Əli Heydər Haqsal:
“Bütün yazılanlar Nəcib Fazilin kölgəsində
qaldı”
“KİTABLARIN SATIŞ TİRAJI SƏNƏT, ƏDƏBİYYAT VƏ DÜŞÜNCƏ ÜÇÜN ÖLÇÜ DEYİL”
Mənə
hərdən elə gəlir ki, Azərbaycanla Türkiyə
arasındakı ədəbi, mədəni münasibətlər 20 il
bundan əvvəlkindən heç də çox irəli getməyib.
Biz Türkiyənin gerçək şairlərini, yazarlarını,
fikir adamlarını nə qədər tanıyırıq. Yaxud Türkiyə Azərbaycanın gerçək
yazarlarını, şairlərini, fikir adamlarını nə
qədər tanıyır. Bu ritorik suallar
çox cavab ortaya çıxarır.
Türkiyəli
yazar Əli Heydər Haqsalla yazışmalarımız zamanı
ünvanladığım sualların cavabları, güman edirəm, sizlər
üçün də maraqlı olacaq. Əli Heydər Haqsal barəsində bir
onu deyə bilərəm ki, istedadlı yazıçı
olmasıyla yanaşı, çağdaş türki ədəbiyyatında
gedən proseslərə kifayət qədər öz töhfəsini
verə bilmiş bir ziyalıdır. Gerçəkdən,
o, Türkiyənin ziyalısıdır həm də. Yaxşısı budur, gəlin, onun özünü
dinləyək.
- Əli
Heydər bəy, özünüz haqqında Azərbaycan
oxucusu üçün bir az məlumat verə
bilərsinizmi? Neçə kitab müəllifisiniz, çıxardığınız dərgi ilə
bağlı nə demək istərdiniz?
-
Özüm haqqında uzun danışa bilirəm, burda 65 illik
bir ömürdən söhbət gedir, amma qısaca onu deyim
ki, mən 1951-ci ildə Bingöldə doğuldum. Orta məktəbi
öz kəndimdə oxudum.
Uşaq ikən
həm də müəllimim olan atamı itirdim,
ibtidai sinifdən sonra beş il ara verdim. 17
yaşında Əlazığ İmam Xətib Məktəbinə
göndərildim. İki il
ödənişli, beş il də ödənişsiz
yatılı oxudum. 25 yaşımda Atatürk
Universiteti Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı
bölümünə girdim. 1979-cu ildə bu məktəbi qurtarıb
İstanbula köçdüm. Mərmərə İlahiyyat
fakültəsində aspiranturada oxudum, “Qurani-Kərimdə
gözəl anlayışı” mövzusunda dissertasiya
yazdım. Ticarətə başladım. 1980-ci ildə “Mavera” dərgisində hekayələrim
çap olunmağa başladı. 1986-cı
ildə ilk hekayələr kitabım “Evdəki yad”
çıxdı. 1987-ci ildə
dostlarımla birlikdə “Yeddi iqlim” dərgisini
çıxarmağa başladıq. Dərgi hələ
də çıxmağa davam edir. İndiyə
qədər 33 əsərim nəşr
olunmuşdur. Yaxın zamanlarda çap
olunacaqlarla birlikdə cəmisi 50 olacaq. “Dörd xəlifə”nin həyatını ədəbi bir üslub
ilə yazdım, çap olundu.
-
Osmanlı çökdü, Türkiyə Cümhuriyyəti
quruldu. Bu dövrün ədəbiyyatını qısaca (son 100 ili ) xarakterizə edə bilərsinizmi?
- Biz
Osmanlı kimi böyük bir ənənəsi olan dövlətdən gəlmişik.
Bölgədəki ortaq mədəniyyətlə bəslənmişik. İslam mədəniyyəti dairəsi içindəyik. Bu, müsəlman ərəblərin, müsəlman
iranlıların və türklərin əsl mədəniyyətinin
ortaq dairəsidir. Burada böyük bir şeir bazası var.
Osmanlı dövrünün şeiri üç ana
damara sahibdir.
Əruz ilə yazılan şeir, təkkə, yəni təsəvvüfə
dayanaraq yazılan şeir, bir də xalq şeiri.
Bunlar bizim ədəbiyyatın zənginliyini təşkil
edir. Xüsusi ilə də mədəniyyət, eləcə də
düşüncə özü hardasa şeir mərkəzlidir. Burada nəsr də şeir üslubundadır.
