Şəhriyar və “Heydərbabaya
salam”ın əzəməti
17 sentyabr 2016-cı ildə İran İslam
Respublikasının Təbriz şəhərində
böyük İran və Azərbaycan şairi Məhəmmədhüseyn
Şəhriyara həsr edilmiş beynəlxalq konfrans keçirilib.
Təbriz
Universitetinin ev sahibliyi etdiyi konfransda
beş ölkə - İran İslam Respublikası, Pakistan,
Türkiyə, Azərbaycan və Gürcüstanın görkəmli
elm adamları sırasından altı nəfər (hər
ölkədən bir, Azərbaycan Respublikasından iki şəxs)
2016-cı ilin Şəhriyar Mədəniyyət Medalı ilə
təltif edilib.
Azərbaycandan Xəzər Universitetinin təsisçisi,
Direktorlar və Qəyyumlar Şurasının sədri
professor Hamlet İsaxanlı və Bakı Dövlət
Universiteti İlahiyyat fakültəsinin dekanı professor Vasim
Məmmədəliyev Şəhriyar Mədəniyyət
Medalına layiq görülüblər. Onlar konfransda
M.Şəhriyarın yaradıcılığı və sənətkarlığı
haqqında çıxış ediblər.
Şəhriyar
Mədəniyyət Medalının məzmununu ifadə edən,
professor H.İsaxanlıya ünvanlanan təqdirnamədə bildirilir: “İnsanlar və xalqlar
arasında olan əlaqələr,
dünyada mövcud və qarşısı alınmayan əlaqələrdəndir
ki, həyatın axarında fikir, düşüncə, hiss və
həyəcanları bir-birinə bağlayır və dərələrdə,
çaylarda nərə çəkib çağlayır,
böyük insanların imanından, əhdindən və məsuliyyətindən
ilham almaqla varlığın böyük yaradıcısı
Allahın səlahiyyətində olan bəşəriyyətin
pak fitrətinə axıb tökülür.
İndi o hörmətli zəka sahibi, İkinci Beynəlxalq
Şəhriyar Mədəniyyət Medalı Komitəsi tərəfindən
seçilmiş, mədəniyyət medalı və
nişanı almağa layiq görülmüşdür. Təbriz Universiteti təqdim
olunan nişan və təşəkkürnamə
mükafatları ilə Sizin unudulmaz səylərinizi təqdir
edir. Ümidvarıq ki, islam mədəniyyəti
və ölkələrimizin diqqətində olan birliyi
yaratmaqda daima uğur qazana biləcəyik”.
Professor Hamlet İsaxanlının Şəhriyar şəxsiyyəti
və yaradıcılığı haqqında fikirlərinin
ehtiva olunduğu yazını oxuculara təqdim edirik.
18 sentyabr
İranda (İran Azərbaycanında)
“Milli şeir günü”dür, böyük İran və Azərbaycan
şairi Məhəmmədhüseyn Şəhriyarın
doğum tarixi dəqiq bilinmir (1905-6?), dünyasını dəyişmə
tarixi isə 1988-in 18 sentyabrıdır. Digər tərəfdən,
18 sentyabr Azərbaycan Respublikasında “Milli musiqi
günü”dür, böyük Üzeyir bəy Hacıbəyli
1885-ci ili sentyabrın 18-də dünyaya gəlmiş,
1948-ci ildə - Şəhriyardan 40 il əvvəl vəfat
etmişdir. İki Azərbaycanda ilin eyni
günündə iki məşhur şəxsimizlə
bağlı iki müxtəlif milli gün müxtəlif şəkildə
bayram edilir, müxtəlif mərasimlər düzəldilir.
Bu, eyniliyimizin və eyni zamanda fərqli
olduğumuzun daha bir nümayişi deyilmi?!
Məhəmmədhüseyn Təbrizin Bağmeşəli
səmtində anadan olmuşdur. Şair kimi Behcət təxəllüsü
ilə başlamış, sonra Şəhriyar təxəllüsünü
götürmüşdür (Hafizdən fal açmaqla).
Şəhriyarın həyatı dəqiq
faktlarla deyil, rəvayətlərlə, yuxugörmələrlə,
müxtəlif şəxslərin söylədiyi ziddiyyətli
xatirələrlə, falaçmalarla və ... bəlağətlə
doludur. Bunun bir səbəbi Şəhriyarın artıq
sağlığında əfsanələşməsi və
haqqında müxtəlif rəvayətlərin
yayılmasıdırsa, digəri, sözsüz ki, tədqiqatçıların
baxış və üslubları ilə
bağlıdır.Doğum ili dəqiq
bilinmir. İlk kitabının Tehranda nəşr olunma tarixi
(daha çox 1931 deyirlər), atasının ölüm tarixi
(Şəhriyarın xatirələrinə görə
1934-cü il, Tehran) dəqiq məlum deyil. Şirazlı Sürəyya ilə sevgisi haqqında
da çox rəvayətlər danışılır.
Özündən sonra əsərlərinin nəşrində
edilən təhriflər və tərcümədə təhriflər
edildiyindən söz açmaq mümkündür.
