Ağdamda nəyim qaldı?

 

 avtobioqrafik roman

 

 

Faynşteynlər və digər qonşular

 

Arvadlı-kişili, qonşuların hamısı məni çox istəyirdi. Çünki hamı ilə mərifətlə dolanır, sözə baxır, buyrulan işdən boyun qaçırmır, heç bir böyüyün üzünə olmurdum. Həyətdə məni bütün uşaqlara nümunə göstərirdilər. Belə tərbiyəli uşaqları, bir qayda olaraq, tay-tuşları sevmir, məndə əksinəydi, məktəbdə də, həyətdə də uşaqlar mənimlə, sevgi deyə bilmərəm, sayğı ilə davranırdılar.

 

Onu da deyim ki, dəyirman həyəti internasional həyətdi. On iki ailənin yeddisi azərbaycanlı, dördü erməni, biri isə Faynşteyn familiyalı yəhudi ailəsi idi. Faynşteynlərin mənzili sağ tərəfdən bizim evlə divar-divara idi. Ailə üç qadından ibarətdi: ana - Manya, böyük qız Klara - rayon bankında baş mühasib, kiçik qız Lyuba - su idarəsində mühasib. On-on iki yaşımdan bu ailə ilə mənim xüsusi münasibətim yaranmışdı, illah da tyotya Manya ilə.

 

Az yaşımla mən taleyin hansı oyunu ilə gəlib Ağdama düşmüş bu qoca qadının yaşamağa məcbur olduğu mühitdən, ona hər cəhətdən yad olan bu adamlardan nə qədər narazı olduğunu hiss edir, görürdüm, deyim ki, onu başa düşür, haqq qazandırırdım. Bəlkə elə ona görə tyotya Manya fürsət düşəndə, dərdini heç kimə yox, məhz mənə, özü də çox vaxt  təklikdə, həmişə də ayaqüstü  danışırdı. Mənim nə dərəcədə rus dilini anlayıb-anlamadığımı da nəzərə almırdı. Bəlkə də onun üçün bunun heç fərqi yoxdu, ona sadəcə danışmaq, ürəyini boşaltmaq lazımdı. Necə ki Çexovun oğlunu təzəcə torpağa tapşırmış qəhrəmanı İona Potapov insanlardan qarşılıq görməyib dərdini dilbilməz qoşqu atına danışır.  İonanın atından fərqli olaraq, mən dərdin dilini anlayırdım. O vaxtlar Ağdam şəhərinin üç kitabxanasının üzvü idim. Azərbaycan dilində olan əksər bədii kitabları  acgözlüklə oxuyub başa vurmuşdum, artıq rus dilində kitablar oxuyur, başa düşür, hətta cəsarət eləyib rusca danışırdım da. Hərdən Papam da mənimlə özünün pozuq rus dilində danışırdı. Gözümü yumuram, yaddaşımda kişinin kəskin, hikkəli bariton səsi cingildəyir:

 

- Alik! İdi suda!

 

Rus dilində mənim ilk ciddi həmsöhbətim tyotya Manya idi.

 

Faynşteynlər, xüsusilə də tyotya Manya Stalinə nifrət eləyirdi, hərdən rusca ədəbsiz söyüş də işlədirdi onun ünvanına. Ağdamda isə, Stalinin populyarlığı hələ də yaşayırdı, onun qızğın pərəstişkarlarından biri də elə Qəzənfər özü idi. XX partiya qurultayında Xruşşovun şəxsiyyətə pərəstişin, konkret olaraq, Stalinin ifşasına həsr olunmuş məşhur məruzəsindən sonra dahi rəhbərin populyarlığı bir az da artmışdı. Stalinin heykəllərinin yığışdırılması, adının hər yerdən silinməsi insanları narazı salmışdı. Müharibədən sonra Stalinə olan məhəbbət eyforiyası səngiməyə başladığı bir vaxtda bu məruzə əks təsir yaratmış, diktatora xalq məhəbbətini yeni qüvvə ilə alovlandırmışdı.

 

 Qəzənfər Stalinin şəkillərini böyüdüb bazarda satdırır, dahi rəhbərin anası və alkaş oğlu Vasili ilə olan şəkillərini retuş eləyib gözəlləşdirir, çoxaldıb paylayırdı. Sürücülərin maşınının qabaq şüşəsində o şəkil cəddinə görə böyük avtoritet olan Seyid Lazım ağanın şəkli ilə yanaşı yapışdırılırdı.

