Gəncənin müqbil oğlu
“XOŞBƏXT” MƏHASI DAŞIYAN, ƏSL ADI MƏHZ BELƏ OLMUŞ GÖRKƏMLİ SƏNƏTKARIMIZ MOBİL ƏHMƏDOVUN 85 İLLİYİNƏ DOĞMA ŞƏHƏRİNDƏN HƏZİN NOTLAR
“Dördyol” Gəncənin indi də həndəvəri
bu adla tanınan qədim məhəllələrindəndir.
O, şəhərin
cənub hissəsindən keçən iki əsas yolun kəsişməsində
qərar tutduğundan bu cür adlandırılıb. Alış-veriş üçün əlverişli
olan “dörd yolun ağzında” yerləşdiyindən, bu məkanda
yüz illər boyu əsasən tacirlər, baqqallar, eləcə
də dəmirçilər, misgərlər,
qalayçılar və digər peşə sahibləri məskunlaşıblar.
Məhəllədə həmçinin sənətin
xəttatlıq və zərgərlik kimi daha zərif növləri
ilə məşğul olanlar da yaşayırdılar.
Zərgər
Ağamirzənin “balqon”u
İndi “Dördyol”da çox şey dəyişib. Amma məhəllədəki
gözəl binalardan biri bu günümüzədək öz
əzəmətini saxlayır. Bu, adı Gəncədən
kənarda da tanınan, hətta bir neçə işi
hazırda Rusiya muzeylərində də saxlanılan zərgər
Ağamirzənin evidir.
Deyilənə
görə, səxavətli
və xeyriyyəçi Məşədi Ağamirzənin qəribə
bir şakəri də varmış. Xüsusən
yaxınlıqda toy-düyün olanda, əlbəttə, kefi
bunun üçün uyğun vəziyyətdəydisə,
öz eyvanına çıxaraq, aşağıda şənlənənlərin
başına “şabaş” səpməyi sevərmiş.
Zərgərin bu zəif damarını bilən
şənlik əhli qəsdən onun evinin qabağında bir
neçə dəqiqəyə dayanarmış. “Məşədi çıxsın balqona, mehman olaq
biz ona!”- deyə, ev sahibinə tərif
oxumağa başlayan xanəndələrin isə hətta
cingilti ilə səkiyə düşən qızıl
onluqlara sahib olmaq imkanı varmış.
Amma bu ev
yalnız Ağamirzənin adı ilə deyil, onun nəvəsi,
musiqili teatr sənətimizin görkəmli nümayəndəsi,
aktyor və müğənni, Xalq artisti Mobil Əhmədovun
baba yurdu kimi də tanınır.1931-ci ilin sentyabrın 11-də
bu ocaqda dünyaya göz açan və elə zərgər
babasının ona qoyduğu, xoşbəxt, bəxtəvər
mənası verən
“Müqbil” adı ilə 75 illik mənalı və
yaddaqalan bir sənətkar həyatı yaşadıqdan sonra
o, 2006-cı ilin bir yay günü elə bu ocaqdan da son mənzilə,
baba və valideynlərin yanına,Gəncənin qədim “Səbzikar”
qəbiristanlığına yola çıxdı.
Dağətəyi
Gəncənin doğma havasını hər cür kurortlardan
üstün bilib öz yay məzuniyyətini bir qayda olaraq doğma ata evində
keçirən Mobil Əhmədovu da “Ağamirzənin
eyvanı”ndan şəhəri seyr etdiyini tez-tez görmək
mümkün idi. İndikindən fərqli olaraq, ən azı
on il bundan əvvəlki şəhər “publika”sı -
özünün tez-tez işlətdiyi ifadə ilə desək,
“məmə deyəndən pəpə yeyənədək” - hər
kəs, burdan keçərkən, eyvanda oturan Mobili tanıyar,
onunla şəstlə, havada əl yelləyərək
qarşılıqlı salamlaşardı.
İncə
sənətlərə yolçuluq
Mobil müəllim danışardı ki, babası onun zərgər
olmağını arzulayarmış, odur ki, Müqbil 10-12
yaşlarında ona şagirdlik də edibmiş. Universitet təhsilli
müəllim və ədib atası isə oğlunun
özü kimi poeziya və ədəbiyyata bağlı bir
insan kimi böyüməyini istəyirmiş. İki tutarlı fikrin arasında qalan anası isə
oğlunun gələcəyindən söhbət düşəndə
əsl müsəlman qadın kimi, “Allaha pənah” deyirmiş.
