Zəkəriyyə Süleyman Zubi: "Türk dünyası ilə əlaqələr qurmaq istəyirik"

 

 

Bu yaxınlarda Liviyada yaşayan türklərin yeni mədəniyyət qurumu olan "Koroğlu" dərnəyi təsis edilib. Təşkilatın təqdimat mərasimi Türkiyənin paytaxtı Ankarada keçirilib. 

 

Qurumun əsas  məqsədi türk dünyası ilə mədəni və elmi əlaqələr qurmaq, qarşılıqlı tədbirlər keçirməkdir. Türklər Liviyada beş əsrdən çoxdur ki, yaşayırlar, amma öz təşkilatlarını yalnız indi quraraq dövlət qeydiyyatından keçiriblər.

 

Müsahibimiz "Koroğlu" dərnəyinin sədri Zəkəriyyə Süleyman Zubi yeni qurumun yaradılması, qarşıdakı planlar barədə daha ətraflı danışıb.

 

- Zəkəriyyə bəy, belə bir qurum yaratmaq ideyası necə meydana çıxdı?

 

- Bu təşəbbüs Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın 2011-ci ildə Liviyaya tarixi səfəri çərçivəsində gündəmə gəldi. Bundan sonra mən Türkiyə-Liviya İşbirliyi və İnkişaf Forumunun rəhbəri Əli Actal ilə birlikdə əlaqələr qurmaq üçün Ankaraya gəldik. Məqsədimiz həm də Liviyada "Koroğlu" dərnəyinin qurulmasını türk xalqına bildirmək, Türkiyədəki vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq imkanlarını araşdırmaq idi.

 

- Dərnəyin adını niyə məhz "Koroğlu" olaraq seçdiniz?

 

- Koroğlu bütün türk dünyasında, xüsusilə də Azərbaycanda məşhur olan xalq qəhrəmanının adıdır. Bizim anlamımızda bu ad həm də igidliyi, güc və qüvvəti ehtiva edir. Bu adın Liviyada yayılmasının da tarixçəsi var. Liviyada Koroğlu türk boyunun adıdır. 1551-ci ildə, Sultan Süleymanın zamanında Turqut Rəis, Sinan Paşa və Murad Ağanın rəhbərliyi altında Liviyanı xaçlı hücumlarından qorumaq məqsədilə türk dəniz əsgərləri oraya gedir. Bundan sonra Liviya Osmanlı imperatorluğuna birləşdirilir. Onlar Aralıq dənizində ən güclü donanmanı qururlar. Türklərin Liviyaya axını da o illərdə başlayır. Həmin vaxtlar onlar həm də Liviyanın siyasi həyatına dominantlıq ediblər. Burada məskunlaşan türklərin əksəriyyəti dəniz əsgərləri idilər və onlar yerli qadınlarla ailə qururlar. Beləliklə, məğriblilərlə türklər qaynayıb-qarışır və bu ailədə doğulan uşaqlar Koroğlu adlanmağa başlayır. Artıq beş əsrdir ki, bizi Koroğlu adlandırırlar. Bu gün də elə liviyalılar var ki, əcdadlarının türk olduğunu etiraf edirlər. Nuru paşanın rəhbərliyi altında 1918-ci ildə Liviyada Hərbi Akademiya qurulub. 1948-ci ildə Liviyada yeni dövlət qurulanda oranın baş naziri də zamanında Liviyadan gəlib Ankarada təhsil almış bir türk olub. Türkiyədən Liviyaya miqrasiyanın növbəti dalğası 1970-ci illərdə baş verir. İndi bizim boylar təkcə Liviyada deyil, Afrikanın bir sıra ölkələrində də yaşayırlar və onlar hər biri Koroğlu boyuna məxsus olduqlarını yaxşı bilirlər. Bir sözlə, biz bu dərnəyi ona görə qurduq ki, özümüzü türk dünyasına tanıdaq və əməkdaşlıq edək. Biz eyni mədəniyyətə, adət və ənənələrə sahibik. Türkiyə ilə, Azərbaycanla, digər türkdilli ölkələrlə əlaqələr qurmaq istərdik. Biz öz qucağımızı bütün türk bacı-qardaşlarımıza açırıq və demək istəyirik ki, yeni mədəni əlaqələrə hazırıq.

