Natəvan Dəmirçioğlu :"Azərbaycan Beynəlxalq Radiosu haqq səsimizi dünyaya ünvanlayır"
Natəvan Dəmirçioğlu istedadı,
sadə və səmimiliyi ilə yadımda qalan söz adamıdı. Amma onunla
söhbətdən sonra
anladım ki, işi sadəcə yazıçılıq deyil.
Onunla iş yerində - Azərbaycan Televiziya və Radio Verilişləri
Qapalı Səhmdar Cəmiyyətində, AzTV-də
görüşdüm. Natəvan
xanın Azərbaycan Beynəlxalq Radiosunun Güney Azərbaycana aid Verilişlər Redaksiyasının şöbə
müdiri vəzifəsində
çalışır.
Əvvəlcə qeyd edək ki, 1951-ci ildən fəaliyyət göstərən
bu redaksiyanın yaranmasının məqsədi
İran İslam Respublikasında yaşayan
40 milyona yaxın azərbaycanlıya səsimizi
duyurmaqdır.
Azərbaycan tarixinin, ədəbiyyatının,
incəsənətinin, folklorunun
təbliği ilə məşğul olan redaksiya həm də dünyada və ölkədə baş verən ictimai, siyasi hadisələrlə bağlı
xəbərləri, analitik
şərhləri, müzakirələri,
aktual müsahibələri
və milli musiqilərimizi öz dinləyicisinə çatdırır.
- Natəvan xanım, bu qurum haqqında
bir qədər geniş məlumat verərdiniz.
- Əvvəlcə onu
deyim ki, Azərbaycan Beynəlxalq Radiosu dünya azərbaycanlılarının dinlədiyi
və bəyəndiyi
radiolardan biridir. 80 ilə yaxın tarixi, aydın fəaliyyət proqramı
və zəngin arxivi var. Dünya Radioları Kataloquna adı düşmüş
rəsmi qurumdur.
İkinci Dünya müharibəsi
başlayandan dərhal
sonra Sovet həqiqətlərini dünyaya
çatdırmaq məqsədilə
yaradılmış, uzun
illər bu missiyanı yerinə yetirmiş, müstəqillikdən
sonra isə Azərbaycan reallıqlarını
dünya azərbaycanlılarına
və daha geniş anlamda, müxtəlif dillərdə
dünyaya çatdırmaqdadır.
Fəaliyyəti dövründə
Xarici Verilişlər
İdarəsi, Xarici Verilişlər Radiosu, Xarici Verilişlər Studiyası, nəhayət,
1994-cü ildən isə,
böyük siyasi xadim, ulu öndər
Heydər Əliyevin göstərişi ilə,
Azərbaycan Beynəlxalq
Radiosu adlandırılıb.
Bu artıq tam beynəlxalq status idi.
Ulu Öndər bu quruma ciddi əhəmiyyət
verirdi. Onun diqqəti sayəsində
qurumun efir həcmi 3 dəfədən
çox genişləndi.
Əvvəllər "Bakının səsi", indi isə "Azərbaycanın
səsi" çağırışı
ilə efirə çıxan Azərbaycan
Beynəlxalq Radiosu obrazlı desək, müstəqil Azərbaycanın
haqq səsini dünyaya ünvanlayır.
- Öyrəndiyim qədər,
bu qurumun ən böyük redaksiyası Güney Azərbaycan Redaksiyasıdır
və 1995-ci ildən burada şöbə müdiri kimi fəaliyyət göstərirsiniz...
- Elədir. Kifayət qədər çətin
və məsuliyyətli,
amma şərəfli
işdir. Bütün dünyada
yaşayan 60 milyonluq həmvətənimizin səsini,
onun bir millət kimi sahib olduğu dəyərləri
güneyli soydaşlarımıza
çatdırmaq çox
vacibdir. Birincisi, onlar
öz milli kimliyini bilsinlər. İkincisi,
sahib olduqları milli sərvətdən xəbərdar
olsunlar. Üçüncüsü,
başqa millətlərin
onları aşağılamasına
imkan verməsinlər.
Bilirsiz, insan özünü tanıdıqda, vətənini,
xalqını tanıdıqda,
lazım gələrsə,
başqaları yanında
aciz qalmır, əksinə, özünü
təsdiq etməyə
gücü, qüdrəti
çatır.
- Bu 20 ildə hansı dəyişiklikləri gördünüz?
- Dəyişiklik çoxdur,
məncə. İndi onlar
daha çox azərbaycançıdırlar. Müstəqil Azərbaycanın həqiqətlərinin dünyaya
çatdırılmasında daha yaxından iştirak etmək istəyirlər. Azərbaycan türkü
olaraq öz haqlarına və milli mənafelərinə
daha çox sahiblik duyğusuna malikdirlər. İranda Azərbaycan
türklərinin nə
yazılı mətbuatı,
nə televiziyası, nə də radiosu yox idi.
Hazırda, fəaliyyəti
bəzi məqamlarda sanki azərbaycanlıların
dilinə və mental təfəkkürünə qarşı
yönəlmiş kimi
görünsə də,
müəyyən media qurumları
var. Baxmayaraq ki, burada azərbaycanlıların
mənsub olduqları bir sıra dəyərlər
təhrif edilir, amma bu heç
bir söz tribunası olmamaq kimi aşağılayıcı
durumdan yaxşıdır.
