Professor Məmməd Quliyev: "Səhnə ifaçı üçün həmişə nəsə bir surpriz hazırlayır..."

 

Dəyərli musiqi xadimimiz, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim Məmməd Quliyevin bugünlərdə sinif konserti keçirildi. Fədakar pedaqoqla bu söhbətimiz də elə onun istedadlı tələbələrinin uğurlu ifalarını dinlədikdən sonra, konsertin yaratdığı xoş təəssüratlarla gerçəkləşdi...

 

- Məmməd müəllim, bir dinləyici olaraq deyə bilərəm ki, konsert möhtəşəm idi. Bəs siz bir pedaqoq, çıxış edənlərin müəllimi kimi necə qiymətləndirirsiniz konserti?

 

- Ümumiyyətlə konsertin təşkili planlaşdırılmamışdı. Əvvəlcə Milli Konservatoriyadan təklif gəldi ki, orada konsertimiz olsun. Mən də qərara gəldim ki, konsert dekabrın sonları keçirilsin. Dekabrın 22-də Milli Konservatoriyadakı konsertdən sonra fikirləşim ki, əgər orda çıxış ediriksə, niyə də BMA-da ikinci konsert olmasın? Dekabrın 27-si bizim hörmətli rektor, Xalq artisti Fərhad Bədəlbəylinin ad günüdür. Qərara gəldim ki, burda da konsert verək və konsertimizi ona həsr edək. Doğrusu, bizim sənət, yəni ifaçılıq elə bir sənətdir ki, hər zaman "daha da yaxşı ola bilərdi" düşüncəsi yaranır. Çünki ifaçılıqda sərhəd yoxdur. Hər ifanın daha yaxşı variantı mümkündür. Amma bir şey də var ki, bundan pis də ola bilərdi (gülür).Hesab edirəm ki, bu konsert uğurlu oldu. Məhz buna görə mən özümdə cəsarət tapıb səhnəyə çıxaraq bir-iki kəlmə söz deyə bildim.

 

- Sizinlə söhbətimizə hazırlıq məqsədilə haqqınızda ətraflı bilgi almaq istədim. Təəssüf ki, lazımi material - geniş məlumatlar, müsahibələr tapa bilmədim. Niyə belədir?

 

 - Ümumiyyətlə, mən sevmirəm bütün bunları. Olub ki, təklif eləyiblər, mən istəməmişəm. Bu barədə təvazökar insanam. İnformasiyaya gəldikdə isə, təhsilim haqqında danışa bilərəm. Musiqi məktəbindən sonra Asəf Zeynallı adına Musiqi Texnikumuna qəbul olmuşam. Orada oxuduğum illərdə də çox çıxışlarım olub. Birinci Respublika müsabiqəsində birinci yeri qazandım. Daha sonra Ramiz Məlikaslanovun orkestri ilə Raxmaninovun Birinci konsertini, Maestro Niyazinin dirijorluğu ilə Çaykovskinin konsertini ifa etmişəm. Həmçinin Yalçın Adıgözəlov, Rauf Abdullayev kimi dirijorlarla da çıxışlarım olub. Daha sonra 1980-ci ildə Konservatoriyaya (indiki Bakı Musiqi Akademiyası) Elmira Səfərovanın sinfinə daxil olmuşam. 1984-cü ildə buranı bitirdikdən sonra Elmi Şuranın qərarı ilə sənədlərim Moskva Konservatoriyasına təqdim olundu. Mən qabiliyyət imtahanlarını verdim və dahi pianoçu Lev Vlasinkonun sinfinə daxil oldum. Bəlkə onu çoxları tanımır, amma mən qeyd etmək istəyirəm ki, 1958-ci ildə Birinci Beynəlxalq Çaykovski adına festivalda birinci yeri Van Klibern, ikinci yeri isə məhz Lev Vlasinko tutmuşdu. Mən onun sinfinə 3 il təhsil aldım. Daha sonra qayıtdım Bakıya və 1987-ci ildən burada pedaqoq kimi çalışıram.

 

 - Siz həm də Zaqafqaziya müsabiqəsinin laureatı olmusunuz.

 

 - Bəli. 1981- ci ildə dirijor Rauf Abdullayev ilə birlikdə Yerevan şəhərində Zaqafqaziya konkursunda çıxış elədim və 3-cü yerə layiq görüldüm. Bilirsiniz, mən o zaman 2-ci kursda oxuyurdum. Texnikumdan sonra (indiki A.Zeynallı adına musiqi kolleci nəzərdə tutulur) Konservatoriya mühitinə uyğunlaşmaq asan deyil. İstənilən halda səviyyə fərqi var idi. Buna baxmayaraq mən cəmi 1 ilə müsabiqənin proqramını öyrəndim. Heç kim gözləmirdi ki, mən o müsabiqədə ümumiyyətlə hansısa yeri qazana bilim. Nəinki, 3-cü yer. Əslində bu böyük müvəffəqiyyət idi. Müsabiqədən sonra burda solo konsertim oldu. 1990-cı il faciəsindən sonra həmin faciəyə həsr olunan konsertə dəvət aldım. Orada Frans Listin  "Dəfn mərasimi" əsərini ifa elədim. Daha sonra elə oldu ki, pedaqoji fəaliyyətimlə bağlı səhnələrə daha az çıxmağa başladım.