Şəhriyarın atası Hacı Mirağa
Xoşginabi vəkil-hüquqçu idi, xeyrxah insan olub (“Mənim
atam süfrəli bir kişiydi/El əlindən tutmaq onun
işiydi”). Şəhriyarın uşaqlıq xatirələrinin
oyanmasında, türkcə şeir yazmağa
başlamasında mühüm rol oynamış anası
Kövkəb xanım 1952-ci ildə Tehranda vəfat
etmişdir. Şəhriyar Xoşginab kəndində
ibtidai məktəbdə və Təbriz şəhərində
bir neçə mədrəsədə oxumuş, sonra Tehrana
getmiş (deyilənə görə 1921-ci ildə), Tehranda
tanışmış şair, yazıçı və
musiqiçilərlə tanış olmuş,
dostlaşmışdır.Tehranda darülfununda oxumuş,
sonra(1924-cü ildə) tibb üzrə ali təhsilə
başlamışdır, lakin son tədris ilində universiteti
buraxmışdır (bunun sürgünlə əlaqəli
olduğu deyilir).Şəhriyar Sürəyya xanımı
sevmiş, Sürəyyanı zorla başqasına
(şahın qohumuna) vermişlər, hər ikisi bu eşqi
özləri ilə yaşatmışlar.
Sürəyya ilə bağlı Tehrandan Nişapur və
Məhşəd tərəflərə sürgün edildiyi
deyilir (1930-35-ci illərdə; əhvalat tam dəqiq bilinmir,
1935-ci ildə Tehrana qayıtmışdır). Şəhriyarın əvvəlcə
farsca yazdığı, sonra Azərbaycan türkcəsində
səsləndirdiyi - bu, onun bir şeiri iki dildə yazmaq barədə
yeganə təcrübəsidir - “Behcətabad xatirəsi”
(Tehranda göl və park adı) qəzəli həmin
dövrdəki görüş intizarından bəhs edir
(Şəhriyar Sürəyya ilə son dəfə
görüşmək istəmiş, Sürəyyanın
anası qızının Behcətabad parkına gələcəyini
vəd etmiş, Şəhriyar gözləmiş, lakin Sürəyya
gəlməmişdi):
...Yatmış
hamı, bir Allah oyaqdı,
daha bir
mən
Məndən
aşağı kimsə yox,
ondan da
yuxarı.
...Qorxum
budur,
yar gəlməyə
birdən yarıla sübh
Bağrım yarılar, sübhüm, açılma, səni
tarı.
...Eşqi
var idi Şəhriyarın güllü, çiçəkli
Əfsus, qara yel əsdi, xəzan oldu baharı.
Yalnız
üç beytini gətirdiyimiz bu qəzəl Şəhriyarın
poetik ustalığını gözəl nümayiş etdirən
və sadə olduğu qədər də dərin
duyğuları gözəl ifadə edən şeirlərdən
biridir!
Şəhriyar 1953-cü ildə əmisi qızı
Əzizə ilə evləndi; Şəhriyar və Əzizə
xanımdan bir oğul və iki qızı
qalmışdır.
Şəhriyar 1953-cü ildə Tehrandan Təbrizə
köçmüş, Tehrana gedib-gəlmiş, 1973-74-cü
illərdə bir qədər Tehranda yaşasa da yenə Təbrizə
dönmüşdür (1974-cü ildə Əzizənin
Tehranda ölümündən sonra). Şəhriyar xəstələnmiş,
müalicə üçün Tehrana aparılmış,
1988-ci ildə orada dünyasını dəyişmişdir.
Ana-atası Qumda, həyat yoldaşı Tehranda torpağa
verilmiş, lakin Şəhriyar özünün Təbrizdə
dəfn olunmasını vəsiyyət etmiş və
Təbrizdə, Sürxabda, Məqbərətü`ş-Şüarada
(Şairlər məqbərəsində) torpağa
tapşırılmışdır.
Şəhriyar İranın böyük şairi kimi
şöhrət qazanıb, klassik İran poeziyasının
yeni layiqli davamçısı sayılıb, şeirlərinin
böyük əksəriyyəti farscadır, farsca
yazılmış əsərləri küllisi irihəcmli və
çoxcildlidir. Bu əsərlərin və ya onların
seçilmiş hissəsinin Azərbaycan türkcəsinə
sətri/filoloji tərcümə edilməsi yaxşı
olardı; bu, Şəhriyar irsinin azərbaycanlı tədqiqatçılar
tərəfindən daha dərindən öyrənilməsinə,
poetik tərcümə zamanı ciddi təhriflərə yol
verilməməsinə və yeni poetik tərcümələrin
yaranmasına kömək edərdi.Şəhriyar 20-ci əsr
İran ədəbiyyatında əsasən klassik divan ədəbiyyatına
xas olan qəzəl və qəsidə ustası kimi yer
tutmuş, onun haqqında yeni dövrün Hafizi kimi fikirlər
yayılmışdır. Bu yazı əsasən Şəhriyarın
Azərbaycan türkcəsində yazdığı (sayı
yüzü keçməyən)şeirlərdən
təsirlənərək yazılmış, müəyyən
müqayisə və paralellərə qısa nəzər
salınmış, yazını hər kəsin oxuya bilməsi
üçün onun bütövlüyünə səy
edilmişdir.
