İstedadın üfüqləri və
yaxud sənətkar cəngavərliyi
(Xalq yazıçısı Elçinin “Baş” romanı haqqında mülahizələr)
“Baş”
romanını qeyri-adi bir şövqlə, həyəcanla,
nigaran bir duyğu ilə, hansı məqamdasa az
qala qorxu hissilə oxudum.
Məşhur
Azərbaycan nasiri, dramaturqu, ədəbiyyat professoru Elçin
müəllimin yazıçılıq məharətinə,
təxəyyül üfüqlərinin nəhayətsizliyinə,
şipşirin torpağımızın altı və
üstü kimi zəngin, doğma dilimizdən zərgər dəqiqliyilə
faydalanma qabiliyyətinə, üslub yeniliyinə, obrazların
dipdiriliyinə, tarixi olmuşların, gerçəkliyin, əhvalatların
təsvirindəki sənətkar hünərinə, fəlsəfi
düşüncələrin və qənaətlərin
aydınlığına, müəllif səmimiyyətinin təmizliyinə
heyran oldum.
Roman qəribə bir üslubla, dəst-xətlə
yazılıb.
Romanda yazıçı böyük hərflərlə
verilmiş “O”, “ONUN”, “ONA”, “ONU” ifadələri ilə olduqca
sirli, qeyri-məlum (əslində müəllifə və həssas
oxucuya məlum!) dünyanın ilahi varlığından fəlsəfi
pıçıltı ilə danışır, bəlkə
də “ONUN” özü eşitməsin deyə, (bu,
mümkündürmü ki...) ehtiyatla söz açır:
“O, kim
idi, nə idi? - bunu heç cürə
axıracan dərk edə bilmirdi, “ONUN” özü də həmin
hisslər kimi tamam bir çəkisizlik idi-şəffaf
çəkisizlik və əslində “ONUN” o şəffaf və
çəkisiz varlığı ancaq elə bu hisslərdən
ibarət idi”.
... “ONUN”
oyanan yaddaşı dərk etdi ki, görünən o məkandan
“ONA” baxan Baş - “ONUN” başıdır, ancaq bu qəfil
informasiya “ONU” qətiyyən düksindirmədi, “ONU” heç
vəchlə qorxutmadı, çünki “ONUN”
varlığı şəffaf və çəkisiz idi”.
Mətndə
“burada” sözündən sonra mötərizə içindəki
“harada?” sualı adamı düşündürür, xəyallar
dalğalarına qərq edir, doğrudan da “harada?”.
Və
müəllif romanın bütün fəsillərində
“O”-nun şəffaf və çəkisiz varlığına
qayıdır, “ONUN” çırpınan ruhi
nigarançılığının bütün
çalarlarının fəlsəfi mənzərəsini
qulağımıza pıçıldamağı bacara bilir.
Əlbəttə,
iki yüz neçə il qabaq baş
vermiş tarixi gerçəklik dövründən bəhs edən
bu romanın yazılma missiyası, ab-havası bir
başqadır. Romanın günümüzlə səsləşməsi
bizləri yenidən, iki yüz neçə ildən sonra
düşüncələr səltənətinə
aparması, dünənimizi bir daha dönə-dönə
öyrənib nəticə çıxarmaq,
bugünümüzün yetərincə mürəkkəb
siyasi-iqtisadi təlatümlərini diqqətlə, faktlarla,
milli təhlükəsizlik hissilə təhlil edib, müstəqilliyimizin
möhkəmləndirilməsi, Qarabağ
düyününün açılması naminə əlverişli
yollar aramaq və sabahın təhlükələrindən
sovuşmaq üçün çevik siyasi addımlar
atmağa hazır olmaq kimi nəhəng sualların gur selləri
qarşısında qala qurub möhkəm dayanmaq
bacarığına yiyələnmək qüdrətinə səfərbər
edir. Bu mənada, roman kifayət qədər
aktualdır.