 

 - Sonuncu dəfə nə zaman çıxmısınız səhnəyə?

 

 - Sonuncu dəfə 2005-ci ildə, Elmira xanımın 80 illiyinə həsr olunmuş konsertdə çıxışım olub.

 

 - İfaçılıq elə bir sənətdir ki, hər gün saatlarla piano arxasında oturmaq lazımdır. Gəzmək, istirahət eləmək, dostlarla görüşmək üçün vaxt qalmır. Yəni bir insanın gəzib əylənərək keçirəcəyi gənclik illəri evdə, saatlarla piano arxasında məşğul olaraq keçir. Necə gözə aldınız bu çətinliyi?

 

- Bilirsiniz, bu işə yeni başlayanda insan bilmir ki, belə çətinliklər gözləyir onu. Zaman- zaman müəllimlərin tələbi, konsert məsuliyyəti tələb edir ki, daha çox çalışasan. Əgər insanda ifaçılıq vicdanı varsa özü də dərk edir bütün bunları. Əlbəttə, istedad və istək də özü sözünü deyir. Mən tələbələrimə də deyirəm ki, bu "Qara bədheybət"ə (pianonu göstərərək) ömrünü həsr eləyəcəksənsə, bəlkə də sənin heç şəxsi həyatın da olmayacaq. Çox şeylərdən məhrum olacaqsan. Mən tələbə vaxtlarımda dərslər arasındakı 2-3 saatlıq "pəncərə"də belə evə qaçıb piano ilə məşğul olurdum. Sonra qayıdırdım dərsə. Bəlkə də bizim zamanımızda telefon, internet yox idi ona görə saatlarla məşğul olurduq. Bilmirəm... İndi gənclərdə artıq bu sənətə elə maraq yoxdur. Çünki fikirləşirlər ki, burda yaxşı maddi qazanc əldə eləmək çətindir. Ya da ki, sən ulduz olmalısan. İnanın o da çox ağır həyatdı. Həyatın hava limanı və konsert salonu arasında keçir. O cür ifaçılar çox zaman qastrollarda olduqları şəhərləri gəzməyə belə fürsət tapmırlar. Amma səhnəyə çıxıb "soyuq ağıl və isti ürəklə" ifa etdikdən sonra o alqışları eşitmək hər şeyi unutdurur. Hesab eləyin ki, ifaçıya dünyanı bəxş edirlər.

 

- Təhsil aldığınız illərdə sevmədiyiniz dərs olubmu?

 

- Mən konservatoriyada təhsil aldığım illərdə təvazökarlıqdan kənar da səslənsə, necə deyərlər "ulduz" idim (gülür). Ona görə də bir çox dərslərdən, əsas da birbaşa lazım olmayanlardan azad edilirdim. Harmoniya, Musiqi tarixi kimi fənlər istisna idi. Onlarda iştirak edirdim. Özümü borclu bilirdim o dərslərdə iştirak eləməyə. Amma "Kommunist partiyasının tarixi" kimi dərslərə girmirdim. O vaxt bir qayda var idi ki, bu fəndən 3 alsaydın, Moskvada təhsil ala bilməzdin. Ona görə də axrıncı aylarda oturub o fənni də öyrəndim ki, heç olmasa "tramvay altında qalmış" bir 4 alım ki, aspiranturaya sənədlərimi qəbul eləsinlər.

 

- Sizin bu sahəyə həqiqətən pedaqoq deyə biləcəyimiz yeni kadrlar gəlirmi?

 

- Bilirsiniz, hər şey zamandan, mühitdən asılıdır. Həm də pedaqoq olmaq zaman, təcrübə, peşəkarlıq tələb edir. Mənə də pedaqoji fəaliyyətimin ilk illərində başqa siniflərdən qovulan tələbələr gəlirdi. Son 10 ildə isə mənim sinfimdə demək olar ki, yer olmayıb. Yəni müəllimdən çox şey asılıdır. Həm də gözəl ifaçı ola bilərsən, amma pedaqoq olmaq ayrı şeydir. O qədər yaxşı ifaçı var ki, amma müəllim kimi nailiyyətləri olmayıb. Gərək bütün tələbələri yaxşı tanıyasan, hərəsi ilə bir dil tapasan, dərdini-sərini biləsən, ifaçılıq imkanlarına bələd olasan ki, onları irəli aparacaq repertuar seçə biləsən. Yəni müəllim, pedaqoq kimi özünü təsdiq eləmək hər kəsə qismət olmur.

