Sözlə əməl, düşüncə ilə əxlaq qırılmaz vəhdətdə...

 

GÖRKƏMLİ ALİM İSMAYIL MƏMMƏDLİ ÖMRÜNÜN ÖTƏN 70 İLİNİ MƏHZ BELƏ YAŞAYIB

 

Sözlə əməl, düşüncə ilə əxlaq qırılmaz vəhdətdə...<b style="color:red"></b>

Müasir dilçilik elmimizin görkəmli simalarından biri olan filologiya elmləri doktoru,  professor İsmayıl Məmmədli ömrünün müdriklik çağındadır.

 

70 ilin astanasınacan çox xeyirxah işlərə, xalqın-millətin mənafeyini qoruyan məqsədlərə, ciddi elmi-tədqiqatlara, məsul sənədlərə imza atdı: fəal ictimaiyyətçi, ustad elm xadimi, Azərbaycan sevgisini içində göyərdən, el içindən çıxıb el dərdinə yanan, yurd ağrısını içində qovuran bir ziyalı kimi.

 

İsmayıl müəllim olduqca sadə, təvazökar, səmimi, hər kəsi dinləyib dərdə şərik olmağı bacaran, artıq elmin zirvəsində olmasına baxmayaraq dincliyini, rahatlığını kitablarda, elmi araşdırmalarda tapan bir şəxsiyyətdir. Onun bu xarakterinə təcili nəşrə təqdim etmək istədiyimiz bir kitaba ("Elmin haqq çırağı: akademik Musa Əliyevin həyatı, fəaliyyəti və dövrü", 2015) redaktorluğu zamanı, məsləhətlərini əsirgəmədiyi vaxt şahidi oldum. Kitabı çapa verən ərəfədəki söhbətlərimizin birində çox yaxın qohum olduğumuzu bildik.

 

Onun insanlarla səmimi ünsiyyəti imkan verir ki, problemini açıb deyəsən, dərdini bölüşəsən. Amma bir az söhbətin dərinliklərinə enəndə özünün də yurd dərdini bölüşdürməyə həmdərd, ruhunu dincəldən həmsöhbətə ehtiyacı olduğunu dərk edirsən.

 

İsmayıl Məmmədli qədim oğuz yurdu Göyçə mahalındandır. Basarkeçər rayonunun Sətənəxaç kəndində doğulub. Atası məşhur el sənətkarı olub - Aşıq Oruc Əhmədovun altı oğlunun böyüyüdür. Anası isə Kəsəməndə Qannı Abbasın (igidliyinə görə, Qannı Abbas deyiblər) qızı Züleyxa xanımdır. Stalinin 1948-1953-cü illər Göyçə mahalı əhalisinin Azərbaycana deportasiyası qərarı zamanı, Aşıq Orucun ailəsi də nisbətən yaxın ərazidə olan (yaşadıqları kəndin söykəndiyi dağın o biri üzü) Gədəbəy rayonunun Zəhmət kəndində məskunlaşdılar. Amma ürəklərini Göyçədə qoyub gəldilər - cismən daşındılar, ruhən ana yurddan daşına bilmədilər. Aşıq Oruc el sənətkarı olub. Elin xeyir-şərində baş bilən, məsləhətçisi olub. Ona görə dağılmış elin dərdini içində yanaraq yaşadıb.

 

İsmayıl Məmmədli 1952-1962-ci illərdə yeni köç etdikləri kənddə - Zəhmətkənd orta məktəbində oxuyub.

 

Uşaqlıq illərindən balaca İsmayılın qismətinə iki böyük məktəbin yolu açılıb: biri orta məktəb - əlifbadan başlayaraq ta bütün fənlərin tamamınacan, bir də atası Aşıq Orucun yanınca el məclislərinə, aşıqlar meydanına gedərək həyatın, sənətin-sözün sirrini öyrənməyə. Bu məktəblərin biri dövlətin tədris proqramı ilə tənzimlənirdi. O biri isə el gözü, ustadların söhbətlərini, məclislərdə söylənilən nəsihətamiz-qəhrəmanlıq dastanlarını, xalq ədəbiyyatının ən gözəl nümunələrini dinləmək kimi həyat dərsləri, həyat məktəbi idi. Ona görə də İsmayıl Məmmədli gənclik yaşına tam formalaşmış bir şəxs kimi qədəm qoymuşdu. Tələbəlik illərindəki, ümumiyyətlə, həyatının bütün dönəmlərindəki  uğurlarına görə atasına, atasının məclislərində dinlədiyi ustadlara borclu olduğunu hər zaman dilə gətirir...