 

Məhlədəki adamların hamısından fərqli olaraq, mənim Stalinə simpatiyam yoxdu, qəribə də olsa, mən bütün hərəkətləri ilə təlxək təəssüratı yaradan Xruşşova “balet” eləyirdim.  Məhlədə hamı bunu bilirdi. Qəzənfərlə tez-tez mübahisələrimiz olurdu. Papam da deyirdi ki, ə, Qəzənfər, ona fikir vermə, boynuna düşüb.

 

 “Boynuna düşüb” ifadəsi mənə yaxşı tanışdı. Dəyirman həyətinin bütün sakinləri kimi, mən muğamata deyil, Azərbaycan bəstəkarlarının romanslarına, operalarından ariyalara, estrada mahnılarına qulaq asırdım və demək olar ki, dinlədiyim bu əsərlərin hamısını əzbər bilir, hətta oxumağa cəsarət eləyirdim. Hamı bazar günləri saat ikidə verilən bir saatlıq muğamat konsertini intizarla gözləyəndə, mən dərd çəkirdim ki, yenə bir saat muğam oxunacaq. Mən Bülbülə, Rəşidə, Şövkət xanıma qulaq asırdım. Bu o vaxtlar idi ki, Yelmar dayı deyirdi, ə, camaat Bülbülün əlindən radiosunu satmaq istəyir. Şövkət Ələkbərova fortepianonun müşayiəti ilə bəstəkar mahnıları oxuyanda isə arvadlar qışqırırdı ki, az, o zəhrimarı keçirt, genə Şokət urucca oxuyur. Rəşiddən danışmağa dəyməzdi. İndi belə bir mühitdə mənim ariyaya qulaq asmağıma Dəyirman həyətinin reaksiyasını təsəvvür eləmək çətin olmasın gərək. Papam deyirdi: “Atama nəhlət, əgər o qulağ asdığınnan bir şey qanırsa! Elə boynunaca düşüf”.

 

Deyim ki, mən özüm də zövqümün bu istiqamətinə təəccüb edirdim. Nənəm demiş “uluyan arvaddara” xüsusi bir ləzzətlə qulaq asırdım. Zəhra Rəhimovanın ifasında Firuzənin ariyasını dinləməkdən doymurdum, hətta Üzeyir bəyin bu gözəl əsərini əzbər bilirdim. Bir də görürdün ariyanın kuliminasiya hissəsində Nənəm müğənnidən bərk qışqırdı:

 

- Ay üstünə od tökülsün, kəs  o uluyan arvadın səsini, başım getdi!

 

Mən muğamatı, qədim xalq mahnılarımızı ancaq Bakıya gələndən sonra, yaşım artdıqca anlamağa, hiss eləməyə, duymağa başladım. İndinin özündə də muğam xiridarı deyiləm, amma ustad nəfəsini dərhal hiss edirəm.

 

Manya Stalinə mənfi münasibətimdən xəbərdar olduğundan mənə ürək qızdırır, Kobanı o ki var söyürdü. Ərinin güllələnməsini, oğlunun həbsə atılmasını, ailəliklə müxtəlif yerlərə sürgün edilmələrini, sonralar oğlunun cərimə diviziyasına göndərilməsini və döyüşlərdə həlak olmasını yana-yana danışırdı. Bu yerdə indiki ağlımla Axmatovanın bir şeiri yadıma düşür, elə bil şairənin taleyini Manya Faynşteyn də yaşamışdı: “Gta jenhina odna, gta jenhina bolğna. Muj v moqile, sın v törğme, pomolitesğ obo mne”. Mən çox-çox illər sonra bu şeiri oxuyanda tyotya Manyanı xatırladım. Ümumiyyətlə, mən o üç yəhudi qadını vaxtaşırı xatırlayıram, deyim ki, yaradıcılığımda da onların öz yeri var. Bu barədə az sonra!

 

lll

 

Tərtəmiz geyimli, yaxası önlüklü, başında həmişə xırda göy xalları olan ləçəkli, yanaqları xırda tor qırışlarla örtülmüş solğun ağ bənizli, dümağ saçlı qadının dodağının altında Stalinin ünvanına mırıldamasını və nifrətlə “... tvoyu mat!” deməsini çox təbii qarşılayırdım.

