Hər bir azərbaycanlının
güvənc yeri
"Xatirələr"
kitabından parça
İdeal
dövlət quruluşu yoxdur. O quruluşu Allah yaradıb, adını
da Cənnət qoyub. İrili-xırdalı,
dünyadakı bütün ölkələr ona doğru
gedir, hər kəs öz yolu ilə. Biz də
onlardan biriyik.
Hamımızın
bir vətənimiz var - Azərbaycan. Unutmayaq ki, qəriblər
yad ölkədə yatdığı məzar yerinə
görə də kirayə verilir.
Yazdığım
"Xatirələr" adlı böyük həcmli
kitabımdan, Heydər Əliyevə, İlham Əliyevə
aid olan bəzi fraqmentləri indi, xüsusi ilə bu günlərdə
çap etdirmək istədim.
Mənim bu dünyada
iki insana can borcum var. Amma mənim və hamımızın
canından da əvvəl olan Azərbaycanımızın da
can borcu olan bu insanlar haqqında yazdığımın bir
qismini sizə - "525-ci qəzet"in oxucularına təqdim
edirəm.
Azərbaycanın
ruhu canından çıxmışdı. Qalmışdı bu
cansız bədənin ölkələr arasında
bölüşdürülməsi. Heydər
Əliyev Azərbaycanın bədəninə ruhu kimi
qayıtdı, Azərbaycanı vətəndaş müharibəsi
astanasından qaytardı. Bunu o zaman
respublikada Heydər Əliyev kimi bacara biləcək ikinci bir
insan yox idi. Heydər Əliyev bir dəfə
ölkəyə rəhbərlik eləmişdi. Azərbaycanı kənd-kənd, oymaq-oymaq gəzmişdi.
lll
Respublikaya
birinci katib təyin olunandan bir neçə gün sonra
ağsaqqal yazıçıların bir qismini qəbul etdi. İkinci günü isə,
doqquz gənc yazarı dəvət etmişdi. Onlardan biri də mən idim. Anladıq
ki, hamımızı yaxşı tanıyır. Azərbaycanın rayonlarında müşavirələr
keçirdi. Bizi də özü ilə
aparırdı. Təbii, onun rayona gəldiyini
bilib yol kənarında onun gəlib keçməsini gözləyirdilər.
Heydər Əliyev də hər dəfə
protokoldan kənara çıxır, maşınını
saxladır, düşüb adamlarla
görüşürdü. Neçə
illərin tanışı kimi onlara əl verir, zarafat edirdi.
Belə səfərlərin birində
üzüm yığımı vaxtı Tovuz rayonuna
getmişdik. Üzüm sahəsindən
çıxıb üzü rayon mərkəzinə gedirdik.
İnsanların çox
yığıldığı bir yerdə Heydər Əliyev
maşını saxlatdı. Təbii, biz də
maşınlardan enib onun arxasınca getdik. İnsanlar onu araya aldılar. Gülə-gülə
onlarla salamlaşdı. Kimi əl
çalır, kimi əl eləyir, əsasən də hamı
əl uzadır ki, görüşsün. Qorumalar
mane olmaq istəyəndə, onlara əli ilə kənara
çəkilmək işarəsi elədi:
-
Qoyun görüşək, - dedi.
-
Xoş gəlmisiniz, yoldaş Əliyev, həmişə siz gələsiz!
-
Həmişə mən gəlsəm, siz də məni
qarşılamağa gəlsəz, bəs üzümü kim
yığacaq?
-
Yox, yığırıq, yoldaş Əliyev.
-
Heydər müəllim, maşallah uşaqlar od
parçasıdı. Zəhmət çəkiblər,qoyallarmı
məhsul zay olsun?!
-
Zarafat eləyirəm, - dedi. Heydər Əliyev yaxında
dayanan yaxşı geyimli bir qıza əl elədi.
-Bir
bəri gəl görüm, - qız yaxınlaşdı. - Sən
də üzümçüsən?
-
Bəli,- qız əl uzatdı, görüşdülər.
Heydər
Əliyev qızın ayağına baxdı. Qız
açıq yay çəkməsi geymişdi:
-
A qızım, nə qəşəng pedikür elətmisən.
-
Özüm eləmişəm.
Kimsə
kənardan əlavə elədi:
-
Özü də qabaqcıl üzümçüdü.
-
Hə, çox yaxşı, yaxşı işləməyi
bacardığınız kimi, yaxşı geyinməyi-bəzənməyi
də bacarın. Çox xoşuma gəldi. Sağ ol!
Mən
qıza baxırdım...