 

- Səhnənin öz mistikası var. Bəzi ifaçılara görə bu "səhnə məsuliyyəti", bəzilərinə görə isə "səhnə qorxusu"dur. Ümumiyyətlə ifaçının səhnədən qorxmağı normal haldırmı?

 

- Əlbəttə ki. Ümumiyyətlə səhnədən qorxmayan ifaçı yoxdur. Hamısı qorxur səhnədən. Bu gün mənim tələbələrim də qorxurdu. Mən də bu səbəbdən zalda otura bilmədim. Yalnız son ifada rahat əyləşə bildim tamaşaçıların arasında. Yəni kim deyir ki, qorxmuram, yalan deyir. Çünki səhnə ifaçı üçün həmişə nəsə bir surpriz hazırlayır. Əgər yarım saniyəlik belə olsa ifaçının fikri yayınsa, əsər üzərindəki nəzarətini itirsə, sonra o əsəri yığıb-yığışdıra bilməyəcək. Ona görə də ifaçı diqqətli olmalıdır, hər şeydən əvvəl. Məsələn, rəssamın tablosu yüz illərlə qalır, memar, yazıçı... onların işi tarixdə bir dəlil olaraq var. Həm də istədiyi vaxt əsəri yenidən redaktə edə bilər. Amma ifa elə bir şeydir ki, həmin an çalırsan və uçur gedir. Aylarla bir əsərin üzərində işləyirsən, sonra bütün bu əziyyəti 4 dəqiqəlik çıxışla təqdim edirsən. Sonra da unudulur...

 

- Yəni bir az vəfasız sənətdir...

 

- Bəli, o barədə elədir. Heç olmasa indi texnologiya var. Lent yazıları qalır. Amma keçmişdə elə dahi ifaçılar olub ki, - Şopen, List kimi - onların ifaları əfsanə kimi danışılır sadəcə. Heç bilinmir, necə ifa eləyiblər. Amma Rafaelin tablolarına indi də baxa bilirik.

 

- Elə bir tələbəniz varmı, onu həmişə xatırlayırsınız? Xarakteri, ifaçılıq qabiliyyəti baxımından.

 

- Mən burada 28 ildir çalışıram. 40-a yaxın tələbəm olub. Onların arasında mən cəmi 2 tələbəmi xaric eləmişəm sinfimdən. Niyə? Çünki mən başa düşürdüm ki, onlar doğru ünvanda deyillər. Mən də dedim ki, əgər avaralıqla məşğul olacaqsınızsa mənim vaxtımı almayın. Bu barədə başqa müəllimlərə müraciət eləyin. Məsələn, Emil Əfrasiyab mənim tələbəm olub. O, caza meylli idi. Axı mən caz dərsi demirəm. Mən tələb edirdim ki, proqramı çalsın. Buna da onun vaxtı yox idi. Onu da sinfimdən xaric eləmək məcburiyyətində qaldım. Hərdən düşünürəm ki, nahaq onu xaric elədim. Amma bütün tələbələrim istedadlı olub. Elə tələbələrim olub ki, əlli notu birdən ifa eləsən belə, hamısını təyin edə biliblər.

 

- Niyə musiqiçilər, əsas da ifaçılar digər sənət nümayəndələrindən daha çox bağlı olur müəllimlərinə?

 

- Çünki bizim dərslər fərdi qaydada keçirilir. Müəllim və tələbə birbaşa ünsiyyətdə olur. Biri var ki, universitet müəllimi girir auditoriyaya, mühazirə, sonra da portfelini vurur qoltuğuna çıxır gedir. Heç çox tələbəni tanımır. Amma ifaçılıq sənəti belədir ki, sən tələbə ilə bir neçə il təkbətək məşğul olursan. Artıq şəxsi münasibətlər qurulur. Təsəvvür edin ki, bir insanı həftədə ən az iki dəfə görürsən. Və bu 4, ya da 6 il davam edir. İstər-istəməz mehribanlıq, səmimiyyət yaranır. 10-15 il əvvəl sinifimi bitirən tələbələrimlə hələ də münasibətim var. Hərdən gəlirlər, övladlarını da gətirirlər. Onlar da mənim nəvələrim sayılır (gülür)

 

- Bəs incəsənətə aid olmayan hansısa məşğuliyyətiniz, xobbiniz varmı?      