 

Tyotya Manya halal yaşamağı sevir, haqqını da əldən vermirdi. “Mənimkinə dəymə, səninkini istəmirəm” prinsipi ilə yaşayırdı. Burda bir haşiyə çıxım.

 

 Evimizin qabağında kiçik həyətimiz, həyətin ən uzaq yerində tualetimiz və su kranımız vardı, bir sözlə, böyük həyət içində kiçik bir həyətdi. Hasarımız da qarğıdan hörülmüşdü. Bu qarğı çitəmə ilə qonşuların gözündən yayınırdıq. Dardüddək həyətimizdə darısqallıqdan qorxub çılız qalmış dörd-beş meyvə ağacı da vardı. Bir də şüşəbənd artırmamızın qabağında, ev qapısının önündə ağ mişar daşları üzərində kiçik bir eyvan-meydança da tikdirmişdik. Bu eyvanın qabağında da təzə əkilmiş cavan bedana tut vardı ki,  darısqallığa bir gənclik ehtirası ilə üsyan edib, hara gəldi qol-qanad atmışdı. Ağac cavan olduğundan iyunun əvvəlindən sonuna kimi hərəsi barama boyda ağ şirin tut gətirirdi. Bu ərköyün ağacın yaxşı bir qanadı qarğı çitəməni aşıb Faynşteynlərin heç bir hasarı olmayan şərti həyətinə uzanmışdı. Əslində, bu, həyət yox, onların uzunu üç-dörd metr olan artırmalarının qabağı idi. Bütün qonşuların hamısının beləcə bir artırmaqabağı şərti həyəti vardı, amma heç kəsin həyəti Manyanın həyəti qədər təmiz deyildi. Əgər kimsə yolunu qısaldıb Manyanın həyətindən düz bucaq üzrə deyil, diaqonal üzrə kəsə gedirdisə, Manyanın həyətinin sərhədi pozulmuş olurdu. Onda arvad dodağının altında cins it kimi mırıldanır, söyüş söyür, süpürgəsini götürüb hikkə ilə adamın keçdiyi o yerə nümayişkaranə bir-iki süpürgə çəkir, bəzən də aftafadan su töküb süpürgə ilə yuyurdu. Ona görə də Faynşteynlərin həyəti təmizliyinə görə hamınınkından seçilirdi, hətta onların həyətinin asfaltı daha təzə, daha tünd görünürdü.

 

Deməli, bizim tutun bir qanadı Faynşteynlərin həyətinə uzanırdı. Manya bundan xeyli narazıydı, əlacı olsaydı, o qanadı dibindən kəsərdi. Yayda tut tökülürdü Manyanın həyətinə, payızda saralmış yarpaqlar. Tut sovuşanacan, yarpaqlar tökülüb qurtaranacan süpürgə Manyanın əlindən düşmürdü. Gündə neçə dəfə deyinə-deyinə, mırıldana-mırıldana həyəti süpürürdü.

 

Konsert tutun yetişdiyi vaxt olurdu: barama kimi iri ağ tutlar şirələnir, ağırlaşıb saplağından qopur və Faynşteynlərin  həyətinə düşürdü. Onda Manya hər səhər gecə yerə tökülmüş tutları bir-bir asfaltın üstündən boşqaba yığıb bizə gətirirdi ki, bu sizindi, lütfən götürün. Manyadan zəndeyi-zəhləsi gedən, çox davakar, yava Nənəm eləcə arvadın üzünə bir “Aley!” çevirib öz dilində deyirdi: “ Qareer aybını örtməsin, yazıxsan, tökülüf yığ ye dayna! Biz tut tamarzısıyıx?”

 

 Manyanın da Nənəmlə arası yoxdu, salam verməz, salam almazdı, hərdən Nənəmin uzun çəkən dörd oktavalıq öskürəyi tutanda, dodağının altında arvadı yamanladığını, hətta söydüyünü dəfələrlə eşitmişdim. İndi o Nənəmin Novruzlu şivəsində dediyini tam başa düşməsə də, intonasiyadan əsas məzmunu almışdı. Cavabını isə Nənəmə yox, mənə deyirdi: “Nam çujovo nenada!”

 

 Nənəm soruşur:

 

- Nə mırtdıyır, ə, o gürcü arvad?

 

- Heç nə! Deyir bizə özgənin tutu gərək deyil!

