Sağlıq
(hekayə)
İndi də elə bu məclisin sonuna yaxın həmən
ətürpədən əndiribadi fikir yenə gəlib ox
kimi onun beyninə sancıldı.
Bədənindən, elə bil, elektrik cərəyanı
buraxdılar, bütün vücudu gizildədi və o, bir
neçə anlığına ətrafındakılardan
ayrıldı.
Başqa bir məkanamı düşdü?!
Bir onu bildi ki,
diksinən kimi oldu. Yuxuda olur bu
cür, elə bil, boşluğa yuvarlanırsan, uçunursan.
İnanılası deyildi, amma onun özü
heç istəməzdi ki, son zamanlar tez- tez beyninə girib onu
beləcə həyəcanlandıran bu əndiribadi fikir həqiqətə
çevrilsin. Belə ola bilməzdi,
amma kim bilir?! Ortada xeyli kiçik gerçəklik faizi ola bilərdi. Və bu onu
qorxudurdu.
Fikir isə bundan ibarət idi: o,
heç zaman ölməyəcək.
...Məclis həmişə
olduğu kimi hay - küylə keçirdi. Yeddi nəfər sadiq orta məktəb dostu- 8 “b”
sinfinin köhnə şagirdləri artıq qırx il
olardı ki, ayda bir dəfə, iki dəfə
görüşüb beləcənə asudəlik içində
yeyib - içir, boyat xatirələri isidib neçənci dəfə
delikates kimi bir - birinə sırıyırdılar. Bu restorana
da artıq alışmışdılar- xudmani, ayrıca otaq,
televizor, demək olar ki, ev şəraiti...
Nə vacib işləri olsaydı belə bu məclislər
həmişə tam heyətlə keçərdi, onları
buraxmaq olmazdı.
- Yox, sənin
yadından çıxıb. Keçən dəfə belə
danışmırdın...
- Bilə - bilə axırını
dəyişdirir. Sərf eləmir axı...
- Xeyir, vallah yox. Axırda
axı mən özüm boynuma aldım ki, topu məktəbə
mən gətirmişəm. Özüm dedim.
Hamınızın yanında dedim. Dedim, demədim? Dedim.
- Özün demədin.
- Dedi, amma elə dedi ki... Arif əsl
istintaq qurmuşdu...
- Arif müəllim otuzdurdu səni
yerinə. Hələ “muçenik” elədi səni.
- Bəli, bəli, həzərat. Mənim yaxşı yadımdadı. Dedi ki, sən
başqasının günahını boynuna alırsan. O
cür ustalıqla sən ki dedin o sözləri.
- Mən neyniyə bilərdim? Boynuma aldım, inanmadılar.
- Almasaydın, ondan yaxşı
idi...
Bu “top” məsələsi uzun illərdi
qaranlıq bir keçmişdə qalmış məktəb
illərinin əziz yadigarı idi. Onlar bu
yarıdedektiv hadisənin hər ştrixini, hər hərəkətini
ciddi şəkildə dönə - dönə təhlil etməkdən
yorulmurdular.
Məsələ isə bundan ibarət idi. Çiskin bir
payız günü Etimad sinfə top gətirmişdi.
Böyük tənəffüs zamanı 8 “b”nin
oğlanları sinifdəki qızları
çığırda - çığırda dəhlizə
çıxartdılar. Birinci cərgədəki
partaları arxaya sürütdədilər. Balaca meydança alındı. İki
dəstəyə bölündülər. Oyun təzəcə qızışırdı.
Birdən heç kimin gözləmədiyi halda kim idisə topa elə bir zərbə vurdu ki,
top gedib düz pəncərənin ortasından dəymədimi,
dəydi. Pəncərə şaqqıltıyla
ortadan sınıb çilik - çilik olmadımı, oldu.
Hamı yerindəcə quruyub qaldı. Şüşə qırıntıları məktəbin
həyətinə, gediş - gəlişin gur yerinə
parıldayan yağış damlaları kimi yağmağa
başladı. Həyətdən keçənlər
diksinib yana çəkildilər. Bir nəfər
cır səslə aşağıdan qışqırdı:
- Vəhşixanadı,
məktəb deyil ki... Vəhşidilər bunlar!! Vələdüznadılar!!
