Bayram günlərində "Nizami" Kino Mərkəzində
yeni filmlər göstərilib
"Nizami" Kino Mərkəzi
dekabrın son günlərindən
başlayaraq Rusiyanın
"Süd yolu",
"Təcili ərə
gedərəm!", ABŞ-ın "Stiv Cobs",
"Krampus" və
"AF Media" şirkətinin təqdimatı ilə Türkiyənin "Düyün
dərnək 2: sünnət"
adlı yeni filmlərinin nümayişinə
başlayıb.
Mərkəzdən 525.az-a verilən məlumata
görə, komediya janrında çəkilmiş
"Düyün dərnək
2: sünnət" filminin
rejissoru Selçuk Aydəmirdir. Birinci filmdə oğluna
toy edən İsmayıl
indi də nəvəsinə sünnət
toyu etmək istəyir. İsmayılın bir araya gələn dostları ortalığı yenə
bir-birinə qatırlar.
Filmdə rolları Ahmet Kural, Murat Cemcir, Rasim Öztekin,
İnan Ulaş Torun, Devrim Yakut və digər aktyorlar canlandırıblar.
Rejissor Denni Boylun bioqrafik dram janrında çəkdiyi
"Stiv Cobs" filminin
ssenari müəllifi Aron Sorkindir. Film, Apple şirkətinin təsisçisi,
planetin ən ağıllı beyin sahiblərindən biri olan Stiv Cobsun
həyatından bəhs
edir. Filmdə rolları Maykl
Fassbender, Set Roqen, Ceff Deniels, Keyt
Uinslet və başqa aktyorlar ifa edib.
Todd Keysinin ssenarisi
əsasında rejissor
Maykl Doqertinin ekranlaşdırdığı "Krampus" filmi dəhşət, fentezi və komediya janrındadır. Film, Milad
bayramında sözə
qulaq asmayan uşaqları tənbeh etmək üçün peyda olan şeytandan
bəhs edir.
Rollarda
Adam Skott, Toni Kollett, Devid Kokner, Ellison Tolman və digər aktyorlar çəkilib.
"Süd yolu" komediyasının rejissoru və ssenari müəllifi Anna Matisondu. Andrey və Nadyanın münasibətlərində soyuqluq əmələ gəlib. Ayrı yaşamağa qərar verən cütlük Yeni ili son dəfə uşaqlarla bir yerdə keçirmək üçün bir araya gəlir. "Boşanma" sözü qətiyyətlə səslənən ailədə bir sıra gülməli, kədərli hətta qəribə və izahedilməz zəncirvari hadisələr baş verir. Bu hadisələr elə bil ki, ailəni səhv addımlardan çəkindirir. Olxon adasında möcüzələr gecəsində biri-birlərini itirib və yenidən tapanlar başa düşürlər ki, həyatda xırda inciklərdən savayı daha önəmli şeylər var...
Baş rollarda Sergey Bezrukov, Marina Aleksandrova, Vladimir Menşov, Anastasiya Bezrukova, Petr Tereşenko və başqaları çəkilib.
Rejissor Sergey Çekalovun komediya və melodram janrında çəkdiyi "Təcili ərə gedərəm!" filminin ssenari müəllifləri Andrey Qalanov və İvan Fillipovdur. Ambisiyalı, işgüzar Jenya baş redaktor təyin edilə bilər. Amma bunun üçün o, təcili ərə getməlidir. Nəşrin auksionerlərinin şərti belədir: "Ailəli auditoriyanın, ailəli rəhbəri olmalıdır!" Ərə getmək üçün bir həftə vaxtı qalan Jenyaya, kartotekasında seçim üçün yetərincə subay namizəd olan dəbli fotoqraf Stas kömək etmək istəyir. Tez zaman ərzində Jenya bu yolla ərə getmək istəmədiyini Stas isə ona aşiq olduğunu başa düşür...
Baş rollarda Yuliya Kovalçuk, Aleksey Çumakov, Ekaterina Malikova, Sergey Burunov, Olqa Prokofyeva, Vyaçeslav Qrişeçkin və başqaları çəkilib.
Qeyd edək ki, dekabrın 26-dan başlayaraq “Nizami” Kino Mərkəzində Yeni İl şənlikləri keçirilir və uşaqların tətildə olduqlarını nəzərə alaraq böyük ekranda 3D - animasiyanın son nailiyyətləri ilə çəkilmiş tammetrajlı "Snupi və xırda yekəqarın kinoda" və "Balaca şahzadə" cizgi filmləri nümayiş olunur.
Həmçinin, bayram günlərində kinosevərlər "Oğlan evi" milli kinokomediyanı, "AF Media" şirkətinin təqdim etdiyi Türkiyənin "Ali baba və 7 cücələr", "Nadide hayat" filmlərini və Çin, Almaniya, ABŞ-ın 3 D formatında çəkilmiş "Dalğanın üstündə" filmlərini izləyiblər.
525-ci qəzet.- 2016.- 6 yanvar.- S.7.