Şahmat dünyası və ilahə Kaissanın kahinləri

 

ŞAHMAT: MƏNŞƏYİ VƏ İNKİŞAFI. OYUN QAYDALARI

 

 

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Müharibədəki döyüş taktika və strategiyanın uğurlu sintezindən asılı olduğu kimi, şahmatdakı döyüş də özünün kiçik və iri planlarından xali deyildir. Oyunçu geniş nəzəri və təcrübi diapazona malikdirsə, oyun səhnəsində rəqibin hər gedişindən sonra qarşıdakı pozitiv perspektivi və həm də təhlükələri bütünlüklə nəzərə almaqla yanaşı, özünün hərtərəfli həmlə imkanlarını da yaddan çıxarmır. Şahmatda bilik, yaddaş, gözlənilməz gedişi etmək bacarığı mühüm rol oynayır. Bu gediş rəqibi çaşdırmağa xidmət etməlidir. Həm də rəqibin tətbiq etdiyi yeniliyə, tanış olmayan gedişə cavab tapmaqda xüsusi qabiliyyət nümayiş etdirməli, yeni çağırışı mərdliklə qəbul etməyi bacarmalıdır. Şahmat kombinasiya bacarığı tələb edən oyundur, burada kombinasiya oyunun inkişafında gözlənilməyən yeni üfüqlər açır. Bilik, təcrübə qalxan rolunda çıxış edirsə, cəsarət, təklif olunan labirintdən çıxış yolu tapmaq bacarığı, öz cəbbəxanasında olan “Ariadna sapı” daha böyük əhəmiyyət qazanır.

 

Şahmatçının oyun boyu çəkdiyi zəhmət, əsəb gərginliyi ölçüyəsığmazdır, bunu məşhur ingilis zooloqu Cerald Darrelin “Kenquru balası” əsərindəki bir oxşar mənzərə ilə müqayisə etmək olar. Müəllif Avstraliyada kenqurunun bala doğmasını müşahidə edib, bunu ustalıqla qələmə almışdır. İri heyvan olan dişi kenquru olduqca kiçik - kibrit qutusu boyda bir bala doğur və o quş yumurtasından çıxan ətcəbalanı yada salır. Bu kiçik varlıq dünyaya gələn kimi, acından ölməmək, öz həyatını hifz etmək üçün ölüm-dirim mübarizəsi aparmalı olur. O, tez qaydada anasının kisəsində olan məməsini əmmək üçün, cod tüklərin arası ilə qala timsallı o kisəyə qalxmalıdır. Bu uzun yolu, özü də bədəninin az qala deşən tüklərin arası ilə qət etməlidir. Azacıq geciksə, aclığın nəticəsi olan ölüm onun yenicə başlanan həyatına bir andaca son qoyacaqdır. Böyük əziyyət hesabına, bu kiçik canlı ət parçası, nəhayət, dırmaşıb kisənin içərisinə girir və ağzı ilə anasının məməsindən elə bərk yapışır ki, nazik dodaqlarında qan əmələ gəlir. Darrel kenquru balasının bu ilk və ağır səfərini alpinistlərin Everestə dırmaşmaları, bu ən yüksək zirvəni fəth etmələri ilə müqayisə edir. O, ana kenqurunun tüklərini nəzərdə tutaraq bu körpə alpinistin iri ağacları olan meşə ilə zirvəyə yüksəlməsini qeyd  edir, bu isə çılpaq qaya ilə ən iri zirvəyə dırmaşmaqdan da dəfələrlə çətin bir işdir.

 

Şahmatçı da kenquru balası kimi uca bir zirvəyə məlum olmayan yolla dırmaşmağa başlayır, bu vaxt o, ancaq öz ağlına, gücünə bel bağlamalıdır. Onun bu yoldakı əziyyətlərini də həmin kiçik varlığın üzləşdiyi ağır sınaqla müqayisə etmək olar. Həm də başlıca bir fərq də orasındadır ki, şahmatçıya instinkt deyil, öz ağlı və intellekti kömək göstərir.