Belə baxanda, Müqbil onların hər
üçünün arzusunu yerinə yetirib.Çünki
“... Aktyor ustalığı elə romantik, poetik dərin hisslərin,
ümid və şübhələrin zərgər dəqiqliyi
ilə cilalanaraq birləşməsindən fərdi obrazın
yaradılmasıdır”- bu, Mobil Əhmədovun vaxtilə qəzetimizə
müsahibə verərkən söylədiyi fikirlərdəndir
(Bax: “525-ci qəzet”, 10 sentyabr 2003-cü il.
“Gəncə çinarı kimi”, səh. 7. Elə qarşınızdakı yazıda da yeri
düşdükcə, həmin mənbədən iqtibaslar edəcəyik).
Yüzlərlə
xarakterin yaradıcısının “aktyor-obraz” münasibətləri
haqda mülahizələri də sanki bir məktəbdir:
“Hamı tərəfindən qəbul olunan belə bir” standart”
fikir mövcuddur ki, artist yaratdığı obrazın
bütün xarakterik çalarlarını
tamaşaçıya çatdırmalıdır. Bu, əlbəttə belədir. Amma
mənim fikrimcə, aktyor istənilən rolu ifa edərkən,
yaratdığı obrazdan dah çox öz şəxsiyyətini,
öz tutumunu, öz ruhi aləmini tamaşaçı
üçün aydınlaşdırır. Və bunun nəticəsində, tamaşaçı
ya aktyoru sevir, ya da ona uzun illər sadəcə, dözür.
Üçüncü variant yoxdur!”
Mübaliğəsiz demək olar ki, Azərbaycan
tamaşaçısı öz Mobilini ilk baxışda sevib. O, operetta səhnəmizə
ilk dəfə sərbəst, yaraşıqlı, hətta desəniz,
Avropa tərzli gənc obrazı gətirdi -gözəl, azad
manera, çılğın jestlər, zərif
plastika...Üstəgəl, billur kimi tenor, geniş diapazona
malik qüsursuz vokal.
Tanınmış bəstəkar Vasif Adıgözəlovun
fikrincə, “Mobil Əhmədovun Musiqili Komediya Teatrına gəlişindən
sonra bizim bəstəkarlarımız mürəkkəb vokal
partiyalara malik operettalar yazmaqdan daha çəkinmirdilər. Çünki
bilirdilər ki, burada artıq belə çətinliklərlə
bacara bilən sənətkar var. Odur ki, musiqi səhnəmizin
inkişafının müəyyən mərhələsini
Mobil Əhmədovun adı ilə bağlamaq olar”. Sevimli
bəstəkarımız bu yüksək mülahizələrini
15 il əvvəl, Mobil Əhmədovun
Bakıda keçirilən 70 illik yubiley gecəsində səsləndirmişdi.
Maraqlıdır ki, gənc Müqbil Gəncədən
Bakıya rəssamlıq bacarığını
artırmağa yollanmışdı. Çəkdiyi rəsmləri
yüksək qiymətləndirərək,onu
Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin
birbaşa 2-ci kursuna qəbul ediblər. Amma taleyin hökmü
başqa imiş...
“Bir gün Konservatoriyanın yanından keçərkən,
içəridən, pəncərələrdən
süzülən, könlümü dinləndirən doğma
melodiyaları eşitdim. Axı mən Gəncədə orta məktəbdə
oxuyarkən özfəaliyyət dərnəyinin fəallarından
olmaqla, xalq mahnılarımızın ən gözəl
ifaçısı sayılırdım. Hansısa
qüvvənin hökmü ilə içəri daxil oldum və...qaldım.
Hər şey elə bil nağıldakı kimi
idi. Böyük Bülbül özü ifamı dinlədi və məni
öz sinfinə qəbul etdi. Və bizə
“bülbülsayağı” səsi könüllə birləşdirməyi
öyrətdi” -deyə, o, xatırlayardı.
