Hürufilik dini-mistik təlim
kimi: yaranması, mənbəyi və
mahiyyəti
Azərbaycan və Yaxın Şərqin tarixində, orta əsrlərdəki mədəni-ictimai həyatında,
eləcə də bu məkanın ədəbiyyatında xüsusi
yer tutan Hürufilik yarandığı
dövrdən etibarən
mədəni, ədəbi
aləmə və siyasi dairələrə təsir göstərib.
Yayıldığı bölgənin sosial-ictimai
vəziyyətini qismən
dəyişən hürufilik
haqda tədqiqatlar, əslində, düşündüyümüz
qədər də çox deyil.
Bu səbəbdən hürufiliyi,
onun mahiyyətini, yaranıb intişar
tapdığı dövrü
bir az ətraflı
işıqlandırmağa, bu mövzuda dolğun məlumat öyrənməyə ehtiyac
duyduq.
Bunun üçün
tədqiqatçılarımızdan filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva
və tarix üzrə fəlsəfə
doktoru Dilavər Əzimli ilə söhbət etdik.
(Əvvəli ötən sayımızda)
Tədqiqatçı Dilavər Əzimli hürufilər üçün hərf və rəqəmlərin
müqəddəsliyini bu
cür izah edir: "Hürufiliyin təməlində insanların
inanc dünyasını
təsiri altına almış bir görüş vardır:
hərflər və rəqəmlər müqəddəsdir.
Onların mahiyyəti açılarsa,
batini gerçəkliklərə,
yəni ilahi sirlərə çatmaq mümkündür. İslam aləmində bu
ilm-i huruf (hərflər elmi) olaraq bilinir. Hərf və rəqəmlərə ilahi
anlamlar vermə çabasının
ən əski örnəkləri Mesopotamiya
və Misirdə ortaya çıxmışdır.
Mesopotamiya və Misirin
təsiri altında yəhudilər hərflərə
və rəqəmlərə
müqəddəslik gətirmə
meyarını dini təlimə keçirmişdilər.
Hərflər elmi Tövratda
da təmsil olunur və kökəni təfsirə
dayanır. "Quran"da
lam-əlif, fars
əlifbasına qatılmış
dörd hərfin yerini alır. Hərflər, yazının, sözün
əsas qarşılıqlarıdırlar.
İlahi
Kəlam, yəni Loqos onlardır. Fars əlifbasının otuz iki hərfi
Tanrının Birliyinin,
İlahi Vəhdətin
rəmzidir və insanoğlunun üzündə,
vücudunda, ruhunda təcəlla edir. Fəzlullah otuz iki hərfin
gerçəkdə bir
tək hərf olduğunu və hər hərfdə Varlığın Birliyinin
(Vəhdəti- Vücud)
görüldüyünü söyləyir. Hər hərf
dörd formadan ibarətdir. Bu da torpaq, hava, su
və od
deməkdir. İnsan özündə bütün aləmləri
toplamış bir kiçik kainatdır.
İnsanın ilahiləşdirilməsi hürufi təliminin təməlini təşkil
edir. Yaradıcı özünün kamalını yaratdığı
insanda əks etdirir".
Səadət Şıxıyevanın fikrincə, hürufilik Şərq fəlsəfəsinə
söykənir: "Orta
çağ mütəfəkkirlərinə
görə, Quranın
görünən və
görünməyən tərəfi
var. Yəni, Quran mətni
zahiri və batini anlamlara malikdir. Hürufilər də digər
batini təriqətlərin
nümayəndələri kimi
Quranda söylənilənləri
hərfi mənada qəbul etmirdilər.
Onların məqsədi Quran mətninin arxa planındakı sirri açmaq və insanlara çatdırmaq idi. Əslində, hürufilər Quranı
fərqli tərzdə
izah etmək və ya bilərəkdən
təhrif etmək məqsədi güdmürdülər.