1800-cü
ilin əvvəllərində sərhədlərini daha da
genişləndirmək, yeni-yeni ərazilər zəbt etmək,
xüsusilə Cənubi Qafqazın bərəkətli
torpaqlarını ələ keçirmək məqsədilə
hiylələr qurmaqla, danışıqlar aparmaqla, güc tətbiq
etməklə Gəncə, Şamaxı, Qarabağ, Şəki
xanlıqlarını tabeliyinə almış çar ordusu
indi də Bakı xanlığına qarşı
yürüşə başlayır. Qafqaz ordusunun
baş komandanı sərdar Pavel Sisianov Bakı xanı
Hüseynqulu xana xəbər çatdırır ki,
Bakının açarını şəxsən özü
generala təqdim etsin.
Bu olmuş əhvalatdır ki, Bakının Qoşa Qala
qapısının qarşısında Hüseynqulu xandan
açarı qəbul etmək niyyətində olan general
P.Sisianov və onun yavəri E.Eristov 1906-cı ilin 8
fevralında elə oradaca qətlə yetirildilər. Və müəllif
bu qətldən sonra dövrün ziddiyətləri, hadisələrin
gərginliyi fonunda həyati mənzərələrlə zəngin,
sanballı bir roman yaratmaq məqamına çata bilmişdir.
Bu dəhşətli qətlin təşkilatçısı
Hüseynqulu xanın bacısı oğlu Mahmudbəy idi.
Beləliklə, roman Molla Müzəffər
Ağanın məsləhəti ilə qətlə
yetirilmiş P.Sisianovun başının kəsilib İrana-Fətəli
şaha göndərilməsi qərarına gəlinməsi ilə
yaddaqalan, maraqlı, bəzi hallarda heyrətləndirici
epizodlarla, gözlənilməz əhvalatlarla davam edir.
Mənə elə gəlir ki, əsərdə ən
bitkin, kəskin xarakteri, milli hikkəsi, zadəgan ədası,
imperiyaya sonsuz sədaqəti, vəzifə borcuna məsuliyyəti,
hərbi şəristəsi və digər xüsusiyyətləri
ilə seçilən obraz (əslində real şəxs)
baş komandan general Pavel Dmitriyeviç Sisianovdur.
Bu fikrə
onu da əlavə etməyi vacib bilirəm ki, hörmətli
Xalq yazıçımız P.Sisianovun-cismi, qanı, iliyi,
ruhu-bütün varlığı ilə Rusiyaya, onun
hökmdarlarına, rus millətinə vurğun olmuş bu ali
hərbi rütbəli knyazın bənzərsiz, rəngsiz,
boyasız tam mükəmməl obrazını
yaratmışdır.
Romandan
sitat: “Bakını zəbt edəcəyinə knyazın
heç bir şübhəsi yox idi. Lap
yaxınlarda -Bakıdan sonra növbə İrəvan
xanlığına da çatacaqdı və bu dəfə
İrəvan da Derjavanın tərkibinə daxil ediləcəkdi-
Knyaz Sisanovun buna da şübhəsi yox idi. Cənubi
Qafqaz da bütün Qafqaz kimi, əbədi olaraq Derjavanın
bir guşəsinə çevriləcəkdi...”
Qraf
N.İ.Timofeyev-Boqoyavlenskiyə Tiflisdən göndərdiyi 24
aprel 1804-cü il tarixli məktubunda
P.Sisianov yazır: “Biz də gərək Gürcüstan
çarlarının, Azərbaycan xanlıqlarının
tarixini onların özlərinin yaddaşından
çıxaraq. Qoy, Zaqafqaziyada və
bütün Qafqazda insanlar dinc yaşasın, ancaq bu məsələyə
biz son dərəcə diqqət və ehtiyatla
yanaşmalıyıq, çünki onların mehriban
yaşaması gələcək birlikləri deməkdir, bu isə
bizim xeyrimizə deyil. Biz Derjavamızın
maraqlarına uyğun olaraq, lazım gəldikdə onların
bir-birinə ədavətindən, düşmənçiliyindən
istifadə etməyi bacarmalıyıq”.