 

- Denən gərək dəyil, süpür tulla dayna! Yoxsa biz tut görməmişik? Həyətimdə on beş tut ağacım vardı, hərəsi bu həyət boyda! İndi gəlib düşmüşəm gürcünün-erməninin arasına...” - Bu yerdə Nənəmi uzun bir öskürək tutur, Manya da bundan istifadə edir, tut dolu nimçəni qoyub gedir.

 

Deyim ki, bu tut gətirmə jestinin arxasında bir məqsəd də dayanırdı; Manyagilin də iki gavalı ağacı vardı, yaxşı da bar gətirirdi. O ağaclardan birinin karlı bir qanadı  bizim şiferli dama uzanırdı. Arvad hər il bəhər vaxtı o budağın gavalısından söz salır, açıq deməsə də, istəyirdi, mən də dama çıxım, onun bəhərini yığıb verim özünə. Bu da bizə, ən çoxu da mənə sərf eləmirdi. Çünki gavalı çox yaxşı qara gavalıydı, onu yığıb Manyagilə vermək heç insafdan deyildi, bir halda ki, gavalı bizim damdaydı, deməli, bizimdi. Həm də dama məndən başqa heç kim çıxa bilməzdi. Əlbəttə, mən Manyanı başa düşürdüm, “Mənimkinə dəymə, səninkini istəmirəm” ədalətli prinsipdir, hətta  elə ədalətli  ki, hər bir insan ona əməl etsə, dünya cənnətə dönər, amma bir şey var ki, ən azı səninkinin sənin olduğunu sübut etməlisən, bax, bu çətindir, bir halda ki, qarşındakı səndən çox-çox fərqli düşünür. Nəticədə  dünya, bəlkə də “Mənimkinə dəymə, səninkini də istəyirəm” prinsipi ilə idarə olunur.

 

Deyəsən, Dəyirman həyətindən danışanda Faynşteynlərə çox yer verdim. Ümumiyyətlə, bu familiya mənim yaddaşımı həmişə qıdıqlayır, əsərlərimin bir neçəsində ondan istifadə eləmişəm, daha doğrusu, əsərdə olmayan, amma adı çəkilən obrazlarda. Nəhayət, bu familiyanın daşıyıcıları mənim 2013-cü ildə yazdığım “Ünvansız qatar” adlı pyesimə təşrif gətirdilər, üçü də birdən: Manya, Klara və Lyuba Faynşteynlər! Öz adları, familiyaları, taleləri ilə birgə. Qarabağdan çıxan sonuncu qatardakı qaçqın ailələrindən biri məhz Faynşteynlər ailəsidir, qohum-əqrəbasız, simsarsız, oğul-uşaqsız iki qız və ana.  Qırx ilin qaçqınları və onların Qarabağla bağlı qaçqınlıq faciəsi.  Maraqlanan həmin pyesi “Azərbaycan” jurnalının 2013-cü il, 12-ci nömrəsindən və ya Azadliq.org saytının onlayn kitabxanasından oxuya bilər.

 

  Həqiqətən, yaradıcılıq qəribə, sirli bir möcüzədir. Fikir verin, əgər mən bu yaşa çatmışamsa, yurdsuz-yuvasız, vətənsiz, qaçqın o üç qadın, təbii ki, çoxdan həyatda yoxdur, heç kəs onları xatırlamır, bu dünyada heç izi-tozu da qalmayıb onların. Demə, əlli ildən sonra onlar hansısa bir bədii əsərdə yenidən zühur edəcəkmişlər. Manya Faynşteynin ağlına gələrdimi ki, dərdlərini, ailə sərgüzəştlərini, qaçqınlıq macəralarını  danışdığı yeniyetmə oğlan bir vaxt yazıçı olub onun dramatik, hətta faciəvi obrazını yaradacaq?!

 

Yeri gəlmişkən! Ağdamda bir qəribə familiya da vardı: Traxtenberq! Ağdamın yeganə almanı! Heç kəs onun adını bilmirdi, daha doğrusu, elə bilirdik adı elə Traxtenberqdi. Onun da familiyasından mən “Kişi və qadın” pyesimdə istifadə eləmişəm. Sonralar, yaşa dolduğum vaxtlarda həmişə təəccüb edirdim: yəhudi hara, Ağdam hara?! Alman hara, Ağdam hara?! Özü də ola Faynşteyn! Hələ Traxtenberq! Personajlarımdan biri necə deyir: “Ah, hər şey göründüyü kimi sadə olsaydı!”