Aradan
qırx ildən çox keçib. İnan, qızın
gözlərində elə sevinc, elə işıq vardı
ki, elə indi bu epizodu yazmağı da yadıma salan, xəyalımda
qalan o sevinc, o işıq oldu.
O
gün o insanlar Heydər Əliyevin əlinin istisini, gülər
üzünün işığını doğma ata,
qardaş, əmi, dayı münasibətini evlərinə
apardılar.
Onun
yüzlərlə belə səfərləri olurdu. Minlərlə
evdə ondan doğma xatirələr
danışılırdı.
lll
Heydər
Əliyev hər bir azərbaycanlının güvəndiyi bir
insan olmaqla yanaşı, Azərbaycandakı ailələrin hər
birinin üzvü kimi doğma idi. Lerik dağlarında qoyun
güdən çoban Xanışın ərk etdiyi dostu -
onunla hər görüşündə Xanış çoban
bir yox, iki yox, onlarla qurban kəsirdi. Heydər Əliyev onun da
xətrinə dəyməyib, qurbanları qəbul edərdi,
uşaq evlərinə göndərərdi. Əslində, o,
hamının dostu idi. ABŞ Prezidenti Buşu
da, Fransa prezidenti Jak Şirakı da, şair Qabili də, bizim
bu balaca ölkəmizdə balaca-böyük, mərd-namərd,
hər kəsi yaxşı tanıyırdı.
Günahından keçmirdi. Özündən də
keçmirdi, bərk ayaqda sahib çıxırdı,
qoruyurdu. Çünki o, böyük Azərbaycanlı idi, nə
qədər ki, Siyasi Büroda idi, ermənilər,
Qarabağ məsələsini də qaldıra bilmirdilər. Heydər Əliyevin Moskvada Nazirlər Soveti sədrinin
birinci müavini vəzifəsində çox aktiv fəaliyyəti
onu dünya liderlərinə Siyasi Büro üzvləri
arasında gələcəyinə ümid bəslənən ən
real siyasətçi kimi təqdim etmişdi. Qərbin
gözdən qaçırdığı bir şey vardı.
Rus şovinizmi adlı mərəz artıq var gücü ilə
Siyasi Büronu da öz caynağına keçirmişdi.
Artıq Sovet Sosialist Respublikaları İttifaqı, qardaş
nədir, heç əmioğlu da deyildi. Siyasi
Büroda ən böyük əngəl Heydər Əliyev
idi, bəhanə də tapa bilmirdilər. Əslində, o vəziyyətdə
bir bəhanə vardı: ölkədə heç kəs
heç bir iş görmədiyi halda, Heydər Əliyev on
illərlə yarımçıq qalmış layihələri
yerinə yetirirdi. Rusiyanı başından
ayağına birləşdirən dəmir yolunu az bir vaxtda
inşa etdi, istismara verdi. Siyasi Büroda Heydər
Əliyevin gördüyü nəhəng işə təşəkkür
əvəzinə, onun işgüzarlığına
qısqanclıq daha da vüsət aldı. Siyasi Büronun və
Qorbaçovun fonunda ölkədə və dünyada Heydər
Əliyevin günbəgün artan hörməti onlar
üçün əsl təhlükəyə
çevrilmişdi və heç bir bəhanəsiz, onu
işdən azad etdilər. Qorbaçov elə səhəri
gündən üzünü Ermənistan rəhbərliyinə
çevirdi. Qarabağ müharibəsi başladı. Azərbaycanda
xaos yarandı. Bu işlərə başlamaq üçün
müəyyən qüvvələr qabaqcadan hazırlıq da
görmüşdülər. Münaqişənin
ocağı alovlandı. Ara qarışdı, Qorbaçov
üçün münbit şərait yarandı. SSRİ
dağıldı. Onun xərabələri altında insanlar
qaldı, qan axıdıldı.
Azərbaycanda
başsızlıq hökm sürürdü. Kim səhər
tezdən oyansa, özünü Azərbaycanın rəhbəri
hesab edirdi. Gülməli olan faciə də burası idi ki, Azərbaycanda
rəhbərliyə yenə də Rusiyanın əli ilə gəlmək
istəyirdilər. Hərə qohum-əqrabasını
yığıb bir partiya yaratdı. Əslində, bu, Azərbaycanın
parçalanma prosesinin yol xəritəsinin ilk cizgiləri idi.