Bax, belə!
İndi,
XXI əsrin 15-ci ilində kim deyə bilər ki, iki yüz
neçə il əvvəl knyaz P.Sisianovun istəkləri
unudulub, belə düşünən xam xəyallı adamlar
yoxdur?..
P.Sisianovun tabelyində xidmət edən kapitan Suxaryov da əsl
rusdur. İmperiya uğrunda ölməyə (necə ki, həlak
oldu-R.M.) həmişə hazırdır.
Kapitan
Suxaryov hesab edirdi ki, “Rusiya o zaman əsl Rusiya olacaqdır ki,
onu rus ruhlu adam idarə etsin, rus taxtında əsl rus əyləşsin,
qoy o da Aleksandr kimi savadlı olsun, qoy, o da dünyadakı
şeytan oyunlarından baş çıxara bilsin, qoy, onun
xasiyyəti sərt olsun, qoy, o, amansız olsun, ancaq o, rus olsun,
yalnız adı ilə yox, təmiz qanı ilə rus olsun”.
Kapitan
Suxaryov Qafqaz əhalisinin varlığını, həyat qayəsinin
mənasını əslən Qafqazdan olan general P.Sisianovdan az bilmirdi.
Bir
çətən ailə sahibi olan at oğrusu, kasıb Cəfəri soldatlar
tutub asmağa aparanda Suxaryov az qalır generalla mübahisə
etsin:- General at oğrusunun asılmasına etiraz edir və əmr
verir ki, onu qurşaqan aşağı soyundurub, eşşəyin
belinə bağlayıb çöllüyə buraxsınlar.
Kapitan Suxaryov generala etiraz edir:- “Qafqazlılarla belə hərəkət etmək
olmaz, zati aliləri! Onları asmaq olar, güllələmək
olar, ancaq bu cür təhqir etmək olmaz!-deyir Suxaryov.
Knyaz “donuz”- deyə kapitanın üstünə
qışqırır, -Sənin məsləhətinə mənim
ehtiyacım yoxdur”- deyir.
Məncə,
kapitan Suxaryov generalın ona “donuz” deməsindən o qədər
də incimir, düşünür ki, donuzun nəyi pisdir ki, o
da özümüzünküdür, ətini yeyirik, piyi dərmandı,
yaxşı ki, general ona “eşşək” demədi...
Təbii ki, infetariya generalı Pavel Sisianov isti
duyğulardan, qıza-qadına gizli-aşkar münasibətdən
məhrum deyildi, onu əhatə edən mühitdəki
qadınların diqqətini cəlb edəsi keyfiyyətlərə
malik idi.
Hörmətli
müəllif generalın qapalı hissiyyatını, intim
dünyasını belə təsvir edir:
“Knyaz Sisianovun həyatında az qadın
olmamışdı və bu qadınların ən təmizi,
incə qəlblisi, şübhəsiz ki, Natalya idi (markiz Jerar
de Latonyenin xanımı-R.M.).
Knyaz Natalya barədə düşünəndə
xüsusən, son vaxtlar, məktubdan sonra Natalya tez-tez onun
yadına düşürdü-uşaq vaxtı yayda Moskvaətrafı
bağlarında torla tutduğu ağappaq və zərif kəpənəkləri
xatırlayırdı, çünki Natalyanın da
varlığı o kəpənəyin ağappaq qanadları
kimi ləkəsiz və zərif idi.
Natalya Peterburq kübar cəmiyyətinin o gözəl və
bədbəxt qızlarından biri idi ki, sevgi ilə ailə
qurmamışdı, onu hesabla ərə vermişdilər.
