Yaddan çıxan, lakin unudulmayacaq bir imza
Bu il yanvarın
15-də dövrünün tanınmış yazıçılarından,
hazırda isə unudulmaqda olan Vaqif Musanın dünyaya gəlməsinin
80 ili tamam olur. Bir neçə
il əvvəl
onun haqqında yazı yazsam da, səsimə hay verən olmadı. Həmin yazımı yubiley ərəfəsi oxuculara təkrar təqdim etməkdə məqsədim
onu bir daha
xatırlamaq, ruhunu sevindirməkdir.
Kəndimizə gedən yol Rustov kəndinin qarşısından keçir. Ədəbiyyata olan marağıma görə bu kənd uşaqlığımdan,
kitabını oxuyandan
yaddaşımda Vaqif Musanın adı ilə qoşalaşıb.
Evimizdə onun 1973-cü ildə
çap olunan "Od, yaxud gecə
mahnısı" adlı
kitabı vardı.
On bir yaşımda
kitabın bəzi yerləri uzun görsənsə də, içindəki povest və hekayələri xüsusi həvəslə
oxumuşdum.
Altmışıncılar ədəbi nəslinin tanınmış nümayəndələrindən
biri olan Vaqif Musa sağlığında
ikən özünəməxsus
yaradıcılıq üslubu
ilə seçilib. Etiraf edilməli
bir həqiqətdir ki, Vaqif Musa Quba-Xaçmaz bölgəsindən
ədəbiyyatımıza gələn ilk böyük
nasirdir. O, orta məktəbi bitirib əvvəl Bakıdakı
2 saylı Tibb Texnikumunda, sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil
alıb. Ali təhsilini
başa vurandan sonra Yazıçılar Birliyinin orqanı olan "Azərbaycan" jurnalının nəsr şöbəsində ədəbi
işçi kimi əmək fəaliyyətinə
başlayıb. Elə ilk hekayəsi
- "Kişi, qadın
və qız" da 1965-ci ildə, bu jurnalın onuncu sayında çap olunub. Eyni adlı ilk kitabı isə 1967-ci ildə "Gənclik" nəşriyyatında
işıq üzü
görüb.
Onun yaratdığı
əsərlər daim
oxucular tərəfindən
maraqla qarşılanıb. Romanlar və
povestlərlə yanaşı
oçerklər, çoxlu
hekayələr və
radio pyesləri də
yazıb. Hekayələri qardaş xalqların dillərinə tərcümə
olunub. Yazıçı özünü dramaturgiyada
da sınayıb.
"Meşənin şahı kim olacaq" pyesi Gəncə Kukla Teatrında, "İşlər
belə getməz"
adlı komediyası Ağdam Dövlət Dram Teatrında tamaşaya qoyulub.
Vaqif Musa bədii
tərcümə ilə
də məşğul
olub. Çoxsaylı tərcümələrindən
biri - V.Viniçenkonun
"Günəşli yer"
pyesi Mingəçevir
Dövlət Dram Teatrında
göstərilib. S.Endonun "Dəniz
və zəhər"
əsərini isə kitab şəklində nəşr etdirib.
1973-cü ildə çəkilmiş
"Qubanın ağ alması" adlı televiziya filminin ssenarisini yazıb.
Yazıçıların xarici ölkələrə
təşkil olunan səfərləri çərçivəsində
Türkiyə və Bolqarıstanda olub. Səfərlər
barədə təəssüratını
1969-cu ildə dərc
etdirdiyi "Bolqarıstanda
və Türkiyədə yol
qeydləri" adlı
yazısında qələmə
alıb.
Vaqif Musanın yaradıcılığında ən mühüm yeri romanlar və povestlər tutur. Bu sıradan "Od, yaxud gecə mahnısı", "Qonşular", "Fəti dayı və onun maşını" povestləri, "Bəyim çayı boyunca", "Səhər mehi" romanları daha çox oxucu rəğbəti qazananlardır. Xüsusilə, "Səhər mehi"nin jurnalda dərcindən sonra dövrün tanınan bir neçə tənqidçisindən ona qarşı kəskin tənqidlər yönəlib. Tənqid və təzyiqlərin yekunu olaraq 1976-cı ildə jurnaldakı işindən azad edilib. Uzun müddət işsiz qalan yazıçı, nəhayət, həyatının son beş ilini "Şərq-Qərb" nəşriyyatında nəsr şöbəsinin müdiri vəzifəsində çalışmaqla keçirib.
Sağlığında yeddi kitab müəllifi, onlarla kitabın isə redaktoru olub. Ömrünün altmış birinci ilində - 24 oktyabr 1996-cı ildə dünyasını dəyişən yazıçı doğma Rustov kəndində dəfn edilib.
Təəssüf ki, nə sağlığında, nə də ölümündən sonra Vaqif Musanın yaradıcılığı ümumiyyətlə araşdırılmayıb, ona lazımi qiymət verilməyib. İnternetdə, Milli Kitabxananın bazasında axtarışlarım zamanı onun haqqında (Vaqif Yusiflinin yazıçının 75 illiyindəki məruzəsindən savayı) bircə yazıya, xatırlatmaya da rast gəlmədim. Ən pisi isə, mənsub olduğu bölgənin tanınmış yaradıcı insanlarının, tənqidçilərinin, ədəbiyyatşünas alimlərinin də yazıçının yaradıcılığı və fəaliyyəti ilə bağlı biganəliyidir. Vaqif Musaya bəslənilən laqeydliyin səbəbini anlaya bilmirəm. Əgər o, istedadsız yazıçı idisə, onda niyə dövlət hesabına kitabları çap olunur, əsərləri jurnallarda dərc edilir, Yazıçılar Birliyinin plenum üzvü (1991) seçilirdi? Peşəkar, sadə, iddiasız bir tale yaşamış yaradıcıya ürəkağrıdıcı unutqanlıq nədən yaranıb? Onun əsərlərini təkrar nəşr etdirmək, heç olmasa, doğma rayonunda adını əbədiləşdirmək olmazdımı?
Sözümün sonunda həmkarlara, əlaqədar səlahiyyətlilərə, bütün ədəbiyyatsevərlərə səslənirəm: gəlin Vaqif Musa adında dəyərli nasirimizi unutmayaq. Günlərin birində hər kəs bu sayaq unudula bilər...
Rövşən YERFİ
525-ci qəzet.- 2016.- 7 yanvar.- S.7