Firdovsi,
Nizami, Sədi, Mövlanə Cəlaləddin Rumi, Hafiz, Cami
kimi nəhənglərin ilhamı fars
dilində möhtəşəm poeziya aləminin
yaranmasına səbəb olmuşdur. Çox zəngin klassik
poeziya məkanı olsa da, 20-ci əsrdə İranda da
yenilikçilərin, Avropa mədəniyyətini əxz etmək,
“Avropanı Şərqə gətirmək” tərəfdarlarının meydana çıxması təbiidir.İran
poetik dünyasında yenilikçi cərəyanın lideri
Mazandaranlı (Yuş`lu) Nima Yuşic (1895/96-1960)
Avropasayağı yazmaq, sərbəst vəzndə yazmağa
çalışmaq, tək özümüz üçün
deyil, dünya üçün yazmaq məsələsini ortaya
açmış, bu üslubda yazmış və məşhurlaşmışdır.Fransız
poeziyasını orijinalda öyrənən və ondan təsirlənərək
yazan Nimanı modern İran poeziyasının banisi sayırlar.
Əruz və sərbəst şeir tərzlərini
bir-birinə qovuşduran və şeirlərində canlı
danışıq dilinin gücünü göstərən
Nima həmçinin poetik yaradıcılıq üsulları
və psixologiyası üzrə əsərlər müəllifidir.
Nima məktəbinin, modern İran poetik məktəbinin
davamçıları arasında Əhməd Şamlu
(1925-2000) xüsusi seçilir. Nimanın
poetik ilham və gözəlliyi tərənnüm edən
“Əfsanə” poeması (1921-22) məşhur olmuşdu.
Şəhriyar onun təsiri ilə “İki cənnət
quşu”nu yazmışdı. Amma Şəhriyar,bir qədər yenilikçi təsirlərə
məruz qalsa da, əsasən klassik şərq şeir
üslubunda yazmış, sevilən, əzbərlənən
şöhrətli milli şair olmuşdur. Şəhriyarın
yenilikçilərlə arası dəymiş, Şəhriyarın
qəzəlxanlığı və ictimai-siyasi
baxışları yenilikçilərin tənqidinə məruz
qalmışdır. Rza Bərahəni Şəhriyar əleyhinə
qalxmışdı: “Şəhriyar əbədilik
keçmişdə qalıb, Şəhriyar yalnız
yaxşı bir qəzəlxandır” (1972). Deyilənə
görə, yenilikçilər çoxu solçu, Şəhriyar
isə nə sağçı, nə solçu idi (?). Şəhriyarı saray şairi sayanlar da
olmuşdur.
Onu da qeyd
etmək yerinə düşərdi ki, Türkiyə vasitəsilə
fransız poetik ənənələri ilə tanış olan
Mirzə Tağıxan Rafət (1887-89?-1920) sərbəst
şeirlər yazsa da (əsasən farsca, qismən türkcə
və fransızca), İranda türkcə modern şeir/sərbəst
şeir cərəyanının lideri, yəqin ki, onun
davamçısı sayılan və özü də
Türkiyədə ali təhsil almış Həbib Sahir
(1903-1988) olmuşdur(Həbib Sahir və
Şəhriyar mədrəsə yoldaşı olublar). Bu yerdə bənzər hadisələrin daha əvvəl
şimalda baş verməsini də yada salmaq olar. Abbas Səhhət
(1874-1918) rus və qərb ədəbiyyatdan etdiyi tərcümələrinə
- “Məğrib Günəşləri” kitabına (1912)
yazdığı giriş sözündə bir məqsədinin
qərblilərin necə şeir yazdığını
göstərmək olduğunu söyləmiş və bunun
bizim şairlər üçün faydalı ola
biləcəyini demişdi (onlar şərqliləri tərcümə
edib öyrənirlər, biz niyə bu cür etməyək?!).1920-ci
illərin sonu və 30-cu illərdə rus şairi V.
Mayakovskinin, qismən də türkiyəli Nazım Hikmətin
təsiri ilə Sovet Azərbaycanında sərbəst vəzn
dəbə minmişdi.20-ci əsr Sovet dövrünün ən
məşhur Azərbaycan şairi Səməd Vurğun
(1906-1956) da sərbəst şeir dəbinə cavab vermiş,
lakin onun bu marağı uzun davam etməmiş, hecanın
musiqinin ahəngi onu öz qoynuna almışdı. Digər tərəfdən, düşünürəm
ki, şimalda - Azərbaycanda zaman-zaman qəzəlxanların
meydana gəlməsində (Ə. Vahid!) və ya heca vəznində
yazan şairlərin bəzən qəzəl janrına
müraciət etmələrində klassik poeziyanın təsiri
ilə yanaşı söz olaraq qəzələ bağlı
olan muğam sənətinin rolu da mühüm olmuşdur.
Şəhriyarın
Azərbaycan türkcəsində ilk əsəri- “Heydərbabaya
salam”ın (1-ci hissənin)1952-53-cü illərdə
Tehranda yazıldığı, mümkündür ki, Təbrizdə
tamamlandığı güman olunur, əsər 1954-də Təbrizdə
nəşr olunmuşdur. Təbrizdəki nəşrdən bir
neçə ay sonra “Heydərbabaya Salam” Türkiyədə
bilinmiş, “Azərbaycan” dərgisində dərc olunmuşdur
(1954-55), üstəlik bu əsərə ilk səs verənlərdən
biri yenə Türkiyədə, həmin dərgidə
çox həssas və uzaqgörən bir adla - “Edebi bir
Hadise” adlı məqalə ilə çıxış edən
Məhəmməd Əmin Rəsulzadə olmuşdur
(“Azerbaycan” dergisi, 1955, No 4-5). “Heydərbabaya
salam”ın ikinci hissəsinin 1963-65-ci illərdə
yazıldığı deyilir, 1964-cü ildə Təbrizdə,
1965-ci ildə Türkiyədə (“Türk kültürü”dərgisində)
və 1966-cı ildə Bakıda nəşr olunmuşdur.