 

lll

 

 Faynşteynlə Traxtenberqin Ağdam kimi xalis Qarabağ şəhərində olmaları nə qədər qəribə idisə, ermənilərin Ağdamda olmalarını biz təbii qəbul edir, buna görə nə təəccüblənir, nə də qıcıqlanırdıq.

 

Dəyirman həyəti də ermənisiz deyildi.  İlk vaxtlar həyətdə iki erməni ailəsi yaşayırdı, sonralar müharibə vaxtı düz Berlinəcən gedib çıxmış Mərkəz müəllim həyətdən köçüb gedəndən sonra onun yerinə üçüncü, Calal müəllim təzə ev alıb həyətdən çıxandan sonra dördüncü erməni ailəsi gəldi. Beləliklə, mənim yeniyetməlik dövrüm başlayan vaxtlarda Dəyirman həyətində dörd erməni ailəsi vardı. Ermənilərə keçməmiş bir-iki cümlə də Mərkəz müəllim haqqında deyim.

 

Böyük Vətən Müharibəsi deyilən davanın qəhrəmanlarındandı Mərkəz müəllim, görkəmində də bir igidlik vardı: qarayanız, arğaz, hər iki yanağında içəri batmış dərin qırış, çuxura düşmüş bir cüt qaynar qara göz. Davadan qayıdanda özü ilə bir qənimət də gətirmişdi - trofey. Bu çox yaraşıqlı bir süfrəydi, bəlkə də çarpayı örtüyü idi?! Hər nəydisə çox gözəldi. Bəlkə də mən o örtüyə heç fikir də verməzdim, amma Mərkəzin arvadı o matahı ildə bir-iki dəfə günə verəndə qonşu arvadların necə həsədlə baxdıqlarını, sonra da xısın-xısın danışdıqlarını görüb diqqət yetirmişdim.

 

Qarayanız, qıvraq, qayışbaldır Mərkəz müəllimin bütün görkəmindən igidlik yağırdı, amma bu igidlik arvadı Xanımın qabağında bir göz qırpımında itirdi. Kişi qadının hirsli-hikkəli çığırtıları qabağında necə yığışır, fağırlaşırdısa, adamın yazığı gəlirdi. Xanım Mərkəz müəllimdən  xeyli cavan, yaraşıqlı bir qadındı, amma dəhşət əsəbiydi. Onların dörd oğlu, çox göyçək, cazibədar bir qızları vardı. Bir vaxt o qıza maraq göstərmişdim deyə, yaxşı xatırlayıram. Qızın çox gözəl oynamağı vardı, rəqs dərnəyinə gedirdi, hətta Bakıda hansısa olimpiadada mükafata da layiq görülmüş, o dövrün çox populyar qəzeti olan “Ədəbiyyat və incəsən”in birinci səhifəsində rəqs elədiyi yerdə boyaboy şəkli də verilmişdi. Əgər Xanım uşaqlardan hansınasa hirslənib qışqırır, nifrinlər tökürdüsə, axırı Mərkəz müəllimə qarğışla bitirdi: “Ciyərin yansın, Məçəz!” İndinin özündə də ərinə cikkənək çəkib cırıq səslə qarğış eləyən o qadının “Ciyərin yansın, Məçəz!” səsi qulağımdadır. Qarğışın bədbaxt Mərkəzə ünvanlanmasının səbəbi o yaşımda mənə də aydındı.

 

Vaxt gəldi Mərkəzgil həyətdən köçüb getdilər və onların yerinə daha bir erməni ailəsi köçdü. Bu Qrişa adlı bir erməniydi, arvadının da adı gərək ki, Nelya idi. Sonradan bütün məhlə bildi ki, bu qadın Ağdamın idarə müdirlərindən birinin aşnasıdır. Qrişa da elə həmin idarənin təsərrüfat işlərinə baxır, o zamanın dili ilə desək , zavxozdu. O biri ermənilərə nisbətdə bu ailə heç nəyi ilə maraqlı deyildi, gərək ki, uşaqları da olmurdu, Nelya qardaşı qızını saxlayırdı. Duzsuz bir uşaqdı.