 

Bir zamanlar, əksər ziyalılar rus dilində oxuyub-yazmağa can atanda İsmayıl Məmmədli geniş auditoriyada, hər evdə dinlənilən, tamaşa edilən - radio və televiziyada "Azərbaycan dili" və "Dil xalqın mənəvi sərvətidir" adlı verilişlərlə Azərbaycan dilinin gözəlliyini, onun ədəbi dil kimi geniş inkanlarını təbliğ edirdi. Gənclik illərindən belə  məsul və çətin işə könül bağlamaq mütəxəssisin - alimin vicdanı qarşısında sanki özünün-özünə hesabatı idi. Həmin veriliş mənim də yadımdadır. Aparıcı İsmayıl Məmmədlinin (o vaxt Məmmədov yazılırdı) olduqca səlis, rəvan, hamının (uşaqdan böyüyəcən) başa düşəcəyi dildə apardığı bu veriliş doğma dilə məhəbbətlə yanaşı həm də insana Vətən sevgisi də aşılayırdı. Verilişin aparıcı olan zamanlarda 31 yaşlı gənc olsa da, təmkini, danışığı, sözə  yanaşma məhəbbəti onu ağsaqqal müdriklərə bənzədirdi. Sonralar yenidənqurma siyasəti dövründə bu veriliş daha aktual oldu. Cəmi 2-3 il sonra isə milli müstəqillik mübarizəsinin alovlanaraq Azadlıq meydanında zirvə nöqtəsinə yetəndə  bu verilişin xalqa, bütün millətə ciddi təsirini, ehtiyacını unuda bilmərik. Milli müstəqillik mübarizəsində İsmayıl müəllim bu veriliş sayəsində həm aparıcı, həm jurnalsit, həm dilçi-alim, həm ictimaiyyətçi kimi müqəddəs bir işi yerinə yetirirdi.  Davamlı olaraq 9 il (1981-1989-cu illərdə) apardığı bu veriliş radio və televiziya arxivlərində qızıl fondda qorunub saxlanır. Bəli, bir alim dilindən doğma dilin artıq bütün dünyaya, dünya azərbaycanlılarına təbliği çıxışlarını tarixi sənəd kimi dəyərləndirə bilərik.

 

Tanınmış alimin ötüb gəldiyi illəri elə də tez vərəqləyib başa çatdırmaq mümkün deyil. Ömür xəzinəsi doludur, gələcək nəslə ötürə biləcək dürr dolu bu xəzinədə nələr var: dilçilik elminin etnolinqvistika sahəsi ilə məşğul olan fədakar elm xadiminin "Azərbaycanca-rusca etnoqrafiya terminləri lüğəti" (şərikli), "Ekran, efir və dilimiz", "Azərbaycanca-rusca danışıq kitabı", "Azərbaycan dilinin izahlı lüğəti" (3 cilddə, tərtibçilərdən biri), "Azərbaycan dilinin orfoqrafiya lüğəti" (tərtibçilərdən biri), "Axtarışlar, yozumlar, anımlar", "Azərbaycan dilinin etnoqrafik leksikası", "Qəzet dilinin leksikası", yüzlərlə elmi məqalələri, onlarla lüğət və elmi kitabların redaktəsinə gözünün nurunu, neçə-neçə gənc alimin həyata vəsiqə almasında ustad məsləhətləri əsirgəməyib.