Beş dəqiqə keçmədi ki, əlində yekə
bir şüşə parçası tutmuş cır səsli,
balacaboy, üzündəki sevinc dolu o mənfur ifadəni
heç cür gizlədə bilməyən kişiylə məktəbin
direktoru Sona müəllimə hövlnak sinfə daxil oldular. Sona müəllimənin rəngi
ağappaq idi, otağa ötəri göz atan kimi məsələni əlüstü
başa düşdü. Uşaqların üzlərinə belə
baxmadı, amma əllərini,
ayaqlarını xüsusi diqqətlə gözdən
keçirdi. Arxayın oldu ki, əli, qolu, ayağı
yaralanan yoxdur. Sonra acıqlı - acıqlı şüşəsi
sınıq pəncərənin yanına keçib
aşağı boylandı, başını çoxmənalı
şəkildə buladı. Yəni, “Görün, mən
sizin başınıza nə oyun açacam...” Cır səsli
kişi əlində bayraq kimi tutduğu
şüşə parçasını xüsusi əda və
səliqəylə jurnal stolunun üstünə qoydu. Sona
müəllimə məktəbin rəsm müəllimi cavan,
enerjisi fontan vuran Arif müəllimi sinfə
çağırtdırdı:
- Neynirsən elə, amma öyrən
gör, bu topu bu məktəbə kim gətirib.
Top sinfin ortasında yetim uşaq kimi
atılıb qalmışdı. Elə bil, cüzamlı idi,
heç kim ona yaxın durmaq istəmirdi. Top tərəfə
baxan belə yox idi.
- Baş üstə!-
Arif müəllim bütün bədənini sim kimi dartıb əllərini
əsgərlər kimi yanına sıxdı. Cır
səsli kişinin də bədəni onun kimi tarıma çəkildi.
Bundan sonra isə
müsibət başladı. Arif müəllim sinifdə
əsl istintaq qurdu...
- Allah
üzümüzə baxmışdı ki, o
alçağın başına düşməmişdi o
şüşə. Yadınıza gəlir nə
boyda idi əlindəki şüşə parçası?!
-
Bayraq kimi əlində tutub sinifə girəndə mən
bilirsən, necə qorxdum...
- Sona
müəllimənin rəngi ağappaq olmuşdu...- Zakirin
gözləri o uzaq günü yada saldığından, ya da
içdiyi arağın təsirindən- süzülüb
getdi.
- Fasilə
edəcəyik, yoxsa?.. Bu top söhbəti qurtarmadı?!- Hənifə
birdən - birə darıxdı.-
Plastinkanı dəyişin...
Hənifə demək
istəyirdi ki, söhbəti dəyişin.
- Neynirsən sən fasiləni?- Vahid qaşlarını bərk - bərk
çatıb ona tərs bir baxış atdı.- Yedin, doydun?
- Həri, çay içmək istəyirəm,
olmaz?!- Hənifə günahkar adamlar kimi məlul - məlul
dilləndi.
Stolun üstündəki yeməklər yeyilib
qurtarmamışdı. Sonuncu araq şüşəsi yarıdan
çox dolu idi. Altı nəfərə “əlli
- əlli” rahat vura bilərdilər.
- Bunu da içək, sonra keçək
çaya. Nə deyirsiz?! Çay
olacaq? Deyirlər ki, olacaq...- Malik əlini
araq şüşəsinə uzatdı.
- Mən
süzərəm.- Vahid özü
içmirdi, amma adamları içirtməyi sevirdi.
Şüşəni Malikdən alıb altı nəfərin
hər birinə, təbii ki, özündən başqa, misqal
dəqiqliyilə araq süzdü.- Olacaq,
çay da olacaq, tort da olacaq...
Kamran qəfildən ayağa qalxdı. Bu o zaman baş verdi ki, ölümsüzlük
haqqındakı həmən əndirabadi fikir gəlib onun
beyninə artıq girmişdi. O, sağlıq demək istəmirdi.
Amma fikrini dəyişdi.
Məclisdə
isə ara qarışıb məzhəb
itmişdi. Hərə öz kefində idi.
