Hikkəli qadın
(hekayə)
Təqdim etdiyimiz bu hekayə 2014-cü ildə
M.Kaşğarlı Beynəlxalq Hekayə Müsabiqəsinin
ölkə (Azərbaycan) üzrə mərhələsində
1-ci, beynəlxalq mərhələsində isə 3-cü yeri
tutub.
Həftədə bir, bəzən iki dəfə
“Üç xanım” kafesinə gedirəm. Adına uyğun ora cavan,
ortayaşlı xanımlar, bir də, sevgiləri
alışıb-yanan (qabaqlarında yanan şam, əlləriylə
sevişə-sevişə söhbət edənlər) və
sevgiləri soyumuş, ya yoxa çıxmış (şamı yandırmayanlar, ehtirassız-təbəssümsüz
söhbət edənlər) cütlüklər gəlir. Birinci dəfə Bakıda bu cür adda kafe görəndə
təəccüblənmişdim, fikirləşmişdim ki,
görünür, əvvəldən xidmət elə
xanımlara hesablanıb deyə, bu cür ad seçib kafenin
sahibi.
O kafedə,
dördadamlıq masa arxasında qırmızısaç qoca
qadının tək oturub, qəhvə içə-içə
ofisiantlara ərklə, hirslə tapşırıqlar verdiyini
ilk dəfə görəndə, düzü, əsəbiləşmişdim.
Elə sonralar da bu mənzərəyə rast gələndə
hirslənirdim, amma təbii ki, kiməsə iradımı
bildirəmməzdim. Yetmiş-səksən
yaş arasında olan bu qadın nə saçlarını rəngləməyindən
qalır, nə də makiyajından və dodaq boyasından,
üstəlik, tünd iyli ətirdən istifadə edirdi.
“Yaxşı, ay...
kaftar deməyim sənə. Hər halda mənim
də nənəm var, hardasa elə sən yaşlarda olar.
Kafeyə, restorana getməsə də, sənin
kimi makiyajından qalmır. Kafeyə gəlirsən,
əcəb edirsən, bəs niyə hər dəfə bu
ofisiantlara zülm edib məni də boş yerə əsəbləşdirirsən.
Bəlkə, bu kafeyə gələn sevgililərə
paxılığın tutur. Onda sən
nifrətin kvadratına layiqsən”. Sonra da fikirləşirdim
ki, bəlkə, cavanlıqda şəxsi həyatı gətirməyib,
ya ümumiyyətlə, kişi üzü
görməyib, onda kvadratsız nifrət edirdim hikkəli
qadına.
İkinci dəfə onu uzun qırmızı
(cavanlıq rəngi) müştükdə nazik “Davidoff”
siqareti çəkən görəndə təbii ki, təəccüblənmədim. Qəhvə
içə-içə tüstünü çox vaxt
halqalarla havaya buraxırdı. “Yəqin ki,
kofesinə konyak damızdırıb. Öz də Fransa
konyakı, Şəmkir, Tovuz konyakı yox ha,” - aradabir o tərəfə
nəzər ata-ata fikirləşirdim. - Hmm, bəlkə də
ofisiantın qulağına pıçıldayıb deyir ki,
kofenin konyakını az eləmisən, ya əksinə,
çox eləmisən”. Nədənsə, mənə
siqaretin külünü əks tərəflərə baxan
ikibaşlı şir-külqabıya - ancaq onun masasında beləsi
varıydı, - tökməyi ləzzət edirdi.
Əmin idim ki, sabah Azərbaycanda kafe və
restoranlarda siqaret qadağası qanunu qəbul edilsə, onun bu
xanıma heç bir aidiyyatı olmayacaq.
...Yenə
tək oturub həminki yerdə. İçəri
keçib boş masalardan birinin arxasında otururam. Ofisiant masama yaxınlaşır, “Jülyen, bir də
Espresso kofesi, zəhmət olmasa,” - sifariş verirəm.
Qoca xanım mənimlə yanaşı masada
oturub. Adətən, məndən əvvəl
kafeyə gəlir, amma fikir verirdim ki, nədənsə, biz təxminən
eyni vaxtda sifarişlərimizi veririk.
- Tvoroqlu
(kəsmikli) blinçik, yaşıl çay, - qadın
sifariş edir. - Hə, Fariz, keçən dəfə tvoroqun
içinə kişmişi az vurmuşduz?