lll
Hərdən
düşünürəm ki, bəlkə, əsrin əvvəlində
Nəriman Nərimanovu Moskvaya aparmaqda məqsədləri o idi
ki, o, istədiyi kimi hərəkət edə bilməsin,
gözümüzün qabağında olsun. Biz onu istədiyimiz
kimi idarə edək. Amma nə zaman o zaman idi, nə də Heydər
Əliyev Nəriman Nərimanov idi. Heydər Əliyev hələ
Azərbaycana siyasi rəhbərliyə gətirilincə,
Leninqradda Dövlət Təhlükəsizliyi məktəbini əla
qiymətlərlə bitirmişdi. Adi əməkdaşından
Dövlət Təhlükəsizliyi Komitəsinin generalı
rütbəsinə, Azərbaycan Respublikasının Dövlət
Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsindən
Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi vəzifəsinə yüksəlmişdi. O,
bu yolları ata, əmi, dayı köməyi ilə keçib
gəlməmişdi. Öz fəhmi, istedadı,
bacarığı ilə gəlib çıxmışdı
bu mərtəbəyə.
Respublikalar
sırasında sonuncu yerlərdən birini tutan Azərbaycan on
il Heydər Əliyev rəhbərliyi dövründə
özünü təmin edən respublikalar cərgəsinin
önündə gedən, keçici bayrağı ilə
bayraqdar oldu. Siyasi Büro üzvlüyünə
namizəd, daha sonra Siyasi Büro üzvü, Nazirlər Soveti
sədrinin birinci müavini oldu. Ən çətin işlər
onun çiyinlərində idi, bacarığının və
imkanlarının həddi-hüdudu yox idi,
çalışırdı, çalışırdı.
Yaxşı bilirdi ki, onun arxası, dayağı, ən
yaxın dostu öz bacarığı, öz
işgüzarlığıdır. Heydər Əliyev bu
işgüzarlığı ilə o səviyyədə daha təhlükəli
görünürdü. Bu səviyyədə
işgüzarlığın özü yox, imitasiyası daha
vacibdir. Məsələn, dayanmış qatarda otur,
yırğalan, çox sürətlə irəliləmək
görüntüsü yarat və özün də buna inan.
Bunu hamıdan əvvəl Xruşşov Baş katib olan kimi
anladı və dedi:
-
Hər bir dəli, istəsə, dövləti idarə edə
bilər.
Bu həqiqətən də belədir
. Belə bir dağıdıcı potensiala malik ölkəyə
dəli rəhbərlik edəndə, dünyanın
bütün ağıllı rəhbərləri məcbur
olur onun nazı ilə oynasın, ta o vaxta kimi ki,
dünyanı dağıda biləcək silahların pultundan
onu dilə tutub kənara çəkə
bilsinlər, onun üçün əlçatmaz etsinlər.
Başqa neyləmək olar? Dəli
ilə yarışsan dəli olarsan. Yer üzündə həyatı
məhv edə biləcək silahlar işə düşər.
Sonrakı peşmançılıq fayda verməz.
İkinci
Dünya müharibəsindən əvvəl də, sonra da bir
müddət kolxoz-sovxozlarda çalışan insanlara pasport
verilmirdi. Əmək kitabçası olurdu. Həmin
kitabçada o şəxsin nə qədər
çalışdığı, nə qədər
qazandığı göstərilirdi. Adı da "əməkgünü"
kitabçası idi. Xaricdə də, elə bizim
özümüzdə də sosializm
hökmranlığındakı ölkələri sosialist
düşərgəsi adlandırırdılar. Öz
içimizdə islah əmək müəssisələrini
"lager" adlandırırdıq. Amma əvvəlindən
sosializm sözünü götürmüşdük.
Çünki orada insan həyatından söhbət getmirdi.
Qul həyatı da deyildi. Çünki quldarlıqda qanun
vardı. Gərək qulu elə saxlayasan ki, törəyib arta
bilsin. Çünki qul alınırdı,
satılırdı. Quldan doğulan da qul idi, əlavə gəlir
idi.
Sosializm
sistemində isə insanı satmaq, almaq olmazdı.
Çünki insan o qədər "qiymətli" idi ki, dəyərini
heç kəs bilmirdi. O, dövlətə məxsus idi, dəyərini
heç dövlət özü də bilmirdi. Deyənlər
olacaq; bu məsələlərin Heydər Əliyev
mövzusuna nə dəxli var. Var, qardaşım, var. Heydər Əliyevin uşaqlığı, gəncliyi
bu dövrdən keçib gəlib, daha doğrusu, o, bu
dövrü yaşayıb, ağrılarını ürəyindən
keçirib. Elə olmasaydı, illər sonra imkan olan kimi rəhbərliyi
dövründə Hüseyn Cavidin nəşini Sibirdən gətirməzdi.