...Ancaq Yaradan ki, bu qadını bu qədər təmiz və
gözəl yaratmışdı, onun ömründə
heç olmasa bir dəfə sevmək hüququ var idi, ya yox? Və Yaradan elə bir
sevgini Natalyaya bəxş etmişdi: Natalya onu-otuz dörd
yaşlı polkovniki, Sankt-Peterburq qrenader polkunun komandiri knyaz
Pavel Sisianovu bütün varlığı ilə sevirdi. Natalya üçün bu sevgi-günahkar bir sevgi
idi”.
İncə
bir zövqlə, kişi həssaslığı
ilə qələmə alınmış bu sətirlərin
müəllifinə “Əhsən!” deməmək
mümkündürmü?
1775-ci
ilin 10 yanvarında “ülgücün ağzı qədər
iti” şaxtalı bir gündə üsyankar Yemelyan
Puqaçovun edam səhnəsinin təsvirini oxuyanda içim
titrədi, məni üşütmə tutdu və mənə
elə gəldi ki, dəmir qəfəsin içində əlləri
və ayaqları zəncirlənmiş Puqaçovun və digər
birisinin edam səhnəsinə tamaşa edənlərin
arasında roman müəllifini də dayanan gördüm və
hətta bir az aralıda sağa-sola boylanan cavan knyaz Pavel
Sisianovun baxışları ilə Elçin müəllimin
baxışları toqquşdu...mənə elə gəldi...
Puqaçovun
başı kötüyün üstündən eşafota
düşən kimi onların hər ikisi quldurun
şaqqalanması səhnəsinə baxmadan
ayrı-ayrılıqda tələsik addımlarla edam meydançasını tərk etdilər...hərəsi
bir səmtə...
...Deməli,
baş komandanın kəsilmiş başı uzaq-uzaq səfərə
çıxmalıydı, vacib adamlar onu görməliydilər,
xatircəm olmalıydılar...
Ustad yazıçımız romanın strukturuna xələl
gətirməyən bir məharətlə oxucunu Bakıdan
Şirvana, oradan da Arazqırağı əraziyə elə
aparır ki, bir də xəbər tutursan ki, Haramı
düzündəsən. Beləliklə, o illərin, yəni iki yüz neçə
il əvvəlki dövrün
ab-havasında qarşımızda müxtəlif əhvalatların
geniş mənzərəsi açılır.
Azərbaycan
xanlıqları arasında ədavət, çəkişmələr,
bir-birinə biganəlik, ikiüzlülük baş alıb
getdiyi bir vaxtda, bir yandan da Qacarlar tərəfindən yarana biləcək
təhlükədən yayınmaq üçün yollar aramaq,
ən başlıcası isə Rusiyanın pəncəsinə
keçməmək uğrunda gizli-aşkar gedən mübarizələrə
yazıçı mövqeyi, sənətkar münasibəti
oxucunu ciddi düşündürür, cavabı çətin
suallar doğurur...
Bakı xanı Hüseynqulu xan neyləməlidir?
Ortada
Baş komandanın bədənindən ayrılmış
başı var və
bu başın məmləkətin başına hələ nə
oyunlar açacağını təkcə Allah bilir...
Hüseynqulu
xanın yanındakı məclisdə Molla Müzəffər
Ağa fikrini qətiləşdirir:
-Generalın
başını İrana, Fətəli şaha göndərək.
Yəni bu, ümidimiz, xilasımız Qacarlardır,
demək idi.
Hüseynqulu
xan bu ağır işi Mahmud bəyə, Molla Müzəffər
Ağaya şəxsən tapşırıb
nigarançılıq, çaşqınlıq içində
vurnuxur... Belə bir dar məqamda, qorxulu
mühitdə ilahi bir qüvvə-məşhur Azərbaycan
şairlərinin yaratdıqları xalis poeziya nümunələri
onun arxası, köməyi, güvənc yeri olur, xana təsəlli
verir.