“Heydərbaba” Təbriz
yaxınlığındakı Xoşginab kəndinin
yanında bir dağın adıdır.
“Heydərbabaya salam” Azərbaycan poeziyasında ən
çox sevilən və əzbərlənən əsərlərdən
biri olmaqla öz dövrünün şeirsevərlərinin və
sonrakı nəsillərin yaddaşında xüsusi yer
almış, onun təsiri böyük olmuş, müxtəlif
şairlər tərəfindən ona çox nəzirə, bənzətmə
və ya sadəcə cavab yazılmışdır; Şəhriyar
onların bir qisminə şeirlə cavab vermişdir. Əsər bir çox dillərə,
o cümlədən, farscaya (1993) tərcümə
olunmuşdur.Poema ilk sətirlərindən sadə
insanların danışdığı tərzdə,şirin Təbriz ləhcəsində gedən
söhbət təsiri bağışlamaqla Şəhriyar qələminin
qeyri-adi hiss-həyəcan yaratmaq gücünü
nümayiş etdirir:
Heydərbaba,
ildırımlar şaxanda
Sellər-sular
şaqqıldayıb axanda
Qızlar
ona səf bağlayıb baxanda
Salam olsun
şövkətüzə, elüzə
Mənim də bir adım gəlsin dilüzə.
Türkdilli oxucular arasında Şəhriyarı məşhur
edən məhz “Heydərbabaya salam”dır. Daha çoz əzbərlənən
və alıntılar edilən bəndlər əsərin
birinci hissəsindədir, onlardan şəxsi xatirələri
deyil, dünya, həyat və ölüm haqqında
düşüncələri ehtiva edən bəzi bəndləri
yada salıram (“Heydərbabaya salam” haqqında danışarkən
və yazarkən əsərdən xeyli alıntılar etmədən
keçinmək mümkünsüzdür...):
4. Heydərbaba,
gün dalıvı dağlasın
Üzün
gülsün, bulaqların ağlasın
Uşaqların
bir dəstə gül bağlasın
Yel gələndə
ver gətirsin bu yana
Bəlkə mənim yatmış bəxtim oyana.
5. Heydərbaba,
sənin üzün ağ olsun
Dört
bir yanın bulaq olsun, bağ olsun
Bizdən
sora sənin başın sağ olsun
Dünya
qəzov-qədər, ölüm-itimdi
Dünya boyu oğulsuzdu, yetimdi.
6. Heydərbaba,
yolum səndən kəc oldu
Ömrüm
keçdi, gələnmədim, gec oldu
Heç
bilmədim gözəllərin necoldu
Bilməz
idim döngələr var, dönüm var
İtginlik var, ayrılıq var, ölüm var.
49. Heydərbaba,
dünya yalan dünyadı
Süleymandan,
Nuhdan qalan dünyadı
Oğul
doğan, dərdə salan dünyadı
Hər
kimsəyə hər nə verib alıbdı
Əflatundan bir quru ad qalıbdı.
69. Heydərbaba,
göylər bütün dumandı
Günlərimiz
bir-birindən yamandı
Bir-birizdən
ayrılmayın, amandı
Yaxşılığı
əlimizdən alıblar
Yaxşı bizi yaman günə salıblar.
71. Bir
uçaydım bu çırpınan yelinən
Bağlaşaydım
dağdan axan selinən
Ağlaşaydım
uzaq düşən elinən
Bir
görəydim ayrılığı kim
saldı?
Ölkəmizdə
kim qırıldı, kim qaldı?
76. Heydərbaba,
sənin köylün şad olsun
Dünya
varkən ağzın dolu dad olsun
Səndən
keçən tanış olsun, yad olsun
Deynə
mənim şair oğlum Şəhriyar
Bir ömürdür qəm üstünə qəm
qalar.
Əsər, deyilənə görə, anası Kövkəb
xanımın” nə yazdığını bilmirəm, mənim
başa düşmədiyim dildə yazırsan” sözlərindən
sonra yazılmışdır (anasının təsiri olub,
amma o, dəqiq beləmi deyib, yoxsa sadəcə, öz
danışığı ilə Şəhriyarda həzin
uşaqlıq xatirələrimi oyadıb?!). Uşaqlıq (və ilk gənclik)
xatirələri sənət adamlarının
yaradıcılığında həmişə böyük
rol oynayıb, bu, Şəhriyar
yaradıcılığında da aparıcı xətlərdən
biridir (“Heydərbabaya salam”, farsca yazılmış “Gecənin
əfsanəsi”,...).Xüsusilə,
uşaqlığını kənddə, kənd mühitində
və təbiət qoynunda keçirən və sonralar şəhərdə
yaşayanların xatirələri sanki daha kövrək olur (bəlkə
də burada şəhər mühitinin doğma kənd
mühitindən fərqi təsiredici rol oynayır?!). Jean-Jacques
Rousseau (1712-1778) insanın təbiətə, “təbii hal”a
qayıtması fəlsəfəsi ilə “uşaq mütləq
bir müddət kənddə yaşamalı, təbiətlə
iç-içə qalmalıdır” fikrini ortaya
atmışdı.Həyatın isə öz cərəyanı
var, tək indi deyil, lap qədimlərdə də insanlar kəndlərdən
şəhərlərə axışmışlar:
Şəhər
yeni, kənd əzəldi
Şəhərlilər
kənddən gəldi...
