İlqar Fəhminin çoxcildliyindən
ilk dörd kitab təqdim olundu
"Yaxşı" eşqin sonu yox, əvvəli
yox,
Hər yana şölə
saçan məşəli
yox,
Yaxşı eşqin sarı
bir tüstüsü var ki,
Ona da ağlamasan, heç.
Kitab təqdimatı
vaxtı müəllifin
kitablarından birini varaqlayıram. "Bu gündən
dünənə" adlı
kitabdakı bu şeir həmin "heç"lərlə bəndlərin
arxasınca uzanır və adamın ürəyindən bir az melodik,
bir az ritmik,
bir az da
məzəli bir pıçıltı kimi
keçib gedir.
"Köhnə yar"ın daha o meydanı yox,
Cərgə-cərgə düzülən
qurbanı yox,
Köhnə yarın dəli
bir aşiqi var ki,
Sinəsin dağlamasan, heç.
Ötən gün şair, yazıçı, dramaturq
İlqar Fəhminin çoxcildliyindən ilk dörd
kitabın imza gününə yığışmışdıq. "Bu gündən dünənə",
"Nostalji", "Sən
kimsən, Səfəvi?",
"Son reportaj". Bu
kitabların hər biri müxtəlif janrda yazılmış bədii nümunələrdir.
Qeyd etdiyim şeir isə məhz şeirlər toplusundandır.
Təqdimatda həmin şeirlərdən
də danışıldı.
Şairin nəsri, publisistikasından
tutmuş, kinodramaturgiyasına
qədər geniş müzakirə mövzusu açıldı.
Tədbiri şair Qulu Ağsəs açaraq müəllifin təqdim olunan kitablarından danışdı: "İlqarın
bu yaxınlarda 40 yaşı tamam olub. Bu qırx
ildə çox kitablar yazılıb.
Ancaq bu gün onun
sadəcə dörd kitabının təqdimatıdır.
İlqar
elitar yazıçıdır.
Ancaq bununla yanaşı asanlıqla kütləviləşir.
Yəni,
o, həm ciddi ədəbiyyatçıdır, həm də oxunur və sevilir".
Yazıçı, dramaturq Əli Əmirli müəllifin dramaturgiyasından bəhs etdi: "Hələ "Aktrisa", "Akvarium" əsərlərini oxuyanda gördüm ki, bu müəllif teatrı yaxşı bilir və ona bələddir. Onda müasirliklə şərq təfəkkürü gözəl uzlaşır. Qəzəllərində uğur qazanmasının başlıca səbəblərindən biri, məncə, budur. Mən onun səhnə əsərləriylə tanışlıqdan sonra düşündüm ki, 40 yaşına qədərki dramaturqlar içərisində ən uğurlusu odur. Dram əsərləri əgər səhnədə müvəffəq ola bilmirsə, mətn olaraq qalır və ciddi hadisəyə çevrilmir. İlqar Fəhminin dörd-beş əsəri var ki, səhnədə uğur qazanıb. Onun yazılarında bir virtuoz yanaşma var. Mən vaxtdan, zamandan gileylənən yazıçılara ciddi baxa bilmirəm. Bu o deməkdir ki, onların istedadı qısırdır və yaradıcılıqlarında bir boşluq var. Yazıçının əgər deməyə sözü varsa, ən çətin şəraitdə də sözünü deyəcək. İlqar Fəhminin 40 yaşına qədər 14 kitabı nəşr olunub. Bu da onun zəhmətkeş, çalışqan olduğunu göstərir".
Tənqidçi Vaqif Yusifli müəllifin ümumi yaradıcılıq yoluna nəzər yetirdi və polifonikliyin, janr müxtəlifliyinin onun ədəbi fəaliyyətinə xas cəhətlər olduğunu vurğuladı: "Mən 2002-ci ildə onun haqqında "Köhnənin təzəsi" adlı yazımla çıxış elədim. Hələ o günlərdən istedadı, bacarığı onun üçün çox şey vəd edirdi. Bunu qeyd etməliyəm ki, İlqarın əsərlərində güclü şərq təfəkkürü var. Bunu onun romanlarında xüsusilə hiss etmək olar. "Qarğa yuvası", "Kölgədə əqrəb" romanları Azərbaycan ədəbiyyatının postmodernist nümunələrindəndir. İlqar Fəhmidə qəzəllər də yaxşı alınır. Onun qəzəllərində ərəb-fars kəlmələri çox azdır. Bu da onu oxunaqlı edir, oxucu auditoriyasını zənginləşdirir. Mən istərdim ki, İlqar müasir problemlərdən, mövzulardan daha çox yazsın. Çünki o bunu yaxşı bacarır".
Tənqidçi Əsəd Cahangir müəllifin esseistikası və qəzəllərindən söz açdı: "İlqar Fəhmi bu savadla, istedadla daha sosial, tale yüklü, ictimai-siyasi mövzuları bir müəllif kimi öz üzərinə götürməlidir. "Sən kimsən, Səfəvi?" kitabını son zamanların ən uğurlu esseistikası hesab edirəm. Həm intellektual, həm də ciddi fəlsəfi-psixoloji məqamları nəzərə alsaq, bunu rahatlıqla söyləyə bilərəm... Onun yaradıcılığı zəngindir. Müraciət etdiyi janrların hər birində uğurludur. İlqarın qəzəlləri xüsusilə sevilir. Onlarda ərəb-fars sözləri, tərkiblər, demək olar, yoxdur. Ancaq qəzəllərinin uğurlu alınmasında ən əsas səbəb onlarda olan yumordur. Nəsrində isə o, şərq və qərb ədəbiyyatını birləşdirə bilir. İlqar postmodern yazıçıdır. Ancaq mən düşünürəm ki, o, ağlı və məntiqiylə nə qədər qərbli olsa da, öz qəlbiylə şərqli olaraq qalır".
Çıxışlardan sonra müəllif təqdimata qatılanlara minnətdarlığını bildirdi.
Müşfiq ŞÜKÜRLÜ
525-ci qəzet.- 2015.- 8 yanvar.- S.7.