Təcili povora (aşpaz) bunu çatdır.
- Ola bilməz,
Solmaz xanım, - ofisiant həlim səslə dillənir.
- Necə
yəni ola bilməz, mən sənə
yalan danışıram? Sən begəm görmüsən ki,
birdən-ikidən...
- Yox, yox,
- ofisiant qəşş edib gülməyə başlayır.
Fikir verirəm ki, bizdən aralıda olan ofisiantlar da
gizlincə xısın-xısın gülür, başa
düşürəm ki, bu kafedə artıq Solmaz
xanımın hirsli atmacalarına, danlaqlarına öyrəşiblər.
- ...Ona
görə ola bilməz ki, siz blinçikləri
sifariş verəndə “povara” tapşırdım ki,
“zakazı” verən Solmaz xanımdır. Üstəlik,
Elçindən xahiş elədim ki, diqqətli olsun.
- Ayıb
olsun sənə, Fariz, - Solmaz düz ofisiantın
gözünün içinə baxır.
- Niyə,
Solmaz xanım? - Fariz gülə-gülə soruşur.
- Ona
görə ki, qarşımda həyasızcasına yalan danışırsan.
- Yalan
danışmıram, Solmaz xanım, - ofisiant ciddiləşir.
- Ayıb
olsun sənə, Fariz, ayıb olsun.
“Ayıb olsun”dan sonra Fariz günahkarcasına
başını aşağı salır, - elə bil deyir ki,
qələt eləmişəm, keçin günahımdan, bir
də eləmərəm.
- İkincisi, mən indi özüm kişmişləri
bir-bir saydım, - Solmaz xanım artıq ekstazdadır, - hər
blinçikdə cəmi üç dənə kişmiş
vardı.
- Bəs
keçən dəfəkilərdə nə qədəriydi?
- Sən
məni dolamısan?! - Solmaz xanım hirsindən
qızarır.
- Yox, yox,
o nə sözdü... Mən demək istiyirdim ki... Yəni gələn
dəfə... Belə olmasın deyə
soruşuram, - ofisiant özünü itirdiyindən dili topuq
çalır.
Bilmirəm,
arvad qarşısındakını özünü itirdiyinə
görə yazığı gəlir, ya nəydisə, səs
tonunu yumşaldır:
-
Keçən dəfə blinçiklərin hərəsinə
beş dənə kişmiş
vurmuşduz, əgər bunu bilmək sənə vacibdirsə.
- İstiyirsizsə, biz yenə blinçik gətirə
bilərik, - Fariz günahkarcasına dillənir.
-
Lazım deyil, amma axırıncı dəfə olsun. Nə deyirəm, onu da gətir, mübahisə də
eləmə, başa düşdün?!
- Okey,
Solmaz xanım.
Bu dəfə isə Solmaz xanım Farizin kondisioneri soyuq
rejimə qoymasına görə deyinirdi. Fariz cəsarət edib deyəmmirdi
ki, Solmaz xanım, zəhmət olmasa, durun başqa boş masada əyləşin ki, kondisionerin soyuq
havası sizi vurmasın. “Əmri” eşidən kimi ofisiant səssizcə
pultu götürüb kondisionerin soyuq havasını bir az aldı. Az sonra Solmaz yenə
də soyuğu azaltmağı tələb etdi və mənə
elə gəldi ki, axırıncı tələbinin səbəbi
Farizin onun az öncəki istəyinə az da olsa etiraz eləməməsi
oldu. O halda Solmaz həmişəki danlaq tonla bir xeyli deyinib
ürəyini boşaldacaqdı, axırda Fariz üzr istəyə-istəyə
arvadın dediklərinə tabe olacaqdı və Solmaz həmişəki
kimi özünü haqlı, qalib hiss edəcəkdi.
Amma Fariz
bu dəfə etiraz elədi:
- Axı
müştərilər...
Solmaz
xanım sanki bunu gözləyirmiş kimi:
-
Hansı müştərilərdən danışırsan,
Fariz? - başqa müştərilər
eşitməsin deyə pıçıltıyla deyib (guya
etikalılığı tutdu) düz Farizin gözlərinin
içinə baxdı, bu baxışlarda “Mən olan yerdə
başqa müştəri söhbəti eliyirsən sən?” -
yazılmışdı.