 

lll

 

Ən maraqlısı və təəccüblüsü bu idi ki, Dəyirman həyətinin erməniləri bir-birləri ilə yola getmirdilər, hətta düşmənçilik eləyənləri də vardı. Dəllək Arsenin yüz iyirmi kiloluq arvadı Knarik Mailiyan Sürəyya Hüseynova adını götürmüş Raya Soqomonyanla qanlı-bıçaqdı. Əvvəl onu deyim ki, həyətdəki erməni arvadların hər birinin “musurman” kişilərlə məlum mənada qanuni və ya qeyri-qanuni “işbirliyi” olmuşdu.

 

O zamankı rayon əhlinin gözəllik haqqındakı təsəvvürü Knarikin xarici görkəmi ilə tam üst-üstə düşürdü. Bu iri qadının çənəsini hər tərəfdən dövrələmiş ağ buxağı, hərəsi bir donuz çoşqasını xatırladan ağappaq yoğun qolları, bir sözlə, yeriyəndə yer titrədən əndamı görənləri valeh edirdi. Kökəlmək üçün sino gedən arıq, tüklü, miyanə görkəmli həyət arvadları hər səhər artırmada Şehli arvadın Şıxbabalı kəndindən gətirdiyi bir kasa qaymaqla bir təndir çörəyini təkbaşına şirinçayla yeyən Knarikə həsədlə, paxıllıqla baxırdılar; hamı Knarik kimi hər səhər üç manat verib qaymaq ala bilmirdi, ikincisi də, hamının yediyi Knarikdə olduğu kimi üzə çıxmırdı, zay olub gedirdi.

 

 Knarik ovcunda bürmələdiyi bir xışma “Vışka” qəzeti (Arsen “Vışka”ya abunəydi) evindən çıxıb ümumi həyətin lap axırında yerləşən dal-dala yapışdırılmış qoşa tualet budkasına üz tutanda onun hər ani hərəkətdən əsim-əsim əsən quyruğunun yerişi ahəngində ahəstə-ahəstə titrəməsinə kişili-arvadlı neçə göz baxırdı. Bu mənzərəni Papam görürdüsə mütləq “Vay dədeyin evi yıxılsın, fələk!” nidasını özünəməxsus bir məzə ilə elə deyirdi ki, Knarik də eşidir və tualetə gedən uzun yolu yarıda saxlamayıb ciyərdən gələn qəhqəhə çəkirdi. Görünür, papamın heyrət dolu bu nidasını  qadın çox eşitmişdi, həm də fərqli şəraitlərdə. 

 

 Knarikin tək Dəyirman həyətinə deyil, bütün Ağdama bəlli olan zəngin keçmişi də vardı. Papam da yaxşı qadın mütəxəssisi kimi daha məlumatlıydı.  “Ciyəri yanmış Məçəzin” qəhrəmanı olduğu həmin müharibədə Knarikin əri Arsen də iştirak eləmişdi. Həyat yoldaşını davaya yola salan arvad yasa batıb ər yolunu gözləməmiş, Arsenin dəlləkxana yoldaşı və həmkarı  Yunusa ərə getmişdi - qeyri-rəsmi. İndi buna nədənsə vətəndaş kəbini deyirlər. Zatən çox təntənəli səslənir, hətta mən deyərdim bu ifadədə nəsə ictimai-siyasi və patriotik bir çalar da hiss olunur.

 

 Yunusun bir ayağı topal olduğuna görə hərbidən azadmış, amma xoşbaxtlıqdan qalan əzaları yerindəymiş, elə olmasaydı, Knarik kimi arvadı yanına almazdı. Deyilənə görə, dəllək Yunus həm Knarikə yaxşı baxmış, çəkisinin aşağı düşməsinə imkan verməmiş, həm də Arsenin bir cüt xırda oğluna atadan artıq olmuşdu. Bu böyük vətəndaş nikahı Arsen davadan sağ-salamat qayıdıb gələnə qədər davam eləmişdi. Sonra qadın vəfalı bir dost kimi balalarını da götürüb qayıtmışdı Arsenin üstünə. Bəs Arsen neynəmişdi? Knariki və artıq gimrikləşmiş oğlanlarını sağ-salamat qoruyub saxladığına görə Yunusa dərin minnətdarlığını bildirmişdi. Əgər Yunus olmasaydı, Allah bilir, Knarik nələrdən keçər, başına hansı oyunlar gələrdi, balaları Robertlə Albertin taleyi necə olardı?! Nəysə, yaxşı olan odur ki, yaxşı qurtarır. Bu “unikal” ailəyə mən bir də qayıdacam, hələlik danışım növbəsini gözləyən Surayya Hüseynovadan, yəni Raya Soqomonyandan.