Molla Pənah
Vaqifin, Saib Təbrizinin, Şah İsmayıl Xətainin,
Aşıq Qurbaninin geniş yayılmış şeirlərinə
nəzirə yazmaq həvəsilə çırpınır
xan, dönə-dönə təkrar etdiyi
aşağıdakı beyt xanı ovundurur:
Mən
cahan mülkündə mütləq,
doğru
halət görmədim,
Hər nə
gördüm əyri gördüm
özgə babət görmədim...
Və hörmətli müəllif adlarını çəkdiyim
şairlərin hərəsindən bir poeziya incisini romana daxil
etmişdir.
Şəxsən mən yetərincə poetik və siqlətli
olan belə şeir nümunələrinin romanda verilməsinə
ruha, ovqata düşündürücü və kədərli
təbəssüm bəxş edə biləcək bir qüvvə
kimi baxıram, roman müəllifinin zövqünü
müdafiə edirəm.
Elçin
müəllimin bütün Şirvan elində və ətraf
yerlərdə hörmət-izzət sahibi Hacı Muxtar bəy
kimi cazibədar, comərd bir kişi
obrazını yaratmaqda sənətkar hünəri göstərdiyini
də xüsusi qeyd etməliyik.
Necə
deyərlər, səhərin gözü
açılmamış Hacı Muxtarın darvazasını
döyən Mahmud bəyi və onunla gələnləri
Hacı Muxtar böyük istəklə, gülərüzlə
qarşılayır və elə bu vaxtı Hacı
Muxtarın tapşırığını hörmətli
müəllif elə səliqəli, aydın, dadlı dillə
təsvir edir ki, yazıçı diqqətinin dəqiqliyinə,
müşahidə qabiliyyətinin düzümünə məəttəl
qalmamaq mümkün deyil:
-”Ay
uşaq, qonaqlarla məşğul olun, bu isə o deyən
söz idi ki, atları tövləyə aparıb
rahatlayın, su, sabun, məhraba hazırlayıb, qonaqların əl-üzlərini
yumasına kömək edin, ocaqları qalayın, qoyunların
arasından bir erkək seçib kəsin, manqalları
yandırın, təndirə od salın...”
Nə
gözəl!
Hacı
Muxtar bütöv bir şəxsiyyətdir, var-dövlət,
mal-mülk sahibidir, xalı-xalça istehsal edən ayrıca
iş sahəsi var, tanınıb-seçilən kişilərdəndir,
“Mahmud bəyin atası rəhmətlik Şamil bəylə
uzun illərin dostu, Mahmudun özünün kirvəsi idi və
onların dostluğu bu qorxulu və namərd zəmanənin
sınağından çıxmış bir dostluq idi”. Ona görə də rus generalının kəsilmiş
başını torbada Tehrana aparan Mahmud bəyin belə həyəcanlı
günlərdə yolüstü Hacı Muxtar kişinin
qapısını döyməsi qəti təsadüfi deyildi.
Təbii ki, geniş əlaqələri olan Hacı Muxtar
knyazın qətlə yetirilməsindən xəbər
tutmuşdu. Mahmud bəyin özü ilə gəzdirdiyi
torbanın içində sərdar P.Sisianovun kəsilmiş
başı olmasını da bilirdi və çox qəribə,
ziddiyyətli fikirlər gecə səhərədək onu
yatmağa qoymurdu, yataq otağında vurnuxurdu.
“Başın
biri bərəlib az qala hədəsindən çıxan və
o biri də büzüşüb alçalanmış
gözləri Hacı Muxtarın gözlərinin
qabağından getmirdi...”
“Hacı:-Kaş
onu buraya gətirməyəydilər-pıçıldadı”.
Hacı sərdar P.Sisianovu şəxsən
tanıyırdı. Onunla gizli bir görüş də
keçirmişdi, hətta knyaza iki böyük xalça da
göndərərək, ona diqqət və ehtiramını
çatdıra bilmişdi.