Bu mədəniyyətin, torpağının belə
xüsusiyyətləri var.
Mövlana ilə Füzuli fərqli dillərdə yazsalar da,
yenə də İslam mədəniyyəti dairəsində
idilər.
Tənzimatdan
sonra həyatımıza
qərb düşüncəsi və mədəniyyəti
daxil oldu. Bununla birlikdə yeniliklər də gəldi.
Məsələn, roman, hekayə, pyes, qəzet,
dərgi kimi. Bunların, əlbəttə, müsbət
tərəfləri olduğu kimi mənfi təsirləri də oldu. Pozitivizmin gəlməsiylə metafizik dünyadan
uzaqlaşıldı. Şinasi, Namiq Kamal,
Tofiq Fikrət, Abdullah Cevdətdən sonra, xüsusilə də
1928-ci ildən sonra Zəkəriyya Sərtəl və
Nazım Hikmət ilə materialist sol düşüncə sənəti
önə keçdi. 1960-cı ildən sonraya isə marksist
sol ədəbiyyatın zirvə dövrü deyə bilərik.
O da çox keçmədən bir tıxanma yaşadı, hələ
də yaşayır. Marksist, estetik materialist və
maddiyyatçı olduğundan tam mənası ilə tərəfdar
tapmadı. O düşüncə çökdükdən sonra
gerçəkçi -realist marksist estetik və ədəbiyyat
sahəsi olduqca daraldı. Dünənin solçuları bu gün liberal
oldular. Buna sağçılıq ilə
solçuluğun birləşməsi də deyilə bilər.
Bunlar da qərbdən
gələn anlayışlardır. Bunların
görüşüb dostlaşmaları təbiidir.
Divan şeirinin son təmsilçisi Yahya Kamaldır. Ondan
sonrası yoxdur artıq. Yazılanlar da
zorla yazılanlardan başqa bir şey olmadı. Əsas
olan düşüncənin yenilənməsi və davamının olmasıdır.
Bunu da Sezai Qaraqoç həyata keçirdi.
Türkiyə Cümhuriyyətinin quruluşunda
irqçilik ideyası mərkəzə yerləşdirildi, bu
yolla da divan şeir ənənəsi tərk edildi. Bunun zərəri
təkcə şeirə dəymədi. Bu
torpaqlarda yaşayan başqa irq mənsubları da vardı.
Heca vəzni cümhuriyyət
ideologiyasının bir növ qəlibi oldu. Heca vəzninin məhdud imkanlarına görə
şeirdə bir tıxanma yaşandı. Nəcib
Fazil Qısakürək heca şeirini modern qərb şeiriylə
qarışdıraraq güclü bir şeir qoydu ortaya. Sonra da heca ilə yazılan şeirin arxası gəlmədi.
Bütün yazılanlar Nəcib Fazilin kölgəsində
qaldı, onu ötüb keçə bilmədi.
Şeir sənətinin
bütün imkanlarından istifadə edən Sezai
Qaraqoç ilə başlayan bir İntibah ədəbiyyatı
dövrü var. Bu, indi Türkiyədə ön plana
keçib. Həm millətimizin öz dəyərlərindən,
həm də mədəniyyətimizin və İslam
düşüncəsinin bütün imkanlarından
yararlanılır. Bu, bir yenilənmə
dövrüdür. Yeni bir dil və
üslub ilə güclü bir çıxışdır.
“Diriliş”, “Ədəbiyyat”, “Mavera”, “Yönəlişlər”,
“Yeddi iqlim” və “Heca” dərgiləri bu əsas xətti tutub.
Bu mərkəzdən bəslənərək
güclənən böyük bir cərəyan mövcuddur.
Çoxlu sayda dərgi çıxır. Bu, türk ədəbiyyatı üçün
sevindirici haldır.
-
Yazmağa nə zaman başladınız?
- Tələbəlik
illərindən bəri yazıram. İlk hekayəm 1973-cü
ildə “Milli qəzet”də çıxdıqdan sonra, 1977-ci
ildən başlayaraq “Yeni Dövr” qəzetinin mədəniyyət
və sənət səhifəsində şeir, hekayə və məqalələrim çap
olundu. 1980-ci ildən 1986-cı ilə qədər “Mavera” dərgisində
hekayələrim yer aldı. 1987-ci ildən
etibarən də dostlarımla birlikdə
çıxardığım “Yeddi iqlim” dərgisində
yazıram. Həm də “Milli qəzet”də həftədə
üç gün köşə yazılarım dərc
olunur. Bəzən qonaq sifəti ilə
də dərgilər yazılarımı çap edir. Mənim üçün əsas “Yeddi iqlim” dərgisidir.