Zakir Etimada nəsə deyib onu güldürməyə
çalışırdı, amma Etimadın dodağı da
qaçmırdı. Hənifə əlində pult diqqətlə
televizorun kanallarını bir - birinə
qarışdırmaqla məşğul idi. Malik sağa
- sola baxıb, elə bil, kimisə axtarırdı, öz -
özünə nəsə deyirdi, dodaqları səssiz - səssiz
tərpənirdi. Muradla
Vahid pıçıldaşırdılar. Nəhayət, hamı bir - birinə baxa - baxa
başa düşdü ki, Kamran, deyəsən,
danışmaq istəyir, hətta bununçün ayağa belə
qalxıb. Kamran isə səssizcə, bir az da ədalı
- ədalı ayaq üstdə durub gözləməyində idi. Buna deyərdilər, qəd tutub. Yavaş - yavaş hamı sakitləşdi və
ortalığa sükut çökdü.
Etimad köksünü
ötürüb yavaş və kədərli səslə
dedi:
- Buyur, qardaş. Son söz qoy sənin
olsun.- Etimad “son söz” dəlisi idi. İndi də, elə bil, əziz tikəsini
boğazından kəsib Kamrana verirdi.
- Belə... Əzizi-mənlər! Mənim
bir sağlığım olacaq.- Kamran sözünə belə
başladı.
Amma elə o dəqiqə
onun sözünü yenidən hay-küylə kəsdilər.
Çünki Zakir yavaşdan “ha-ha-ha” eləyib
göz-qaşını oynada-oynada barmağı ilə Hənifəni
ona-buna göstərməyə başlamışdı və
bu şəkildə onun oğrun-oğrun başqa bir işlə
məşğul olduğunu “ifşa” edırdi.
- Sakit. Qulaq asın. Səbətnən gilasın
nağılı deyil... Kişi söz danışır... Bəsdi,
televizorla oynadın... Böyümədi də bu adam. Bu gün-sabah əlli
yaşın olacaq...- Camaat hamı birdən-birə Hənifənin
üstünə düşdü. O isə televizorun səsini
alıb indi də kanalları rəngli mənzərələr
kimi bir-birinə vurub keçirdi. Aydın məsələ
idi - intim axtarırdı. Pultu onun əlindən
zorla aldılar.
Kamran təhər-tövrünü
pozmadan sözünə davam elədi:
-
Əzizi-mənlər! - Bu, onun sevimli xitabı idi. - Biz ki, ayda
bir dəfə, iki dəfə bu gözəl məkanda
toplaşırıq, məclis qurub bugünkü kimi
yeyib-içirik, deyib-gülürük, ötən günləri
yada salırıq, eyni əhvəlatları az qala hər dəfə
eyni həvəslə bir - birimizə ilk dəfəymiş kimi danışırıq-
bunun qiyməti- kim nə deyir, desin, mənim gözümdə
milyondu. Məktəb illərinin qiyməti yoxdu.
- Topu kim
gətirmişdi, cəzanı kimlər çəkdi...
Hənifə
ortaya bir atmaca atdı, eynən həmən top kimi və bu
zaman Kamrana elə gəldi ki, o zaman topu pəncərəyə
vurub şüşəni sındıran da elə bu Hənifənin
özü olmuşdu. Hənifənin
atmacasına reaksiya verən olmadı.
- Mənlik
deyil...- Yalnız Etimad atmacaya ciddən etiraz elədi.
Kamran yenə müəmmalı və ədalı şəkildə
susub gözlədi. Murad çəngəllə stəkanı
döyəclədi.
-
Xamuş! Bir susun, görək bu adam nə
deyir...
- Bu adam
onu demək istəyir ki,- Kamran Murada minnətdarlıq
dolu bir təbəssümlə baxdı.- Bizim bir - birimizdən
ayrı kimimiz var?! Heç kimimiz yoxdu. Birimiz ağıllıyıq, birimiz dəliyik.
Birimiz etibarsızıq, birimiz hələ də uşaq
qalmışıq.- Kamran əli ilə yanında
oturmuş Hənifənin başına tumar çəkdi.- O
birimiz qırdı - qaçdı... Əgər biz
ağlımız kəsəndən sonra bir - birimizi tapıb
dost olsaydıq, bu isə mümkün deyildi, hər baxan
düz deyərdi ki, bunların ağlı həqiqətən
yoxdu. Bu adamları axı bir - birinə heç nə bağlamır...