 

Ümumiyyətlə, şahmat oyununda çox şeylər məlum olsa da, bu rəqabət müəyyən qaydalara və prinsiplərə əsaslansa da, hər bir oyunçu müəmmalar aləminə, sirlər dünyasına səyahət etməli olur. Bu, Kolumbun Amerikaya yollanmasını və ya Magellanın Sakit okeanı üzüb keçməsini xatırladır. Məqsəd, naviqasiya prinsipləri aydın olsa da, onlar məchulluq dünyasının ağır təsirinə məruz qaldıqlarından qeyri-adi cəsarət və fədakarlıq göstərməli oldular. Qorxaq adamdan səyahətçi, tədqiqatçı olmaz, səyahət hamını heyrətə salan igidlik, özünü fəda etməkdən qorxmamaq kimi çoxlarına möcüzəli kimi görünən xüsusiyyətlər tələb edir. Şahmat oyunu müəyyən gözə çarpan, açıq görünən mənzərələri ilə yanaşı, əslində hər gedişdən sonra dəyişən, təhlükələri getdikcə artan Terra İncognita - naməlum torpaq təsiri bağışlayır. Hər bir oyunda oyunçudan “Yeni Dünyanı” kəşf etmək, tədqiq etmək bacarığı tələb olunur. Ona görə də şahmat heç də sadəcə bir oyun olmayıb, özündə müəmmalar yükünü daşıyan ağıl sınağıdır. Bu oyun xəyalən xoşbəxtlik və həm də bədbəxtlik anlarını, variantlarını təklif edən mübarizə, “qanlı” çarpışma meydanıdır. Şah öləndə qan axıdılmasa da, “şah” çağırışına cavab tapılmayanda, oyunçu nəhəng əsəb gərginliyinə, “qan verməyə” məcbur edilir.

 

Oyunçunun sərəncamında hər cür hərəkət etməyə qadir olan qoşun növləri - müxtəlif fiqurlar vardır, onlardan nə vaxt, necə və hansı səriştəliliklə istifadə edilməsi isə onun bilavasitə vəziyyəti analiz etmə, düzgün qiymətləndirmə və perspektivi görmək qabiliyyətindən asılıdır. Redutları möhkəm olmayanlar dəlisovluqla döyüşə atılıb, az keçməmiş məğlubiyyətlə üzləşdiyi kimi, debütdə - oyunun başlanğıcında piyadalar və ağır fiqurlar hələ lazımınca əlaqəli qaydada hərəkətə gəlib, uğur vəd edən mövqe yaratmadan, ağır fiqurlar ortaya atılıb meydan sulaması çox vaxt uğursuzluqla nəticələnir, onların mühasirəyə alınıb əsir düşməsinə və nəticədə oyunçunun maddi itki ilə üzləşməsinə səbəb olur. “Yüngül süvari” hücumu yaxşı nəticə vermir. Ona görə də yaxşı şahmatçısı mahir rəssamı xatırladır, istedadlı rəssam hansı yaxmanı harada vurmağı düzgün seçir. Bu, onun tablosuna pozulmaz harmoniya bəxş edir.  Oyunçu da ixtiyarında olan qüvvələrdən ehtiyatla, ən başlıcası faydalı şəkildə istifadə etməyi bacarırsa, bu, nəticədə ona qələbə sevinci gətirir, arzuya çatmaq mümkün olmadıqda isə ən azı məğlubiyyətdən uzaqlaşmağı bacara bilir. 