Məndən başqa “pıçıltıyla” deyilən
bu sözləri iki nəfərlik masa arxasında oturan sevgili
cütlük və başqa yerdə əyləşmiş iki
rəfiqə də eşitdi. Qızla oğlan gülümsədilər,
o biri qızlar isə təəccüblə bir-birinə
baxdılar: yəni bizi nəzərdə tutur?
- Bir azdan
bura gələcək müştəriləri deyirəm, -
Fariz hirslə cavab verdi.
- Bir az, nə vaxt? - Solmaz soruşdu.
- Beş
dəyqə sonra, - bu dəfə qəzəbini gizlətmədən
Fariz düz onun gözlərinin içinə baxdı.
İlk dəfəydi bu baxışlarda “Bəsdir də
bezdirdin bizi sən,” - yazılmışdı. Solmaz Farizə
baxa-baxa qaldı və susdu. Onun
susmağı isə sanki “Səndən bunu gözləmirdim,
cavan oğlan, ilk dəfə sən mənim qapıma qol
vurdun, quru hesabdan çıxdın,” - mənasına gəlirdi.
“Afərin, Fariz”. - ürəyimdə dedim.
Mənə də Farizin cəsarətli
cavabları, Solmaza sərt baxmağı ləzzət eləmişdi.
Axı nə vaxta qədər bu Solmazdan, adamayovuşmazdan
qorxmaq, qabağında əzilib-büzülmək, az qala mazoxistcəsinə alçalmaq olar. Lap
tutaq ki, qadın kafenin böyüyünün, ya da hansısa
VİP-in anasıdır, ya xalasıdır, bəs sənin mənliyin
hardadır, ay Fariz, bu qədər də olmaz axı.
Farizin cəsarətli
tonda verdiyi cavabdan sonra heyrətdən susan
Solmaz xanım neyləsə yaxşıdı, gülümsədi.
Qarşılığında Fariz də
gülümsədi və bu təbəssümlə bir növ
demək istədi ki, bəsdi də, ay Solmaz xanım, nə
vaxta qədər özünüzü dağ başına
qoyacaqsız, aşağı düşün də.
Nə
beş, nə də on beş dəqiqə sonra yeni
müştəri gəlmədi, üstəlik, o tərəf
bu tərəfə gedən, arada yediyim pitsayla içdiyim
Espresso qəhvəsinin hesabını gətirən Fariz
Solmazın ikinci dəfəki xahişini yerinə yetirmək
bir yana, heç o oturan masaya tərəfə baxmasa da,
yanından keçəndə gülümsəyirdi. Solmaz hər dəfə Fariz yanından keçəndə
gözünü ona zilləyirdi, aradabir o da gülümsəyirdi
və mənə elə gəlirdi, Fariz ona tərəf baxmasa
da, qulağının ucuyla Solmazın
qımışmasını hiss edir.
Növbəti gəlişlərimin birində mən
Solmaz xanımın yanında təxminən elə özü
yaşda bir qadın da gördüm. Sifarişləri hələ
gəlib çıxmamışdı, həvəslə
bir-birilərinə yaxın qohumlarının qeybətini
edirdilər. Yeri gəlmişkən, rəfiqəsi də
siqaret çəkirdi, - müştüksüz, qalın, ağ filtrli “Kent”. Ömrü boyu siqaret çəkən
qadınları “yıxıb-sürüyən” mənimçün
ən maraqlısı, həm də gülməlisi qoca rəfiqələrin
bir-birinin dalınca tüstünü havaya
buraxmalarıydı: mən xəyalən düz xətti
halqaların ortasından keçirirdim. Mənə elə gəlirdi,
hər ikisi cavanlığında heç siqaretin dadına da
baxmayıb, sadəcə, son on-on beş ilin dəbinə, bir
də, güman ki, kafedəkilərin, əsas da, cavanların
diqqətini cəlb etmək eşqinə düşüblər.
Az sonra
bunların blinləri və çayları gəlib
çıxdı. Çəngəl-bıçaq
işə düşdü. Heç
üç dəqiqə keçməmişdi ki, o biri arvad qəfildən
Solmaz xanıma “Bir dəyqə,”- deyib ayağa durdu, qətiyyətli
addımlarla ofisiantlara doğru getdi. Mən
gözaltı Solmaz xanıma baxır, səbirsizliklə nə
isə maraqlı bir şeyin baş verməsini gözləyirdim.
