvi qayə, düşündürmək Asim Yadigarın uşaq şeirlərinin aparıcı xəttini təşkil edir. Asim Yadigarın uşaq şeirlərinin bir qismini “baba olanlar üçün” yazılmış şeirlər adlandırmaq olar. Bu şeirlərdə uşaq dünyası ilə eyni səviyyədə həm də babaların mənəvi aləmi çox dolu və mənalı şəkildə canlandırılmışdır.

 

“Fatimədi, Nicatdı” şeirində baba və nəvə ruhu bütün incəlikləri və təbiiliyi ilə ifadə olunmuşdur.

 

Dünyaya gəlişləri,

Dünyanı təzələdi,

Elə bil ürəyimə

Təzə işıq ələdi.

Ürəyimi işığa,

Oda, nura bələdi

Ah, bu gözəl uşaqlar,

Məni “baba” elədi.

Bu da bir fəxri addı,

Bir fəxri mükafatdı.

Qoşa imzaları var

Fatimədi, Nicatdı.

 

Bütövlükdə Azərbaycan şeirində olduğu kimi, Asim Yadigarın da şeirlərində heca vəzninin ön birlik ölçüsü üstünlük təşkil edir. Lakin o, fikrin, mənanın tələb etdiyi məqamlarda heca vəznli şeirimizin on üçlük, ön dördlük, on beşlik və on altılıq ölçülərində də mənalı şeirlər yazmışdır. Çoxhecalılığa meyl Asim Yadigarın yaradıcılığında inkişafda olan bir xəttdir. Onun “İşıq seli”, “Bir nağıl de”, “Dünya”, “Ürək ağrısı”, “Vardır” şeirləri 13, “Azərbaycan dünyaya günəş kimi doğacaq”, “Bir bayraq altında”, “Fəxri Xiyabanda düşüncələr”, “Hücum əmri ver mənə”, “İşıq ömrü yaşayanlar”, “Əlimdədir hələ qələm”, “Səngərim mənim”, “Azərbaycan əsgəri” 14, “Ulu Cavid” şeiri 15, İmadəddin Nəsimiyə, Xurşidbanu Natəvana və Məhəmmədhüseyn Şəhriyara həsr edilmiş təxmisləri 16 hecada yazılmışdır. On beş-on altı hecalı şeirləri ahənginə görə əruz vəznində yazılmış şeirlər təsiri yaradır. Çoxhecalı şeirlərdən on dörd hecalı onun yaradıcılığında üstünlük təşkil edir və davamlıdır. Asim Yadigarın yaradıcılığında çoxhecalı şeirə meyl fikrin, mətləbin, mənanın daha dərindən, bütün enerjisi və gərginliyi ilə ifadə olunması ehtiyacından yaranır. Asim Yadigar həm də çoxhecalı və çoxmətləbli şeirləri ilə poeziyamızda orijinallıq qazanır.

 

Göründüyü kimi, Asim Yadigar ən yeni dövr Azərbaycan şeirində özünəməxsus dəst-xətti və xidmətləri olan şairdir. O, müasir Azərbaycan ədəbiyyatının orta nəslinin tanınmış bir nümayəndəsidir. Onun şeir yaradıcılığı mənaca dərin və təsirli, forma etibarilə zəngindir, əlvandır. Asim Yadigar müstəqillik dövrü Azərbaycan poeziyasını əsl vətəndaşlıq ruhu, orijinal poetik formalarla, milli düşüncə tərzi ilə yaddaqalan şeirləri ilə zənginləşdirir, ədəbiyyatın və müasir cəmiyyətin inkişafına özünün sənət töhfələri ilə təvazökar şəkildə və məsuliyyətlə xidmət edir.

 

Janr etibarilə geniş yaradıcılıq imkanlarına malik olan Asim Yadigarı düşündürən mövzular, ictimai və mənəvi problemlər lirikanın hüdudlarına sığmayanda o, poema janrına müraciət edir. Bu vaxtadək müxtəlif kitablarında Asim Yadigarın 13 poeması çap olunmuşdur. “Kədərə heykəl” adlı Böyük Vətən müharibəsinin acı gerçəkliyini yaşamış Sona ananın taleyini əks etdirən ilk poemasını 1981-ci ildə qələmə almışdır. Şair əri və iki oğlu cəbhədə həlak olandan sonra özü də dünyasını dəyişən ailənin boş qalmış evini “kədərə heykəl” kimi mənalandırır.

