İtmiş rəngin
tarixçəsi
Beynimizdə qəlibləşmiş fundamental yanaşmalardan biri dünyada yeddi əsas rəngin olmasıdır.
Sanki
"İn-Yan"ın təqdim
etdiyi mühakimənin
ənənəvi ziddiyyət
sərhədləri ağ və qaradan başqa bütün rənglərin
"əsas"lığı arada yerləşən minlərcə çaların
əhəmiyyətsizliyinə işarədir. Axı, həyat bizimlə
həmişə səlis
rəftar etmir, onun davranışlarında
qeyri-səlislik daha qabarıqdır. Sirrin məğzi
getdikcə öz sirliliyinin təəssübkeşliyini
dərinləşdirdiyi kimi,
məlum rəng sərhədləri arasındakı
çalarlara diqqətlə
daldıqca həyat daha rəngarəng və maraqlı olur.
Mən uşaq olanda atam evə Azərbaycan Sovet Uşaq Ensiklopediyasının üç cildini alıb gətirmişdi. Bütün məqalələri oxumasam da (oxuduqlarımın bəzilərini anlamasam belə) vərəqləyib şəkillərinə baxmaqdan xoşum gəlirdi. Bir dəfə o səhifələrdə hələ də xatirimdə qalan portret gördüm: qırmızımtıl paltarda oturub, yaylığı ilə üzünü yarıya qədər örtən qəmli qadın. Yadımdadır ki, qəribə hisslər keçirdim. Gözlərə diqqətlə baxdım, orada hələ heç vaxt görmədiyim və məni sarsıdan, donmuş, bir az da qayğılı kədər vardı. Sonradan uşaq sadəlövhlüyü ilə özümü inandırmağa çalışırdım ki, o gözlər, o kədər heç vaxt gerçək ola bilməz, burada nəsə aldadıcılıq var, rənglər mənimlə oyun oynayır. Bu cəhdlərimə baxmayaraq, həmin rənglərin yaratdığı kədər məni tərk etmirdi, həmişə gözlərimdən asılıb qalmışdı. Günlər, aylar, illər keçdikcə daha gerçək qəmli gözlər gördüm, amma mənə ilk təəssüratı bəxş edən o şəkli unuda bilmədim. O portret, müəllifi Bəhruz Kəngərli olan "Qaçqın qadın" idi.
Səkkizinci sinif şagirdi olanda Somerset Moemin "Ay və qara qəpik"
romanını oxudum. Əsərin təsiri uzun müddət məni tərk etməsə də, içimdə ona qarşı anlamadığım bir üsyan vardı. Zaman keçdikcə Striklend obrazına nifrətqarışıq
heyranlıq duyurdum, o,
məni necəsə ovsunlamışdı. Lakin məni
yoran düşüncələrin
nəticəsi olaraq da ona nəsə
bir rəng tapa bilmirdim, "Rənglərin Allahı"
Striklend (Pol Qogen) gözümdə rəngsiz qalmışdı.
Daim axan zaman məni Van Qoqla görüşə aparırdı. İrvinq Stounun "Yaşamaq
yanğısı" romanıyla
çarpışmadan müxtəlif
rəng çalarları
kəşf etsəm də, yenə nəsə çatmadığını
anlayırdım. Rütubətli zirzəmi qoxusu fonunda həqiqi rənglər mənə görünmürdü. Yeri gəlmişkən,
o vaxtlar mütaliəm
intensiv olduğundan
"sənət sənət
üçündür" ifadəsinə tez-tez rast gəlirdim. Yetkinlik dövrümün
qeyri-iradi axtarışlarından
bir sual uydurmuşdum: sənət
həyatı inkar edə bilərmi? Axı, Qogen və Van Qoq mənə inkar forması kimi görünürdü.
Niyə onlarda "mütləq Qogenlik" və ya "mütləq Van Qoqluq" var? Niyə onlarda həyat olduğu kimi deyil, yanaşmalarının
fərqliliyindən təqdim
olunur? Beləliklə, bu düşüncələr
məni ədəbiyyat
anlayışımdan fərqli
olaraq, rəssamlıq
və ya ümumilikdə, qrafika sənətində realizmin
əvəzsizliyi fikrinə
gətirib çıxardı.
Məhz bu səbəbdəndir ki, tələbəlik dövründə
tanış olduğum Avropa intibahından hər fürsətdə Leonardo da
Vinçini yox, Mikellancelo Buonarottini seçirdim. "Den Braun tərəfdarları"nın hədsiz tarixilik və fəlsəfə ilə yüklədiyi məşhur
"Mono Liza"dansa, daha
həyati çalarlar
aşılayan "Tondo
Doni"dən həzz
alırdım. Saxta kübar
düzənindənsə, işləməkdən
əllərində damarlar
qabarmış qadın
təsvirləri daha ecazkar görünürdü.
Hər şeydən
əvvəl, mənə
görə zövq məsələsi olan qiraətçilikdə öncə
anlamayıb təsadüfə
bağladığım, sonra
tamamilə riyazi düstur formasında özünü doğruldan
qəribə döngələr
olub ki, onları kompleks şəkildə qavramağım
düşüncələrimə yeni üfüqlər bəxş edib. Bu mövzuda özümdən
birdən çox misal çəkə bilərəm. Sanki hansısa
kitabın məndə
yaratdığı proses
(heç bir qaydada ona dəxli
olmayan) digərinin mütaliəsiylə öz
cavabına yetişib.