Quran şərhçiləri,
hətta orta çağ filosofları,
şairlər də surələrin başında
keçən tək-tək
hərfləri mənalandıraraq,
onlara müxtəlif yozumlar veriblər. Ümumiyyətlə, islami
çevrələrdə Quranın
bu özəlliyini təfsir
etmək artıq bir ənənə şəklində var idi. Fəzlullahın da bu təlimi həmin Şərq fəlsəfi,
dini, bədii və təsəvvüfi fikrinə söykənir.
Bu mənada hürufilik
heç də, bəzi türk tədqiqatçılarının dediyi kimi, "uydurma bir din" deyildi, əksinə, dərin fəlsəfi-fikri
zəmini var idi. Fəzlullah bu ənənənin
içindən sadəcə
bir istiqaməti seçərək, onu ön plana çıxardı
və öz təliminə fərqli bir ad, fərqli bir biçim vermiş oldu".
Dilavər Əzimli hürufilərin
Qurana batini və zahiri yanaşmalarını aşağıdakı
şəkildə açıqlayır:
"Sufilər, o cümlədən,
hürufilər üçün
iki Quran var. Şəriətdəki
Quran və bir də Batini Quran. Onlar düşünürlər ki,
Allahın vəhylərini
hər kəs aça bilməz, bunun üçün batini elmə malik olmalısan. Bax, əsl Quran da odur! Batini
elm Məhəmməd peyğəmbərə
verilib, o isə bunu Həzrət Əliyə ötürüb.
Ondan isə sonrakı imamlara keçibdir. Sonuncu imam da Mehdi, yəni, Fəzlullahın özüdür.
O, hürufilərə məhz
həmin batini elmdən xəbərlər
verirdi". Dilavər
Əzimli əlavə
edir ki, hürufilər kainatın
tarixini üç dövrə bölürlər:
"Kainata (Kosmos) üç dönəm
hakim olmuşdur. Birincisi, Adəmlə
başlayan və Məhəmmədlə sona
çatan peyğəmbərlik
dönəmidir. İkincisi, Əli
ilə başlayan və on birinci İmam Həsən əl-Əskəri ilə
sona yetən imamlar dönəmidir.
Və nəhayət üçüncüsü,
Fəzlullahla başlayan
Uluhiyət (Tanrısallıq)
dönəmidir. Göndərilənlərin
ən mükəmməli
və sonuncusu Mehdidir ki, o da Fəzlullahdan başqası deyildir...Tanrı insandan başqa yerdə axtarılmaz. Tanrının taxtı insanoğlunun könlündədir. Fəqət Tanrı
onda ancaq kamalın ən yüksək nöqtəsinə
yetişdiyi zaman təcəssüm edər.
Bu da şəhadət
iztirabları və özünü fəda etmə yolu ilə əldə edilir".
Səadət Şıxıyeva Fəzlullahın
təsəvvüfi etiqadını
bu cür mənalandırır: "Fəzlullah
özünü heç
vaxt Tanrının eyni bilmir. Sadəcə, ilahi ruhun onda
təcəlla etdiyini düşünür və
özünü onun məzhəri bilir. Özünü ilahi ruhun daşıyıcısı bilmək
mənəvi təkamülün,
mənəvi paklanmanın
nəticəsi idi.
Fəzlullahdan əvvəl
də, sonra da bir çox
təsəvvüf şeyxləri
özünü o ali varlığın
- Allahın yer üzündə təmsilçisi,
məzhəri olaraq görürdü. Fəzlullahın
özünü Allah hesab
etməsi ilə bağlı heç bir hürufi mənbəsində məlumat
yoxdur və ola da bilməz... "Bəqərə"
surəsində təqribən
bu məzmunda bir ayə yer
alır: "Adəm Allahın yer üzündə xəlifəsidir".
Fəzlullah da bu ayənin təsiri ilə "Cavidannamə"də
əsaslandırır ki,
o, Adəmin - ilk insan və ilk peyğəmbərin
ruhunun daşıyıcısıdır.