- ...Mən
göbələkli blinçik demişdim! - rəfiqəsi
az qalırdı Farizi boğsun, - kişmişli yox.
- Nailə
xanım, vallah...
“Buna söz deyənin biri əskiyiydi, indi də bu birisi
çıxdı meydana,” - fikirləşdim.
- Allaha
yalandan and içmə, ayıbdı.
-
Bağışlayın, ola bilsin səhvən
Solmaz xanım sifariş edəndə elə bilmişəm siz
də kişmişli...
Tez Solmaz
xanıma baxdım, yırtıcı baxışlarını
rəfiqəsindən və “yazıq” Farizdən bir an belə çəkmirdi. Gözlədiyim
kimi, qəfildən yerindən durdu və özünü
yetirdi, nə yetirdi... Farizə nələr
dediyini sizə danışmayacam, məncə,
özünüz də təxmin eliyə bilərsiz.
Hər
ikisi oturandan sonra bir müddət susa-susa rəfiqəsinin
üzünə diqqətlə baxan Solmaz xanımın sifətində
sanki bunlar yazılmışdı: “Nailə, burdakı
ofisiantları ancaq mən danlaya bilərəm, mən təhqir
edə bilərəm. Sən şikayət elədin,
rəfiqəmsən deyə, adamların yanında bir şey
deyə bilmədim, gələn dəfə bir də belə hərəkət
eləmə. Nədən narazısansa mənə de,
bunların dərsini vermək isə ancaq mənlikdi”....
- Yox, yox,
mən verəcəm, - Nailə çek
kitabçasını Solmazın əlindən dartıb almaq
istəyirdi. - Yox, Solmaz, olmadı da, axı söhbətimiz
belə oldu ki, bu dəfə mən səni qonaq edirəm...
...Təbii
ki, hikkəli qoca “madmuazelin” nəçi olduğunu, niyə
belə tez-tez hisrləndiyinin səbəbini öyrənməyə
bilməzdim, onun haqqında ən cüzi məlumatı bilmək
həvəsi varıydı məndə. Düzü,
imkan da tapammırdım ki, Farizə istədiyim sualı verəm,
içimdəki qurdu öldürəm, - tərslikdən həmin
vaxt Solmaz orda olurdu. Sual verəndə
ofisiantın qeyri-ixtiyari çönüb qəhrəmanımıza
baxmağından, diqqəti cəlb etməyindən ehtiyatlanırdım.
Nəhayət, günlərin bir günü kafeyə girəndə
Solmaz orda yoxuydu. Fariz mənim çayımı, çiyələklə
blinlərimi gətirəndə sakitcə soruşdum:
-
Qardaş, bax orda, - gözümün işarəsiylə
boş masanı göstərib, - həmişə
yaşlı bir qadın oturur. Sirr deyilsə, o
kimdir? - sualı elə tonda verdim ki,
yəni narahat olma, verəcəyin cavabdan sənə ziyan-xətər
gəlməyəcək, dediklərin məndə qalacaq, sadəcə,
mənə maraqlıdır deyə soruşuram.
- O
qadın əvvəl hansısa universitetdə dərs deyib. Bu kafe isə əvvəllər onun evi olub.
- Aaa, -
qeyri-ixtiyari reaksiya verdim. - Belə başa düşürəm
ki, bu qadın hər gün bura gəlir ki, keçmişini
yadına salsın.
- Elədir.
Siz aboya baxın.
Bu sualdan
bir az çaşan kimi olsam da,
çönüb divar kağızına baxdım, köhnə,
yaşıl rəngli divar kağızıydı.
-
Buranı bizim şefə satanda, - Fariz izah eləməyə
başladı, - Solmaz xanım iki şərt qoydu. Birincisi, o, ölənə qədər aboy dəyişməyəcək.
Müdir dedi ki, yaşılını taparam, lap sizinkinə
oxşayanı olar, amma təzə olsun, ona
da razı olmadı Solmaz xanım. Fikir vermisizsə,
Solmaz xanım oturduğu yerdə hərdən əlini divara
sürtür.
- Hə,
düzdü, - onun əlini divara sürtdüyünü,
düzü, heç vaxt görməmişdim, söhbətin
davamını səbirsizliklə gözləyirdim deyə
yalandan bunu gördüyümü dedim. - Bəs ikinci şərti
nə olub?