Hərdən düşünürəm ki, əgər onların oxuma zamanının yerini dəyişsəydim, məndə
heç nə alınmazdı. Hələ yetişməmiş
suala göydəndüşmə
cavab insana nə vəd edə bilər ki?
Gənclik dövrümün hissləri
tarıma çəkən
depressiyasını yaşayırdım. Həyata qarşı
günü-gündən artan
suallarım arzularıma
"şəffaf fırça"
düzəni qurmuşdu.
Həmişə həvəslə vərəqlədiyim "Azərbaycan"
jurnalının səhifələrində
gözləmədiyim halda
"Uzaqda ucalan dağlar"la qarşılaşdım.
Əsəri oxuduqca tilsimə
düşmüş fikirlərimdən
dumanlar asta-asta çəkilirdi. Hələ nə
baş verdiyini anlamırdım, lakin irəlilədikcə kəşf
etdiyim yeni rəng çalarlarına
həlim şəkildə
uyğunlaşdığımı hiss edirdim. Obrazlar o qədər doğma, o qədər adekvat idi ki, davranışları
əvvəllər qazandığım
"beyin qurdları"nı gülab atəşi ilə qovurdu. Sanki hər
biri qaçılmaz ömür səhnəsində
xoş təsirli rəngə çevrilmək
üçün yaşayırdı.
Hətta fabulaya cüzi aidiyyatı olan obrazlar da
öz rəngini cizgi şəklində həkk etməkdən çəkinmirdilər... Lap qoca dilənçi kimi.
Bu əsər məni
incəsənətin sosial
əhəmiyyəti ilə
üz-üzə durmağa
vadar edirdi. Orada nə Striklendin xudbinlik doğuran sənət qısqanclığından,
nə Van Qoqun "Bu dünya yalnız uğursuz bir qaralamadır"ından, nə
də sonradan tanıdığım daha
bir ədəbi rəssam Yucinin "sənətlə dolların
barışdığı yerdə yaranan fəlakət"in vicdan əzabından əsər-əlamət
yox idi. Orada sənət həyatın
özü qədər
gerçək və anlaşılan, etikanın
"nəciblik və
rəzillik", estetikanın
"gözəllik və
eybəcərlik" tezlikləri
arasında daim hərəkətdə olan
doğma rənglərdən
ibarət idi. Bəli, məhz doğma.
Fikrimcə, bu kitabın həyatdan süzülüb
gələn daha bir özəlliyi də qeyd olunmalıdır:
sanki, rəssam obyekti yox, obyekt
rəssamı seçir;
sanki, Bəhruzun vəzifəsi həqiqətləri
kətana boyamaq üçün yalnız
fırçanı hərəkət
etdirməklə məhdudlaşır.
Mahiyyətini olduğu
kimi əbədiləşdirmək
üçün bu şəkilləri həyat
özü çəkir,
Bəhruz isə onun yalan tanımayan
əlidir: bir az iti, bir az dərin
və bir az da kövrək
əli.
Mütaliəmin bir yerində fasilə verməli oldum, çünki sona yaxın bir vərəq jurnaldan qopmuşdu. O vərəqi
çox axtardım, atamın şəxsi kitabxanasını ələk-vələk
etsəm də, tapa bilmədim. Beləliklə, Bəhruzun sirli
darvazadan görünən
o hörüklü qızın
rəsmini çəkib-çəkmədiyini
öyrənmədən romanı
bitirdim. Bakıya gələndə
ilk işim Azərbaycan
Milli İncəsənət
Muzeyinə gedib milli sənət qəhrəmanımın əsərlərinə
baxmaq oldu. Məlum guşəyə ayaq basanda necəsə
sakral bir məkanda olduğumu hiss etdim. Elə bilirdim, onun
dünyasıyla üz-üzə
gəlməyə hazıram,
lakin yanılmışdım.
O rəsmlər öz
mahiyyəti ilə həzin-həzin içimə
dolurdu və bu ağırlıq "Qaçqın qadın"ın
qarşısında dayananda
pik nöqtəyə çatmışdı. O gözlərdəki
kədəri indi yaxşı anlayırdım,
daha uşaqlıqdakı
rəng oyunu toruna düşdüyüm
fikrindən uzaq idim. İndi həmin rənglərə
zərrə qədər
şübhəm qalmamışdı.
Onlar Bəhruzun əli ilə həyatın öz kədərini yaratmışdılar.
"Uzaqda ucalan dağlar"ı
kitab halında əlimə götürdüyüm
an dərhal həmin "itmiş rəngin səhifələri"nə
tələsdim. O cümlələri
oxuyanda hansı hissləri keçirmişdimsə,
kitabın latın
qrafikalı nəşrini
gerçəkləşdirdiyimiz zaman həmin sevinci duydum. Bu unudulmuş rəngləri
oxuculara qaytarmaq hissi necə də gözəldir! Məlum prosesdə yanımda olan bütün dostlara sonsuz minnətdarlığım var. Yeni
açarlar köhnə
qapıları açmağı
bacardı. Hərflərin
yaratdığı rənglər
dünyasına xoş
gəlmisiniz!
Səbuhi ŞAHMURSOY
525-ci qəzet.- 2016.- 29 sentyabr.-
S.7.