 

Şahmatda dünya çempionluğu zirvəsi

 

XX əsr həm də dünyanın şahmat ailəsinə çox sayda görkəmli şahmatçılar, qeyri-adi istedada malik olan ustalar bəxş etmişdir. Onların yaradıcılığı sahəsində şahmat nəzəriyyəsi və təcrübəsi xeyli zənginləşmiş və dərinləşmişdir. Uzun müddət ərzində SSRİ-də, sonra isə postsovet məkanında çox qüvvətli şahmatçılar nəsli meydana gəlmişdir. Başqa ölkələrdə də şahmat iri addımlarla inkişaf etmişdir. 1970-ci illərdə dünya çempionu olmuş Amerikanın şahmatçısı Bobbi Fişer, şahmatın vətəninin yetirməsi, XXI əsrin əvvəllərində bu adı qazanan hindli Viştvanatan Anand, yeganə bolqar dünya çempionu olan Veselin Topalov və nəhayət, şahmat səmasında uzun fasilədən sonra parlayan Qütb ulduzu timsallı gənc norveçli Maqnus Karlsen öz oyunları ilə şahmat dünyasına yeni naxışlar vurmuşlar.

 

SSRİ-də isə 1948-ci ildə dünya çempionu adına sahib olan Mixail Botvinnik həm də dünya çempionluğu matçlarına bir dramatizm elementləri gətirmişdi. O, öz titulunu qorumaq üçün üç dəfə iddiaçılarla mübarizə aparmış, bir dəfə heç-heçə (12:12) nəticəsi ilə titulu əlindən verməmiş, iki dəfə məğlub olduqdan sonra qisas matçlarında qalib gələrək, yenidən çempionluğu özünə qaytarmışdı. Beləliklə, o, 1948-57, 1959-60 və 1961-63-cü illərdə şahmat aləminin fəxri kürsüsündə əyləşmişdi. İlk heç-heçəni 1951-ci ildə David Bronşteynlə oynamış, 1957-ci ildə Vasili Smıslova, 1960-cı ildə isə Mixail Tala uduzmuşdu, lakin sonradan onlardan titulu geri ala bilmişdi. Lakin 1963-cü ildə Tiqran Petrosyana uduzduqdan sonra dünya çempionluğu ilə birdəfəlik vidalaşmışdı. Bu vaxt dünya çempionu adını qazanmaq uğrunda yarışın keçirilməsi qaydasında düzəliş edilmiş, qisas matçının keçirilməsi ləğv edilmişdi. Bu qaydaya görə uduzmuş dünya çempionu iddiaçı olmaq üçün başqaları ilə birlikdə yarışlar dövrəsinə lap başlanğıcdan başlamalı idi. İki dəfə qisas matçı keçirərək dünya çempionu adını özünə qaytarmış Mixail Botvinnik yeni qayda ilə razılaşmayaraq, iddiaçıların mübarizəsinə qatılmaqdan imtina etmişdi.

 

23 yaşlı Mixail Talın isə Botvinnik üzərində qələbəsi böyük hay-küyə səbəb olmuşdu. Bu vaxtlar yeniyetməlik dövründə heç 13 yaşına çatmamış qrossmeyster tituluna yiyələnən ukraynalı şahmatçı, hazırda Rusiya bayrağı altında çıxış edən Sergey Karyagin hələ dünyaya gəlməmişdi. Botvinnik üzərində qələbə sensasiya xarakteri daşıyırdı, özü də Talın dünya çempionunu ağlasığmayan kombinasiyalarla udması möcüzə kimi qəbul olunurdu. Mixail Tal sadəcə dünya çempionu olmadı, o, populyar qəhrəmana çevrildi. Lakin sonra o, qisas matçını uduzdu və özünün o vaxtlar anasına dediyi, ən gənc eks-çempiona çevrilməsi barədəki sözlər indiyədək təkzib olunmamışdır. Sonrakı illərdə dəfələrlə SSRİ çempionu olsa da, bir daha həmin parlaqlıqla işıq saça bilmədi. Bəlkə də ona spirtli içkiyə olan meyli öz mənfi təsirini göstərmişdi. Tiqran Petrosyan isə onun bu zəifliyini xüsusi vəchlə qeyd edir, Talın simasında alkoqolun adamı öldürməsinə inanmadığını vurğulayırdı.