O, bunu illərlə ürəyini göynədən,
içində qışqıran yaddaşını, ruhunu,
özünü razı salmaq üçün eləmişdi.
O günlər mən Cavidə şeir yazmışdım:
Cavid
gəlir, qalx, qalx,
Ana torpaq.
Oğlun gəlir,
Yoldan gəlir,
Yorğun
gəlir.
Al qoynuna, bas
bağrına,
Sahib çıx
ona.
İtkin olan oğluna
torpaq...
Heydər
Əliyevin ruhu məni bağışlasın,
özümü də saldım araya. Cavidə həsr etdiyim
şeirimdən misal gətirdim.
lll
Heydər
Əliyev bütün bu olanları, hətta, bizim bilmədiyimiz
daha nələri bilirdi. İndi isə, SSRİ adlı bir
imperiyanın olimpində olanda da şovinizmin,
ağılsızlığın ağıla, məntiqə
qalib gəldiyini gördü. Dünyada hər
zaman ağılsızlar ağıllılardan çox olub.
Təbii ki, səs verməyə qalanda,
ağılsızlar səs çoxluğu qazanır. Hər quruluşu qoruyan yönəldici, haqqın və
məntiqin qorunmasını saxlayan bir qüvvə lazımdır.
O zaman SSRİ-nin olimpində belə bir qüvvə yox idi.
Qorbaçov kimi avantüristin birinin irəli
çıxmasında əsas rol oynayan bir mətləb
vardı: Kim olur-olsun, Heydər Əliyev olmasın! Yəni rus
olsun! Xuruşov demiş, ölkəni
ağıldan kəm hər kəs idarə edə bilər.
Sonra məlum oldu ki, belə deyilmiş, SSRİ
dağıldı. Xaos başladı.
Məncə, SSRİ gec, ya tez
dağılacaqdı. Amma Heydər Əliyev olsaydı,
imperiyanın ömrü bir az uzanardı. Respublikalar bəlkə daha sivil yolla
ayrılardılar. Bu qədər qan
axmazdı, dağıntı olmazdı. Qardaş
ölkələr düşmən olmazdılar. Hər halda, daha səmərəli bir yol seçilərdi.
Bu vəziyyətdə Rusiya məncə, hələ
öz yolunu, öz yerini tapa bilməyib. Məncə,
hegemonluq iştahından əl çəkməsə, işi
daha qəliz olacaq. Adam mədəsi tutduğu qədər
udar, ondan artığını mütləq həzm edə
bilmir, sonrası məlumdur...
İndi
bilmirəm bu sözləri yazarkən gülüm, yoxsa
ağlayım, amma məncə bu belədir. Yaradan Heydər Əliyevin
taleyinə bu keçilməz yolları yazmaqla onu ölkəmizin
bu günləri üçün hazırlayırmış.
Yurdumuzu parçalanıb məhv olmaqdan qorumaq
üçün hazırlayırmış. Ulu öndər bu işi çox böyük
bacarıqla gördü.
Prezident
Heydər Əliyev dağılmış ölkəni səliqəyə
salırdı.
1998-ci il idi. Prezident
seçkiləri ərəfəsində seçicilərlə
görüşə getmək üçün Gəncəni
seçmişdi. Gördüyü işlərin
nə qədər effektli olduğunu görmək, seyr etmək
üçün yaxın keçmişin ən qaynar nöqtəsindən
baxmaq istəmişdi.
lll
Mənə
zəng elədilər ki, Prezident Gəncəyə gedir, sizi də
dəvət edib.
Səhər Anar, Qabil
və mən Prezidenti qarşılayanlar arasında idik. Meydanda səhnə qurulmuşdu. Səhnədən
əsasən insanların başı görünürdü.
Uşağını boynuna mindirib dayananlar da az
deyildi. İnsan selinin ucu-bucağı
görünmürdü, ətraf rayonlardan gələnlərin
dalğası, irəlidəkiləri də yerindən
oynadırdı. İzdiham dəniz kimi
dalğalanırdı. Əslində, Heydər
Əliyevin bu gəlişini xalq sabitliyin qələbə
bayrağı kimi qarşılayırdı. Heydər Əliyevin solunda Anar, sağında mən
dayanmışdım. Anarın yanında
şair Qabil idi, mənim yanımda İlham Əliyev.
Bu boyda
meydanda, bağlarda, Gəncədə özünə yer
tapmayan bir yaşıl çəyirtkə uçub gəlib
qondu Heydər Əliyevin şalvarının balağına. İstədim əyilib
çəyirtkəni tutum, izdihama baxdım. Mən camaatımızı yaxşı
tanıyıram, hərəsi bir söz uyduracaqdı.
