Təhlükəsizlik strategiyasına aid dəyərli
əsər
Dünya siyasətinin əsas prinsiplərindən birini təşkil
edən milli mənafe və təhlükəsizlik məsələləri
Azərbaycan müstəqilliyini qazandıqdan sonra
qarşıda duran prioritet istiqamətlərindən biri
olmuşdur. Çünki dövlətin və xalqın mənafe
və maraqlarının özü bunu tələb edir.
Azərbaycan da mürəkkəb geosiyasi bir
coğrafiyada yerləşdiyindən dayanıqlı, gələcəyə
yönəlik bir milli təhlükəsizlik konsepsiyasına
malik olmalıdır. Müstəqilliyini qazanan Azərbaycanın
bu istiqamətdə hazırladığı davamlı və
dayanıqlı konsepsiyalar onun milli mənafe və təhlükəsizliyini
qorumağa yönəldilmişdir. Lakin
milli təhlükəsizlik və mənafelərin qorunması
həm də bir vətəndaşlıq borcudur, peşədir.
Çünki milli təhlükəsizlik fərdlərin
bu işə münasibətindən asılıdır. Hər bir fərdin milli təhlükəsizliklə
bağlı biliklər sistemində,
dünyagörüşündə bu problem başlıca yer
tutmalıdır. Bunu ali məktəblərdə
biliklər sisteminə çevirib tədris etmək əlaqədar
qurumların əsas vəzifələrindən biridir. Ali məktəblərin, universitet və
akademiyaların uyğun bölümlərində bu vəzifə
həyata keçirilsə də, əsas məsələ bu
istiqamətdə yeni proqramların, dərsliklərin və dərs
vəsaitlərinin yazılmasıdır.
Bu mənada siyasi elmlər üzrə fəlsəfə
doktoru, Prezident yanında Dövlət İdarəçilik
Akademiyasının dosenti Cəlil Xəlilovun bu günlərdə
dərc edilmiş “Milli təhlükəsizlik strategiyası”
(Bakı, 2016, 456 səh.) dərsliyi olduqca böyük əhəmiyyət
daşıyır. İndiyədək C.Xəlilovun milli təhlükəsizlik
problemi ilə bağlı bir çox məqalələri ilə
tanış olsam da, tədqiqatın
monumentallığı, aktuallığı və əhəmiyyəti
əsər haqqında fikir demək imkanı verir. Əslində bu vəsait dərslik
adlandırılsa da, elmi sanbalı, məzmunu, problemlərin
qoyuluşu və ona yanaşma baxımından tədqiqatın
da tələblərinə tamamilə cavab verir və ona
görə də onu cəsarətlə dərslik-monoqrafiya adlandırmaq
mümkündür.
Kitabın
elmi redaktoru və rəyçiləri Azərbaycan
Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Politologiya və siyasi idarəetmə
kafedrasının müdiri, professor Nigar Ələkbərova,
Bakı Dövlət Universitetinin Politologiya və sosiologiya
kafedrasının dosenti Məcid Əfəndiyev, Azərbaycan
Respublikası Müharibə, Əmək və Silahlı
Qüvvələr Veteranları Təşkilatının sədri,
general-mayor Dadaş Rzayev, Heydər Əliyev adına Ali hərbi
məktəbin rəisi Füzuli Salahov, Rusiya Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
akademiki, YUNESKO-nun eksperti Nizami Məmmədov və tarix elmləri
doktoru Musa Qasımlı kimi alim və hərbi strukturda
çalışan hərbçilərin olması əsərin
nəzəri və praktik vəhdətini təmin etmiş
olur.