Bunlar niyə dost olmalıdılar?! Bəs o
zaman belə bir sual ortaya çıxır. Biz nə üçün bu günə kimi bir yerdəyik?!
Və nə üçün bizim bizdən
başqa bir kampaniyamız yoxdur?! Razısız
mənimlə?
-
Maraqlı söhbətdi...- Ehtiyatı əldən verməyən
Vahid ağır - ağır dilləndi. “Bu hara
yozur görəsən?!”
Kamran isə
davam elədi:
- Mən
bilirəm ki, ağlım kəsəndən sonra, məsələn,
Hənifə kimi... adama ömrüm boyu “tamah” salıb dost
olmazdım. Yox eee... Mənim qərdeşimdi
o...- Kamran məzəli bir ahənglə sözünü
zarafata çevirdi.
-
Adamdı o?!- Zakir məsələni ciddi qəbul etdi.
-
Heç gör mən səni yaxına buraxırdım?! Filosofa bax...- Hənifə də söz altında
qalmadı, xasiyyəti belə idi, hökmən bir cavab
tapıb deməliydi.
- Hə...-
Kamran Hənifəyə cani - dildən məhəbbətlə
baxdı və Hənifəni uşaq kimi əzizlədi.- Qərdeşimdi bu mənim...- Sonra Kamran yenə
əsas mövzuya qayıtdı.- Nə isə... Bəs biz niyə bir - birimizdən əl çəkə
bilmirik, qırx ildi bir yerdəyik?! Birinci sinifdən bu
günə qədər qırx il... Bir-iki
ilə əlli yaşımız olacaq...
- Hənifənin
iyirmi yaşı olacaq...- Bu da Malikin əsas zarafatlarından idi.- O
axı inkişaf eləmir... Onda deqradasiyadı.
- Qoyun
sözümü qurtarım, sonra qırın bir-birinizi...-
Kamran gördü ki, Hənifə əlini gizlicə su dolu stəkana
sarı aparır. Suyu Malikin üzünə
çırpmaq istəyirdi. Kamran ərklə onu birəlli
də olsa qucaqlayıb stəkanı götürməyinə
mane oldu və dayanmadan sözünə davam elədi:
- Öz
sualıma özüm də cavab verirəm. Biz
niyə bu günə qədər bir yerdəyik? Çünki bu bizdən asılı olmayıb.
Allah gətirib bizi bir-birimizin yanına. Bax, bu mənim qərdeşim Hənifəni birinci
sinifdə oturdub mənim yanımda. Mənim
seçki imkanım olmayıb. Olsaydı...
Zakirin
yadına Füzuli düşdü:
-
Olsaydı, mənim bir ixtiyarım, olmaz idi səndən
özgə yarım... Ha - ha - ha...
Bu yersiz
gülüşdən dərhal sonra Zakir ciddiləşib Zərbəli
müəllimi xatırladı:
- Allah Zərbəli
müəllimə rəhmət eləsin.
Söhbət yenə də məcrasını dəyişdi.
- Allah
hamısına rəhmət eləsin. Allah Rübabə müəlliməyə,
Sona müəlliməyə, Nabat müəlliməyə...
- Arif
müəllim...- Bu, Etimad idi.
- Mariya
Semyonovnaya, Sadığa, Mustafaya... Hacıya...
- Allah
onların hamısına rəhmət eləsin...- Malikin, deyəsən
gözləri dolmuşdu, kövrək idi deyin, səsi həzin
gəldi.
Onlar öz müəllimlərini
xatırlayırdılar. Xatırladılar, qurtardı.
- İndi də keçirəm
sözümün sağlıq hissəsinə... Bitirirəm. Məni
diqqətlə dinləyin.- Kamranın ürəyi birdən-birə
sıxıldı. O bu sağlığı hökmən deyib
sona çatdırmaq istəyirdi. Ona elə gəlirdi
ki, sağlıqdan sonra o əndirabadi fikir bir daha onu narahat etməyəcək.
Kamran bir əliylə
yanında oturmuş Hənifənin başına yenə də
sığal çəkdi, o biri əlində tutduğu qədəhi
isə düz başının üstünə
qaldırdı, uca səslə dedi:
- Mən
içirəm bu badəni bizim aramızda axırıncı kim qalacaqsa, onun sağlığına.