Oxumağa
gələn də çox
Ağlayan
da, gülən də çox
Şəhər
üçün ölən də çox...
Biri
haya-küyə gəldi,
Biri məzə-meyə
gəldi,
Bilməsə
də nəyə gəlgi
Şəhər
deyə-deyə gəldi,
Şəhəri
görməyə gəldi,
Şəhərdə
ölməyə gəldi...(“Şəhərlilər
kənddən gəldi”, Hamlet İsaxanlı - “Bu da bir həyatdı”,
Bakı, 2004)
Şirin uşaqlığını hər kəs
xatırlayır və bu anlar qəribə hisslər
keçirir; şair bu hissləri misralara düzə bilir. “Heydərbabaya
Salam” Şəhriyarın öz uşaqlığı ilə,
uşaq vaxtı onu əhatə edənlərlə, xalqla, təbiətlə
söhbətidir. Yüksək sənətkarlıqla
aparılan bu söhbət gah bulağın zümzüməsini,
gah çayın şırıltısını, gah dənizin
ləngərini andırır, gah da sellərlə,
ildırımlarla müşayiət olunur. Şəhriyar sevinc və məhrumiyyətləri əvvəlki
şairlərə bənzəməyən bir dildə və tərzdə,
belə demək mümkünsə, folklor gücü ilə təsvir
edir. Bu söhbət bizi də arxasınca aparır, çünki
bizim hisslərimizdən də xəbər verir - budur sənətin
qüdrəti! Şairlik həm də içimizdə
yaşayan uşaqlığın zümzüməsidir,
uşaqlıq sevdasıdır:
Bir
gün günaha batdım -
İçimdəki
sadə, təmiz,
Başqa
nəfəs toxunmamış,
Məslislərdə
oxunmamış
Şeirə
bənzər misraları
Silkələyib oyatdım.
Sətir-sətir,
cümlə- cümlə
Qələmimlə
Bəzəyib
çölə atdım,
Özümə
iş yaratdım.
Qafiyəli,
musiqili sözümü
Kağıza
köçürməkdən
Saxlamışdım
özümü
Neçə kərə.
Sözümü
vurdum yerə,
Uydum sevdalı şeirə.
Bağışlayın,
Gücüm
yox, bu olasıydı,
Bu,
uşaqlıq sevdasıydı...(“Şeirlərim”,
Hamlet İsaxanlı - “Bu da bir həyatdı” kitabından).
Azərbaycan
türkcəsində yazdığı şeirlərində
Şəhriyar el ədəbiyyatından yaxşı məlum
olan beş misralı aaabb qafiyəli
şeir növündən çox istifadə etmişdir. S.
Vurğunun məşhur “Azərbaycan” şeiri kimi:
Sıra
dağlar, gen dərələr
Ürək
açan mənzərələr
Ceyran
qaçar, cüyür mələr
Nə
çoxdur oylağın sənin
Aranın, yaylağın sənin.
Səməd Vurğun Şəhriyarı tanımağa
macal tapmadı, 1955-ci ildə ağır xəstələndi
və 1956-cı ildə vəfat etdiyi üçün “Heydərbabaya
salam” haqqında eşitmədi. Lakin S. Vurğunun
şöhrəti Şəhriyara gəlib
çatmışdı (“Səmədin də sözündən
öp” deyə yazmışdı - “Qardaşım Süleyman
Rüstəmə”). Şəhriyarın “Heydərbabaya
Salam”la (1-ci hissə 76, 2-ci hissə isə 48, bir variantda - 49 bənddən-beşlikdən
ibarət olmaqla) başladığı bu üslub “Ağa
Mirsadığın xeyrati”, “Məmməd Rahim həzrətlərinə
cavab”, “El bülbülü”, “Ayrılıq” (Qardaşım
Süleyman Rüstəmə ithaf), yenə “Qardaşım
Süleyman Rüstəmə” (8-hecalı), “Döyünmə-söyünmə
(Rüstəm Əliyevə), “Sənəti-məmləkət”,
“Əncela” kimi şeirlərində də işlənilmişdir.
Türkcə
yazan böyük şairləri - Füzuli, Vaqif, xüsusilə
S.Ə. Şirvani və M.Ə. Sabir, həmçinin
aşıq ədəbiyyatını yaxşı bilmiş,
onlara farsca və Azərbaycan türkcəsində bənzətmələr
yazmışdır, o cümlədən, Vaqifin “bayram oldu”
şeirinə farsca “Camal və Kamal” adlı qəzəl
yazmışdır. Şəhriyar
yaradıcılığında S.Ə. Şirvaninin qəzəllərinin
və Sabirin “Hophopnamə”sinin təsiri açıq hiss
olunur. Müraciət etdiyi və ilham
aldığı qaynaqlar arasında Əsli-Kərəm, Koroğlu,
Qaçaq Nəbi, bayatılar və mahnılar (məsələn,
“Bakıdan fanar gəlir”) olub.
Şəhriyar öz müasiri olan Sovet Azərbaycanı
şairlərini, yəqin ki, əsasən məktublaşmalar
zamanı daha yaxından tanımağa
başlamışdı. Üzeyir bəy Hacıbəylinin adını çəkməsə
də, məşhur “Məşədi İbad” və
“Arşın malçı”nı yada
salır.
