Yazıçı sözü, oxucu alqışları və insanlığa çağırış...  

 

Lənkaran Dövlət Universitetində yazıçı-dramaturq, publisist Hüseynbala Mirələmovla görüşdən qeydlər

 

 

Dekabrın soyuq qış havasına baxmayaraq, cənub bölgəsinin qabaqcıl təhsil ocağı və elmi-mədəni mərkəzlərindən biri kimi ölkədəki imicini gündən-günə möhkəmləndirən Lənkəran Dövlət Universiteti sanki yeni “sınaq imtahanına” hazırlaşırdı.

 

Müəllimlər tələbələrdən daha gərgin və qayğılı görünürdülər. “Universitetdə tez-tez müxtəlif toplantılar, hadisəyə çevrilən tədbirlər keçirilir. Amma tədris ili başlayandan belə canlanma və coşğu görməmişdim  deyə, jurnalist həmkarım Bəxtiyar Hüseynov təhsil ocağındakı qələbəliyə diqqət çəkir.

 

Səbəb bizə məlum idi -  universitet yazıçı-dramaturq, millət vəkili Hüseynbala Mirələmovla görüşə hazırlaşırdı.

 

Tədbirin başlamasına bir neçə dəqiqə qalmış Lənkəran Dövlət Universitetinin rektoru Asəf İsgəndərov və Hüseynbala Mirələmov təhsil ocağının həyətində avtomobildən düşürlər. Müəllimlər, tələbələr bir andaca yazıçını dövrəyə alıb yüz ilin doğması kimi görüşür, hal-əhval tuturlar. Çoxları, vaxtilə bu şəhərdə böyümüş, ali təhsil illərindən sonra burada əmək fəaliyyətinə başlamış yazıçını şəxsən tanıyır deyə, daha mehriban və doğma münasibət göstərir.

 

Bir qədər sonra rektorla yazıçı-dramaturq universitetin, boş yer qalmayan akt zalının qapısında  görünəndə hamı ayaq üstə onları alqışlayır. Və elə bu alqışlarla da onları səhnəyə qədər müşaiyət edirlər.

 

Görüşü giriş nitqi ilə açan rektor qonağı özünəməxsus şəkildə təqdim edir:

 

"İşığına toplaşdığımız bu söz və sənət bayramının əsas səbəbkarı, ədəbi tənqidçilərin “XX əsrin adamı və XXI əsrin yazıçısı”, “Heydərnamə”nin müəllifi, Qarabağ dərdimizin baş yazarı kimi təqdim etdikləri yazıçı-dramaturq, publisist, texnika elmləri doktoru, professor, Milli Məclisin deputatı Hüseynbala Mirələmovdur. Tam əminliklə deyə bilərəm ki, Hüseynbala Mirələmov Azərbaycan nəsrində öz üslubu və dəsti xətti olan, müasir ədəbiyyatda öz cığırını açmış söz ustadıdır. Bugünki görüşdə yazıçının nəsrinin, dramaturgiyasının, publisistikasının ecazkar sözünün istisini, sehrini, insanı duyğulandıran məqamları daha yaxından, canlı olaraq görəcək və hiss edəcəyik.

 

Sənətkarın yeri oxucunun yanındadır. Oturuşmuş, dünya çapında bəyənilmiş sənətkarla üz-üzə oturmaq, sual edib cavab almaq oxuculara unudulmaz anlar yaşadır və onların həyatında şirin xatirələrə çevrilir.  Hüseynbala Mirələmov yazıçı-publisist, ictimai-siyasi xadim olaraq şöhrətin zirvəsinə yüksəlib. Amma bir həqiqət də ondan ibarətdir ki, bu gün ölkəmizin hər yerində, eləcə də hüdudlarından çox-çox kənarda haqqında çox xoş sözlər deyilən, təqdir və təbliğ olunan Mirələmov bu zirvəyə, bu sənət ucalığına birdən-birə gəlib çıxmayıb.