Hacı
Muxtar Şirvandakı həyatının sabahını, rəqibləri
ilə ədavətinin aqibətini, “rus padşahı” Aleksandr
barədə düşündüklərini, fürsət varkən
bu torbadakı başdan istifadə edib, hikkəli
şirvanlı Mustafa xana güclü bir zərbə endirməyi
əzablı bir əhvalla götür-qoy edir:
-”Başı aparıb ruslara vermək nə çətin
bir məsələ idi?”
Hacı
eşikağası Həmdullaya əmr edə bilərdi ki,
Mahmud bəyin yatdığı otağa gir və bəyin
işini bitir...
“Və bu
zaman Hacı Muxtar bütün daxilindən gələn bir
iniltiylə: -lənət şeytana!-dedi.
Hürübəyim
xanım mürgü içində ufuldayaraq:
-Nə
olub? - soruşdu.
Hacı:
-İçimə
şeytan girib-dedi”.
Müəllif
yazır ki, Hacı Muxtar sübh çağı hövləng
yerindən qalxıb həyətə düşür,
qışqırıb at, yapıncı, papaq tələb edir
və atı Qaragözə bir qamçı çəkərək
bu qış səhərində həyətdən
ildırım sürətilə baş götürüb
uzaqlaşır...
Hacı
qulaqlarında arvadı Hürübəyimin: -”Qov, qov onu
getsin!” sözləri qaynaya-qaynaya içindən
çıxarıb qabağına qatdığı
şeytanı söyə-söyə baş götürüb
gedir...
Mən bu
sözləri yaza-yaza Hacı Muxtarı
düşündüm:
-İndi
hardasan, yerin görünür, ay Hacı Muxtar! İndi
sənin kimi bütöv, azman kişilərə heç
bilirsən, nə qədər ehtiyacımız var?!
Əsərdə taleyinə biganə qala bilmədiyim, mərdliyinə,
milli qeyrətinə inandığım personajlardan biri,
şübhəsiz ki, Mahmud bəydir.
Çar
generalının qətlindən qeyzlənmiş Hüseynqulu
xan bağıra-bağıra deyəndə ki, bilirəm sənin
işindir bu. Sənin əlini-qolunu zəncirləyəcəyəm,
səni qəfəsə salacağam, sərdarın meyiti ilə
bərabər səni ruslara göndərəcəyəm...
Bu hədədən
sonra Mahmud bəy özünü qəti itirmədən deyir:- “Göndər, göndər, qoy ruslar dar
ağacından assınlar məni! Rusların
ayaqlarının altında olmaqdansa, onların
başlarınım üstündən-dar ağacından
asılmaq yüz dəfə şərəflidir!”
Bu
sözləri söyləyən həmin Mahmud bəy idi ki,
“...üç il bundan əvvəl əqidə dostu hesab etdiyi
üç-dörd nəfəri başına yığıb
İstanbula getmişdi-vəziyyəti başa salmaq,
Osmanlını türk birliyinə çağırmaq istəyirdi,
istəyirdi ki, Osmanlı dövləti bu birliyin başında
dursun, Azərbaycanı rusların əlindən xilas etmək
üçün onlardan kömək umurdu, ancaq Sultan Səlim
onu heç qəbul da etmədi. Bir sultan ki, təmiz
türk olmadı, bir Sultanın ki, anası avropalı kafir
qızıdı, ondan nə gözləmək olar? Türk gərək təmiz türk olsun. Təmiz olmayan türk türkə xidmət edə
bilməz”.
Bu fikirlər
Mahmud bəyin bütün varlığına-cisminə və
ruhuna hakim idi...
...Qarlı
Sibir çöllərində ayaqları dəmir zəncirlə
qıfıllanmış dustaqların arasında “Mahmud bəy
yenə bir anlıq ayaq saxlayıb üzünü Göyə
qaldırdı və yenə də canavar ulaşmasına
oxşayan həmin səslə: Mən Allahın qəzəbiyəm!-qışqırdı...”