Nəşr olunmuş 14 hekayə, 4 roman, 6 monoqrafiya,
dörd xəlifənin həyatından
bəhs edən 4 yazı,
araşdırma, tənqid və
məqalələrlə birlikdə cəmi 33 əsərim var. Yazıb
tamamladığım iki roman, dörd hekayə kitabım nəşriyyatda çap ərəfəsindədir.
Çoxlu sayda məqalə, araşdırma, tənqid, tədqiqat
əsərim var.
- Sizin
yetişməyinizə hansı türk yazarının təsiri
olub? Xarici yazarlardan kimləri deyə bilərsiniz?
- İmam Xətib məktəbində ikən Qərb və
Şərq klassiklərini çox oxudum. Rus roman və
hekayəsini, fransız klassik, modern roman və hekayəsini, Cənubi
Amerika ədəbiyyatını ciddi olaraq izləyirdim. Şərq dedikdə
müsəlman ədəbiyyatının bütün klassiklərini
buna daxil edirik. Mövlana, Fəriduddin
Əttar, Nizami, Füzuli, Yunus Əmrə, Muhyiddin İbn
Ərəbi və başqaları. Düşüncə,
sənət və ədəbiyyatda isə Nəcib Fazilin
“Böyük Doğu”, Sezai Qaraqoçun “Diriliş”, Nuri
Pakdilin “Ədəbiyyat”, Cahid Zərifoğlu, Rasim Özdənörən,
Akif İnanın çıxardıqları “Maver”a dərgisi,
Əbubəkir Əroğlunun “Yönəlişlər “dərgiləri
mərkəz təşkil etməkdədir. Əvvəlcə
Nəcip Fazil ilə Sezai Qaraqoç, Cahid Zərifoğlu,
Rasim Özdənörən, Nuri Pakdil ən təsirli və
aparıcı oldular. Oxuduqlarım çox əhatəlidir. Birinci sinif yazarları seçirəm həmişə.
Rus ədəbiyyatından Dostoyevski, Tolstoy,
Çexov. Modern qərb ədəbiyyatından Folkner,
Kamyu, Sartr , Eksüperi və
daha bir çox yazarı saya bilərəm. Şəxsi
kitabxanam da zəngindir. Hazırda
kitabxanamda 50 min cilddən çox
kitab var. Hələ də çox oxuyuram. Gərgin işləyir, oxuyur və yazıram.
-
Çağdaş türk ədəbiyyatında bu gün
hansı cərəyanlar, meyllər özünü göstərir və hansılar ön sıralardadır?
-
Yuxarıda qismən izah etdim. Milli ədəbiyyat
deyə tanınan cərəyan tamamən bağlandı.
Yeni bir təmsilçisi də yoxdur bu gün.
Sol ədəbiyyatın mərkəzini təşkil edən Nazım
Hikmət düşüncəsi və ədəbiyyat cərəyanı
1980-ci ildən sonra dayandı. Sol ədəbiyyatçılar
artıq liberal bir xətt tutublar. Bir az
da populyar mədəniyyətə meyl edirlər. Olanları da marjinal və təsirsizdirlər. Bunu çıxardıqları dərgi sayından və
gücündən də görə bilirik. Divan ədəbiyyatı cərəyanı Yahya
Kamaldan sonra tamamən başa çatdı. Artıq
heç kim əruz vəznində şeir
yazmır.
Orxan Vəli
və dostlarının Birinci yeni cərəyanı şeir və
sənəti adiləşdirib yayğın hala gətirsə
də, böyük bir ədəbi
cərəyan ola bilmədi. Bu gün bu cərəyanın
üzdə olan
davamçısı, demək olar ki, yoxdur. Olsa belə, dəyərli
deyil. Çünki şeir sənəti getdikcə daha
güclü bir orbitə girir.
İkinci yeni ədəbi cərəyan qismən davam edir. Sol ədəbiyyat
arada bir bu cərəyandan uzaqlaşdı, indi isə dediyimiz kimi, liberallaşdı. İdeoloji
baxımdan sol şeirin bir qarşılığı yoxdur.
İntibah ədəbiyyatı cərəyanı olduqca
güclü şəkildə davam edir. Bu istiqamətdə
çoxlu sayda dərgi nəşr olunur, çoxlu şair və yazar yetişir.