 

Sonra Lənkəran Dövlət Universitetinin dil və ədəbiyyat kafedrasının müdiri Yədulla Ağazadə yazıçının həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edib.

 

Natiq yazıçının ömür tarixçəsindən məlumat verərək bildirib ki, Lənkəran şəhərində orta təhsilini gümüş medalla, ali təhsilini Azərbaycan Politexnik Universitetində fərqlənmə diplomu ilə başa vuran Hüseynbala Mirələmov yüksək hazırlıqlı mühəndis kimi birbaşa doğma şəhərinə qayıdıb.

 

Çoxsaylı müsahibələrində  mən eyni vaxtda içimdə iki sənət yaşatmalı olmuşam. Biri valideynlərimin arzusundan yaranan və cəmiyyətdə, gündəlik həyatda mənim adımla yanaşı çəkilən mühəndislik, biri isə içimdə yaşatdığım yazıçılıqdır,”- deyən, Hüseynbala Mirələmov ilk istehsalat uğurlarına da məhz bu peşə həyatında imza atıb.

 

Qısa müddətdə peşəkarlığı sayəsində Azərbayacan Respublikasının yanacaq- energetika sənayesinin yüksək ixtisaslı, tanınmış rəhbər simalarından birinə çevrilib.

 

1979-cu ildə qaz sənayesində əmək fəaliyyətinə görə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunan Mirələmov 1999-2006-ci illərdə MDB ölkələri üzrə Moskvada keçirilən “MDB-nin 100 elm və sənaye lideri” müsabiqəsində 7 dəfə “İlin direktoru” adına, 2001-cildə Parisdə “Fransa sənayesinə dəstək Assosiasiyası”nın keçirdiyi müsabiqənin “Napoleon” Qızıl medalına, həmin ildə Ukrayna Respublikasının “Qızıl Fortuna” Beynəlxalq Reytinq Akademiyasının keçirdiyi “Yüksək əmək göstəricilərinə və Zaqafqaziya ölkələrində qaz emalı sahəsinin inkişafında xidmətlərinə görə” nominasiyasının IV dərəcəli “Şərəf. Şöhrət. Əmək” Georgiyevski Qızıl medalına və diplomuna layiq görülüb. Ən böyük mükafatı isə müstəqillik illərində prezidentin sərəncamı ilə təltif olunduğu “Şöhrət” ordenidir.

 

60-a yaxın elmi əsərin, dərslik, monoqrafiya və dərs vəsaitinin müəllifi olan Hüseynbala Mirələmov Azərbaycan Neft və Sənaye Universitetində “Neftin, qazın nəqli və saxlanılması” kafedrasının müdiri, ixtisaslaşdırılmış namizədlik və doktorluq Müdafiə Şurasının sədri,  Beynəlxalq Mühəndislər Akademiyasının müxbir üzvü, Əməkdar mühəndis,  texnika elmləri doktoru, professordur. Yeni Azərbaycan partiyası Xətai rayon təşkilatının sədri  Hüseynbala Mirələmov üçüncü, dördüncü və beşinci çağırış  Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Amma bu gün o, bizim görüşümüzə yazıçı-dramaturq, publisist kimi, söz və sənət adamı olaraq gəlmişdir.

 

Y. Ağazadə qeyd etdi ki, Hüseynbala Mirələmov yaradıcılığı haqqında danışarkən ədibin təlqin etdiyi, insanlara, bəşəri düşüncəyə aşılamaq istədiyi əzəli və əbədi missiyanın kökündə nəyin dayandığını araşdırarkən, belə qənaətə gəldim ki, iki əsas məqam həlledicidir. Birincisi məhəbbətdirsə, ikincisi vətənpərvərlik, milli təəssübkeşlikdir.

 

H.Mirələmovun yaradıcılığında məhəbbətin sərhədləri hüdudsuzdur. Bunu onun ana dilinə olan həssas yanaşmasında, sevgisində, doğmalarına , millətinə, adət-ənənələrimizə məhəbbətində aydın görmək mümkündür.

