“Azərbaycan mədəniyyətinin Balkanlarda daha geniş təbliğinə
çalışırıq”
Serbiyadakı Azərbaycan Mədəniyyət
Mərkəzi 2010-cu ildə
təsis edilib. Mərkəzin əsas məqsədi Azərbaycan mədəniyyətini,
onun zəngin irsini tanıtmaq və təbliğ etməkdir.
Qurumun rəhbəri
Serbiyanın Novi Sad İncəsənət
Akademiyasının fortepiano kafedrasının professoru
Zərifə Əlizadə
əməkdaşımıza müsahibəsində mərkəzin
fəaliyyəti, qarşıda
duran vəzifələr
barədə ətraflı
danışıb.
- Zərifə xanım, Serbiyadakı Azərbaycan Mədəniyyət Mərkəzi
nə zaman fəaliyyətə başlayıb
və prioritetləri nədən ibarətdir?
- Azərbaycan Mədəniyyət
Mərkəzi 2010-cu ilin
iyul ayında Belqrad şəhərində
təsis edilib. Mərkəzin fəaliyyət istiqamətləri
mədəniyyət və
təhsil sahəsində
proqramların hazırlanması
və həyata keçirilməsi, həmçinin
Azərbaycanın bu sahədə əldə etdiyi uğurların Serbiyada təbliğ olunmasından ibarətdir.
Azərbaycan və Serbiya ictimaiyyətini xalqlarımızın tarixi,
mədəniyyəti və
mədəni irsi ilə tanış etmək, qarşılıqlı
mədəni inteqrasiyaya
töhfə vermək,
Serbiyanın müvafiq
təşkilatları ilə
əlaqələrin yaradılması
və inkişafı,
iki ölkənin mədəniyyət və
təhsil müəssisələri
arasında əməkdaşlığın
qurulmasına yardım
etmək, mədəni
əməkdaşlığı genişləndirmək qarşımızda
duran əsas vəzifələrdir.
- Son zamanlar həyata keçirdiyiniz layihələr,
əldə edilən nəticələr barədə
nə deyə bilərsiniz?
- Ötən müddətdə
Azərbaycanın Serbiyadakı
səfirliyinin dəstəyi
ilə bir çox layihələr həyata keçirmişik.
Bu sırada müxtəlif
nəşrlərin işıq
üzü görməsini
xüsusi qeyd etmək istərdim.
“Görkəmli şəxsiyyətlərin
həyatı” silsiləsindən
ümummilli lider Heydər Əliyev haqqında kitabın, tanınmış musiqişünas
Zemfira Səfərovanın
dahi bəstəkar Üzeyir Hacıbəyliyə
həsr olunmuş kitabının, Xalq şairi Rəsul Rzanın “Rənglər”, Xalq yazıçısı
Elçinin “Ölüm
hökmü” əsərinin,
Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş “Qarabağ həqiqətləri”
toplusunun, filologiya üzrə fəlsəfə
doktoru Lalə Məcidovanın tərtib
etdiyi Serbcə-Azərbaycanca
danışıq kitabçasının,
Cəlil Məmmədquluzadənin
seçilmiş əsərlərinin,
gənc yazıçı
Günel Anarqızının
hekayələrinin və
digər əsərlərin
serb dilinə tərcüməsi və nəşri bu qəbildəndir. Serbiyada yaşayan
həmvətənimiz Nərgiz
Məmmədova tərəfindən
tərcümə olunan
“Mənim sevimli yeməklərim” kitabı
Azərbaycanın milli
mətbəxinin bu ölkədə təbliğinə
xidmət edir.
Bununla yanaşı, görkəmli
serb yazıçısı
Milorad Paviçin “Xəzər lüğəti”
kitabının Azərbaycan
dilinə tərcüməsi
və nəşrini, hazırda serb dilinə tərcümə
olunan akademik Ziya Bünyadovun “Azərbaycan VII-XI əsrlərdə”
tarix kitabını da qeyd etmək
olar. Mərkəz həmçinin Serbiyanın
orta məktəb və gimnaziya şagirdləri arasında
“Mən Azərbaycan haqqında nə bilirəm?” adlı inşa müsabiqəsinin
keçirilməsinə nail olmuşdur. Belqrad şəhər meriyasının
binasında gənc serbiyalı sənətşünas
Konstantin Novakoviçin çəkdiyi
fotolardan ibarət “Azərbaycan, səyyahın
təəssüratları” adlı fotosərgi təşkil etmişik.
Sərgidə ilk dəfə olaraq
Belqrad tamaşaçılarına
Azərbaycan, ölkəmizin
mədəni irsi və gözəl təbiəti təqdim edildi. Azərbaycan incəsənət ustalarının Serbiyaya yaradıcılıq səfərlərinin,
konsertlərin təşkilində
də mərkəz yaxından iştirak edir.
Bakı Musiqi Akademiyasının professoru Rasimə Babayevanın 2014-cü ilin
iyununda Belqradda
14-cü “Orqan günləri”ndə
iştirakını göstərə
bilərik. Səfər çərçivəsində
R.Babayeva Belqrad İncəsənət Akademiyasının
tələbələri üçün
ustad dərsi keçmiş, Müqəddəs
Məryəm kilsəsində
təşkil edilmiş
konsertdə də çıxış etmişdi.