-
İkinci şərti... Bu, bir az uzun məsələdir.
Deməli, əvvəlcə dedi ki, kafenin adı “Mənim evim”
olmalıdır. Şef razılaşmadı, dedi ki, Solmaz
xanım, nə danışırsız, bu cür adla kliyent
yığmaq olmaz bura. O birisi gün gəldi ki, “Uyutnıy
dom”, yəni “Rahat ev” olsun adı. Buna da şef
razılaşmadı, dedi ki, birincisi, rusca ad qoymaq olmaz,
dövlət dili məsələsi. Qayıtdı
ki, niyə Tarqovıda ingilis dilində adlar qoyurlar, rus dilində
olmasın. Şef də dedi ki, dil bir yana,
ad yenə də uyğun deyil. Üçüncü dəfə
Solmaz xanım gələndə dedi ki, atalar üçdən
deyib, bu dəfə mən deyən olmalıdır. “Üç xanım” olsun. Şef də bir az fikirləşdi, dedi yaxşı, siz deyən
olsun. Bura yığılmışdı, - əliylə
boğazını göstərib, -bir söz demədi. Həm də, düzü, ad da şefin ağlına
girmişdi.
- Bəs
niyə üç xanım?
- Hə,
elə onu danışacaqdım indi. Bəlkə
yadınızda olar, Solmaz xanım bir dəfə bura bir
qadınla gəlmişdi?
- Hə, əlbəttə,
yadımdadır, hələ gəlib səni blinçikə
görə danladı həmin qadın.
- Hə,
düzdü. Onlar üç padruqa olublar.
Solmaz, Nailə, məni blinçikə görə
danlayan həmin o qadın, - gülümsədi, yəni
öyrəşmişəm bu danlaqalara, - bir də Ellada
xanım. Ellada xanım hardasa bir il
qabaq rəhmətə gedib, rakdan.
- O da bura
gəlirdi?
- Hə,
iki-üç dəfə burda olub. Rəhmətlik
çox mədəni qadınıydı, bu birilər kimi
deyildi. İndi qalıblar iki padruqa. Elə buna görə axırda ağlına bu ad gəlmişdi,
“Üç xanım” kafesi.
- Hmm,
maraqlıdır, - ofisiantın danışdıqları
doğrudan da mənə maraqlı gəlirdi. - Bura bax,
soruşmaq ayıb olmasın, bu xanım ərdə olub? - xeyli vaxtdı altşüurumda ilişib
qalmış sual üzə çıxdı.
- Yox, məllim,
ayıb niyə olur. Sizcə, o ərdə
olmamış olar? Əlbəttə, əri var, - xoş
xəbər deyirmiş kimi güldü.
- Bəs
onda niyə bura...
- Bilirdim
ki, bu sualı verəcəksiz. Deməli, bir dəfə
Solmaz xanıma qulluq eliyirdim. Bu vaxt içəri kostyumda
“salidni”, ağbaş kişi girdi, getdi
düz Solmaz xanımın yanına. Sizcə,
Solmaz xanımın reaksiyası necə olsa yaxşıdı?
- Niyə
gəlmisən bura?
- Ay sağ olun. Siz, deyəsən
psixoloqsuz.
- Yox,
riyaziyyatçıyam, amma intuisiyamla başa düşdüm.
-
Düzdü, Solmaz xanım hamının yanında yüksək
səslə dedi: Sən niyə bura gəlmisən?
İkimiz də güldük.
-
Qısası, kişi evin
açarını yadından çıxardıb işdə
qoyubmuş, ona görə gəlmişdi. Arvadın
o cür danışmağına heç bir reaksiya vermədi
əri, açarı götürüb sakitcə
çıxıb getdi. Görünürdü
ki, çox mədəni adamdı. Təsəvvür
edin ki, bu kafe açılanda Solmaz xanım bütün
işçilərin bioqrafiyasıyla maraqlandı, harda,
neçənci ildə anadan olub, haranı qurtarıb. Siz də məni bağışlayın, -
pıçıltyla, - süpürgəçilərə qədər
maraqlanırdı ki, kimdi, nəçidi.
- Hmm,
maraqlıdır, - dedim və pauza yarandı.
