Nabokovun mühazirəsi
Mətni dəyərli edən onun mövzusudur, yoxsa üslubu? Yazıla biləcək
süjetlər məhduddur.
Dramaturji
situasiya barəsində
geniş məlumat almaq istəyənlər Jorj Poltinin kitabını
oxumalıdırlar.
Mən mətnləri
mövzusundan daha çox üslubu, təhkiyəsinə görə
dəyərləndirir, Borxesin
"ədəbiyyat üslublar
toplusudur" fikrini çox bəyənirəm. Əlbəttə,
beynimizin bir tərəfi hadisələrin
necə dəyişəcəyini,
necə bitəcəyini,
qəhrəmanın başına
nə gələcəyini
düşünür, ancaq
mətndə yalnız
hadisələri izləmək,
"bundan sonra nə olacaq" məntiqiylə oxumaq,fikrimcə, yalnış
mütaliədir. Geniş oxucu
kütləsi üçün
bu normal hal olsa da, ən
azından ədəbiyyatçı,
yazıçının mətnə
bu cür yanaşması doğru deyil. Çünki oxucudan fərqli
olaraq bu işlə peşəkar məşğul olanlar mətnin arxasındakı
sirri, yazarın mətbəxini də öyrənməlidir. Başlanğıcını və sonunu
bildiyiniz bir mətni oxuyarsınız?
Geniş
oxucu dairəsində bu sualın cavabı böyük ehtimalla "yox" olacaq. Məgər azmı olub ki, kiməsə bir kitabı məsləhət görürsən
və bir az onun barəsində danışanda,
hadisələri nəql
edəndə səni susdurub deyiblər ki, arxasını danışma, gedib oxuyacam. Yəni onun üçün
təhkiyə, yazıçının
manerası, üslub önəmli deyil. Əsas məsələ hadisələrin
gedişidir.
Təbii
ki, başlanğıcını
və sonunu bildiyimiz kitablar deyəndə ağla ilk gələn daha öncələr oxuduğumuz
mətnlər ola bilər. Bu baxımdan hər kəsin sevdiyi və ən az iki dəfə oxuduğu kitablar var. O zaman sualı bir az da dəqiq
qoyaq: bir kitab girişində süjetin necə başlayıb necə bitəcəyini deyirsə,
artıq hadisələrin
necə cərəyan
edəcəyini bilirsinizsə,
o mətni oxuyarsınız?
Bu suala cavabım
"bəli, oxuyaram"dır.
Məsələn, Nabokovun
"Qaranlıqda qəhqəhə"
romanını oxuduğum
kimi...
lll
Romanın ilk abzası çox maraqlıdır. Nabokov mətnə
belə başlayır:
"Bir zamanlar Almaniyanın
Berlin şəhərində Albinus adlı bir adam yaşayırdı.
Varlıydı, nüfuzluydu, xoşbəxtiydi.
Günün birində
gənc bir məşuqəsi uğruna
arvadından ayrıldı:
sevdi, sevilmədi və həyatı faciəylə bitdi". Bu romanın ilk abzasıdır.
İki-üç cümlə
ilə Nabokov romanın
süjet xəttini nəql edir. Bəs sonunu bildiyimiz bir romanı niyə oxuyaq ki? Cavabı yenə Nabokovdan eşidək: "Hər nə qədər insan ömrünün anonsu yosunla örtülmüş bir məzar daşının
içinə rahatlıqla
sığsa da, detallar həmişə bəyənilir".
Romanda eşq oyunları, xəyanət ön planda olsa belə, romanın özülündə,
təhkiyəsində duyğusallıq
yoxdur. Nabokov hekayəni
elə bir tərzdə nəql edir ki, həddindən
artıq aldatmalara, insan sevgisindən sui-istifadəyə rast gəlsək də, bu bizə təsirsiz
ötüşür. Çünki "Qaranlıqda qəhqəhə" romanında
yazıçı həm
özünü, həm
də oxucunu qəhrəmanlardan uzaqda saxlayır. Romanın
qəhrəmanına yaxınlaşmaq
istəyəndə, mərhəmət
duyğusu baş qaldıranda Nabokov ironiya ilə hər şeyi gözümüzdən
salır....