Sezai Qaraqoç, Cahid Zərifoğlu, M.Akif İnan, Ərdəm Bəyazıd,
Ələddin Özdənörən, Əbubəkir
Əroğlu, Kamil Əşfak Bərki, Cahid Koytak, Hüseyn
Atlansoy, İhsan Dəniz, Nəcat Çavuş, Cevdət
Karal, Ömər Ərdəm və daha bir çox gənc nəsil
şairlərini saya bilərik.
-
Çağdaş türk şeirinin türk nəsrindən,
hekayə və romançılığından geri
qaldığını yazırlar, yəni şeir dahamı irəlidədir?
Sizin bu fikrə münasibətiniz?
- Bu,
doğru deyil. Bu gün çox güclü
şeir cərəyanı var. Bu şeir cərəyanında
güclü şairlər var və yeniləri də
çıxır. Kitabların
satış tirajı sənət, ədəbiyyat və
düşüncə üçün ölçü deyil.
Bu günün populyar romanları yüz minlərlə
satıla bilər. Bunların estetik və ədəbi
bir dəyəri yoxdur. Gələcəkdə
bunların bir çoxu unudulub gedəcək. Roman isə
xüsusilə də ticari bir əmtəə kimi satılır. Holdinq
və reklam ilə satılma vasitəsinə çevrilib.
Bu da ancaq populyar romanı dəstəkləyir. Əsl roman üçün bunu söyləyə
bilmərik. Hekayə də elədir.
Ciddi bir hekayə cərəyanından söz
aça bilərik ki, bu da sevindirici haldır. Ədəbiyyat
dərgiləri şeir və hekayə mərkəzli və xüsusiyyətlidir.
Şeir mədəniyyətimizdə daima mərkəzdədir. Şeir
kitabları çox satılmır deyib duraq düzgün
münasibət deyil. Bu günün hekayəsi romandan öndədir.
- Siz həm
də Türkiyənin köşə
yazarlarındansınız. Bu ölkədə sizi, ümumi olaraq, nə narahat edir?
- İmperializm öz oyununu böyük oynayır. Müsəlmanlar
özlərinin bir millət olma şüurlarını itirdilər.
İslam şüuru və müsəlman
qardaşlığı zəiflədi. Lakin
Osmanlı dövlətindən bəri türklər və
Osmanlılar mədəniyyətimizin yüz illərlə həm
qabaqcılı, həm də mərkəzi oldular. Hamıya qucaq açdılar. Təəssüf
ki, qərb və qərb zehniyyəti anlayışları həyatımıza daxil
olandan bəri çoxşaxəli bir millət olduq. Qövm təşkilatları aşirət
xüsusiyyəti daşıyır. Bu da
bizi bir çox yerə parçalanmağa aparır.
Qərbin qarşısında çox
yalnızlaşdıq. Müsəlman ölkələrinin bir
araya gəlmələrinin qarşısı alındı.
Həm türk
ölkələri və xalqları, həm də
ümumilikdə bütün
müsəlman xalqları arasında birlik yoxdur. Parçalar
ya Amerika
imperializminin, ya da rus imperializminin
qoltuğundadır. Bu, müsəlmanlar üçün
utanılası vəziyyətdir. Qonşu
müsəlman ölkələrlə ciddi problemlər var.
Bizim insanlarımız sekulyarlaşdı, mənfəətçi
bir millət halına düşdük. Bir-birimizə
qucaq açmaqdan çox uzaq olduq.
- Bu
gün Türkiyədə nələr baş verir?
- Bugünkü vəziyyətdə xoş
şeylər danışa bilmirik. Yaxşı
və gözəl şeylərin olması arzusundayıq.
Ölkədə birlik çox zəiflədir.
Bir zamanlar baş verən sağ-sol
qarşıdurması bizdən çox şey aldı.
İndi artıq irqi qarşıdurmalar yaşanır. Keçmiş solçular liberallaşdı. Onlar
yaşadıqları həyat anlayışından
ötrü mühafizəkar həssaslığı olanlara
qarşı dözümsüz idilər. Bu
da tam bir qarşıdurmaya çevrildi. Bunların
aşılıb keçilməsi lazımdır. Qonşularımızla problemlərimiz var.
