Əyalət futbolçularının
uğurları
Respublikamızın bölgələrində
idmana, xüsusilə,
futbol oyununa diqqət və maraq xeyli yüksəlib.
Bunu Ağcabədi
rayonunun Köyük kəndində yaradılmış
"Aran" futbol klubunun timsalında aydın görmək olar. Bir neçə
il öncə
yaradılmasına baxmayaraq,
adıçəkilən futbol
klubu qızlardan və oğlanlardan ibarət komandalar ilə artıq yaxşı tanınır.
Klubun təşkilatçıları və məşqçiləri Nizami Məhərrəmov, Mahir Bağırlı və məşqçi
köməkçisi Akif
Əliyevin fədakarlığı
sayəsində Köyük
kənd orta məktəbinin bazası əsasında Qarabağda ilk 13 yaşınadək
qızlardan, 12, 13 və
14 yaşlı oğlanlardan
ibarət təşkil
olunan komandalara qonşu kəndlərdən
də oyunçular dəvət edilib.Yeniyetmə
futbolçular öz məzmunlu oyunları ilə bir çox
uğurlara imza atıblar. "Aran" futbolçuları ötən
ildə olduğu kimi cari mövsümdə
də, respublika birinciliyində diqqətəlayiq
oyun nümayiş etdirirlər. Ölkə birinciliyinin Qərb
regionu üzrə 8 komandası arasında özünəməxsus oyun
üslubu və dəst-xətti ilə fərqlənən "Aran"
futbolçularının oyunları
mütəxəssislər tərəfindən
yüksək dəyərləndirilib.
Ötən ilin oktyabr ayından start götürən
çempionata klubun qızlardan ibarət komandası İsmayıllı,
oğlanlardan ibarət
komandaları isə Mingəçevir şəhərlərində
yarışır.
Güclü rəqiblərinə qalib gəlməyi bacaran qızlardan ibarət komanda yarışların
4-cü pilləsində qərarlaşıb. Məşqçilərin qənaətinə görə,
yüksək əzmkarlıq
göstərən komandanın
2-ci yerə yüksəlmək
şansı böyükdür.
Komandanın kapitanı və qapıçısı Ağca
Məhərrəmova sözügedən
futbol liqasında ən güclü qolkiper hesab olunur. İstedadlı futbolçular,
çempionatın bombardiri
Leyla Məhərrəmli,
Günel və Yeganə Həsənzadələr,
Yasəmən və Ləman Qarayevalar, Tərlan Əliyeva, Kəmalə Bayramova, Minarə Məmmədova və digərləri sərgilədikləri oyunları
ilə məşqçilərin
etimadını doğruldub,
azarkeşlərin rəğbətini
qazanıblar.
Qeyd edək
ki, oğlanlardan ibarət komandalar da qızlardan geri qalmırlar. Onlar daxil
olduqları qrup komandaları arasında
ilk dördlükdə möhkəmləniblər.
Futbolçulardan Röyal Məhərrəmli,
Mirafət Bayramlı,
Fuad Hacızadə, Namiq Nəcəfov, Zülfüqar Muxtarlı,
Ömər Həsənzadə,
Natiq Bağırlı,
Mürsəl Əlizadə,
Tural Hacızadə,
Roman Qəhrəmanov və
başqaları komandaların
turnirdə layiqli oyun nümayiş etdirmələri üçün
əllərindən gələni
əsirgəmirlər.
Məşqçilərin dediklərinə görə, futbolçuların uğur qazanmalarında aparılan ciddi məşqlər mühüm əhəmiyyət kəsb edir. Köyük kənd orta məktəbinin geniş idman zalında və futbol meydançasında bunun üçün hər cür şərait mövcuddur. Futbolçular burada qarşıdakı yarışlara lazımınca hazırlaşa bilirlər.
"Aran" futbol klubunun sponsora çox böyük ehtiyacı olduğunu
vurğulayan Nizami Məhərrəmov
və Mahir Bağırlı geniş maliyyə dəstəyi olan komandaların daha
yüksək nəticələr qazana biləcəyinə
əmindirlər.
Yəhya
PAŞAZADƏ
525-ci qəzet.- 2015.- 8 yanvar.- S.8.