Şəhriyarın
“Heydərbabaya salam”dan sonra ən çox diqqət çəkən
əsərlərindən biri öz həmvətəni
şair Bulud Qaraçorlu Səhəndə (1926-1979) cavab
olaraq yazdığı
“Səhəndim” və ya “Səhəndiyyə”dir.Səhəndiyyə”
aşıq divani ruhu ilə yoğrulmuş kimidir, formaca pilləvari
şeirdir, qafiyələri sanki axıb gedir və xüsusi qəlibə
tabe deyil. Yanğının, hisslərin çılpaq, bəzəksiz
ifadəsi olan “Xan nənə” şeirini də şair
xüsusi bənd və qafiyə sisteminə tabe etməmişdir.Qeyd
edim ki, Səhənd türkcə yazan çağdaş
İran şairləri içində Şəhriyarın ən
yüksək qiymət verdiyi şairdir. Bir neçə
şeirində Səhəndi yüksək qiymətləndirir,
onu (və tək onu) özü ilə yanaşı tutur:
Fürsətdə
Səhənd ilə sizə gül səpərik biz
Hər göz sizi görmüşsə, o gözdən
öpərik biz (“Döyünmə-söyünmə”).
Həm “Səhəndiyyə”
Səhəndin dağın etdi
başuca
Həm mən
öz qardaşımın
həqqini ifa elədim (“Dərya elədim”).
Şəhriyar
arzı-göz oldu ki, Səhəndilə gələ
Bəxtiyar məclisinə, başda Süleyman Rüstəm
(“Can Rüstəm”).
Şəhriyarın
türkcə şeirlərinə xas olan kövrəklik,
nisgil, səmimilik,dil (zəngin, obrazlı
təbriz dialekti), divan ədəbiyyatı və xalq ədəbiyyatının
sintezindən doğan ləngərli axıcılıq onu hər
kəsdən fərqləndirir. “Türkün məsəli,
folkloru dünyada təkdir” (“Türkün dili”) - Şəhriyarın
bu misrası Fuad Köprülünün Azərbaycan ədəbiyyatın
güclü tərəfi onun zəngin folklorudur fikri ilə
tuş gəlir. Azərbaycan türkcəsinin zənginliyinə
qovuşub onu canlandıran, ona xüsusi ifadələr gətirən
nəhənglərimiz olub -Füzuli, Üzeyir Hacıbəyli,
Cəfər Cabbarlı və Səməd Vurğun kimi, Şəhriyar
da bu sıradadır. Türkcə şeirlərini
əsasən heca və əruz vəznlərində yazıb.
Əruz nəfəsli hecası var Şəhriyarın! Ritmik dayanacaqlar (senzuralar; məsələn, 11
hecalı misralarda 6+5 və ya “Heydərbabaya salam”ın
yazıldığı 4+4+3 bölgüləri) Şəhriyar
şeirlərində pozula bilir. Şəhriyarın
türkcə şeirlərində yazılı ədəbi
dil normaları deyilən qəliblərdən kənara
çıxmalar az deyil. Bu, məncə, əruz
vəzninin şairi olmaqdan, canlı danışıq ləhcəsindən
istifadə etməkdən və sadəcə, Şəhriyarın
türkcədə ədəbi dil normaları haqqında
düşünməməsindən irəli gəlir, Şəhriyar
bu normaları vecinə almır, bildiyi,
danışdığı dili yazır...Sərbəstdir,
qafiyələrdə hərfilik güdmür, fikir təbii
axarını tapır. “Dədəm Qorqud”un
şeirləri də hesabla deyil, yırğalanır, ahənglədir,
pilləvaridir.
Şəhriyar öz poetik yaradıcılığı
barədə təvazökarlıq etməmiş, həm
şairlik qüdrətini, həm türkcəyə töhfəsini,
həm “Heydərbabaya salam”ın möcüzəsini dəfələrlə
yada salmış, tərif etmişdir. Özünü əsrimizin
Hafizi və Saibi adlandırmışdır. Yeni bir Hafiz doğulması mümkündürmü?
Belə bir dövrədə Hafiz doğulur?
Bir
ümid varsa qalıb məncığaza... (“Cəhad
fərmanı”).
Şeirlərinin İranda, Türkiyədə, Qafqazda
böyük rəğbət gördüyünü, “vəlvələ”
yaratdığını, yazır. “Türkü bir çeşmə isə,
mən onu dərya elədim” (“Dərya elədim”), buna bənzər
ifadələrə Füzuli və Əlişir Nəvaidə,
fars dili haqqında isə Firdovsi`dərast
gəlinir, onların buna böyük haqqı var. Şəhriyar
yaradıcılığının böyük hissəsinin
farsca olmasına işarə vuranlara”Elimin farsca da dərdini
söylər diliyəm mən” (Səhəndiyyə) deyir.
“Türkün dili”ni tərif edir, bu barədə
xüsusi şeir yazır, lakin bununla yanaşı, bədəni
və paltarı olub ürəyi olmayan şeirin əsl
şeir olmadığını deyir, dadlı-duzlu şeirə
və əsl şairə ehtiyacı vurğulayır:
Türkün
dili tək sevgili, istəkli dil olmaz
Ayrı dilə qatsan bu əsl dil əsil olmaz.
...Bişmiş
kimi şeirin də gərək
dad-duzu
olsun
Kənd əhli
bilirlər ki,
doşabsız xəşil olmaz.
...Şair
ola bilməzsən, anan doğmasa şair
Missən,
a balam,
hər
sarı köynək qızıl olmaz.