 

Janr baxımından “Kədərə heykəl” liro-epik poemadır. Şair bu mövzuda əvvəlcə “Sahibsiz ev” adlı şeir yazmış, sonra mətləbi bir qədər açaraq və ictimailəşdirərək düşündürücü bir poema hasilə gətirmişdir. Asim Yadigarın digər poemalarında da süjet xətti sadə, lakin təsirli hadisələr üzərində qurulmuşdur. Onun poemalarında hadisədən çox, poetik təəssüratlar vardır. Obraz yaratmaq baxımından Asim Yadigar poemalarında diqqəti daha çox əsas mətləbin daşıyıcısına yönəldərək, onu daha təsirli və ümumiləşdirilmiş şəkildə göstərməyə üstünlük verir. Buna görə də onun həcm etibarilə yığcam olan poemalarındakı ana xətti ifadə edən aparıcı obrazlar təsirli və yaddaqalandır. Şair poemalarında digər obrazlara hadisələrin gedişini təsvir etmək üçün epizodik surətlər kimi yanaşır. Lakin onun epizodik obrazları da kiçik cizgilərlə olsa da, fərdiləşdirilmişdir. “Talesizlər” poemasında (1988) Asim Yadigar uşaq yaşlarında atılmış Səidə adlı bir qadının çətin həyat yolundan söz açır, onun tələbəlik dövrünü və ailə həyatı qurmasını, yenidən atılaraq tənha qalmasını təsvir edir. Şairin çıxardığı qənaət də, vətəndaş yanğısı da düşündürücü və ibrətamizdir:

 

Ata-anasını atan kəslərin

Vicdanı daş olar, qəlbi daş olar.

Doğma balasını atan kəslərin

Çətin bu torpağa vətəndaş olar.

 

Ustad Məhəmmədhüseyn Şəhriyara həsr edilmiş “Mənə söz verin” poemasında (2006) lirik-publisistik düşüncələr əsasında şairin yüz illik yubileyində yaşanan təəssüratlardan danışılır. “Qiyas qiyamətə qalmaz” (2007) poeması isə millətçi və avantürist Zori Balayanı ifşa edən ictimai-publisist pamfletdir. Əsl vətəndaşlıq mövqeyindən çıxış edən Asim Yadigar Dağlıq Qarabağ probleminin əsas səbəbkarlarından olan belə simasızların törətdikləri faciələri yada salır, onların iç üzünü açır, xalqımızın haqq davasının qalib gələcəyinə inam hisslərini ifadə edir. “Oğul dağı” poemasında (1999) Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Sədərək döyüşlərində şəhid olmuş bir tələbə gəncin qəhrəmanlığından və vətənpərvərliyindən bəhs edilir.

 

Digər poemalarında olduğu kimi, bu poemada da lirik ricətlər vasitəsilə şairin hadisələrə və insanlara münasibəti ifadə olunur. Lirik ricətlər Asim Yadigarın poemalarının təcir gücünü qüvvətləndirir, lirizmi dərinləşdirir. Əfqanıstanda döyüş zamanı gözlərini itirmiş İsmixan Ələkbərovun xatirəsinə ithaf olunmuş “Mən günəşi görürəm” poemasında (1988) müharibələrə etiraz və nifrət, həyata, işığa inam hissləri tərənnüm olunmuşdur. “Bir gecənin ağrısı” poemasında (2008) təsvir edilən hadisələr lirikasındakı ənənəyə uyğun olaraq böyük vətəndaş şair Olyas Süleymenovun “dilindən” danışılır. Bu lirik-publisist poema mütəfəkkir şəxsiyyət olan Oljas Süleymenovun poetik monoloqudur. Əsərdə Azərbaycan xalqının böyük dostu, çətin günlərdə xalqımıza dayaq olmuş məşhur Qazax şairi Oljas Süleymenovun bədii obrazı yaradılmışdır. Şair qanlı 20 Yanvar hadisələrinə dünyada baş vermiş ədalətsiz hadisələrin fonunda qiymət vermiş, azadlıq mübarizəsinin nəticəsində qurulmuş müstəqilliyi qoruyub möhkəmləndirmək üçün “bu gündən sabahı” görməyin, “bir sırada dayanmağın” zərurətindən danışılmışdır. “Tacmahal” poeması Hindistandakı məşhur Tacmahal məbədinin yaradıcısı türk əsilli memar Sultan Cahanın taleyini əks etdirir.