Ümumiyyətlə, hürufilər
bəşərin mənəvi
təkamülündə üç
mərhələni vurğulayırdılar:
nübüvvət, vilayət
və uluhiyyət. Fəzlullah da birbaşa deyil, dolayısı ilə, maddiliyin asılılığından azad
olan varlığı
ilə uluhiyyət mərhələsinə çatdığını
deyirdi".
Günümüzdə hürufilik...
Dilavər Əzimli hürufiliyin
mahiyyətində tolerantlıq
və humanizm olduğunu düşünür:
"Hürufilər kamil
insana söykənən
yeni sistem yaratdılar və bu sistemin ardınca
kütlələr getdi.
Onlar insanı Allahın təcəllası kimi görürdü. İnsanlar cahil
və kamil olurlar. Cahil dağıdır, kamil isə yaradır. Allah insanı çox sevir. Çünki insan ondan ayrılmış parçadır.
Kamil insan da Allahı
sevir və ona qovuşur, onda itir, Tanrısallaşır.
Bu bəşəri bir sistemdir. Bu sistemə yiyələnən
qan tökərmi, müharibələr edərmi,
torpaqlar işğal edərmi? Hamı şad və
xürrəm yaşayar.
Xürrəmilik də, hürufilik
də buna söykənirdi. Onlar çoxlu
sayda insanları saf işığa çağırdılar, dünyagörüşünü
dəyişdilər. Bu
gün insanlara tolerantlıq və humanizmdən mühazirələr
deyənlər, elə
hürufiliyə müraciət
etsinlər. Məncə, bu kifayət edər. Tolerantlıq
və humanizmi bizə XX əsr Avropa mədəniyyəti
təqdim etməyib...
Hürufilər bizə insanı
sevməyi, onu Allahın bir parçası bilməyi öyrədirdilər. İnsan Allahın
özünə bənzər
yaratdığı bir
möcüzədir. Onu sadəcə
sevmək lazımdır.
İnsana milliliyinə, etnikliyinə
görə yanaşılmaz.
Əlbəttə, bu millət
həmin düşüncələrin,
duyğuların genetik
daşıyıcısıdır. Ümumiyyətlə, Azərbaycan dünya
mədəniyyətini yaradan
ərazilərdən biridir.
Bu prosesdə təkcə hürufilik yox, xürrəmilik, xəlvətilik və qızılbaşlıq da
rol oynayıb".
Səadət Şıxıyeva deyir
ki, hürufilik günümüzdə də
yaşamaqdadır: "Bu gün
hürufilik görüşlərinin
bir qismi Türkiyədəki ələvi-bəktaşi
dairələrində yaşamaqdadır.
İranda gizli fəaliyyət
göstərən əhli-həqlərin
də həmin təlimin davamçıları
olduğu düşünülür.
Fəaliyyəti ərəb
torpaqları ilə bağlı olan kakaiye ilə hürufilik arasında səsləşmə
olması barədə
də qənaətlər
var".
Dilavər Əzimli hürufilərin
bugün də fəaliyyət göstərdiklərini
bildirir: "Xürrəmiliyin
hürufiliyə, hürufiliyin
isə bəktaşiliyə,
qızılbaşlığa böyük təsiri olub. Xətai şeirlərində hürufiliyə böyük
yer ayırır.
Deməli, hürufilər Fəzlullahın
ölümündən sonra
yoxa çıxmadılar,
Azərbaycanda qızılbaşların
içərisində öz
ideyalarını davam
etdirdilər. Onlar əhli-haqqlar
idilər. Bu gün isə hürufilər əhli-haqlar
və ələvilər
içərisində fəaliyyətlərini
davam etdirirlər".
Müşfiq
ŞÜKÜRLÜ
525-ci qəzet.- 2016.- 29 sentyabr.-
S.7.