Və bu
sətirləri oxuyarkən, fikirləşdim ki, yəqin,
şübhəsiz ki, Vətən, Torpaq, Millət
sevdasıyla od tutub alışan, əzabdan
havalanmış Mahmud bəyin təpəsinin düz
ortasından püskürüb Göy qübbəsinə tərəf
burula-burula qalxan qapqara tüstü-duman “ONUN” şəffaf və
çəkisizlik dərgahına doğru uçub getdi...
Allah sənə
rəhmət eləsin, Mahmud bəy! Heyf sənin kimi igid
oğullardan!...
Belə
bir igidin, dəliqanlı türk balasının Abbas Mirzə
ilə Haramı düzündə rastlaşan vaxtı dikbaş,
soyuqqanlı, özündən müştəbeh Vəlihədin
ona biganə münasibətindən pərt oldum desəm, mənə
inanın.
Ustad sənətkarımız Mahmud bəylə Abbas Mirzənin
mənəvi-psixoloji aləmini məharətlə
açmış və yekəxana Abbas Mirzənin dəruni
hissiyyatının kölgəli rəsmini məharətlə
çəkə bilmişdir.
Mahmud bəyin torbadakı başı və Hüseynqulu
xanın şaha məktubunu şəxsən özü verəcəyini
eşidən Vəlihəd bu istəyə qəti etiraz edir.
Mahmud bəy:
“Mən də
türkəm, Siz də türksünüz, əlahəzrət!-qışqırdı.
Siz məni dinləməlisiniz, dinləyin məni! Biz bir-birimizə əl uzatmalıyıq. Biz
hamımız Osmanlı padşahlığı ilə birləşib,
böyük türk dövləti yaratmalıyıq!
Dünyadakı bütün türklər birləşməlidir,
yoxsa, Osmanlının da, sizin də axırınız pis
olacaq!
Bizim
hamımız məhv olacağıq! Bizim
özümüzdən başqa kimsəmiz yoxdur!”
Bu
sözlərdən sonra, necə deyərlər, tükü
belə tərpənməyən, milli-insani duyğulardan mərhum,
daş ürəkli Abbas Mirzə yanındakılara Mahmud bəyi
göstərib:- “Bunu bayıra
atın”!-deyir...
Bu
yazını oxuyan dost!
Siz elə
bilməyin ki, mən romandakı bütün gerçək-tarixi
olmuşları, faktları, dəqiqləşdirmələri,
qüdrətli yazıçımızın ilahi bir fəhmlə
yaratdığı obrazlar dünyasını
ardıcıllıqla yada salıb təkrarlamaq niyyətindəyəm,
yox, qətiyyən yox!
Romanı səbrlə, həvəslə, diqqətlə
oxumaq gərəkdir.
Bununla
yanaşı, bu qeydlərimdə mənə daha çox təsir
edən, şəxsən mənə məlum olmayan əhvalatlardan
bəhs edən aydın bir dildə, maraq doğuran orijinal bir
üslubda yazılmış,
milli nəsrimizin inkişafı tarixində yeni
üfüqlər kəşf etmiş “Baş” romanında
insanın ruhunu yerindən oynadan, onu xəyallara qərq edən,
adamın yaxasından ikiəlli yapışıb silkələyən,
taleyimizi düşünməyə çağıran elə
müəllif yanğısı var ki, bu barədə göz
açmasan, fikrini, mövqeyini bildirməsən, onda gərək
daş olasan, dəmir olasan, bir qaya parçasına dönəsən...