Heydərbaba
dağından əvvəl, yenə S. Vurğunu, onun Göyəzən
dağını yada salıram:
Göylərə
baş çəkir Göyəzən dağı,
Axşam açıq olur Ayın qabağı.
Bizim gəlinlərin
bayram qabağı
Fəsəli yaymağı yadıma düşdü.
Deyilənə
görə, Qazaxdakı bir təpəni - Göyəzən
dağını ilk dəfə görən şair
dostlarından birinin “Ay Səməd, bu göylərə
qaldırdığın Göyəzən adi bir təpə
imiş” sözünə S.Vurğun zarafatla (amma yəqin, bir
qədər də qürurla) “şairin gücü elə təpəni
əzəmətli dağa çevirə bilməsindədir”
deyə cavab veribmiş. Şəhriyar da Heydərbaba
dağını/təpəsini əzəmətli bir dağa
çevirdi!
Bax ki,
Heydərbaba əfsanə tək olmuş bir Qaf
Mən kiçik bir dağı sərmənzil-i ənqa
elədim (“Dərya elədim”).
Azərbaycan Respublikasının prezidenti Heydər
Əliyev bir müsahibəsində “ən çox sevdiyin
şair kimdir” sualına Şəhriyar, ən çox sevdiyin
şeir hansıdır” sualına isə S. Vurğunun “Azərbaycan”
şeiri deyə cavab vermiş, bununla Şəhriyar və
S.Vurğunu, həmçinin iki Azərbaycanı yanaşı
qoymuşdu. Bu yazıda bu iki böyük şairin adını
bir neçə dəfə yanaşı çəkdik.
Onlar Azərbaycan poeziyası səmasında
parlayan ulduzlardır, bənzərsiz poetik incilər
yaratmışlar. Səməd Vurğunun
“Vaqif” dramı poeziyamızın təkrarolunmaz şah əsəridir,
onu keçən heç nə yazılmadı, nə S.
Vurğunun özünün, nə digər şairlərin
buna qüdrəti çatmadı.
Eyni fikri “Heydərbabaya Salam” haqqında da demək olar. Şəhriyar
əsasən “Heydərbaba şairi” kimi tanındı və məşhurlaşdı.
Məşhur əsərlər (o cümlədən,
S.Vurğunun “Vaqif”i, Şəhriyarın “Heydərbabaya salam”ı)
sanki ilhamın möcüzəli qanad açması ilə,
sanki vəhy ilə gəlmişdir, onların tayı olmur.
Şəhriyarın “Heydərbabaya salam” və Azərbaycan
türkcəsində yazdığı digər şeirləri
maraqlı deyimlərlə, məcazlarla, oynaq naxışlarla
bəzənmişdir. Təhlildən vaz keçərək yuxarıdakı
misallara bir neçə misra da əlavə edək:
...Bizə
bir din qala bilmişdi miras,
bir də
İran
Din gedəndə
dedi: “tək getmərəm”, İran ilə getdi.
...Hava
insanı boğur, baş-başa “qaz, karbonik” olmuş
Yel də əsmir, elə bil yel də Süleyman ilə
getdi.
...Türki
olmuş qədəğən, divanımızdan da xəbər
yox
Şəhriyarın dili də “vay” deyə divan ilə
getdi (“Getdi”).
Tehranın
qeyrəti yox
Şəhriyarı
saxlamağa
Qaçmışam
Təbrizə, qoy yaxşı-yaman bəllənsin
(“Şatır oğlan”).
Çoxlar
incikdi ki, sən onlara naz eyləmisən,
Mən də
incik ki, mənim nazımı az eyləmisən.
...Bu
gözəllik ki, cahanda sənə vermiş tanrı,
Hər qədər
naz eləsən eylə ki, az eyləmisən.
... Mən bu mənada qəzəl yazmağa
halım yox idi,
Sən mənimtək qocanı fırfırabaz eyləmisən (“Naz eyləmisən”).
Burada Səməd Mənsurun “Naz et” (“Naz et mənə, ey sevgili yarım, mənə naz et”) şeirinə Ə. Vahidin “Təxmis”i yada düşür (Yansın dilim ağzımda, desəm nazüvi az et/Naz et mənə, ey sevgili canan, mənə naz et...).
Şair millətin qoyun olmasını istəmir, bu təhlükə onu qorxudur:
Qorxum
budur oyun ola
Millət
yenə qoyun ola”
(Qardaşım
Süleyman Rüstəmə).
Və ya:
İtimiz
qurd olalı, biz də qayıtdıq qoyun olduq
İt ilə qol boyun olduq.
...Bir də
baxdıq it ilə qurd arasında
oyun
olduq
İt ilə qol-boyun olduq (“Qoyun olduq” müstəzadı).
Nümunələri
“Səhəndim”dən götürülmüş misralarla
bitirirəm:
Şeir
yazanda qələmindən baxasan dürr səpələndi,
Sanki ulduzlar ələndi.
Söz
deyəndə görəsən qatdı gülü,
püstəni, qəndi,
Yaşasın
şair əfəndi!
...Gecələr
orda gümüşdəndi,
qızıldan nə günüzlər,
Nə
zümrüd kimi dağlardı, nə mərmər kimi
düzlər,
Nə
qızıl telli inəklər, nə ala gözlü
öküzlər,
Nə
gözəl, ay kimi üzlər!