 

lll

 

Raya cavanlıqda  bir “musurman”a, yəni azərbaycanlıya ərə gedibmiş. Bir xeyli də birgə yaşayıblarmış. O kişidən övladı olmasa da, əvəzində yaxşı bir azərbaycanlı familiyası qazanmışdı. Raya bununla kifayətlənməyib adını da dəyişib olmuşdu Surayya Hüseynova,  əsl azərbaycanlı!

 

 Surayya çox koloritli, məzəli danışan, zarafat eləməyi sevən, tez cırnayan, bərkdə əli olmasa da, davakar arvaddı. Həyətdə onun dalaşmadığı nə arvad qalmışdı, nə kişi. Dalaşdığı adama pulemyot kimi “dı-dı-dı-dı” çapında söyüş-nifrinlər yağdırır və sonda da bir “De get!” deyib tələsik yuvasına - evinə soxulurdu ki, cavab atəşinə məruz qalmasın. O, hər davada bu taktiki manevrdən böyük uğurla istifadə edirdi. Surayyanın dalaşmağına dəhşət “balet” eləyirdim. Onun rəqibini söyüb bulayndan sonra “De get!” nidasını “kontrolnı” güllə kimi düşmənin kəlləsinə sıxıb tələsik evinə soxulması özgə aləmdi.

 

 Dava bitəndən, ara sakitləşib əsəblər yatandan, Surayya da yaxşıca yeyib-içəndən sonra yağlı əllərini və bulaşmış ağzını çirkdən işıldayan önlüyünün ətəyinə silib təmizləyir və artırmasının qabağında nərdtaxtanı hazırlayıb musiqi ilə məni çağırır:

 

 - Əə - li!

 

 Mən onunla nərd oynamağı heç sevmirəm, ona görə də səsimi çıxarmayıb susuram.

 

- Əə-li! Bilirəm, eşidirsən, maddax! De gəl!

 

Mən cavab vermirəm.

 

- Əəə-li! Hardasan, a yeddi manat yarım?!

 

“Yeddi manat yarım” ifadəsi mənə ləzzət eləyib güldürsə də susuram.

 

Surayya ruhdan düşmür və yenə də musiqi ilə çağırır:

 

 - Əəə-li! Ara, sən eşitmirsən, maddax? Saa sözüm var li!

 

- Nə var e, nə istəyirsən?

 

- De gəl də!

 

- Oynamıram!

 

- Bircə tas, maddax, bircə tas!   

 

- Heç yarım tas da!

 

- Ay yeddi manat yarım!

 

- Havayı oynamıram.

 

- Yaxşı, bir mars iyirmi qəpik.

 

- Yox bir, iki qəpik!

 

- A ba nə istiyirsən, maddax?

 

- Bir manat!

 

- Vay, axçi!

 

- Nə dedin?

 

- De yaxşı, gəl!

 

- Bir manat!

 

- Vay astuvas!

 

Bir manata  təslim olub arvadın əvvəlcədən hazırladığı kətildə otururam.

 

- Bax, bircə tas! Pulu da qoy ortaya!

 

- Ara, de bazar açma li!

 

- Peşman oldun? - Qalxıram.

 

 - Ara, sən lap alverçi oldun li!

 

 - Alverçidən örgənirəm!

 

 - De otur! - Önlüyünün cibindən əvvəlcədən hazırladığı yağloça kağız manatı çıxarıb nərdin altına qoyur. - Bu manata on dənə sərçə alıram mən, maddax.

 

 - Sərçəni neynirsən? Camaat göyərçin saxlıyır, sən sərçə?

 

Surayya qəhqəhə ilə gülür:

 

 - Yox bir yarasa saxlıyajam! Ara, bazarda avara uşaqlara zakaz eliyirəm, axşama on dənə sərçə vurub gətirirlər, biri on qəpikdən.

 

- Neynirsən sərçəni, kabab eliyirsən?

 

- Kabab niyə? On dənə sərçədən bir sup-xarço bişirim töyuxdan daddı. Sabah bişirif  bir qab da saa verəjəm.

 

- Özünə saxla, mən sərçə-xarço yemirəm.

 

- Ara, sərçə-xarço nədi? - Surayya gülməkdən uğunur. - Sərçə-xarço! Yox bir... - Daşlardan birini gizlicə irəli sürüşdürür və danışmaqda davam edir. - Ara, bilirsən mən səni naxartana istiyirəm? Valodun canı, Valod qədər istiyirəm səni.