- Məllim,
gəlin sizə maraqlı bir şey də danışım.
- Aha, əlbəttə,
- dedim.
- Siz
ikinci mərtəbədə, - qaşıyla yuxarını
göstərdi, - üç qadın heykəlini
görmüsüz yəqin.
- Hə, əlbəttə,
fırlanan heykəlləri deyirsiz, Oqinskinin Palanezi
çalır.
Kafenin ikinci mərtəbəsində köhnə
dolablardan birinin üstündə ayaqlarını
ayaqlarının üstünə aşırmış
üç ortayaşlı şlyapalı xanım heykəlcikləri
düyməni basanda yelpiklənə-yelpiklənə bəstəkar
Oqinskinin “Polonezinin” sədaları altında dairəvi
fırlanırlar. Bəzən bunu seyr etmək
üçün mən də ikinci mərtəbəyə
qalxıram.
- ...Onu Solmaz xanım Varşavada olanda alıb gətirib
bizə verib.
Və tapşırıb ki, ora hər dəfə
təzə müştəri gələndə bir dəfə
səsləndirsinlər.
- Bəs
niyə onda ikinci mərtəbə? Bəs özü....
- Başa
düşdüm sizi. Solmaz xanım özü
belə istəyib. Deyir ki, o xanımlar ən
yüksək yerdə olmalıdırlar. Amma
hərdən özü tək olanda, bəzən də Nailə
xanımla ikinci mərtəbəyə çıxıb bir
yerdə o heykəllərin fırlanmasına baxırlar,
Palanezə qulaq asırlar. Hər dəfə
də ikinci mərtəbədən düşəndə mənə
bərk-bərk tapşırır ki, tez-tez tozunu sil o heykəllərin.
Bununla, - önlüyünün cibindən
tünd qırmızı rəngdə məxmər parça
çıxartdı, - tapşırıb ki, ancaq bununla tozunu
al. İnanırsız, gündə iki dəfə tozunu silirəm
o heykəllərin, amma yenə də narazı qalır məndən,
- deyib Fariz yenə gülümsədi. - Bir şeyi də
danışım, bu günlük məncə bəsdir.
- Hə, əlbəttə,
danış görək. Nə qədər istəsən
danış.
- Mən
birinci dəfə buna Solmaz xala demişdim. Mənə
bilirsiz nə demişdi. Bir də mənə
“xala” desən, bu çəngəli dilinə batıracam.
Bir müddət buna Solmaz xanım, Solmaz
xanım deyirdim. Bir dəfə “prikol” (məzə)
üçün buna yenə Solmaz xala dedim. Neynəsə
yaxşıdı, hamının yanında ki, dilini
çıxart. Deyirəm, Solmaz xanım,
zarafat eliyirsiz. Deyir yox e, bu dəyqə dilini
çıxartmalısan, o dedi, mən dedim, mən dedim, o dedi.
Axırda məni inandırdı ki, çəngəli
bərk batırmayacaq dilimə.
Farizə qulaq asa-asa gülməkdən çiyinlərim
tərpənirdi.
- Sən
də dilini çıxartdın?
- Hə,
neyniyim tay.
- Bərk
batırdı?
- Nə
çox yumşaq, nə də bərk, amma öz istədiyinə
çatdı da. Amma bir şey var ki, o gün hardasa
günortadan sonra kafeyə gəlmişdi, adam
demək olar yoxuydu burda...
“Burda”
sözünün “-da”-sını deməmiş kafenin
qapısı açıldı və içəri Solmaz
xanım və yanında on səkkiz-iyirmi yaşında
hündürboylu, uzunayaq, irigözlü, taxma kiprikli, bir
sözlə model bir qız girdi. Keçib Solmaz
xanımın masasının arxasında oturdular. Fariz
yavaşca: “Nəvəsidi,” - deyib mənə göz vurdu,
onlara yaxınlaşdı. Nənə və nəvə
sifarişlərini verəndən sonra çox güman ki,
çöldə başladıqları mübahisəyə
davam eləməyə başladılar: daha doğrusu, nəvə
elə hey hücum edirdi, nənə isə müdafiə
olunurdu:
- Nənə,
sən elə bilirsən anam səni çox istiyir? Elə hesab edirsənsə, çox böyük səhv
eliyirsən, bunu biləsən. Əgər
anam səni çox istəmirsə, onda atamdan, yad kişidən
diqqət, qayğı gözləməyinin heç yeri yoxdu.