 

Asim Yadigarın poema yaradıcılığında folklordan gələn motivlər əsasında yaranan əsərlər də vardır. “Əkrək və Səkrək” poeması (1989) Dədə Qorqud dastanlarının izi ilə yazılmış mənzum hekayətdir. Şair dastanın motivlərindən istifadə edərək poemada bir daha Oğuz elinin qüdrətini göstərmişdir. “Kitabi -Dədə Qorqud” dastanlarının təhkiyəsinə uyğun olaraq işlədilmiş ritmik təntənə və təkrirlər poemanı xalq ədəbiyyatı ənənəsinə yaxınlaşdırır. “Sarı gəlinlər” poemasında isə Azərbaycanın vətənpərvər döyüşçü qadınlarının tariximizdə və günümüzdəki böyük rolundan bəhs edilir. “Daş qız” poemasında Naxçıvandan toplanmış eyni adlı rəvayət poetikləşdirilmişdir. Asim Yadigar xalq yaradıcılığından yaradıcılıqla faydalanmış, seçilmiş ibrətamiz motivləri diqqət mərkəzinə çəkib poetikləşdirməklə oxucularda yüksək mənəvi dəyərlər aşılamağa nail ola bilmişdir.

 

Asim Yadigarın yaradıcılığındakı Naxçıvana həsr edilmiş əsərlərdə doğma torpaq və bütöv Vətən düşüncələri öz əksini tapmışdır. İslam Səfərlinin məşhur “Batabata gəlmişəm” şeirinə nəzirə kimi yazılmış “Batabat dağları” şeirində o, təbiətin bu gözəl əsərini ürəklə tərənnüm etmişdir. Asim Yadigarın “Əlincə” şeirində bu məğrur qala “hər sətri qızıl qanla yazılmış tarix kitabı” kimi təqdim olunmuşdur. İgidlik, məğrurluq rəmzi olan Əlincə qalasını Asim Yadigar obrazlı şəkildə “İgidlərin al qanıyla boyanan,Torpağımın bayrağıdır Əlincə” misralarında olan kimi görür və göstərir. Müxtəlif illərdə yazılmış “Naxçıvan”, “Dünyanın bəzəyi”, “Naxçıvanım - göz nurum”, “Duzdağ”, “İlk xitabət kürsüm” şeirlərində Asim Yadigar yaşayıb-yaratdığı doğma yurdu bütün mahiyyəti ilə tərənnüm etmişdir:

 

Torpağı bəhərli, barlı,

İnsanları dağları kimi vüqarlı.

Hər qarışı tarix dolu,

Yolu - haqq, ədalət yolu.

Qoynunda Nuh peyğəmbərin

Ayaq izləri

Gəmiqaya - ulu babamın

Tarixə naxışı,

“Biz də varıq” sözləri.

Əlincə - yağı başına vurulan qapazındır.

İlanlı dağ - ucalığın, arzun-murazındır.

... Hər dağın, hər qayan

Mərd Babəklər oylağı,

Odlar yurdunun

Ər qalası, məğrur torpağı.

Ey nurlu diyar, işıqlı məkan,

Naxçıvan!

 

Asim Yadigarın “Kalba Musa Çeşməsi” poeması (2009) Naxçıvan şəhərində 1909-cu ildə səkkiz illik uzun zəhmətdən sonra salınmış kəhriz-bulağın poetik rəvayətidir. Şair mövzunu öyrənmək üçün tarixi qaynaqları araşdırmış, yerli camaatın xatirələrini vərəqləmişdir. Poemadakı Kalba Musa XX əsrin əvvəllərinin Azərbaycan xeyriyyəçilik hərəkatının Naxçıvandakı əks-sədasının ifadəçisi olan tarixi simadır. Kalba Musanın əsli-nəsli, milli düşüncəsini, xilaskarlığını və xeyirxahlığını əks etdirən bu əsəri tarixi poema adlandırmaq olar.

Bu, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan “dahilər anası” ulu diyar Naxçıvanın yaxın tarixinin canlı hadisələrini və şəxsiyyətlərini əks etdirən mükəmməl bir bədii əsərdir. Poemanın “Epiloq” hissəsində Azərbaycanın tarixində və taleyində mühüm rolu olan Naxçıvanın ümumiləşmiş poetik obrazı canlandırılmışdır.

 

