Son başlanğıc

 

Yaşamaqdan yaşamağa

köç etməkdi

şeirə köç etmək.

Ən ilk gediş

son gedişdi

- hər şey yenidən başlanır...

Addım

 

Addım

 

Hər gün yastığa baş qoymaqdı

buludlara söykənmək.

Sənə bir addım qalmış

çilikləndi gülüşlər.

Gözümü yollara söykəmişəm

sənsizlikdən başlayır yollar

Var ki...

Hələ doğulmamış,

qəlbi sınıq, taleyi yarımçıq

barmaqlarımda ilişib qalan,

o qədər misra var ki...

Payızdan doğulan ayrılıqlar

sonu bahardan başlayan

naşı addımlar

özümdən gizlədib

şeirə bükdüyüm,

o qədər qəm payı var ki..

Qadın ağlayırdı

 

Qadın ağlayırdı

 

Qəlbimin ən isti yerində

gözlərində ümid,

ürəyində həsrət,

əllərində şeir

-bir qadın ağlayırdı.

Gözümün ən soyuq yerində,

misraların birində,

sonuncu şeirimdə

adın ağlayırdı.

 

İtirilmiş sən

 

İtirdiyim hər gülüşdə

şeir var.

Hər şeirdə sən boyda həsrət,

hər həsrətdə bircə misra

sən varsan.

İtirməkdə çox yaxşıyam

şeirimi itirirəm,

gülüşümü ,

bəzən özümü .

İçim özgələşəndə

gəlişimi tanımıram.

sətirlər donanda,

gülüşümü tanımıram.

Yanmağa əlimdən başlayıram,

misralarda kül oluram.

 

Günahlar var

 

Sabahlar var, sabahlar

Dünəndən qısa sabahlar...

Nələri yazacaq,

nələri alacaq..

Özüm kiçildikcə,

içimdən böyük

günahlar var, günahlar...

Leysanlar da yuya bilməz,

Sərt küləklər tozun silər,

Min laylayla uya bilməz,

günahlar var, günahlar...

Məni misralar gizlədər,

şeirlər bələyər,

xatirələr unudar...

Şeirimə çəkdiyim

çox ahlar var, çox ahlar...

(4 dekabr hadisəsinə)

Hər duamdan sonra,

ovcumda bitər

solğun çobanyastığı.

Pıçıltıyla nalə çəkər

- qayğı, qayğı...

Bu duamdan sonra,

qollarıma sərildi,

nəm qərənfillər.

Alova bürünmüş səsi

külək gətirdi

- vətən torpağı, vətən torpağı.

 

Əntiqə SƏMƏNDƏR

525-ci qəzet.- 2015.- 8 yanvar.- S.7.