Albinus sənətə bağlı, kültürlü
biridir. Bir gün kinoda
o qızı gördükdən
sonra həyatı dəyişir. Həyat yoldaşını
sevməsinə, ailə
həyatlarında cansıxıcı
vəziyyətlərin olmamasına
rəğmən Albinus gizli-gizli
o qızla görüşür.
Görüşür ki,
romanımız başlasın....
lll
"Qaranlıqda qəhqəhə"
romanımda əlimdən
gəldiyi qədər
öz dünyama yaxın bir dünya qurmağa çalışdım. Əgər bu
amansız bir dünyadırsa, demək,
o günlərdə dünyanı
amansız bir yer olaraq gördüyüm
üçündür".
lll
Albinus həm günahkar,
həm də günahsızdır. Məsələn, hadisələrin sonrakı gedişində başına elə şeylər gəlir ki, onu heç
bir səbəb olmadan ailəsini tərk etməsinə, övladını belə
unutmasını bağışlayırıq.
Bəli,
o səhv etmişdi, amma etdiyi səhvlərə
görə həddindən
artıq cəzasını
aldı.
Margot isə qadın
cildində bir şeytan kimi təsvir olunur. Albinusu sevmir,
sadəcə onun puluna görə birlikdə yaşayır.
Və onunla film sektorunda önəmli birinə çevrilmək arzusunu reallaşdırmaq üçün
istifadə edir. Çünki Albinusun sənət
dünyasında bir çox dostları, tanışları var. Albinusla
birlikdə ola-ola onu Rexlə aldadır. O, kor olandan sonra bir
evə köçürlər
və Rex də
həmişə orada
qalır. Albinus səslərdən
evdə Margotdan başqa birisinin olduğunu da zaman-zaman hiss etsə də, Margotun sayəsində yavaş-yavaş
qulağına səslər
gələn biri kimi, təkcə gözlərinin görmədiyini
deyil, qulaqlarının
da onu aldatdığını
düşünür. Ancaq
yuxarıda Albinus haqqında
yazılan həm günahkar, həm də günahsız fikri Margot üçün
də keçərlidir:
"İşıqlar söndü və Margot liftin dəmirinə söykənərək yenidən
ağlamağa başladı. Ağlıyırdı,
adam onu
tərk etdiyi üçün; kimliyini,
adını ondan gizlətdiyi üçün;
o gün getməsəydi,
birlikdə hələ
də xoşbəxt yaşayacaqlarına inandığı
üçün; bəlkə,
getməsəydi o iki yapon da, o qoca
adam da, Albinus da həyatına girməyəcəkdi. Və
ağlamasının bir
başqa səbəbi
də vardı: yeməkdə Rex sağ dizinə, Albinus isə sol
dizinə toxunmuşdu
və sanki, sağında cənnət,
solunda cəhənnəm
oturmuşdu".
Bu, abzas günah
və günahsızlıq
tərəzisini bərabərləşdirir,
artıq burada kimin günahkar, kimin günahsız olmasını axtarmağın
mənası olmadığını
duyursan.
lll
"Bir ədəbiyyat
yalnız və yalnız həyatdan qidalanırsa, ölməyə
başlamışdır. Freydə bağlı
qalan, ya da həyatın rəsmini çəkən
romanlardan heç xoşum gəlmir".
lll
Nabokovun mühazirələrində iştirak
edə bilməyənlər heç vaxt məyus olmasınlar, nəşr olunmuş bu mühazirələr,
məqalələrdən savayı o, hər
romanında ədəbiyyatı,
yazıçılığı özünə peşə
seçmişlər üçün həmişə
nələrsə öyrədir. Bizə sadəcə arxa sıraya keçib yatmamaq, telefonlarımızla oynamamaq,
qızların saçlarını hörməmək
qalır...
Ramil
ƏHMƏD
525-ci qəzet.- 2016.- 29 sentyabr.-
S.7.