 

Valod Surayyanın yeganə övladı idi, atası kimdi bilmirdik, amma familiyasını daşıdığı Hüseynovdan deyildi. Mən bilən, Valod təmiz erməniydi, özü də bir müddətdi Bakıya getmişdi, yoxsa Surayya belə asudə yaşaya bilməzdi.

 

 Elə ki, oyun qızışır, Surayya uduzduğunu görüb başlayır cığallığa, fırıldaq gəlməyə, özü də məni fırıldaqda günahlandıra-günahlandıra. Sonralar bildim ki, bu keyfiyyət, yəni elədiyi pislikləri başqasının üstünə yıxmaq həyasızlığı ermənilərdə anadangəlmədi.

 

-Bəyaxları nəyə gülürdün, a yeddi manat yarım?

 

- Hansı “bəyaxları”?

 

- Ara, mən o qaxbanı itin g...nə soxub çıxardanda?

 

Məni yenə gülmək tutur. O da ciyərdən gələn qəhqəhə çəkir.

 

- Sən söyüşdən sonra “De get!” deyib tələsik evə təpiləndə elə bil...

 

- Nə elə bil, ara?

 

- İncimə ey, elə bil it yuvasına soxulur.

 

-A yeddi manat yarım, man boyda arvada it deyirsən?

 

- Dedim də, lətifəsi sənnən uzax!

 

- Az aşın duzu döyülsən haa!

 

-Bu da mars! - Surayyanın axırıncı açıq ayağını şaqqıltı ilə bağlayıram.

 

Surayya dik atılır.

 

- Ara, deməmişəm elə şaqqıldatma!

 

- Arıya söz qatma, marsdı!

 

- Ara, belə mars olar?!

 

- Mars elə belə olur li!

 

- Mən bela oynamıram, sən zər tutursan.

 

- Genə cığallığa başdadın, Surayya xala?!

 

- Ara, indicə başdadıx, nə mars? - Surayya uduzduğunu görüb həqiqətən pərt olur, yanaqları qızarıb pörtür, gözləri sulanır. - Ged e burdan! Sən pırıldaxsan!

 

- Az, nə pırıldax? Görmürsən bağladım?

 

- Mamed duz deyir, sən zər tutursan! Sən... - tutduğum xanadan daşı çıxarıb ayağı açır. - Burda daş vardı? İndi soxdun bura!

 

- Bax, ona görə oynamıram də sənnən! - Manatı taxtanın altından qəfil götürürəm. - Vsyo! Tas bitdi, uduzdun! - Pul cibimdə olduğundan arxayın şitənirəm. - Özün də həmişəki kimi suxoy uduzdun. İki mars dalbadal. - Ona tərəf əyilirəm. - Qulağını gətir, söz deyirəm.

 

- Ara, ged e!

 

- Mən ölüm, qulağını gətir!

 

- Ara, ta nə söz e? - Qulağını yaxınlaşdırır.

 

Mən bərkdən arvadın qulağına qışqırıram:

 

- De get!

 

Surayya səksənir, eyni zamanda cəld tərpənib mənim qıvrım saçımdan yapışır:

 

- A yeddi manat yarım! - Saçımı dartır. - Öldürəjəm səni...

 

- Az, burax!

 

- Canın bu döyül?!

 

Surayya saçımı buraxır.

 

- Kopoluyam bir də sənnən oynasam!

 

- Sən maa kələk gəlirsən, mən axmax da Seyid Lazım ağıya nəzir eliyirəm saa görə.

 

-Az, nəzir eləməknən nərddə udassan? 

 

- A priçom nard?! Nəzir eləmişəm sən inistuta girəsən.

 

- Nə nəzirdi o elə?

 

- Valodun canı üçün düz beş manat!

 

- Sən o pulu ver maa, mən inistuta seyidsiz də girəjəm.

 

 Surayya dirsəyini göstərir:

 

- Ala, bu saat verdim!

 

Mən də borclu qalmıram:

 

- Surayya xala, niyə bu məhlədə qoja arvaddarın hamısı sənin kimi tərbiyəsizdi?

 

- Qoja sənin nənəndi!

 

Əli Əmirli

525-ci qəzet.- 2016.- 9 yanvar.- S.22-23