- Elya,
imkan ver, sözümü deyim. Sən hələ
uşaqsan, heç iyirmi yaşın yoxdu.
- Eee, yenə
başladın da. Nə yaş e, nə
yaş-yaş salmısan. Söz tapmayanda kənd
arvadları kimi, başlıyırsan cavansan, uşaqsan. Bir də ki, ona qalsa, atalar deyir ki, ağıl
yaşda deyil, başdadı.
- Axı
səndə.... - deyib duruxdu,
davamını gətirəmmədi nənə.
- Hə,
nə demək istiyirsən, ağlım yoxdu. De
də, niyə qorxursan?
Kafenin yarısı bu mübahisəni eşitməməzliyə
vurub öz aralarında söhbət eləsələr də,
mənim kimi qulaqlarını şəkləmişdilər, həm
söhbətin gedişatını izləyir, həm də
sonu gözləyirdilər.
- Yox,
Elya, mən səndən niyə qorxuram ki, - hərçənd
ki, səsindən qorxduğu hiss olunurdu, - Ona görə
yaş məsələsini dedim ki, sənə baxanda çox
şey görmüşəm bu həyatda...
- Nə
görmüsən e bu həyatda? - nənəsinin
sözünü kəsdi. - Adı it dəftərində
olmuyan Memarlıq Universitetində dərs demisən də. Böyük şey eləmisən, camaat gedib Oksfordda
dərs deyir, bu da Azərbaycanın hansısa
dördüncü dərəcəli universitetində dərs
deyib, fəxr eliyir bunnan.
Solmaz xanım elə ağzını açmaq istəyirdi
ki, Elyanın (Elmiranın yəqin) mobil telefonuna zəng gəldi. - Bir dəyqə, nənəsinə
gözünü ağartdı, - Bax, mən
danışa-danışa sözümü kəssən,
özündən küs, - deyib “Yes” düyməsini basdı. Və tamam başqa tonda, əzilə-əzilə
“Herr Ştefanla” (Cənab Ştefanla) almanca
danışmağa başladı. Almanca
bildiyimdən deyilənlərin çoxunu başa
düşürdüm. Bu gözəlçə
Ştefana telefonda deyirdi ki, Frankfurta təyyarə biletini
bronlayıb, sabah vizayla bağlı sənədləri Almaniya
səfirliyinə təqdim edəcək, uzağı dörd
gündən sonra vizanı alacaq, pasportu səfirlikdən
götürən kimi də gedib bron elədiyi bileti alacaq. Yenə əzilə-əzilə Ştefana təşəkkür
edib vidalaşdı onunla. Telefonun “No”
düyməsini basandan sonra da iki-üç saniyə
üzündə təbəssüm ekrana baxdı. Və
birdən nənəsinə baxıb yenə zəhərsifət
aldı:
- Hə,
nə deyirsən, nənə. Mənim heç
nə vecimə deyil, düzünü bilmək istəyirsənsə. Mən üç
illik gedirəm Almaniyaya. Urra, mənim işlərim
düzəlir!
- Əlli yaşlı kişiyə ərə getməyə? - nənə
kinayəli nifrətlə soruşdu.
- Fuu,
bunun dediyi sözə bax. Ştefan əlli
yaşında olsa da, otuz yaşlı cavan oğlan kimidi.
Hər səhər idman eliyir, təbii sok içir, sənin kimi
ucuz siqaret çəkmir, - nifrətlə masanın
üstündəki ağ “Davidoff” qutusunu
göstərdi. - İkincisi, bu, mənim şəxsi
işimdi, kefm istiyər əlli yaşlı kişiyə ərə
gedərəm, kefim sabah başqa cür
olar, həştad yaşlıya ərə gedərəm. Sənə nə var? Getdim e, mən.
Sənin orta əsrdən qalma leksiyalarıva qulaq asmağa həvəsim
yoxdu, nə vaxtım, - deyib yerindən qalxdı.
- Ay
qız, dayan, hara gedirsən?
- Mən
getdim, hələ viza blankını doldurmalıyam.
- Bəs
göbələkli pitsa, kofe zakaz vermişdin?
- Onu
sevimli nəvən Aykaya aparıb verərsən, - deyib dikdaban
ayaqqabılarını taqqıldada-taqqıldada kafedən
çıxdı.