 

Heç şübhəsiz, neçə onilliklərdir "Azərbaycan dilinin izahlı lüğəti" və "Azərbaycan dilinin orfoqrafiya lüğəti" kitabları stolüstü vəsaitlərdir. İstənilən elm sahəsi, nəşriyyat, mətbuat mütəxəssislərinin daim əlinin altında olası qiymətli köməkçi vasitələrdir. Deməli, belə bir missiya daşıyıcısı olan kitabları araya-ərsəyə gətirmək üçün ağır zəhmət (hər sözün düzgün yazılışı və mənasının izahı heç də asan olmadığını hamımız bilirik), eyni zamanda ciddi məsuliyyət - alim və vətəndaş məsuliyyəti tələb edir. Anadilli və elmin-texnikanın sürətli inkişafı ilə əlaqədar yaranan yeni-yeni  sözləri Azərbaycan orfoqrafiya lüğətinə artırmaq üçün insanda yüksək vətənpərvərlik hissi də olmalıdır. Professor İsmayıl Məmmədli bu haqqın öhdəsindən ləyaqətlə gəlmişdir. Məlumdur ki, indiyə qədər "Azərbaycan dilinin orfoqrafiya lüğəti" kitabı 6 dəfə tərtiblənib nəşr olunmuşdur. 2004-cü il nəşrindən sonra yenidən belə bir kitabın təkmilləşərək nəşrinə ehtiyac duyuldu. Bu tarixi missiya İsmayıl müəllimə etibar edildi: çalışdığı AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun Lüğətçilik şöbəsinin müdiri kimi, eyni zamanda lüğətçilik sahəsində illərlə topladığı təcrübə bu haqqı onun qismətinə yazdı. 5-ci nəşrdə 80 min söz var idisə, 6-cı nəşrə düzəlişlər, əlavələr edilərək təkmilləşdirilmiş 110563 söz (840 səhifə) daxil edildi. Bu nəşrin (2013-cü il) redaktoru və ön söz müəllifi fitrətən söz sahibi olan  İsmayıl Məmmədliyə məxsusdur.

 

İsmayıl Məmmədli 1970-1973-cü illərdə AMEA İmadəddin Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında əyani təhsil almış, təhsil müddətində elmi dissertasiya işini tamamlayaraq müdafiə etmiş və 1974-cü ildə filologiya elmləri namizədi (indiki filologiya üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. Elə o zamandan da əmək fəaliyyətini bu İnstituta bağlamışdır. "Azərbaycan dilinin etnolinqvistikası" mövzusunda doktorluq dissertasiyası üzərində uzun illər tədqiqatlar aparmışdır. İsmayıl Məmmədlinin alimlik sənədlərinin içərisində Allahdan uğurlu bir qismət oldu: 1993-cü ildə Azərbaycan Respublikasında ilk milli elmlər doktoru alimlik diplomu AAK-da onun adına yazıldı. O, 1993-cü ildə "Azərbaycan türk dili" indeksi ilə müdafiə etmiş filologiya elmləri doktorudur. 2008-ci ildə isə Ali Attestasiya  Komissiyasının qərarı ilə professor diplomunu almışdır.

 

Əsas elmi uğurlarının bir hissəsini də "Azərbaycan dilində etnolinqvistika sahəsinin əsasları"nda izləyə bilərik. İnstitutun Lüğətçilik şöbəsinin müdiri Dilçilik, ədəbiyyatşünaslıq və etnoqrafiya sahələrinə aid tədqiqatları elmi yenilikləri və aktuallığı ilə bir çox yeni tədqiqatlara isnad mənbəyidir.

 

Belə zəngin bir ömür yaşamış, yaşayıb-yaratmaq eşqi tükənməyən İsmayıl Məmmədli indi özü bir məktəbdir.

 

İsmayıl Məmmədli mənən pak şəxsiyyətdir. Bunu onun bütün yaradıcılığı boyu izləmək mümkündür. İrihəcmli elmi əsərləri - kitabları  ilə yanaşı, mütəmadi olaraq dövrü mətbuatda dərc etdirdiyi elmi-publisistik məqalələrində onun bu xarakteri çox gözəl əks olunur. Sözü ilə əməli, düşüncəsi ilə əxlaqı vəhdət təşkil edən ziyalımız auditoriyalarda pedaqoq kimi də çox sevilir.

 

AMEA İ.Nəsimi adına Dilçilik İnstitutda elmi fəaliyyəti ilə yanaşı, eyni zamanda uzun illərdi ki, peaqoq kimi də fəaliyyət göstərmişdir. O, müxtəlif illərdə Azərbaycan Pedaqoji Universitetində müəllim, 291 saylı və 43 saylı liseylərdə Azərbaycan dili və ədəbiyyatı fənlərindən dərs deyib, Bakı Dövlət Universitetində müəllim, Bakı Ali Pedaqoji Qızlar seminariyasında (indiki Bakı Qızlar Universiteti) professor işləmişdir.

