Latviyalı rəssamın Azərbaycan təəssüratları

 

 

Azərbaycan Mədəniyyət Fondunun və SEBA (Seul-Bakı) - Azərbaycan-Koreya Mədəni Mübadilə  Assosiasiyasının təşkilatçılığı ilə Qəbələdə IV Beynəlxalq İncəsənət Sərgisi keçirilib. Dünyanın 19 ölkəsindən 112 rəssam “İdman, gözəllik və həyat” mövzusunda, habelə Azərbaycanda tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına həsr olunmuş əsərlər yaradıb.

 

Latviyalı rəssam İyeva Tsaruka Azərbaycanın Latviyadakı səfirliyinin təşkilatı dəstəyi ilə sərgidə iştirak edib.

 

Rəssam təəssüratlarını bölüşərək deyib: “Heydər Əliyev Sarayındakı ”Gabala Art" qalereyasında sanballı ekspozisiya təşkil edilmişdi".

 

İlkin müsabiqədən sonra artıq dördüncü dəfə keçirilən Qəbələ festivalına dəvət aldığını bildirən rəssam deyib: “Mən ölkəmizi və Latviya  Rəssamlar İttifaqını təmsil edirdim. Sərginin keçirildiyi binanın başı üzərində dalğalanan bayraqlar arasında Latviya bayrağını görmək çox xoş idi”. 

 

Bakıda və bilavasitə Qəbələdə  geniş mədəni proqramda iştirak etmək imkanına görə Azərbaycan səfirliyinə təşəkkür edən İyeva Tsaruka deyib: “Mən bu qədim ölkənin gözəlliyini və onun sürətlə inkişaf etdiyini gördüm. Bu diyarın qonaqpərvərliyi günəş kimi hərarət bəxş edirdi”.

 

525-ci qəzet.- 2016.- 7 yanvar.- S.7