Bu baxımdan Güney Azərbaycan Redaksiyası onlar üçün sanki işıq düşən
bir pəncərədir.
Onlar ilk növbədə, deyərdim
ki, bu radio ilə doğma dillərini- Azərbaycan dili bilgilərini daha da inkişaf
etdirirlər. Yazılarını göndərirlər, fikirlərini,
düşüncələrini bizimlə paylaşırlar.
Redaksiya onlar üçün doğma bir ocaqdı, ifaçılar,
şairlər gəlirlər,
arzularını, diləklərini
çatdırırlar.
- Sizcə, bu gün Qarabağ müharibəsi ilə bağlı cənublu soydaşlarımızın düşüncələri,
bu ağrılı məsələyə münasibətləri
necədir?
- Bəlkə də dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qəlbində, əməlində Qarabağ gerçəyinə bir dəstək istəyi var. Bizim hansısa məsələlərdə fikir ayrılığımız ola bilər və bu təbiidir. Amma Qarabağ müharibəsi bizi birləşdirən, ortaq nöqtəyə gətirən, heç bir ayrılığa və tərəddüdə yer saxlamayan məsələdir. Bu gün bu məsələ azərbaycançılığın ekvivalentidir. Azərbaycançılıq hazırda bizim ümummilli məfkurəmizdir. Qarabağ məsələsi ondan kənarda deyil. Ölkəmizdə və onun hüdudları xaricində soydaşlarımız üçün azərbaycançılıq ideyası istiqlal və dövlətçilik təfəkkürünə əsaslanır. Qarabağ isə milli qeyrət məsələsidir artıq. Ulu öndər Heydər Əliyev 2001-ci il Dünya Azərbaycanlılarının I qurultayında proqram xarakterli fikir irəli sürdü: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır." Prezident İlham Əliyev 2006-cı il II Qurultayda bu ideyaları daha da inkişaf etdirərək təkcə dünya azərbaycanlıları ilə kifayətlənmədi, Azərbaycan və türk diasporlarının gücünü birləşdirərək məkrli düşmənə qarşı vahid cəbhədə mübarizə aparmaq fikrini önə çəkdi. Beləliklə, Qarabağ savaşı üçün ümumtürk insanının mübarizəsi ideyasının əsası qoyuldu. Güney azərbaycanlılar bu məsələdə əsas faktordur və belə də olması gərəkdir.
- Zəngin müşahidələrdən sonra Qarabağ mövzusunda əsər yazmağı düşünürsünüzmü?
- Mən indi bir
roman üzərində işləyirəm.
Bu bir azərbaycanlının
əsəridirsə və
Azərbaycan əsəridirsə,
üstəlik obrazlar azərbaycanlıdırsa, demək,
bu və ya digər dərəcədə
burada Qarabağ da olacaq. Çünki Qarabağ iyirmi
birinci əsr azərbaycanlısı üçün
elə bir ağrı və problemdir ki, hər kəsin ya taleyindən, ya da doğmalarının,
yaxınlarının taleyindən
keçir. Ona görə,
bu dövrdə yazılan və bu dövrə aid yazılan bir Azərbaycan əsərində
o, mütləq var.
- Ümumiyyətlə, sizcə,
Qarabağ məsələsinin
təbliğatı yetərlidirmi?
- Bilirsiz, təbliğat kifayət qədər ciddi işdir, eyni zamanda müəyyən
məqamlarda təhlükəli
işdir. Onu peşəkarlıqla aparmadıqda antitəbliğata
çevrilə bilər.
Onun qarşısını almaq
isə, təbliğatın
özündən daha
mürəkkəb prosesdir.
Qısaca bir epizodu xatırladım. Dərs dediyim
universitetlərdən birinin
Jurnalistika fakültəsinin
axırıncı kurs
tələbələrinin son dərsi idi. Qrupda türkiyəli üç
tələbə vardı.
Onlardan soruşdum ki, "Azərbaycan və azərbaycanlılar
sizin yaddaşınızda
necə qalacaq, onu daha çox
nəylə xatırlayacaqsız?". Tələbələrdən
biri: "Qarabağ adlı qara bir sevdaya tutqun
millət kimi" deyə, gözləmədiyim
bir cavab verdi. Əlbəttə, o tələbə ilə dərsdə və dərsdən sonra xeyli söhbət etdim, müəyyən həqiqətlərə aydınlıq
gətirməyə çalışdım.
Yeri gəlmişkən
deyim ki, dövlətimiz xaricdə
oxuyub gələn tələbələrin ideoloji
və dini dünyagörüşü ilə
maraqlanmağın zəruri
olduğunu gündəmə
gətirdi. Bəlkə, bizdə oxuyan
xarici tələbələrin
də ideolojisi öyrənilməli, onlarda
yanlış təsəvvürlərin
yaranmaması üçün
gərəkli işlər
görülməlidir.
Mina
RƏŞİD
525-ci qəzet.- 2015.- 8 yanvar.- S.7.