 

Dünyanın bir çox ölkələrində beynəlxalq elmi konfrans və simpoziumlarda maraqlı məruzələrlə çıxış etmişdir.

 

AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü, seminar bölməsinin rəhbəridir.

 

Əmək veteranı fəxri adına layiq görülmüş görkəmli dilçi alim, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsində baş məsləhətçidir.

 

Fəal ictimaiyyətçi kimi Yeni Azərbaycan Partiyasının üzvü, 15 ildir Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının üzvü, Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Azərbaycan Aşıqlar Birliyinin idarə heyətinin üzvüdür. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur (2013-cü il). Həsən bəy Zərdabi diplomu və mükafatı laureatı, Səməd Vurğun mükafatı laureatıdır.  Əlbəttə bu siyahını kifayət qədər artırmaq olar.

 

İsmayıl müəllimin iş yeri AMEA-nın əsas binasında V mərtəbədə yerləşir. Həmin qatda İmadəddin Nəsimi adına Dilçilik və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutları yerləşir. Görkəmli alimə hər iki institutun əməkdaşları dərin sayğı və hörmət göstərirlər. Səmimi münasibəti imkan verir ki, ona yaxınlaşıb dərdini anladasan.

 

2016-cı ildə Dövlət Mükafatına təqdim edilmiş "İrəvan xanlığı" adlı irihəcmli kitabda onun haqqında yazılmış (səh.549-556) gözəl fikirlərdən bir neçə sətir diqqətinizə yetirmək istərdim: "Rəhbərlik etdiyi AMEA Nəsimi adına Dilçilik İnstitutunun Lüğətçilik şöbəsində 20 ildən artıqdır ki, ağır zəhmətlərə qatlaşmış, fikrini, zehninin ən aktual, gərəkli problemlərin həllinə sərf etmiş, yorulmaq bilmədən öz fərdi, orijinal alimlik keyfiyyətlərini təsdiq etmiş, sərfəli tədqiqatçı kimi nümunə rolunu oynamış və ətrafında, elmi və ictimai mühitdə müsbət, təsirli rezonans yarada bilmişdir. Elmi fəaliyyəti, qiymətli əsərləri əslində son dərəcə orijinal bir şəxsiyyət olan İsmayıl Məmmədlinin alim obrazının güclü bir komponentidir, dərin zəkasının, yaradıcılıq siqlətinin işıqlı təzahürüdür. Əqidəsi, etiqadı, dünyagörüşü və fəal, iti analitik intellekti ilə yanaşı insanlığına, mənəvi zənginliyinə və daxili təmizliyinə yaxından bələd olduqca belə bir qənaətə gəlirsən ki, İsmayıl Məmmədliyə məxsus ləyaqət, ucalıq fitri xilqətdir. Onun timsalında alim və insan sözləri adi leksik vahiddən estetik meyara, insanlıq və mənəvi gözəllik, müdriklik etalonuna çevrilmişdir".

 

Qəlbi Müstəqil Azərbaycan Dövləti eşqi ilə döyünən alimin zəhmətdən yorulmaq, yazmaq-yaratmaq məhəbbəti tükənmir. Heç biz də onun yaratdıqlarını qələmə düzüb tamamlaya bilmirik. Yuxarıda hörmətli professorun təqdim olunduğu mükafatların bəzilərini sadalamışdıq, amma ən böyük mükafatı onu tanıyan dostlarının, yoldaşlarının, tələbələrinin, yaxınlarının etibarını qazanmaqdır və bunu qazandığı üçün professor İsmayıl Məmmədli çox xoşbəxt insandır.

 

Ustad alim İsmayıl Məmmədli gözəl insani duyğuları, sözü-əməli bütöv şəxsiyyət kimi hamımızın ustadı, üz tutacaq ziyalımızdır.

 

Almaz ÜLVİ

filologiya elmləri doktoru

525-ci qəzet.-2016.-23 sentyabr.-S.4.