Dramaturgiya da Asim Yadigarın yaradıcılığında özünəməxsus yer tutur. Asim Yadigar müstəqillik dövrü Azərbaycan mənzum dramaturgiyasının əsas yaradıcılarından biridir. Asim Yadigar mənzum dramlarında daha çox tarixi mövzulara müraciət etmişdir. Dram əsərlərindən görünür ki, o, tarixi mənzum dram janrında dramatik əsərlər yazmağa üstünlük verir. Asim Yadigar mövzu üçün seçdiyi dövrü və şəxsiyyətlərin fəaliyyətini dərindən öyrənmiş, həmin tarixi epoxanın seçilmiş hadisələrini və əsas şəxsiyyətlərinin xidmətlərini özünün yaradıcı təxəyyülündən keçirərək, kamil əsərlər yaratmışdır. Onun dramlarında, əlbəttə ki, tarixi hadisə və şəxsiyyətlərlə bərabər, yaradıcı təfəkkürdən gələn təfərrüatlar da öz əksini tapmış, mövzunu tamamlamışdır. Poemalarından fərqli olaraq, Asim Yadigarın dramaturgiyasında dolğun, yetkin bədii obrazlar vardır. O, istinad etdiyi dövrlərin tarixi şəxsiyyətlərindən hər birini fərqli şəkildə fərdiləşdirməyi bacarmışdır. Asim Yadigarın dramaturgiyasını problemlər və xarakterlər dramaturgiyası adlandırmaq olar. Bununla belə, onun dramaturgiyası güclü müasirlik imkanlarına malikdir. Asim Yadigar tarixi mövzuda yazdığı dram əsərlərində tarixdən aldığı hadisələri və şəxsiyyətlərin taleyini müasir oxucuya təsirli, əhəmiyyətli söz demək üçün ədəbiyyata gətirmək, səhnəyə çıxarmaq qayəsini izləyir.

 

Adından da göründüyü kimi, Asim Yadigarın “Midiyanın süqutu” mənzum tarixi faciəsi dövrümüzə qədər gəlib çatmış Astiaq əfsanəsinin əsasında yazılmışdır. Lakin müəllif dövrü yaxşı öyrənmiş, Midiya dövlətinin digər dövlət əyanlarına və Astiaqın ailə üzvlərinə dair məlumatları da əldə edərək, bütövlükdə həmin dövrün ümumi mənzərəsini canlandıra bilmişdir. Beləliklə, əsərdə Midiya dövlətinin və həmin epoxanın fonunda Astiaqın mükəmməl, ümumiləşmiş obrazı yaradılmışdır. Hətta nəvəsi Keyxosrov tərəfindən taxtdan salınmasına, əsir alınmasına baxmayaraq, dövlətin rəmzi kimi əsərdə Astiaqın əzəməti qorunur.

 

“Midiyanın süqutu” tarixi mənzum faciəsində Astiaqın sərkərdəsi Qarpağın tədbirli olması və xəyanəti, Keyxosrovun çoban Mitridatın ailəsində tərbiyə alıb, hökmdar ruhunda böyüyüb formalaşması, anası Mandanın Vətəndən qürbətdə çəkdiyi iztirablar, əri Kambusun dözümü və ümidləri çox təbii və inandırıcı şəkildə verilmişdir. Asim Yadigar Midiya dövrünün saray həyatının da reallığa uyğun mühitini canlandıra bilmişdir. Əsər tamaşaya qoyulmasa da, lezedrama - yəni yalnız oxumaq üçün dram janrında yazılmamışdır, geniş səhnə imkanlarına və vətənpərvərlik ruhuna malikdir. Astiaqın hakimiyyəti itirdikdən sonrakı monoloqu çox ibrətamizdir. Monoloqda satqınlığa, xəyanətə nifrət və xalqın gələcəyinə böyük ümid hissləri ifadə olunmuşdur:

 

... Bu gün bir Astiaq itirən torpaq,

Sabah yüz Astiaq yetirər ancaq!

 

“Amansız intiqam” pyesi mənzum tarixi faciə janrında qələmə alınmışdır. Əsərdə Azərbaycanın Çar Rusiyası tərəfindən işğal olunduqdan sonra İranda, Fətəli şahın sarayında baş vermiş hadisələrdən danışılır. Burada konflikt XIX əsrin əvvəllərində İran hakimiyyəti ilə Rusiya rejimi arasında cərəyan edir. İran hökmdarı Fətəli şahın və ətrafındakıların 1828-ci il “Türkmənçay müqaviləsi”nin şərtlərindən narazılığı və Rusiyanın Tehrandakı səfirliyinin ermənipərəst mövqeyinin yaratdığı qarşıdurma pyesin ana xəttindən ibarətdir. Bu prosesdə xalq kütlələrinin coşan üsyankar ruhunun təsvirindən və həmin dövrdə Rusiyanın Tehranda vəziri-muxtarı, səfiri olmuş Aleksandr Qriboyedovun öldürülməsi faktından sonra atılan addımlar nəticə etibarilə əsərdə barışıq, sülh və vətənpərvərlik ideyalarını diqqət mərkəzinə çəkilməsinə şərait yaratmışdır.