Konservatoriyanı bitirdikdən sonra, 1961-ci ildən Mobil
Əhmədov taleyini Musiqili Komediya Teatrı ilə
bağlayıb. Həm də Konservatoriyada və İncəsənət
İnstitutunda vokal, aktyorluq və rəssamlıqdan dərs
deyib.
Mobil müəllim hər zaman səthi yanaşmalardan,
formalizmdən, basmaqəlibçilikdən, “yolavermə” fikirlərindən
uzaq olan, yaradıcılığa və həyata orijinal
baxışlı insan olub. Bu xarakterdə
yetişməyinin əsas səbəbini onun uşaqlıqdan həmin
“Dördyol”dakı ata-baba ocağında
görüb-götürdüklərində axtarmaq
lazımdır.
“Uşaqlığım və yeniyetməlik illərim Gəncədə,
“Dördyol”dakı evimizdə keçib. Bu evin
divarları kimləri xatırlamır? Burada Hüseyn
Cavidin, Əhməd Cavadın, Mikayıl Müşfiqin öz
şeirlərini oxuduğu vaxtlar olub. Müşfiq
və Cavad bir müddət atamla həmkar, Gəncə Pedaqoji
Texnikumun müəllimləri idilər. Üzeyir
Hacıbəyov, Müslüm Maqomayev, böyük artist
Hüseynqulu Sarabski də Gəncəyə gələrkən
bu evdə qalıblar”-deyə, Mobil müəllim
xatırlayırdı.
Ədib Səlman
və oğulları
Mobilin atası Səlman Əhmədli Azərbaycan
Pedaqoji Universitetinin ilk məzunlarından olb. Ərəb və fars dillərini
mükəmməl bilən Səlman özü də nəzm əsərləri
yazırdı.Onun yaradıcı işlərinin ən mükəmməli
isə “Leyli və Məcnun” əhvalatının fəlsəfi-sufi
motivlərlə dolu olan öz versiyası, eyni adlı mənzum
romanıdır. Əsərin ideyasını 1933-cü ildə
gənc Səlmanın beyninə” Leyli-Məcnun əhvalatını
dünyada ilk dəfə Gəncədə Nizami nəzmə
çəkib, gəlsənə, bu işi elə Gəncədə
də bitirən sən olasan” deyə, Müşfiq və Cavad
salmışdılar. Dostlarını gedər-gəlməzə
aparan repressiya qasırğası ondan da yan keçə bilməzdi.
Onu “pantürkistləri təqlid edən
arzuolunmaz element” kimi ailəsi - həyat yoldaşı Xuraman və
7 yaşlı oğlu Müğbil ilə birgə dörd
illiyinə Krasnovodska, Türkmənistana sürdülər.
Qayıtdıqdan sonra da əzab və məhrumiyyətlərlə,
ən ağırı, isə könül tənhalığı
ilə üzləşən Ədib Səlman (Gəncədə
onu məhz belə çağırırdılar) artıq
öz “Leyli-Məcnun”unu yalnız öz qəlbinin ehtiyacı
üçün, ürəyi istədiyi anlarda yazaraq 33 il ərzində,
ömrünün bitməyinə bir neçə il
qalmış, 1967-ci ildə yekunlaşdırıb.
Səlman hələ tələbə ikən, 1926-cı
ildə Türkiyədən Bakıya, Birinci Türkoloji
Qurultaya gələn və bir neçə gün universitetdə
mühazirə oxuyan Əli bəy Hüseynzadə ilə
tanışlıq yaradıbmış. Əli bəy
onun Azərbaycan Cümhuriyyətinin təhlükəsizlik
naziri olmuş Nağı bəy Şeyxzamanlının
bacısı oğlu olduğunu bildikdən sonra ona xüsusi rəğbət
göstəribmiş. Buna görə NKVD gənc
tələbəni sorğu-suala da tutub.
Onu da deyək ki, “köhnə cümhuriyyətçilər
nəslindən” olduğundan, sovetin “əmin-amanlıq”
dövründə Mobil də təzyiq olmasa da məhdudiyyətləri
hiss edib. Onu qastrol və ya turist səfərlərinə
yalnız sosialist ölkələrinə buraxıblar.