Elmi,
ictimai mühitimiz üçün son dərəcə gərəkli
iki bölüm, doqquz fəsildən ibarət olan dərslikdə milli
təhlükəsizlik strategiyası və onun nəzəri əsasları,
formalaşması və inkişaf xüsusiyyətləri, eləcə
də prioritetləri konseptual şəkildə təhlil
edilir. “Müasir beynəlxalq münasibətlər
nəzəriyyəsində milli təhlükəsizlik problemlərinin
müqayisəli təhlili” fəslində müəllif
problemi daha çox nəzəri istiqamətdə
araşdıraraq təhlükəsizliyin təmin edilməsi məsələsində
beynəlxalq münasibətlər nəzəriyyəsi və
təcrübəsini diqqət mərkəzinə çəkərək
N.Makiavelli, T.Hobs, F.Ratsel, X.Makkinder, N.Şpaykmen kimi görkəmli
geopolitika nəzəriyyəçilərinin əsərlərində
formalaşan siyasi realizm məsələlərinə nəzər
yetirir. Müasir dünyada milli təhlükəsizlik
strategiyasına baxışda müxtəlif yanaşmalar, konsepsiyaların
təhlili ümumi yanaşma üçün zəngin mənbə
olur. İkinci fəsildə Avropa təhlüksizlik
strategiyasının əsaslarının
araşdırılması ona görə yerinə
düşür ki, onun özünəməxsus təhlükəsizlik
strategiyasında bu regionda olan qlobal münaqişələrə
də yer verilir. Bu zaman belə bir fikir vurğulanır
ki: “BMT-nin, habelə onun təhlükəsizlik
Şurasının iki daimi üzvünü birləşdirən
əsas tərəfdaşı kimi Aİ-nin kolleltiv təhlükəsizlik
sistemi yalnız hər bir ölkənin təhlükəsizliyinə
olan təhdidlərə qarşı yönəldikdə legitim
ola bilər, ifrat seçim bu sistemin əsaslarını
sarsıdır”.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil
Xəlilov dərslik-monoqrafiyada kollektiv təhlükəsizlik
sisteminin mahiyyəti, məzmunu və xüsusiyyətlərinə
ayrıca bir fəsil ayırması problemin
aktuallığından irəli gəlmişdir. Belə ki,
indiki zamanda kollektiv təhlükəsizlik, dövlətlərin
sülhə təhdidin aradan qaldırılması, təcavüz
aktlarının qarşısının alınması, yaxud
yatırılmasında beynəlxalq sülhün və təhlükəsizliyin
təmin edilməsini şərtləndirən əsas amillərdəndir.
Beynəlxalq təhlükəsizlik sisteminin
universal və regional məsələləri ilə
bağlı son əlli ildə dünyada qəbul edilən qərarlar
və müxtəlif beynəlxalq təşkilatların fəaliyyəti
yeni dünya təhlükəsizik sisteminin formalaşması
istiqamətində dəyərləndirilir. Dərslikdə
dünyada milli təhlükəsizliyin mürəkkəb,
çoxşaxəli bir sistem olduğu və burada şəxsiyyətin,
cəmiyyətin, dövlətin təhlükəsizlik məsələləri
və onların tərkib hissələri, eləcə də
prioritet istiqamətlərinin başlıca yer tutması
çoxsaylı nümunələr və nəzəri fikirlər
əsasında təhlil edilir.
Dosent Cəlil Xəlilovun “Milli təhlükəsizlik
strategiyası” dərsliyinin böyük bir hissəsi Azərbaycan
Respublikası milli təhlükəsizlik siyasətinin təşəkkülü,
formalaşması və inkişaf xüsusiyyətlərinə
həsr edilmişdir. Müəllif çox doğru olaraq, müasir geosiyasətdə
Azərbaycanın daxili və xarici siyasətinin özünəməxsus
yeri olduğunu, 1993-cü ildən başlayaraq milli təhlükəsizliyin
təmin edilməsinin formalaşması üçün verilən
qərarların, görülən işlərin təkmilləşdirildiyi
və sistemli bir fəaliyyət halına gəldiyini qeyd edir:
“Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə
gəldikdən sonra ən mürəkkəb problemlərdən
biri sayılan regional səviyyədə dövlətin xarici
münasibətlərinin ziddiyyətli, qeyri-sabit xarakteri və
dünya xarici siyasət səhnəsində qeyri-müəyyən
perspektivlərlə üzləşdi”. Buna
baxmayaraq Azərbaycanın xarici siyasət prioritetləri
sırasında beynəlxalq təşkilatlarla əməkdaşlıq,
enerji layihələrinin işlənib hazırlanması və
reallaşdırılması, iki qitə arasında nəqliyyat
dəhlizi rolunun yerinə yetirilməsində mühüm rol
oynaması onun strategiyasını müəyyənləşdirmişdir.