- Kişinin
ayağından tutub çəkmək istəyirdi.
- Yaltaqlığa bax,
bu da şair, kişinin ayaqqabısını silirdi və sair
və ilaxır deyəcəklər, - fikri keçdi beynimdən.
Arxada səhnədən
aşağıdakı adamlar arasında lap yaxında
dayanmış mülki geyimdə kürəkənim Namiq
Qocayevi gördüm, mənə baxıb
gülümsündü. Onun da Gəncəyə gəldiyindən
heç xəbərim olmayıb, dönüb İlham
Əliyevə baxdım, O, sakitcə əyildi və Heydər
Əliyevin balağından çəyirtkəni tutub atdı
kənara. Mənə baxıb
gülümsündü. Elə bildim dedi ki, "Belə
eləmək lazım idi".
Sonra bu illər ərzində
İlham Əliyev öz yerini bilməyən çox çəyirtkələri
beləcə sakit tutub layiq olduğu yerə atıb. Amma İlham Əliyev neyləsin ki, işə
qoyduğu adamların bəzisinin içində çəyirtkə
olub, sonradan üzə çıxır. Onu
da İlham Əliyev ayağından tutub layiq olduğu yerə
atıb.
lll
İllər sonra Heydər
Əliyev hiss edəndə ki, başladığı
böyük işləri sona çatdırmağa
ömrü çatmayacaq, çox böyük uzaqgörənliklə
İlham Əliyevi öz ömrünə ömür kimi
caladı. Axı, o, canından artıq sevdiyi Azərbaycanı
daha kimə tapşıra bilərdi?! Axı,
özü demişdi ki, mən İlhama özümə
inandığım kimi inanıram.
Yeni Azərbaycan
Heydər Əliyevin öz əsəri idi. Azərbaycanın talan
olmuş, dağılmış iqtisadiyyatından, dövlət
quruluşundan, əldən getmiş Dağlıq Qarabağ və
digər rayonlarımızın bəzi xərabəliklərindən
yeni Azərbaycan yaratmışdı. Bandaları
tərksilah edib, ordudan qalma əlcə-bölükləri
toplayıb yeni ordu yaratmışdı. Elə
bu ordu ilə ilk döyüşdəcə düşmənə
ağır zərbə vurub, onu atəşkəsə məcbur
etmişdi. Ölkəni xaosdan
çıxartmışdı və beynəlxalq aləmin diqqətini
Azərbaycana cəlb etmişdi: Əsrin Müqaviləsi
imzalanmışdı. Dənizdə yeni neft-qaz yataqları bir-birinin
ardınca kəşf olunur, qazılır, istifadəyə
verilirdi. Başlanmış bu nəhəng
işləri İlham Əliyevdən başqa kimə
tapşıra bilərdi?!
Zaman
göstərdi ki, Heydər Əliyev burada da doğru-düzgün
seçim etmişdi.
İlham Əliyev o zaman neft şirkətində
işləyirdi, həm də Respublika Olimpiya Komitəsinə
rəhbərlik edirdi. Yəni
Respublikanın fiziki və mənəvi cəhətdən
sağlam gəncliyinin lideri idi. İşin
içində idi. Respublikada görülən
işlərin mərkəzində, ən qaynar nöqtəsində
çalışırdı. Respublikanın
sükanının Heydər Əliyevdən İlham Əliyevə
keçməsində fasilə yaranmadı. Pusquda yatıb, girəvə güdən bədxahların
əlindən bu fürsət alındı. Bu da çox vacib idi. İlham
Əliyev tək deyildi. Həyat
yoldaşı Mehriban Əliyevanın mənəvi dəstəyi
və praktik köməyi hər zaman, hər yerdə aşkar
duyulurdu, görməyi bacaranlar üçün
görünürdü.
lll
Heydər
Əliyevin komandasındakı etibarlı, vəfalı
insanların danılmaz fəaliyyətini də qeyd etmək
lazımdır.
Mən adi bir vətəndaş kimi onlara bu fədakarlığa
görə öz təşəkkürümü bildirirəm.
Azadlığın
və müstəqilliyin güclənməsi, dönməzliyi
üçün ağıllı, güclü, azadlıq
aşiqi kadrlar yetişməlidir. Pusquda yatan və girəvə
gözləyən düşmənlərimiz çoxdur.
Hətta öz içimizdə, öz aramızda, süfrəmizin
ətrafında oturan, dolusuna yeyib boşuna təpik vuranlar da
vardı, var!.. Biz
sağa-sola baxmadan öz işimizi görməliyik. Biz
varlı, güclü olduqca, düşmən də bizə
dost deməyə məcbur olacaq. Mən belə
düşünürəm, güman edirəm ki, haqlıyam.