İmperialist ölkələrin tələsindəyik. Qardaş ölkəmiz Azərbaycan da olmasa, sanki
heç kimlə dostluq münasibətimiz olmayacaq. Ümid edirik ki, yaxın zamanda yenidən hər
şey düzələr.
-
Barış anlayışından çox danışmağa
başladılar. Televiziya və qəzetlərdə, mətbuatda....
Sizcə, barış anlayışı
özünü doğrulda bilərmi? Türkiyədəki
bu türk-kürd problemi nədir?
-
Türklər də, kürdlər də müsəlmandır.
Müsəlman qardaşlar arasındakı uçurum son qırx ildə
çox böyüdü. Uçurum artıq
keçilməyəcək qədər dərinləşdi.
Təəssüf ki,
onlar qərbin əlində alət olurlar. Bölgəmizdə
bütün baş verənlərin az qala
hamısı sionizmin rahatlığı
üçündür. Onların hədəfini
bilirsiniz, Nildən Fərata qədər olan bölgədə
gözləri var. Bu, onların ideyasıdır. Xüsusən
də,
başlanılan Ərəb baharından sonra bu,
daha da böyüdü. Bu hadisələr xalqların azadlığı
üçün deyil, bölgənin tam mənada ələ
keçirilməsi üçün planlanmışdı. Liviya
parça-parça oldu, Yəmən də elə.
Suriyanın vəziyyəti göz qabağındadır. Misirdə demokratiya ləğv olundu. İraqda, Pakistanda, Əfqanıstanda qan su yerinə
axır. Müsəlmanlar bir-birlərinin
Əzraili və zəbanisi oldu. Bir-birimizi
öldürməkdən həzz alırıq sanki. Buna bənzər vəziyyət Türkiyəyə də
aiddir. Olanların çoxu qarmaqarışıqlıq
olsun, asayiş pozulsun deyə baş verir.
-
Dünyada baş verənlər Türkiyəyə necə təsir
edir?
-
Türkiyə bir NATO ölkəsi olmasına baxmayaraq
Rusiyanın bizi hədələməsinə heç bir reaksiya vermir. Bizi sanki Rusiya ilə üz-üzə qoydu. Amerika İsraili qoruyur. Qonşu
müsəlman ölkələrini darmadağın etdi.
Suriya olayında biz
həddən artıq zərər gördük.
İmperialist ölkələr terror təşkilatlarını bəsləyib bizə
qarşı istifadə edir. PKK, DAİŞ, ya
da İŞİD, PYD, sol marjinal təşkilatlar və daha
bir çoxları onlar tərəfindən dəstəklənir.
Bir yanda bizimlə müttəfiq və ortaq kimi
görünürlər, digər tərəfdən də
onları bəsləyirlər.
Cənubi
şərq bölgəmizdəki savaş bizim şəhərlərimizi
vurur, milli mədəniyyət
tariximizi yox edir. Türk ilə kürd bir-birinə
düşmən kəsildilər. Ancaq min
ildən də çox müsəlman
qardaşlığının ən üstün halını
yaşadılar. Bir-birlərindən
qopacaqları və bir-biriylə savaşacaqları əsla
ağla gəlməzdi.
-
Türkiyənin, böyük olması üçün hər zaman
qarşısında iki variant olub. Ərəb
dünyası -müsəlmanlar, biri də Orta Asiya, Qafqaz -
türklüyü və müsəlmanlığı öz
varlığında daşıyan bir etnos və coğrafiya.
Ərəb dünyası və müsəlmanlıq anlayışı
özünü Osmanlıyla təsdiq edib.
Bugünkü Türkiyə siyasi baxımdan bunlardan
hansı ilə “yola gedə” bilər. Yaxud, belə
bir dəyişmə həyata keçə bilərmi? Siyasətçilərin
“Böyük güclər” dedikləri qüvvələr buna
imkan verərlərmi?
-
Türkiyə,
türk dövlətləri
və eləcə də qardaş müsəlman ölkələrlə
işbirliyi qurmağa məcburdur. Bir tərəfi seçib digər tərəfi
buraxarsa, bu ona güc
qazandırmaz. Hər iki tərəflə dost olmaq ərazimizi və insanımızı gücləndirər.
Bu məsuliyyət
də Türkiyənin üzərinə
düşür. Onun qardaşları bir yerə toplaya biləcək
tək güc mərkəzi olduğunu deyə bilərəm. Buna öndərlik edə biləcək ikinci bir
ölkə yoxdur. Yeni birliklərə
qoşulmaq artıq məcburiyyətdir. Qafqazda,
Balkanlarda, Ağ dəniz bölgəsində yeni birliklərə
ehtiyac var.