 

İstedad çağlayan bulaqdır. Ən qatı buludların arxasından boylanan Günəşdir. Hüseynbala Mirələmov kimi istedadlar ulu yaradandan aldıqları gücü, enerjini zəhmətləri, əzmkarlıqları hesabına daha da cilalayır, öz işıqlarından hamıya pay verir, insanlığa, bəşəriyyətə xidmətdən usanmırlar. Düşünürəm ki, sevimli yazıçımız dünyanın hansı nöqtəsində olarsa, hansı ekoloji mühitdə yaşamaq zorunda qalarsa belə onun yazılarında, bədii sənət dünyasında dağ havasının təmizliyini, güllü- çiçəkli çəmənlərin, yaylaqların ətrini, gözəlliyini, şaqraq şəlalərin nəğmələrini, dağların, qayaların əzəmətini,  mərdanə duruşunu görmək mümkündür. Çünki Hüseynbala Mirələmovun ədəbi irsində xalq ədəbiyyatına bağlılıq olduqca güclüdür. Qüdrətli,  yaşarı sözün bir ünvanı da budur.

 

Hüseynbala Mirələmovun ədəbi yaradıcılığında Vətənin şirinliyini, əvəzedilməzliyini hər addımda hiss edirik. Yazıçının ədəbi irsində bu keyfiyyəti önə çəkən də əslində məhəbbətdir. Ana torpağa, bu torpağın hər qarışına vurğunluq, mücadilə əzmi, qüdrəti hər birimizi hər an sərvaxt olmağa çağırır, Cavad xanların, Vətənlərin sırasında olmağımızı şərtləndirir.

 

Hüseynbala Mirələmov ilk hekayəsini 14 yaşında qələmə almışdır.  Anasının xəstəlikdən, aclıqdan öləcəyini düşünən və buna dözməyən çəlimsiz uşaq, qonşunun öz itinin qabağına atdığı  bir tikə çörəyi” götürmək üçün həyatını riskə atır. Əlbəttə indiki firavanlıq günlərində “Bir tikə çörək” hekayəsinin ağır yükünü başa düşmək, bəlkə də bir çoxlarına çətindir. Amma həyatın belə acı və ağrılı günlərini yaşamış insanlar bunu yaxşı başa düşürlər. Beləcə, 7 noyabr 1961-ci ildə Lənkəranda çıxan “Leninçi” qəzetində çap olunmuş bu hekayə Hüseynbalanı ədəbiyyata bağlamışdır. Sonra uzun illər yazmasa belə ədəbiyyatla ünsiyyətini, dostluğunu unutmamışdır. Əslində illərlə yazmadıqları iç dünyasında yazılır, bəzən sevinc sədaları, bəzən də göz yaşlarıyla süslənirdi.

 

Filoloq alim qeyd etdi ki, bəzən bu fasiləni əsas gətirərək fərqli fikirlər səsləndirənlər olur. Amma ədəbiyyat və sənət tariximizdə belə hallar az olmayıb. Təkcə Nəcəf bəy Vəzirovu xatırlamaq kifayətdir. Əgər 1961-ci ildə yazılmış  “Bir tikə çörək” ədəbi yaradıcılıq yolunda bir qığılcım idisə, 1986-cı ildə qələmə alıb cap etdirdiyi , xalq yazıçısı Elçin Əfəndiyevin, akademik Nizami Cəfərovun təbirincə desək “ürək genişliyi və məsuliyyətlə dəyərləndirdiyi” “Tənha durna uçuşu” artıq onun böyük ədəbiyyata gəlişini bildirirdi.

 

“Tənha durna uçuşu” Hüseynbala müəllimə sənət durnalarını qaytarır. Artıq kiçik həcmli hekayələrin yerini mürəkkəb süjet xəttinə malik povest səviyyəli hekayələr tutur.