Heydər
Əliyevin son dövrlər həyata keçirdiyi
planların, gələcək üçün həyata
keçiriləcək layihələrin tərkib hissəsi
kimi, İlham Əliyevin dövlət başına gətirilməsi
vacib idi. Tam arxayınlıq üçün bu əsas şərt
idi. Güman edirəm, bunu yaxın ətrafına
da anlatmışdı.
Niyə məhz
İlham Əliyev?
Əvvəla,
İlham Əliyev öz oğlu idi, ağıllı, dönməz
insan kimi artıq yetişmişdi. O, bu layihələri, hər şeydən
əvvəl atasının vəsiyyəti kimi müqəddəs
və müzakirəsiz, mübahisəsiz qəbul edəcək.
Yerinə yetirdikcə haqlı olduğuna
inanıb, daha ürəkli olacaq. Çünki
çox qarışıq zaman idi. Bulanıq
suda balıq ovçuları, ölkə daxilində də,
xaricində də, hər tərəfdən hazır
dayanmışdı. Bu zaman da şübhələrə,
müzakirələrə itirilən hər gün, hər an belə "olum, ölüm" məsələsi
idi. Haqlı olaraq soruşa bilərsiz respublikada
İlham Əliyevdən daha tədbirli, təcrübəli,
bacarıqlı insan yox idimi? Niyə məhz
İlham Əliyev?!
Yəqin
ki, Heydər Əliyevin qəlbində bu suala yüzlərlə
cavab vardı və zaman keçdikcə, ölkə
inkişaf etdikcə İlham Əliyev öz işi, qətiyyətilə
bu suala cavab verir.
İndi
ki, sual qoymuşam, cavabını özüm verim. Əlbəttə ki,
İlham Əliyevdən cavan-yaşlı, elə onun
yaşında onlarla insan tapmaq olardı. İş
təcrübəsi olan, siyasətdə daha çox
çalışmış insanlar vardı. O zaman
İlham Əliyevi hələ yaxşı
tanımırdıq, belə düşüncəni təsdiq
edə bilərdik. İndi mən sizə sual verirəm:
Dövlət Təhlükəsizliyi Komitəsinin kiçik
zabitliyindən Komitənin generalına kimi rütbə
almış ("almış" sözünün
altından cızıram, özü öz gücünə
almışdı) Azərbaycanın Dövlət Təhlükəsizlik
Komitəsinin sədri olmuş, sonra siyasi sahədə
çalışıb, partiya rəhbəri kimi Azərbaycanı
geri qalmış respublikadan bayraqdara çevirmiş, öz
bacarığı ilə SSRİ adlanan imperiyanın olimpinə
yüksəlmiş və sonra şüurlu şəkildə
partbiletindən imtina etmiş, respublikamızda elə bir ikinci
insan tapa bilərsinizmi? Əlbəttə ki, yox! - deyəcəksiz.
Onu xaricdə
də, bütün siyasətlə məşğul olanlar da,
dövlət başçıları da yaxşı
tanıyırdı.
O vəziyyətdə Heydər Əliyev ideyasının,
başladığı layihələri və gələcək
üçün cızdığı yol xəritəsini həyata
keçirəcək insandan söz gedirdi. Bunun
üçün İlham Əliyevdən yaxşı namizəd
yox idi. Zaman da göstərdi ki, Heydər
Əliyev də, xalq da seçimində
yanılmamışdı. Doğru
seçim etmişdi. İlham Əliyev Heydər
Əliyevin oğlu idi. İlham Əliyevin
müəllimi Heydər Əliyev kimi dahi idi. Heydər Əliyevi tanıyan bütün ölkə
başçıları İlham Əliyevi də
tanıyırdılar, bilirdilər, onun oğludu. Hər halda, təbəssümlə, xoş
qarşılayırdılar. Fransa Prezidenti
Jak Şirak kimi yaxın dostu isə, onu qardaşoğlu kimi
qarşılayırdı. Əlbəttə
ki, elələri də olurdu yuxarıdan aşağı
baxıb, gülümsünüb "görərik,
baxarıq..." düşünürdü. Amma hər halda, tanımıram deyə bilmirdi.