Bütün bunlar ölkənin sabit və
davamlı inkişafını şərtləndirdiyini, ictimai
həyatın bütün sahələrini əhatə edən
dinamik dəyişikliklər prosesinə mühüm təsir
göstərmişdir.
Dərslikdə milli təhlükəsizliyin təmin
edilməsinin hüquqi əsasları, mexanizmləri və
xüsusiyyətləri məsələlərinə ayrıca
bir fəsil həsr edilməsi də yerinə
düşür. Məlumdur ki, informasiya təhlükəsizliyi, dövlət
müstəqilliyi, suverenliyi və ərazi
bütövlüyü, konstitusiya quruluşunun, demokratik,
hüquqi, dünyəvi dövlətin qorunması, vətəndaş
cəmiyyətinin formalaşdırılması, ictimai-siyasi
sabitliyin təmin edilməsi, dünya azərbaycanlılarının
həmrəyliyi və s. normativ hüquqi aktlarla tənzimlənmiş
və inkişaf etdirilmişdir. Bu məsələlərin hər
biri üzərində geniş dayanan müəllif milli təhlükəsizliyin
reallaşması mexanizmləri, milli təhlükəsizliyə
təminatın xüsusiyyətləri və fəaliyyət
rejimləri və s. kimi məsələləri spesifik
funksiyaları yerinə yetirən mürəkkəb struktura malik bir sistem
olaraq təhlil edir.
“Milli təhlükəsizliyin fəaliyyət
sferaları” fəslində onun strukturu, məsələyə
aksioloji yanaşma, fəaliyyətin subyekti, hərbi təhlükəsizlik,
sərhəd təhlükəsizliyi, ekoloji, demoqrafik və
enerji təhlükəsizliyi, informasiya təhlükəsizliyi,
etnik təhlükəsizlik problemləri qoyulur və nəzəri,
təcrübi istiqamətdə konseptual araşdırmalar
aparılır. ABŞ-da 11 sentyabr terror aktlarını və regionda gedən
terrorizm meyllərini önə çəkən müəllif
belə bir nəticəyə gəlir: “Müasir terrorizmin
qlobal miqyasını nəzərə alaraq ehtimal etmək olar
ki, bu, uzunmüddətli təhdiddir. O, yeni beynəlxalq təhlükəsizlik
sisteminin formalaşdırılmasının müxtəlif
aspektlərinə ən ciddi təsir göstərir və
göstərməkdə davam edəcəkdir”. “Azərbaycan
Respublikasının milli təhlükəsizlik sisteminin
inkişaf prioritetləri” fəsli kitabın əhəmiyyətini
daha da artırmış olur. Burada Azərbaycan
Respublikasının milli təhlükəsizlik konsepsiyası,
milli təhlükəsizliyin təmin edilməsində yeri və
rolu, milli maraqlar və mənafelərinin prioritet istiqamətləri
və s. elmi-nəzəri cəhətdən təhlilini
tapır. Milli təhlükəsizliyin
formalaşmasında milli dəyərlər, milli mənafelər
və milli məqsədlərin həlledici roluna diqqət
çəkən müəllif bu məsələlərin hər
birinin komponentləri üzərində geniş dayanaraq belə
bir doğru nəticəyə gəlir ki: “Yalnız milli mənafelər
nəzərə alınmaqla dövlətin uzunmüddətli
siyasi xəttini formalaşdırmaq, onun siyasətini müəyyənləşdirmək
olar”.