...Lalə
bitdi yanaq oldu,
Qonça
güldü dodaq oldu,
Nə sol
oldu, nə sağ oldu,
Hamısı
birsayaq oldu!
...Yad məni
atsa da,
öz
gülşənimin bülbülüyəm mən,
Elimin
farsca da dərdini söylər diliyəm mən,
Həqqə
doğru nə qaranlıq isə el məşəliyəm mən,
Əbədiyyət gülüyəm mən.
Şəhriyarşünaslar Şəhriyar irsini öyrənir,
araşdırır, öz düşüncələrini
oxucularla bölüşməyə çalışırlar. Sağ olsunlar. Lakin bəzən sadə oxuculara xas olan aludəçilik
və rəvayətçilik sanki bir sıra alim və sənət
adamlarına da hakim kəsilir. Əlbəttə,
rəvayətlərin də öz yeri var, qoy aşıqlar
Şəhriyar haqqında rəvayətləri toplayıb
“Şəhriyar və Sürəyya” adlı dastan qoşsunlar.
Lakin elmi araşdırma iddiasında olanların
aludəçiliyi lazımsız şişirtmələrə,
faktların rəvayətlərlə əvəz olunmasına,
hətta təhriflərə yol açır. Şəhriyar böyük şairdir, onun həyatını,
poetik və ictimai düşüncələrini, həyata
baxışını olduğu kimi anlamaq və anlatmaq
lazımdır. Hər şairin, elm və ya sənət
adamının güclü və nisbətən zəif əsərləri
və ya ziddiyyətli baxışları ola
bilir, onların portreti yaradılarkən mübahisəli məqamlara
göz yummaq, kölgələri silmək, bəlağət,
bəzək və parıltını artırmaq gerçəkliyin
təhrifi deməkdir, elmə zidd hərəkətdir.
Böyüklüyün
mahiyyəti
Hər
işdə qeyri-adilik
Və ya
kamillik deyil ki...
Təcrübə
bizə deyir ki
Dahi varsa
aramızda
Allah bəndəsidir
o da,
Seçilsə
də insanlardan
Birinci
olmaq verilmir
Ona hər yerdə, hər zaman.
Qocaman bir
müdrik kişi
Bir
uşağın arxasınca
Tər
töksə də yetə bilmir,
Qartal kimi
qanad çalan
Bülbül kimi ötə bilmir.
Kimdə
ki böyükdür hünər
Səhvi də böyük görünər.
Belədir
dünyanın işi:
Parıltı
həm də çaşdırır,
Gur
işıq göz qamaşdırır...
(“Köhnə çıraq”. Hamlet İsaxanlı - “Bu da bir həyatdı”
kitabından)
Şairin böyüklüyünü göstərən
əlamətlərdən biri zaman keçdikcə onun bizə
daha yaxın görünməsi, onun
yaradıcılığına olan sevginin artması, onun odunun
alovlanması deyilmi?! Şəhriyar öz adının, sözünün
yaşayacağına inanırdı, “Heydərbabaya
salam”ın ikinci hissəsində, sona yaxın bunu xüsusi
vurğulamışdı:
45. Evlər
qalır, ev sahibi yox özü
Ocaqların
ancaq işıldar gözü
Gedənlərin
az-çox qalıbdır sözü
Bizdən
də bir söz qalacaq, ay aman
Kimlər
bizdən söz salacaq, ay aman!
47.
Aşıq deyər: bir nazlı yar var imiş
Eşqindən
odlanıb yanar var imiş
Bir
sazlı, sözlü Şəhriyar var imiş
Odlar sönüb, onun odu sönməyib
Fələk çönüb, onun çarxı çönməyib.
Şəhriyar yaradıcılığına həsr olunmuş konfranslarda (Bakı və Təbriz, 2016, Sentyabr) bir neçə şeir, o cümlədən, “Dalğalarla yan-yana” adlı aşağıdakı şeiri oxumuşdum, bu yazını da onunla bitirirəm:
Gündoğandan günbatana gəzmişəm,
Oxşamıram bu dünyadan doyana.
Şaxta vurub, od ələnib, dözmüşəm,
Səyyah gərək hər möhnətə dayana.
Yaraşıqlı, möcüzəli bir diyar,
Amma orda nə eşqim, nə izim var.
Öz yurdumda gül açmışdı arzular,
O güllərin
qoxusundan harda var?!
Yaxşı
deyib ustadımız Şəhriyar :
“Yel gələndə
ver gətirsin bu yana,
Bəlkə mənim yatmış bəxtim oyana”.
Bu
dünyanın çoxmuş bəndi-bərəsi,
Xeyirlə
şər mənəm deyir hərəsi,
Zamandadır,
varsa, bunun çarəsi...
Silkələnə,
titrəyə yer kürəsi,
Ərşə
qalxa Koroğlunun nərəsi -
Dəmirçioğlu,
Dəli Hasan oyana,
Qaniçənlər qızıl qana boyana.
Heyrət
bəzən bağlasa da dilimi,
Duyğularım
işə saldı qələmi,
İynə olub sapa düzdüm aləmi.
İçdən
gələn sevincimi, naləmi
Yüklənərək
yelkən açdı bir gəmi...
Ömür
keçdi dalğalarla yan-yana,
Salam olsun
bu əhvalı duyana!
(Hamlet İsaxanlı - “Bu da bir həyatdı”
kitabından).
Hamlet
İSAXANLI
525-ci qəzet.- 2016.- 24 sentyabr.- S.10-11;19