 

Y.Ağazadə ədibin XX əsri son onilliyindən başalayaraq bir-birinin ardınca çox maraqlı və sanballı  əsərlər yazmasında ölkədə, bütövlükdə regionda baş vermiş hadisələrin böyük rol oynadığını qeyd edərək dedi:

 

--Keçən əsrin 90-cı illəri Azərbaycan  xalqı üçün, o cümlədən Hüseynbala Mirələmov üçün taleyüklü hadisələrlə yaddaşlara yazıldı. Ədibin bu illərdə qələmə aldığı “Vicdanın cəzası”,”Ağıl ya bəxt”, “Yeni həyat”, “Casus”, “Qarınqulu”, “Yuxu”, “Bir gecənin sehri”, “Qaraçı qızı Darito”, “Gecə bənövşələri” kimi hekayələri müxtəlif mövzulara həsr olunsa da, onları birləşdirən bir ümumi cəhət var ki, bu da ədibin gerçəkliyə və səmimiliyə sadiq qalmasıdır.

 

Respublika ədəbi mühitində  Qarabağ mövzusunu ədəbiyyata gətirən və müxtəlif əsərlərində bu problemin ağrısını, açısını bizə təkrar-təkrar yaşadıb milli yaddaşımıza ibrət dərsi kimi həkk edən yazıçı-dramaturq Hüseynbala Mirələmov müvəqqəti işğal olunmuş Vətən haqqında böyük vətəndaşlıq amalı ilə yazan, sərt həyat həqiqətlərini olduğu kimi əks etdirən realist nəsr ustasıdır. O, “Güllələnmiş heykəllərin fəryadı”ndan tutmuş  bütün əsərlərində, Qarabağ ağrılarında, torpaq itkisində, Vətəndəykən qaçqınlıq və məcburi köçkünlük qınağının əzablarında, bu insanların xəcalətində oxucunun da payının olduğunu gizlətmir və  onlara da bu hissləri yaşadır, eyni zamanda amansız düşmənlə mübarizəyə,  qisas almağa çağırır.

 

Qarabağın “Xəcalət”ini çəkə bilməməyin ağrısını yaşayan mərhum şairimiz  Bəxtiyar Vahabzadə Azərbaycanın və azərbaycanlıların əzəli və əbədi Qarabağ haqqını qorumağı müqəddəs borc bilən  və bu yolda heç nəyini əsirgəməyən, “Güllələnmiş heykəllərin fəryadını”  yazıya çəkən nasirə məktubunda yazırdı:  “Hörmətli Hüseynbala Mirələmov, "Xəcalət" povestinizi yalnız yarıya qədər oxuya bildim. Qəhər məni boğdu, göz yaşlarımı saxlaya bilmədim, bacarmadım. Bu boyda dərdlə qol-qola, baş-başa yaşaya bildiyimə görə xəcalət çəkdim. Bəli, biz hamımız babalarımızın bizə əmanət verib getdiyi cənnətməkan Qarabağı düşmənə təslim edəndən sonra yenə də yaşaya bildiyimizə görə, o müqəddəs torpaqda yetişən dahilərimizin ruhundan utanmalıyıq (mənim bu barədə "Utanıram" adlı şeirim var). Əsərinizlə məni bir daha utandırdığınıza görə, Sizə təşəkkürlərimi bildirir, axıra qədər oxuya bilmədiyimə görə Sizdən üzr istəyirəm, əfv edin, təsvir etdiyiniz  o dəhşətli səhnələri yaşamaq qəlbi və vicdanı olan hər kəs üçün çox ağırdır.”

 

XX əsrin dünya şöhrətli  yazarı, Nobel mükafatı laureatı, Qırğızıstanın xalq yazıçısı Çingiz Aytmatov Bakıda Akademik Milli Dövlət Dram Teatrının səhnəsində “Xəcalət” tamaşasına baxdıqdan sonra dostu Hüseynbala Mirələmovdan və əsərlərindən yadigar qoyduğu müsahibəsində deyir: “Hüseynbala ilə hər görüşəndə ondan müsbət enerji qəbul edirəm, mənən bəhrələnirəm... Mən Hüseynbala Mirələmovla ruhən o qədər yaxınıq ki, "Xəcalət" tamaşasına baxarkən, elə bildim bu əsəri özüm yazmışam”.