 

- Avtomobillər (gülür). Səmimi deyirəm, avtomobillərlə maraqlanıram. Uşaqlıqda marka yığırdım. Məndə bir albom var, bəlkə də indi hərraca çıxarsam, böyük məbləğ təklif edərlər. Bilirsiniz, mən musiqi ilə ciddi məşğul olmağa 7-ci sinifdə başladım. İnandırım sizi, 5-ci sinfə qədər hər il musiqi müəllimim dəyişirdi. Məni futbol topu kimi ordan-ora atırdılar. Çünki 5-ci sinfə qədər not bilmirdim, nə eşidirdim, onu da çalırdım. Sonra rəhmətlik atam mənə bağımıza gedərkən qatarda keçirdiyimiz bir saat yarımlıq vaxtda notları öyrətdi. Özü cərrah idi, amma not kitabı alıb notları öyrənmişdi ki, mənə də öyrətsin. Daha sonra 14-15 yaşımda özümdə maraq yarandı ifaçılığa. Yadımdadır, Zaqafqaziya müsabiqəsinə hazırlaşanda yayın isti günləri idi. Kondisionerlər də təzə-təzə çıxırdı. Atam kondisioner aldı və mən məcbur oldum pianomu keçirtdim həmin otağa. O kondisioner mənim işimi qismən yüngülləşdirdi. Səhər saat 8-dən axşam saat 10-a qədər pianino ilə məşğul olurdum. Arada anam gəzməyə çıxardırdı ki, bir az hava al, yoxsa müsabiqəyə sağ çıxa bilməyəcəksən.

 

- Hansı ifaçılıq məktəbini yüksək qiymətləndirirsiniz?

 

- İndi belə dəb düşüb ki, hamı gedir Avropada, Amerikada oxuyur. Amma mən həmişə demişəm ki, ən güclü məktəb Moskva Konservatoriyası olub. Çünki orada Qoldenveyzer, Neyqauz kimi müəllimlər çalışıb. Elə Avropada sayılıb-seçilən müəllimlərin də çoxu Moskvada təhsil alıb. Mənim yadımdadır, Moskvada təhsil aldığım illərdə yataqxanada qalırdım. Çindən nə qədər tələbələr gəlirdi təhsil almaq üçün.Bütün yataqxananı sarımsaqlı balıq qızartmasının iyi götürürdü. İnanırsınız, sürətləndirilmiş kursda onlar rus dilini 3 aya öyrənirdilər. Və bu gün onların ifaçılıq məktəbi necə böyük pianoçular yetişdirir. Mən eşitmişəm ki, hazırda orada 60 milyona yaxın pianoçu var. Elə bizim Konservatoriyanın da təməlini Moskva Konservatoriyasının müəllimləri qoymuşdular. O vaxt dahi Üzeyir bəy oradan Brener, Knayskov kimi görkəmli pedaqoqları dəvət elədi. Amma təəssüflər olsun ki, o ənənələr artıq itib. Hazırda Culiard məktəbi (ABŞ) məşhurdur ki, elə onun da qurucuları Moskva Konservatoriyasının yetirmələri olub. İnqilab vaxtı immiqrantların çoxu Amerikaya getdi. Məsələn Raxmaninov, Metner... Əslində o məktəb də bu vəsilə ilə yarandı.

 

- Hansısa əsərin ilk ifaçısı olmusunuzmu?

 

- Cövdət Hacıyevin "Musiqi lövhələri" fortepiano silsiləsi var idi. Onun ilk ifaçısı mən olmuşam. O əsərin əlyazması da hazırda məndədir. Belə oldu ki, Elmira xanımın Azərbaycan bəstəkarlarına həsr olunmuş sinif konserti idi. Cövdət müəllim də konsertdən bir müddət əvvəl əsəri gətirdi. Və əsəri mən ifa elədim.

 

- Öz qənaətinizə görə, Məmməd Quliyevin əsas xüsusiyyəti nədir?

 

- Onu deyə bilməyəcəm, amma mənfi xüsusiyyətlərimi bilirəm. Sənətimdə, işimdə hədsiz tələbkar, tərs və "mızmızı"yam. Yaxşı xüsusiyyətlərimi də, yəqin ki, tələbələrim bilər.

 

Açığı, Məmməd müəllimin bu suala verəcəyi cavabı əvvəlcədən hiss etmişdim. Çünki konsertdən əvvəl onun tələbələrinə bir sual verdim: "Mamed Quliyevi üç sözlə necə ifadə edərdiniz?" Cavabları belə oldu:

 

- Məsuliyyətli, ciddi və səmimi!

 

- Savadlı, səviyyəli və təkrarsız!                    

 

Şəfaqət MƏMMƏDOVA                       

ADMİU-nun III kurs tələbəsi

525-ci qəzet.- 2016.- 8 yanvar.- S.6.