Az sonra
Fariz sinidə iki pitsa və iki fincan qəhvə yanımdan
keçəndə, mənə təbəssümlü bir
göz vurub, Solmaz xanımın masasına
yaxınlaşdı. Və Solmaz xanım ilk dəfə
mülayim tonda:
-
Farizçik, sən pitsaları falqaya bük, mənə gətir,
zəhmət olmasa.
- Bəs
kofeləri neyniyim Solmaz xanım?
- Kofeləri...
Birini özün iç, o birisini də... sizin işçilərdən
kim istəsə, ona ver, de ki, Solmaz
xanım qonaq eliyir.
-
Çox sağ olun, Solmaz xanım, - deyib Fariz dolu siniylə mətbəxə
qayıtdı.
Az sonra
Solmaz xanım əlində dolu paket ağır-kədərli
addımlarla kafedən çıxdı. Maraqlı
o idi ki, Farizin sonra boş vaxtı olsa da, mənə
yaxınlaşıb nənə və nəvə arasında
baş verən qovğalarla bağlı heç nə demədi.
Bəlkə də bunu da desə, mənim
gözümdə qeybətcil obrazında görünmək
istəmirdi. Ya da Solmazgilin sifarişlərini
gətirəndə mənə gülümsəyib göz
vurmaqla demək istəyirdi ki, no comment, yəni hər şey
aydındı, şərhə ehtiyac yoxdu.
Belə
başa düşdüm ki, Solmaz xanım qızı və nəvəsinə
olan hirsini bəlkə də hər axşam kafeyə gəlib
Farizdən çıxır, amma hərdən onunla məzələnir
də, - məsələn, dilinə çəngəl
batırır. Və harmoniya təşkil edən bu hirslənmələr,
məzələnmələr, qarşılıqlı atmacalar
onun stresini qismən aradan qaldırır, hələ ola bilsin, ömrünü də uzadır. Farizin isə dünya vecinə deyil, Solmazın onu
tez-tez “çimdikləməsindən” qəşş edib
gülə-gülə enerji alır. “Ay qoca, - Solmaza
baxıb fikirləşirdim, - dünyanın bicisən sən.
Səndə nələr var. Yüngülvari
sadistliyin tutub bu yaşında, kefindən qalmırsan.
Amma bu nəvə məsələsi heç yaxşı
olmadı ha, ay nənə...” Yeri gəlmişkən,
“Üç xanım” kafesində bircə Fariz Solmaz xanıma
qulluq edə bilərdi, hələ bir dəfə də olsun
başqa bir ofisiantın onun masasına
yaxınlaşdığını və nəyəsə
görə danlandığını görməmişdim.
Hardasa üç aydan çox idi kafeyə getmirdim, -
işsiziydim, pulsuzuydum deyə, kafeyə, çayxanaya getməyi
israfçılıq sayırdım. Nəhayət, təzə işə
düzəldiyim yerdə ilk maaşımı alan
günün axşamı özümü verdim “Üç
xanım” kafesinə. Gözümə ilk dəyən
divar kağızının dəyişməsiydi. Əvvəlki yaşıl rənglinin yerində
sarı yarpaqlar rəsmi olan divar kağızıydı.
Fariz gözümə dəymədi və ayaqlarım
instinktiv məni pilləkənlərə tərəf
apardı. Pilləkənləri iki-iki qalxdım. Fariz həvəslə üç qadın heykəlciyi
ilə bağlı yəqin ki, mənə
danışdıqlarını indi də masa arxasında
oturmuş, dəblə geyinmiş, gündə
qollarını, ayaqlarını qaraltmış, heyrətdən
dodaqları bir-birindən aralanmış iki şokolad qıza
danışırdı. Necə
şövqlə danışırdısa, deyəsən, məni
görmürdü. Az sonra Oginskinin
“Polonez”inin sədaları altında şlyapalı üç
heykəlcik xanımlar yelpiklənə-yelpiklənə
fırlanmağa başlayacaqdı.
29 noyabr,
2013 - 2 sentyabr, 2014, Milan (dəmiryolu vağzalı, Motta kafesi)
- Genuya-Bakı
Alpay AZƏR
525-ci qəzet.- 2016.- 24 sentyabr.-
S.22-23.