Heç kim bilmir, o axırıncı adam
bizim aramızda kim olacaq. Amma kimsə olacaq.
Hamı gedir bu dünyadan, heç kim bu
dünyanı tutub qalmır.
- Əlbəttə, ölüm haqdı...- Vahidin səsi
molla səsinə oxşadı. O, dostlar arasında yeganə
namazqılan idi.
- Bəli,
o adam ki, onun alnına yazılıb və
o bizim hamımızdan sonra gedəcək o biri dünyaya, mən
təklif edirəm, bunu içək o xoşbəxtin
sağlığına.
Məclisdəkiləri söz tutdu və onlar bir müddət
dinib-danışmadan deyilən sağlığı “həzm”
eləməyə çalışdılar.
- Nə
danışır bu? Siz bir şey başa
düşdüz?!- Nəhayət, Zakir araya çökən
səssizliyi pozdu. - Necə yəni, axırıncı adam? Deməli, belə çıxır ki, o
adam tək qalacaq?..
- Bəli, əzizi-mən, kimsə
axırda tək qalacaq. Bu bizdən asılı deyil ki... Kim
axırda qalacaq onun sağlığına... Məsələn,
Hənifənin...
- Mənə lazım deyil. İçməyin mənim sağlığıma.
İstəmirəm.- Hənifə
qaşqabağını salladı. Bu dəfə
o, son dərəcə ciddi idi.
- Nolar?! Onda Zakirin
sağlığı...- Kamran nəvaziş dolu təbəssümlə
Zakirə baxdı.
- Niyə mən? Mən
niyə? İstəmirəm! Mənim də
sağlığım olmasın!- Zakir
kobud bir tərzdə Kamranın sözünü kəsdi.
- Başa düşürəm. O
zaman... könüllü yoxdu?
Yenə səslər bir-birinə
qarışdı, hamı bir ağızdan danışdı:
- Yoxdu, könüllü yoxdu. Bu çox axmaq sağlıqdı, Kamran.
Başqa plastinka qoyun... Mənə lazım deyil... Ay gic, deməli,
bu adam bizim aramızda hamıdan çox
yaşayacaq, başa düşürsən? Cəhənnəmə
ki... İstəmirəm. Axırıncı?
Adamın ürəyi partlayar... Tək, quqquluqu... Sən də istəmirsən? Yox,
mən niyə? Mən də istəmirəm... Kamran, sənin
bu sağlığına heç kim qol
qoymadı... Başqa sağlıq de, içək.
Yoxsa...
- Topu kim
gətirmişdi, onun sağlığına...
- Yox,
şüşəni kim
sındırdı, onun sağlığına...
-
Yaxşı ki, şüşə o kişinin başına
düşmədi. Sona hirsindən əsirdi.
Arif nə oyundan çıxmadı, topu kimin gətirdiyini
öyrənmək üçün... Amma heç kim Etimadı satmadı...
Dostlar ümidlə Etimada baxdılar. O, sağlığı
öz üstünə götürə bilərdi.
-
Çox sağ olun, uşaqlar...- Etimadın üzünü məsum
bir təbəssüm gəzdi.- Amma qoy bu
sağlıq mənim sağlığım olmasın...
Kamranın sağlığı, əlbəttə ki,
alınmamışdı. Onlar daha bir kəlmə
də danışmadılar. Qədəh qədəhə
toqquşdurmadan araqlarını başlarına çəkdilər.
Elə bil, ölmüş bir adamı, sonra
imkan olmayacaq deyə əvvəlcədən yad edirdilər.
Malik qədəhini qaytarıb yerə qoydu. Əllərinin dalı
ilə gözlərini qızaranacan ovuşdurdu. Sonra... Sonra isə
turşu xiyardan ləzzətlə bir dişdəm aldı və
qəfildən çırtıq çala-çala məşhur
mahnının ahəngində səsini
başına atdı:
- Deyin görək çay olacaq?.. Deyirlər ki, çay olacaq...
Zakir ürəkdən qəhqəhə çəkdi:
- Ha-ha-ha...
Kamal Abdulla
525-ci qəzet.- 2016.- 9 yanvar.- S.20-21