Bakı əhli o qədər bilməsə də Gəncədə
hamı Mobilin obrazını daim onun qardaşı Bəşir
ilə birgə təsəvvür edib. Ailənin iki
oğlunun arasında 15 yaş fərq olmasına baxmayaraq,
onların istək, əməl və amalları hər zaman
bir olub. Mobil kimi yüksək zövqlü
incəsənət bilicisi olması ilə yanaşı, Bəşir
Əhmədov həm də dərin erudisiyalı, zərgərlikdən
tutmuş tarixi araşdırmaçılığa qədər
işlərdə ən təsəvvürəgəlməz səviyyədə
əməli bacarıqlara malik bir insan idi.
Həmçinin Gəncədə kimin musiqiyə, rəssamlığa, kinoya, tarixi hadisələrə, görkəmli şəxsiyyətlərə dair istənilən sualı yaransaydı, mütləq Bəşirə üz tutardı. Gəncliyindən ömrünün sonunadək hazırda Azərbaycan Dövlət Aqrar Universiteti adlanan ali təhsil ocağında çalışan Bəşir müəllim hələ 70-ci illərdən həmin universitetdə tələbələrin özfəaliyyət yaradıcılığının inkişafı üçün ictimai fakultənin yaradılmasının təşəbüskarı və dekanı olmuşdu. Səsi heç də Mobilinkindən geri qalmayan Bəşir Gəncənin müxtəlif incəsənət kollektivlərinin, o cümlədən, məşhur “Göy göl” ansamblının vokalçı solisti kimi Azərbaycanla yanaşı, keçmiş SSRİ-nin müxtəlif şəhərlərində, eləcə də Çexoslovakiya və Polşada neçə-neçə konsertlərin və festivalların iştirakçısı və laureatı da olub. Təəssüf ki, amansız xəstəlik onu qəfil yaxaladı...Azərbaycan və onun Üzeyir, Müslüm, Fikrət, Qara, Səttar, Toğrul, Rəşid kimi isimlərinin sevdalısı olan Bəşir 2012-ci ilin bir yay gecəsində sonuncu kərə elə Rəşidin oxuduğu “Gülə bilməz, gülüm, bahar sənsiz...” mahnısına dönə-dönə, bir neçə dəfə, üzündə təbəssüm və qəm qarışıq işıqlı bir ifadə ilə qulaq asaraq nəmli gözlərini həmişəlik yumdu.
Bəşir öz atasının mənzum romanını uzun illərdən sonra kitab halına salmaq, çap etdirmək arzusunu nəhayət, gerçəkləşdirə bildi. Amma “Leyli-Məcnun” Gəncəyə onun vəfatının 3-cü günündə yetişdi...
“Susdu birdən-birə elm, təriqət,
Susdu, çünki dindi könül, məhəbbət.
Əhd
bağladılar can ilə könül,
Həmdastan oldular bülbül ilə gül.
Bu gün
açılacaq əzəlin razı,
Gözdə qalmayacaq Əbəd murazı.
Bu gün açılacaq möhürlənmiş mey,
Bu gün faş olacaq dünyada hər şey.
Bu gün kainatın doğar gündüzü,
Baxar Böyük Nura günəşin öz ü.
Qəribə
bir qurğu qurdular bu gün,
Eşq özü, özünə vurular bu gün!”
Bəşir
müəllim söyləyərdi ki, uşaqlıqda, gecə
yataqlarına uzanarkən, ataları Səlman onların
çarpayılarının yanına gələr, titrək,
lakin avazlı bir səslə Mobilə və ona nəyisə
anlatmaq istəyirmiş kimi, öz “Leyli-Məcnun”undan həmən
bu və digər misraları oxuyarmış. Sonra
ata həmin məşhur eyvana çəkilər və gecənin
dərin qatlarına kimi yazıb-pozarmış.
Mobilin övlad və nəvələri
Bakıdadırlar.Nə xoşdur ki, orada sənətkarın
adını daşıyan nəticəsi, balaca Mobil də həyatının
ilk çağlarını yaşayır. Bəşirin
də övladı Türkiyədə ailə həyatı
qurub. Bu qovhaqov dünyamızın gərdişi
nə qədər amansız olsa da hər halda, ümid edək
ki, gələcək nəsillərdən kimsə, nə
vaxtsa, Ağamirzənin “balqon”undan aşağıdan keçənləri
mobilsayağı salamlayacaq.
Zakir MURADOV
Gəncə
525-ci qəzet.- 2016.- 24 sentyabr.- S.20.