Sonra onlar da İlham Əliyevi tanıdıqca
pillə-pillə aşağı enib havaları
alınırdı. Əsas odur ki, fasilə
yaranmırdı. Dünya iqtisadiyyatında
əhəmiyyətli dərəcədə yeni olan
böyük layihələr yerinə yetirilir. TAP kimi daha
əhəmiyyətli layihələrin inşasına
başlanır. Belə böyük işlərin
İlham Əliyevin iradəsinə və bacarığına
görə həyata keçirildiyinin sübuta ehtiyacı
yoxdur. Dünya liderləri də bu layihələrə
qoşulur, maliyyələşməsində iştirak edir, sərfəliliyinin
"aksioma" olduğunu görür.
Prezident
İlham Əliyevin gənc, sağlam olması və ölkədəki
sabitlik bu layihələrin uğurla yerinə yetiriləcəyinə
şübhə yeri qoymur.
Əslində,
bütün bunlar hamısı birbaşa, ya dolayısı ilə
bir nömrəli dərdimiz olan Qarabağ məsələsinin
həlli bünövrəsinə qoyulan etibarlı
özüldür.
Bu mürəkkəb məsələnin həlli
də ölkənin iqtisadi cəhətdən zəngin, hərbi
cəhətdən güclü olmasından keçir.
Uzaq keçmiş deyil, on beş il, iyirmi
il keçmişi xatırlayın, indiyə baxın.
lll
Ruhu
şad olsun, tarzən Əhsən Dadaşovla 1968-ci ildə
Kubada keçirilən Azərbaycanın Mədəniyyət
ongünlüyündə iştirak edirdik. O, mənə lətifəvari bir söhbət
danışdı:
- Bir xarici ölkədə
konsert verirdik. Yanımda bir tarzən
yoldaşım da vardı. Tarını
kökləyirdi. Tarı ilk dəfə görən
tamaşaçı məndən soruşdu:
- O neyləyir belə?
Dedim:
- Axtarır... -
başımdan elədim.
Dedi:
- Bəs sən niyə
axtarmırsan?
Dedim:
- Mən tapmışam.
İllər
əvvəl olmuş bu söhbətin indi qəfil yadıma
düşməsi göydəndüşmə deyil. Tez-tez qulağıma səslər
gəlir. Prezidentlik iki dəfədən
artıq olmasın. Amerikadakı kimi, bəzən
də deyirlər ki, iki dəfə olsun. Rusiyadakı kimi
8 il olsun.
Əvvəla,
Sovet dönəmində gecə yarıdan çörək
növbəsinə duranda, dondurulmuş əti talonla alanda
Amerikada prezidentlərin neçə dəfə seçildiyi
heç yadımıza düşmürdü. Əhsən Dadaşov demiş: qardaş,
mən tapmışam, müharibə şəraitindəyik. Milyardlarla xərc götürən layihələr
başlanıb.
Əvvəla,
ölkədə təkcə Prezident işləmir. Xalq işləyir. Bütün xalq - alimi, həkimi, çobanı,
taxıl əkəni, bir sözlə, hamı
çalışır. Boynuna düşən
işi yerinə yetirən, öz vicdanının da
tapşırdığı işləri görən, evə,
ailəyə vaxt ayıran insanın Amerikaya, ya Rusiyaya
oxşayaq deyə düşünməyə vaxtı və
ehtiyacı da olmur. Öz işini
görür. Ancaq qulağıma gələn
belə səslər yığıb, yeyib
harınlamış insanların, gəliri və əyləncəsi
xaosdan, konfliktlərdən çıxan insanların səsidir.
Onlar üçün gərginlik,
qarışıqlıq, vətəndaş qarşıdurması
lazımdı. Bizim üçün isə,
müstəqilliyimiz, sabitlik, qulaq dincliyi, hər kəsə
bacardığı işlə məşğul olmaq
üçün şərait lazımdır. Onlar üçün xaos, gərginlik, göz
yaşı tamaşadır. Bizim həyatımız
- insanların hər gün səhər işə getməsi,
axşam evə gəlməsi, ailə qurması, uşaq
böyütməsi - bu sakit həyat təkrar və yorucu
görünür. Cənablar, Günəş
də hər gün səhər tezdən çıxır,
axşam qayıdır və bunu hər gün təkrar edir.
Sizdən soruşuram? Bəs
Günəşin bu bəsit təkrarı olmasa, sizin sevdiyiniz
xaosa, qaranlığa qərq olsa idi, necə olardı? Günəş də kainatda bizim kimi fəhlədir.