 

Dramda Fətəli şahın təmkinli, tədbirli hökmdar olması və uzaqgörənliyi, Abbas Mirzənin layiqli vəliəhdi kimi formalaşması, Allahyar xanın milli düşüncəsi qabarıq ifadə olunmuşdur. Müəllif Aleksandr Qriboyedovun faciəli ölümünü çar Rusiyasının o zamankı yanlış siyasətinin nəticəsi kimi mənalandırır. Əsərdəki şair Fazil xan Şeyda obrazı uğurlu alınmışdır. Onun tədbirli düşüncələri və müdrik şeirləri millətlərarası münasibətlərin qızışdırılmasına yox, tənzimlənməsinə xidmət edir. Əsərdə əvvəlcə İran hökumət sarayına, sonra isə Rusiyanın Tehran səfirliyinə soxulmuş, yalandan familiyasını dəyişərək gerçəkdə hər iki tərəfdə məkrli, ikiüzlü siyasət həyata keçirən erməni obrazlarının - Yakov Markaryanın, Solomon Melikovun mənəvi simasızlığı da obyektiv cizgilərlə təqdim olunmuşdur. Asim Yadigar obrazların hər birini fərdi xüsusiyyətləri ilə fərqli şəkildə canlandırmağı bacarmışdır. Pyesdə şəkillərin dəyişməsi, obrazların girişi-çıxışı səhnənin imkanlarına uyğun olaraq düşünülmüşdür. Əsərdən çıxarılan nəticə də əhəmiyyətlidir və bu gün üçün də aktualdır:

 

Qoysaq yad əllərdə Vətənimizi,

Qınayar gələcək nəsillər bizi!

 

Uşaqlar haqqındakı şeirləri ilə yadda qalan Asim Yadigar uşaqlar üçün yazdığı “Şir və çaqqal” adlı alleqorik dramı ilə bu yaş həddində olan yeni nəslə fayda verə biləcək pyes yazmaq istedadını nümayiş etdirir.

 

Alleqorik pyesdə meşədəki heyvanların dili ilə müasir insan cəmiyyəti üçün faydalı fikirlər irəli sürülür.

 

Əsərdə lovğalıq, qəddarlıq, acgözlük, yalançılıq tənqid olunur. Asim Yadigar alleqorik vasitələrlə azadlığı, ədaləti və həqiqəti müdafiə edir.

 

Ümumiyyətlə, Asim Yadigarın mənzum dram dili aydın, asan başa düşülən və sadədir. O, mənzum dramaturgiyanın qaydalarına riayət edərək bədii mətni obrazların hərəkətlərinə uyğunlaşdırmışdır. Asim Yadigarın dramlarında yaddaqalan, ibrətamiz monoloqlar vardır. “Şir və çaqqal” alleqorik dramında pyesin sonunda verilmiş xor mətni kimi səslənən monoloq mühüm ideya-bədii təsir gücünə malikdir:

 

Düzlük qənim kəsilər,

Nurtək qaranlıqlara.

Düzlərə zaval yoxdur,

Çəksələr min yol dara.

...Qoy ədalət, həqiqət,

Zəfər çalsın hər yerdə.

Xoş niyyətlər çiçəktək

Göyərsin könüllərdə.

 

Tərbiyəvi ideya-məzmununa görə və maraqlı bədii-sənətkarlıq xüsusiyyətlərinə malik olan “Şir və çaqqal” dramı uşaq teatrlarının, kukla teatrının repertuarında yer tutmağa layiq əsərdir.

 

Göründüyü kimi, çoxcəhətli yaradıcılıq fəaliyyətinin bütün istiqamətlərində Asim Yadigarın özünəməxsus sənət uğurları vardır. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Yazıçılar Birliyinin sədri kimi də ölkəmizin ictimai-mədəni həyatında səmərəli iş aparır. Son illərdə Naxçıvan Yazıçılar Birliyinin xətti ilə çap olunan ədəbi almanaxların, muxtar respublikada ilk dəfə nəşr edilən uşaq ədəbiyyatı və bədii tərcümə antologiyalarının meydana çıxmasında, gənc yazıçıların yaradıcılıq birliyinin işinin təşkilində Asim Yadigarın zəhməti qeyd olunmağa layiqdir. O, azərbaycançılıq və vətəndaşlıq  andının ifadəsi olan bədii yaradıcılığı və səmərəli ictimai fəaliyyəti ilə ölkəmizdə dövlət müstəqilliyi təfəkkürünün daha da möhkəmləndirilməsinə, yüksək milli-mənəvi dəyərlərə malik yeni nəslin yetişib inkişaf etdirilməsinə ürəklə xidmət edir.

 

Mamayka qəsəbəsi,

13 avqust 2016

İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik

 

 

525-ci qəzet.- 2016.- 20 sentyabr.- S.7.