Dərsliyin sonuncu “Aparıcı ölkələrin milli
təhlükəsizlik siyasəti” fəslində Amerika, Fransa,
Yaponiya, Almaniya, Çin, Rusiya, Ukrayna, Türkiyə kimi
ölkələrin milli təhlükəsizlik konsepsiyaları
və onların mahiyyəti təhlil edilir. Bu ölkələrin
milli təhlükəsizlik konsepsiyalarının kompleks təhlili
oxucuya imkan verir ki, müasir dövrdə onların xüsusiyyətlərini,
oxşar və fərqli cəhətlərini müqayisə
etsin, dünyada gedən proseslərdə problemə yanaşma
doktrinasının müxtəlifliyini dəyərləndirə
bilsin.
Dosent Cəlil
Xəlilovun “Milli təhlükəsizlik strategiyası” dərsliyinə
“Azərbaycan Respublikasının milli təhlükəsizlik
konsepsiyası”nın əlavə edilməsi
oxucuya konsepsiyanın bütün istiqamətləri, prioritetləri
ilə tanış olmaq imkanı verir. Konsepsiyada Azərbaycan
Respublikasının təhlükəsizlik mühiti, milli
maraqları, milli təhlükəsizliyinə təhdidlər,
onun müstəqilliyi, ərazi bütövlüyü və
konstitusiya quruluşu əleyhinə qəsdlər, müdafiə
qabiliyyətinin möhkəmləndirilməsi, təhlükəsizliyin
daxili siyasət vasitələri ilə təmin edilməsi,
demokratiyanın möhkəmləndirilməsi, milli və dini
tolerantlıq mühitinin qorunması, elm, təhsil, mədəniyyət
siyasəti və mənəviyyatın qorunması, iqtisadi və
sosial inkişaf, informasiya təhlükəsizliyi siyasəti və s. məsələlərlə
bağlı normativlər də yer alır.
Ümumiyyətlə, deyə bilərik ki, dosent C.Xəlilovun “Milli təhlükəsizlik strategiyası” kitabı həm dərslik, həm də bir araşdırma olmaq etibarilə bu sahədə olan boşluğu tamamilə doldurur. Vaxtilə milli təhlükəsizlik strukturlarında çalışmış siyasi elmlər üzrə fəlsəfə doktorunun bu əsərində zəngin təcrübəsi ilə nəzəri biliyinin vəhdəti aydın görünür. Müqayisəli təhlil, elmi ümumiləşdirmələrlə zəngin olan, müəyyən elmi struktura və məzmuna malik dərslik-monoqrafiyada dünyanın aparıcı dövlətlərinin, eləcə də Azərbaycanın milli təhlükəsizlik siyasətinin və beynəlxalq münasibətlər nəzəriyyəsində milli təhlükəsizlik problemlərinin müqayisəli təhlilinin verilməsi tədqiqatçılar üçün də böyük maraq doğurur. Araşdırma zamanı zəngin nəzəri ədəbiyyatlardan istifadə olunması müəllifin problemi beynəlxalq standartlara uyğun olaraq tədqiq etməsini şərtləndirmişdir. Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Cəlil Xəlilovun “Milli təhlükəsizlik starategiyası” dərslik-monoqrafiyası onu deməyə əsas verir ki, müstəqillik dövründə Azərbaycanın milli strategiyası gündən-günə formalaşdığı kimi, onun haqqında da dəyərli tədqiqatlar, əsərlər və dərsliklər yazılmaqdadır. Müasir dövlət təhsil standartlarına uyğun olaraq yazılmış bu dərslik-monoqrafiya inanırıq ki, ali məktəblərin müvafiq ixtisaslar üzrə təhsil alan tələbələri, magistrləri və doktorantları, eləcə də tədqiqatçılar üçün də zəngin mənbə olacaq.
Bədirxan
ƏHMƏDOV
525-ci qəzet.- 2016.- 24 sentyabr.- S.17.