 

Əslində isə Tal əsl şahmat passionarisi idi və özündən sonra gələn gələcək gənc dünya çempionları olan Boris Spasskiyə, Robert Fişerə, Anatoli Karpova, Qarri Kasparova və xeyli şahmat istedadlarına Edmund Hillari ilk dəfə dünyanın ən yüksək zirvəsi olan Everestə qalxmaqla digər alpinistlərə nümunə göstərdiyi kimi, şahmat zirvəsinin də gənclər tərəfindən fəth ediləcəyi şansının real mövcudluğunu nümayiş etdirdi. Çünki ona qədər şahmat aləmində yaşlı idmançılar ağalıq edirdi. Ən gənc dünya çempionu hesab edilən Kapablanka bu titula 33 yaşında yiyələnə bilmişdi. Tal isə öz qələbəsi ilə elə bil ki, qocaların inhasarına son qoymağa cəhd etdi və sonrakı gənclər bu işi birdəfəlik başa çatdırdılar və şahmat “ahılları” bir daha ali şahmat zirvəsinə yaxınlaşa bilmədilər və gənclər artıq öz inhisarlarını yaratdılar. Şahmat aləmindən təkcə yaşlı Sovet qrossmeysterləri deyil, həm də amerikan Semyuel Reşevski və argentinalı Migel Naydorf kimi patriarxlar da uzaqlaşdılar.

 

Şahmat öz təbiətinə görə beynəlxalq oyundur, onun məkanı bütün dünyadır. Təəssüf ki, başqa sahələrdə olduğu kimi, şahmat rəqabətinə də millətçilik, ideoloji təsirlər müdaxilə etməyə başladı. 1963-cü ildə Botvinniklə Tiqran Petrosyanın matçı başlananda Bakıda yaşayan ermənilər köhnə dünya çempionunu ələ salırdılar, hətta şahmat taxtası arxasında ördəklə (“bad” erməni dilində “ördək” deməkdir, bu üzdəniraq metafora məhz Botvinniki nəzərdə tuturdu), guya onu bir zərbə ilə əzməyə hazır olan erməni şahmatçının oynadığını təsvir edən açıqca onların arasında istehza vasitəsi kimi əl-əl gəzirdi. Qalib gələn Petrosyan az qala ermənilərin milli qəhrəmanına çevrildi. Kasparov Bakıda böyüdüyü kimi, Petrosyan da Tbilisidə boya-başa çatmışdı. Lakin bir qədər sonra o, qalib haləsini itirib, 1971-ci ildə Bobbi Fişerə heç bir müqavimət göstərə bilmədi, artıq onun öyündüyü müdafiə qalxanı da deşilib, əvvəlki qüdrətini itirmişdi.

 

1985-ci ildə Qarri Kasparov ilk dəfə dünya çempionu olanda bu hadisə, əlbəttə ki, onun vətəni olan Bakıda sevinc hissi ilə qarşılanmışdı. Onun şahmatçı kimi uğurlarında doğma şəhərinin, ona göstərilən qayğının payı az deyildi. Karpovla matçda isə kömək kimi hər cür vasitələrdən istifadə edilmişdi, hətta ekstrasens Tofiq Dadaşov da onun rəqibinə mənfi təsir göstərmək üçün mübarizədə kömək göstərməyə göndərilmişdi. Azərbaycanlı olan bir əyalət sakini hətta qələbə naminə dua yazdırıb, onu Kasparova verməsilə qürrələnirdi. Beynəlmiləlçiliyi ilə seçilən Bakı yeni dünya çempionuna öz doğma övladı kimi baxırdı, bu vaxt onun mənşəyi heç yada da düşmürdü. Lakin bir qədər sonra Kasparov doğulub, şahmatda ilk uğurlu addımlarını atdığı şəhərə minnətdarlıqdan çox uzaq olan münasibət göstərməyə başladı, anasının mənsub  olduğu erməni millətinin marginallarının təsiri altına düşməkdən qaça bilmədi.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2016.- 9 yanvar.- S.26