Bölgəmizdə baş verən bütün
qarışıqlıq və savaşlar İsrailin
rahatlaması üçündür. Müsəlmanların
sahib olduğu yeraltı qaynaqları, neft, təbii qaz və
digər qaynaqlar var. Onlar bunları müsəlmanlara yedirmək
niyyətində deyillər. Baş verən hər həmlədən
sonra onlar bir az da
rahatlayırlar. Artıq güclü bir
İraq, bir Liviya, bir Suriya dövlətindən bəhs edə
bilmirik. Türkiyədə belə vüsət alan terrorun səbəbi də ölkəni
rahat buraxmamaqdır. Daha kiçik parçacıqlardan ibarət
olan kiçik dövlətciklər yaratmaq niyyətindədirlər. Beləcə, müsəlmanları daha da təsirsiz
hala gətirirlər. D-8 formalaşması
yenidən canlandırılmalıdır. Buraya
başda Azərbaycan olmaqla yeni ölkələr də daxil
edilməlidir. İqtisadi və sosial güclər birləşdirilməlidir.
- Azərbaycanda
gedən prosesləri, olayları izləmək imkanınız
olurmu?
- Müsəlman
coğrafiyamızın hardasa bütün bölgələriylə maraqlanıram. Ciddi
olaraq izləyirəm. Azərbaycanın
haqlı davasında yalnız xaçlı düşüncəlilər öz aralarında işbirliyi
qururlar. Qarabağ özü ayrıca bir
problemdir. Amma xaçlılar, haqlı olan
azəri qardaşlarımızın haqlarını qəsb
edirlər. Hərə öz dindaşının yanında
yer alır. Bunun fərqində və şüurunda olmalıyıq. Bu əhəmiyyətli
problemin ən qısa
zamanda aradan qaldırılması şərtdir.
Müsəlmanlar və türk dövlətləri
arasında birlik olsa, bu çətinliklər çox asanca həll oluna bilər.
Təəssüf
ki, onlar bir araya gələ bilmirlər.
Türkiyə ilə
Azərbaycan arasında sadəcə, mücərrəd
sərhədlər var, bu belə
də olmalıdır. Onlar qəlbdən və könüldən bir-birlərinə
çox bağlıdırlar. Tək millətdirlər.
Mədəniyyət, düşüncə və
həyat anlayışı birdir.
Ünsiyyət, bir-birinə
gedib gəlmək, mədəni əlaqələr daha sıx
olmalıdır. Bakı bizimdir, İstanbul da sizin. Ərzurum nədirsə
Bakı da bizim
üçün odur. Mən belə
düşünürəm. Buna Şam, Məkkə, Mədinə,
Qahirə, Bağdad, Tehran, taa Türküstana qədər
bütün mədəniyyət mərkəzlərimiz daxildir.
Mədəni fəaliyyətlər daha da
sıxlaşdırılmalıdır. Dillərimiz heç də bir-birinə uzaq deyil. Əlifba birliyi də olarsa
daha yaxşı olacaq. Ortaq işlər
qurulmalıdır. Bu hər iki ölkəni
də gücləndirər.
- Bizim ədəbiyyatımızla,
musiqimizlə, tariximizlə tanış ola bilirsinizmi?
- Bir az əvvəl
“Yeddi iqlim” dərgisində çağdaş azəri ədəbiyyatıyla
bağlı bir bölüm vermişdik. Gənc nəsil
şair və yazarlarınızla tanış
olduq. Bu çalışmamızdan sonra
başqa dərgilərdə də gənc azəri sənətçi
qardaşlarımız yer aldı. Bizə
gələn hekayə və şeirlərə zaman- zaman yer
veririk.
Bu
çalışmalar təbii ki, yetərli deyil. Daha
möhkəm əlaqələr istəyirik. Biz onların əsərlərini
çap etdiyimiz kimi, onlar da öz dərgilərində bizim əsərlərimizə
yer verməlidirlər. Ədəbiyyat dərgiləriylə
daha yaxın əlaqədə olmaq istəyirik. Ədəbiyyat tariximizin ortaq özəllikləri
var, bunlar yenidən canlandırılmalıdır.
XANƏMİR
Türkcədən AYİŞƏ
NƏBİ çevirib
525-ci qəzet.- 2016.- 9 yanvar.-
S.28-29