 

Hüseynbala Mirələmovun Azərbaycan ictimaiyyətini silkələyən, insanları ayıqlığa, həssaslığa, paklığa, saflığa, ülvi hislərə sahib olmağa, böyük məhəbbətə səsləyən növbəti  əsərlərindən biri də tənqidçilərin “azad insan ruhunun qüdrəti və faciəsi” adlandırdıqları  “Gəlinlik paltarı” romanıdır. Roman bu gün yazıçının oxucularının,  xüsusilə də gənc qizların ən çox mütaliə etdiyi əsərlər sırasındadır.

 

Y.Ağazadə yazıçının müxtəlif illərdə qələmə aldığı “Coğrafiya çubuğu” “Həyat eşqi”,  “Qumru yumurtaları”, “Tənha lalə”, “Taledən qaçmaq olmaz”, “Cəza” povestləri, “Yanan qar”, “Qırxıncı qapı”, “Sonuncu fateh” romanları haqqında da ədəbi düşüncələrini tələbələr və görüş iştirakçıları ilə bölüşdü.

 

Məruzədə maraqlı məqamlardan biri də Hüseynbala Mirələmovun siyasi puplisistikası ilə bağlı qeydlər oldu. Filoloq alim qeyd etdi ki, yazıçı – dramaturq Hüseynbala Mirələmovun son 15 ildə  yaratdığı və müasir siyasi publisistika janrının ən gözəl nümunələrindən sayılan, Moskvada "Moladaya Qvardiya" nəşriyyatının nəşr etdiyi “Görkəmli adamların həyatı” seriyasından olan  "Heydər Əliyev", “İlham Əliyev” və “Zərifə Əliyeva” əsərləri bütün  dünya oxucularının böyük maraqla qarşıladığı əsərlər sırasındadır. Təkcə “Heydər Əliyev” əsəri bu günə qədər dünyanın 37-ə yaxın dilinə tərcümə olunaraq nəşr edilmişdir. Çoxsaylı ədəbi mükafatlara layiq görülmüş əsər haqqındq danışanda haqlı olaraq qeyd edirlər ki, “.. yüz il sonra da heç bir başqa əsəri oxumadan, təkcə H.Mirələmovun qələmə aldığı “Heydər Əliyev” kitabını oxumaqla, müstəqil Azərbaycanın memarı və qurucusu olan bu dahinin şəxsiyyəti, siyasi fəaliyyəti, vətənkeşliyi, qətiyyəti, müdrikliyi və xalqının xilaskarlıq missiyası haqqında müfəssəl və zəngin məlumat almaq olar...”

 

Yazıçı-publisit Əliyevlər nəslinin Azərbaycan xalqı və torpağı qarşısında xidmətlərini  nəsillərə tanıtması, ədəbiyyatçılardan birinin qeyd etdiyi kimi, “Heydərnamə”ni tamamlaması üçün şübhəsiz “İlham Əliyev” əsəri  yazılmalı idi və Hüseynbala Mirələmov yüksək məsuliyyət tələb edən bu əsərin öhdəsindən də uğurla gəldi. Nəhayət, ötən il Əliyevlər ocağının başında sərvaxt dayanan, böyük dahinin irsini ən qiymətli sərvət kimi qoruyub inkişaf etdirən Azərbaycanın birinci xanımı,  Heydər Əliyev Fondunun Prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva haqqında  “Missiya” kimi möhtəşəm bir kitabı oxucularının ixtiyarına verdi.

 

Məruzədən sonra ədibin “Tənha durna uçuşu  əsəri əsasında çəkilmiş eyniadlı film nümayiş etdirildi. Filmdən sonra universitetin tələbələri yazıçının əsərlərindən  müxtəlif parçalar səsləndirdilər.Görüşün ən maraqlı anları isə təbii ki, yazıçı ilə canlı ünsiyyət, tələbələri düşündürən suallar və ədibin onlara səmimi cavabları oldu.