 

- Liviyada yaşadığınız bu illər ərzində adət-ənənələrinizi qoruyub saxlaya bilmisinizmi?

 

- Zamanında Türkiyədən Liviyaya köç edənlər, yəni bizim ata-babalarımız məşhur türk mənşəli Bayat tayfaları olub. Təxminən həmin vaxtlarda Azərbaycandan da İraqa həmin tayfaların köçdüyünü bilirik. Məsələn, məşhur Azərbaycan şairi Füzulinin Bayat tayfasına məxsus olduğunu bilirik. Bütün adət-ənənələri qoruyub saxlamışıq. Hətta adlarımız da türk adlarıdır. Türkiyədən Liviyaya gələnlər bir neçə gündən sonra təəccüb içində idilər. Onlar üzərindən bu qədər illər keçməsinə baxmayaraq, adətlərimizin yaşadıldığını öz gözləri ilə gördülər. Bir çatışmazlıq odur ki, dilimizi qoruyub saxlaya bilməmişik. Lakin bundan sonra özümüz də, övladlarımız da türk dilini öyrənəcəyik. Əgər türk dünyası da bizə dəstək verərsə, elm və mədəniyyət istiqamətində layihələr reallaşdıracağıq. Əvvəlcə özümüzdən başlamaq istəyirik. Liviyada və ətraf ölkələrdə yayılmış Koroğlu türklərini bir araya gətirmək və onlarla sosial, mədəni əlaqələri inkişaf etdirmək, sonra da türk dünyası ilə münasibətlərimizi genişləndirmək niyyətindəyik. Biz Türkiyəyə və türklərin yaşadıqları bütün coğrafiyaya böyük sevgi bəsləyirik və ona ürəkdən bağlıyıq. Babalarımız bu torpaqlardan gəlib. Orada əskişəhərli, muğlalı, izmirli və digər adlarla tanınan ailələr var. Atatürk, Ənvər paşa və Nuru paşa, şahzadə Osman Fuad paşa bizim də qəhrəmanlarımızdır. Türk dünyasının inkişafı və gücü bizi məsud edir.

 

- Hazırda Liviyada nə qədər türk yaşayır və onlar daha çox nə ilə məşğul olurlar?

 

- Liviyada 1,5 milyona yaxın türk var. Qəddafi rejimindən sonra koroğlular arasında böyük bir milli oyanış yarandı. Biz öz gücümüzlə ayaq üstə dayanmışıq. Liviyada ən böyük hərbi güc bizim əlimizdədir. Liviyanın birliyinin təminatçısı bizik. Koroğlular olmasaydı, Qəddafidən sonra hər bir şəhər, vilayət ayrı dövlət olacaqdı. İndi isə İŞİD-lə mübarizə aparırıq. Bizim Türkiyə və türk dünyasından istədiyimiz budur ki, Liviyaya sadəcə bir investisiya qoymaq, iqtisadi mübadilə aparmaq yeri kimi baxmasınlar, orada soydaşlarının yaşadıqlarını görsünlər, mənəvi dəstək versinlər. Türk topluluqları ilə bağlı toplantılara bizi və qonşularımızda yaşayan koroğluları da çağırsınlar. Qısacası, bizləri unutmasınlar.

 

- Dərnəyin yaxın gələcək üçün nə kimi planları var?

 

- İnsan haqlarının, demokratiyanın dəstəklənməsi, inkişaf etdirilməsi dərnəyin məqsədləri sırasındadır. Gənclərin yetişdirilməsini təmin etmək, "Koroğlu"nu tanıtmaq ən mühüm işimiz olacaq. Yuxarıda qeyd etdiyim kimi, əvvəlcə Liviya koroğlularını birləşdirmək və sonra bütün quzey Afrikada, Tunis, Misir və Əlcəzairdə yaşayan koroğluları bir araya gətirmək və türk topluluqları ilə əlaqə qurmaq əsas məqsədlərimizdəndir. Biz milli kimliyimizlə qürur duyuruq və bunu inkişaf etdirmək istəyirik.

 

PƏRVANƏ

525-ci qəzet.- 2015.- 8 yanvar.- S.5.