Bu konsert zamanı Belqradda ilk dəfə Qara Qarayev, Vaqif
Mustafazadə, Nazim Əliverdibəyov, Vasif Adıgözəlov, Xəyyam
Mirzəzadə kimi Azərbaycanın tanınmış
bəstəkarlarının əsərləri səsləndirildi.
Həmin il Azərbaycanın Mədəniyyət
və Turizm Nazirliyi, Serbiyadakı səfirliyimizin və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin
dəstəyi ilə
Novi Sad şəhərində keçirilən NOMUS beynəlxalq
musiqi festivalı zamanı məşhur azərbaycanlı caz ifaçısı və pianoçu Əzizə Mustafazadənin konserti təşkil edildi. Buraya serbiyalı musiqiçilərin
Azərbaycan bəstəkarlarının
əsərlərini ifa
etdikləri konsert proqramlarını da əlavə etmək olar. Xüsusilə qeyd etmək
istərdim ki, serbiyalı müğənnilər
xalq mahnılarımızı,
Ü.Hacıbəyli, T.Quliyev
kimi bəstəkarlarımızın
əsərlərini böyük
məmnuniyyətlə oxuyurlar.
Onların bir neçəsini
mərkəzimizin internet səhifəsində
yerləşdirmişik.
Hər il azərbaycanlı
yazıçı, şair,
filoloq və rejissorlar Serbiyada təşkil olunan konfrans və festivallarda iştirak edirlər.
2016-cı ildə ikinci
dəfə “Yaz bayramları” adlı beynəlxalq uşaq festivalında, həmçinin
“Serbiya Avropa ritmində” festivalında iştirak etmək niyyətindəyik. Bu festivallarda
serbiyalı uşaqlar
Polad Bülbüloğlunun
“Şən Azərbaycan”
mahnısını ifa
edəcəklər. Həmçinin Azərbaycan və Serbiyanın opera və balet teatrları arasında əməkdaşlığın
qurulması istiqamətində
danışıqlar aparırıq.
Bir sözlə, planlarımız
çoxdur və onları müvəffəqiyyətlə
həyata keçirəcəyimizə
ümid edirik.
- Serbiyada Azərbaycan
kifayət qədər
tanınırmı?
- Qeyd etmək lazımdır ki, Serbiya, Monteneqro və Bosniya və Herseqovinada Azərbaycan səfirliyi açılanadək Qərbi Balkan ictimaiyyəti Azərbaycan haqqında, onun mədəniyyəti, tarixi, o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında kifayət qədər və dolğun məlumata malik deyildi. Bu baxımdan serb xalqını və Qərbi Balkanların digər xalqlarını Azərbaycanın tarixi və bugünkü inkişafı ilə tanış etməyə, ölkəmiz haqqında müsbət fikir formalaşdırmağa, onun mədəniyyətinin təbliğinə çalışırıq. Bu məqsədlə biz hətta kiçik bir kitabxana da yaratmışıq. Belə ki, serbiyalı gənclər Azərbaycan dili və tarixini öyrənməyə maraq göstərir, Belqrad Universitetinin Tarix fakültəsinin tələbələri xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə maraq göstərərək Azərbaycan haqqında tarixi mövzularda diplom işləri yazırlar. Azərbaycan Mədəniyyət Mərkəzi səfirliyimizlə birgə Belqradda və Serbiyanın digər şəhərlərində valideyn himayəsindən məhrum olmuş uşaqlara humanitar yardım aksiyalarında da iştirak edir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü, iki ölkə hökumətinin razılığı ilə Novi Sad şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsi əbədiləşdirilib. 2011-ci ildə Azərbaycan prezidentinin iştirakı ilə Dunay çayının sahilində Üzeyir Hacıbəyli memorialının açılışı keçirilib. Serbiya mədəniyyətinin və klassik musiqisinin beşiyi olan, əhalisinin sayına görə ölkənin ikinci böyük şəhər sayılan Novi Sadın İncəsənət Akademiyasının elmi şurası da müvafiq dövlət strukturlarının razılığı ilə Üzeyir Hacıbəylinin xatirəsinin əbədiləşdirilməsi barədə qərar qəbul edib. Mərkəzimizin və Azərbaycan səfirliyinin müraciətini nəzərə alaraq, Akademiya, “Üzeyir Hacıbəyli təqaüdü”nün təsis olunması barədə qərar qəbul edib. Bu qərar əsasında elmi şura musiqi incəsənəti fakültəsinin ən yaxşı üç tələbəsinə təqaüd ayırıb.
Burada səfirliyimizin açılmasından və Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlamasından keçən beş il ərzində birgə apardığımız fəal işlər nəticəsində ölkəmiz Azərbaycan ümumilikdə bütün Balkan coğrafiyasında yaxşı təmsil olunur və tanınır. Əlbəttə ki, daha çox işlər görmək istəyirik, amma hərdən arzularımız imkanlarımızı üstələyir.
PƏRVANƏ
525-ci qəzet.- 2016.- 9 yanvar.- S.16