 

Yazıçı-dramaturq müxtəlif suallara cavab cavab verərkən bildirdi ki, ədəbiyyat, incəsənət müasir həyatımızı əks etdirəndə, orada yaxşını və pisi, xeyiri və şəri, gülməli və poetik olanı tapıb göstərəndə həyatın gözəlliyinin mahiyyətini dərk edirik. Bu zaman  həyat incəsənətin, ədəbiyyatın cızdığı sərhədlərə tabe olmağa başlayır. Mənim düşüncəmə görə ən maraqsız ədəbiyyat müasir həyatdan qidalanmayan ədəbiyyatdır. Çox vaxt abstrakt, sadə oxucunun qavraya bilməyəcəyi, bir qədər də söz labirintinə bənzəyən ədəbi məhsulu, fantaziyanı istedadın əlaməti kimi dəyərləndirirlər. Mən bunu əllaməçilik sayıram. 

 

Ədəbi əsər insan qəlbində, düşüncəsində elə iz buraxmalıdır ki,  insan ondan ayrılanda da əsərdə qoyulan problemləri, bədii fakti təkrar-təkrar xatırlasın və bunlar onu narahat etsin, bu faktın doğurduğu suallara cavab arasın.

 

Mənə elə gəlir ki, indiki şəraitdə, dünyanın böhran həddini aşdığı, cəmiyyətin bir çox qatlarının abırsızlığı, ədəbsizliyi, əxlaqsızlığı “demokratiya və azadlığın dəyəri” kimi qələmə verdiyi bir vaxtda ədəbiyyatın bir vəzifəsi də insanların içində can verməkdə olan insanlığa yardım etmək, onu çağırmaqdır. Biz çox tez-tez eşidirik ki, “dünyanın axırı yaxınlaşır, qiyamət günü gəlir.” Bu qiyamət günü göydən düşməyəcək, o bizim içimizdədir və biz onu zaman zaman yaxınlaşdırırıq. Yazıçı, dramaturq insan təbiətinin ciddi və dərin tədqiqatçısı olmalıdır. Əsərləri ilə insan təbiətinə müdaxilə edib onu dəyişməlidir. Ədəbiyyatın, incəsənətin də başlıca qayəsi bundan ibarətdir. Dünya çaplı rejissorlardan biri deyirmiş ki, “əgər ədəbiyyat, incəsənət dünyada heç nəyi dəyişməyə qadir deyilsə onda mən onun mənasını dərk edə bilmərəm.” Ulu Cavidi xatırlayın:

 

Kəssə hər kəs tökülən qan izini,

Qurtaran dahi odur  yer üzün.

 

... Görüş başa çatdı. Son sürəkli alqışlar yazıçını salondan çıxışa doğru müşaiyət edir. Əgər yazıçı cəmiyyətin alqışlarını qazana bilirsə, demək əsərləri oxucularını öz sehrinə sala bilib. Bir tamaşaçı olaraq, şahid olduq ki, Hüseynbala Mirələmov, söz ustadlarından birinin dediyi kimi, dünyaya “yazı masasının arxasından baxan” yazıçı deyil. O cəmiyyətin içində, bəzən həyatın dibində baş verənlərin canlı şahididir.

 

Cəmiyyətdəki bəlaların, eybəcərliklərin bütün ağrısı onun içindən keçir və əsərlərində üzə çıxıb oxucularını narahat edir. Onun əsas məramı da insana, baş verənlərə biganə qalmağa imkan verməməkdir. Çünki biganəlik qorxulu bəladır. Əgər yazıçı buna nail olursa deməli, insanların içindəki insanlığı məhv olmaqdan qoruyur.

 

İlqar RÜSTƏMOV

“Xalq qəzeti”

525-ci qəzet.- 2016.- 6 yanvar.- S.8.