Sizin kimilərin nə kainatda, nə də həyatda
yeri yoxdu. Yox, əzizlərim, gəlin
birlikdə ölkəmizi elə bünövrə
üstündə quraq ki, onun müstəqilliyi yüz illər,
min illər sarsılmasın. Ərazisi
bütöv, gerbi, himni, bayrağı dünyada məşhur
bir ölkə olsun. Ona görə bizə bu dinclik, sabitlik
vacibdir.
lll
İti
ağlı, halal zəhməti ilə milyardlar qazanmış
insanlar həmişə qədirbilən xalqımız tərəfindən
el ağsaqqalı, ağbirçəyi kimi
qarşılanıb.
Ağıllı adam özü
böyük sərvətdir. Onlar nə qədər
çox olsa, ölkə üçün daha
yaxşıdır. Elə insanlara daha
çox qazanmaq üçün də,
qazandığını xeyirxah işlərə xərcləmək
üçün də dinclik, sabitlik, ölkədə əmin-amanlıq
olması vacibdir. Bizim kimi müharibə
şəraitində olan bir ölkənin vətəndaşına
bu kövrək sülhün qorunub saxlanması ikiqat vacibdir.
Şükür ki, bunu bacaran İlham Əliyev
kimi Prezidentimiz var.
lll
Bir qədim yunan əfsanəsində
belə deyilir: Olimpdə allahlar insanı əvvəl
ikibaşlı, dördəlli, dördayaqlı
yaratmışdı. Gördülər bu insan o qədər
güclüdür ki, onu idarə etmək olmur, məsləhətləşib
onu iki yerə böldülər, iki əlli, iki ayaqlı, bir
başlı - bir xanım, bir kişi elədilər.
Hər yarısını dünyanın bir tərəfinə
atdılar. O zamandan bəri hər bir insan "yarım,
yarım" deyə-deyə dünyada öz
yarısını axtarır. Öz
yarısına qovuşanlar bütöv olur, güclü olur,
yenilməz olur. Onlar bir-birini tamamlayır.
İlham
Əliyev və Mehriban Əliyeva belə bir
cütlükdür.
Onların çox problemli evi Azərbaycandır.
Onun ən gərgin dövrünü,
şükür ki, uğurla keçiblər. Gələcəyin yol xəritəsi də
hazırdır. Hələ görüləcək
işləri də çoxdur, bacaracaqlar! Aprel
hadisələrindən sonra cəbhə xəttində atəşə
məruz qalmış kəndlərdə yaranmış vəziyyəti
görməyə, sahib çıxmağa İlham Əliyev
xanımı ilə getmişdi. Düşmən
gülləsi qarşısına getmişdilər. Oradakı insanlarımız üçün
Prezidenti və xanımını öz həyətlərində
görəndə, güclü, böyük, isti hansı
sözü tapıb demək olardı? Oradakı
uşaqlar, gənclər, ağsaqqallar üçün
ölkənin prezidentini və birinci xanımını öz
həyətlərində görmək, dərdini
bölüşmək ən böyük yardım, qələbəyə
sarsılmaz inam, işıqlı gələcəyə
ümid idi.
... Bu gün mən bu
sətirləri yazdığım zaman - 2016-cı ilin 16 iyun
günü qardaş Türkiyədə bir dəstə hərbçinin
dövlət çevrilişinə cəhdi yaralı ürəyimi
göynətdi. Yadıma ulu öndər
Heydər Əliyevin 1994-cü ildə xalqa
çağırışı düşdü. Yarım saatın içində xalq meydanlara,
küçələrə sel kimi axdı.
Bu gün
o təcrübə qardaş Türkiyədə də
özünü doğrultdu. Xalq səs verib seçdiyi
insanı qorumayacaqsa, o, hələ xalq deyil, toplumdur.
Qəlbimdən
keçən bəzi fikirləri söyləməyi
özümə borc bildim. Biz bu yollardan keçmişik. Lakin
arxayınlaşmaq heç vaxt olmaz. Çox iş
görülüb, çox şey qazanmışıq.
Ağıllı, qiymətli, çalışqan insanlar bizim ən
qiymətli sərvətimizdir. Onları qorumaq,
qiymətləndirmək, hər birimizin borcudur.
İstedadlı, bacarıqlı prezidenti tapmaq da, seçmək
də çətin işdir, lakin onu qorumaq,
başladığı böyük, taleyüklü layihələrin
həyata keçirilməsində ona kömək, arxa olmaq
müqəddəs borcumuzdur. Xalq prezidentə güvəndiyi
kimi, ondan problemlərinin həllini gözlədiyi kimi,
prezident də xalqa güvənir, xalqdan güc alır. Antey
torpaqdan güc aldığı kimi prezident də onu seçən
xalqdan güc alır. Bu birlik quruluşun təməl
daşıdır.
Fikrət QOCA
525-ci qəzet.- 2016.- 22 sentyabr.- S.5.