Cəsarət
simvoluna dönmüş Cavad xanın rusları vahiməyə
salmış əfsanəvi rəşadətini, gürcü
çariçası Mariyanın çiyninə
saldığı şalın altından
çıxartdığı xəncəri rus generalı
Lazaryevin düz sinəsinə sancmasını, beş at dəyərinə
satın alınaraq Abbas Mirzənin haram yataq otağına
atılmış və sonralar Tehran gecələrində
fahişəliklə baş girləyən, bir vaxtlar
çöl çiçəkləri kimi par-par yanan Sarı
Çoban Qızının kədər dolu taleyini,
rusların Car-Balakən əməliyyatında iştirak edib,
oğurluqla, soyğunçuluqla məşğul olduğuna görə
güllələnən Vaxtanq adlı gürcünün
Baş komandanın üzünə tüpürüb:
-Sən
necə gürcüsən ki, müsəlman quldurlarına
görə gürcünü güllələdirsən?-deməsini,
Abbas Mirzənin Haramı düzündə
saldırdığı düşərgədə Vəlihədin
yanında olan Xacə Əbdül Rəhmanın qaraqəpiklik,
mənasız həyatını necə yaddan çıxarmaq
olar?
Elə bu
yerdəcə roman müəllifinin Xacə Əbdül Rəhmanı
necə təqdim etməsini olduğu kimi göstərməyi
vacib bildim:
“Xacə
Əbdül Rəhman yaxşı bilirdi ki, adi insan deyil,
şikəstdir-birinin əli, ya ayağı yox idi, o birisi kor idi,
üçüncüsü danışa bilmirdi, Xacə də
xədim idi və Xacənin xoşbəxtliyi ondan ibarət idi
ki, kor bilirdi ki, işıqdan məhrum olub, lal bilirdi ki,
danışmaqdan məhrum olub, çolaq bilirdi ki, gəzməkdən
məhrum olub, buna görə də onlar əzab çəkirdilər,
ancaq Xacə bilmirdi ki, nədən məhrum olub...”
Bu fikirlərdən sonra xədim kəs haqında daha nə
demək mümkündür, görəsən?
Romanda Qarabağ xanı İbrahim Xəlil xanın
qızı, İran hökmdarının baş hərəmi
Ağabəyim Ağanın qəm-qüssə dolu həyatının
bəzi məqamlarına həssas və mərhəmanə
yazıçı münasibətini hiss etməmək
mümkün deyil.
Vətən
həsrəti, yurd yanğısı, kövrək
duyğuları Ağabəyim Ağanın könül
çırpıntısına dönüb elə indi də
bizləri ruhumuz, canımız Qarabağa səsləmirmi:
Əzizinəm,
Qarabağ!
Şəki,
Şirvan, Qarabağ,
Tehran cənnətə
dönsə,
Yaddan
çıxmaz Qarabağ!
Həyat bəxtindən küsgün Ağabəyim
Ağanın ürəyinə çalın-çarpaz
dağ çəkir. Bu qanlı müsibət romanda belə təsvir edilir:
“...Və
rus sərdarı Sisianovun ölümündən beş ay sonra bir yay günü (1806-cı il
iyunun 21-də -R.M.) birdən-birə Tehrana dəhşətli
bir xəbər yayıldı. Şuşadakı rus qarnizonunun
soldatları rəisləri mayor D.Lisaneviçin əmri ilə
gecə vaxtı qəflətən Ağabəyim
Ağanın atası İbrahim Xəlil xanın yay istirahət
iqamətgahına hücum edib, xanı da, arvadını da, Ağabacının
6,8,10,12 yaşlı bacı-qardaşlarını da, yaxın
qohum-əqrabası və xidmətçiləri ilə bərabər
(21 nəfər) hamısını gülləbaran edib,
qılıncdan keçiriblər”.
...Fətəli
şahın razılığı ilə bir gecə Ağabəyim
Ağa P.Sisianovun başının saxlanıldığı
otağa gedir.
Həmin otaqda tək qalır. Örpəyi başının
üstündən götürərək baxır, diz
üstü yerə çökərək, hər iki əlini
yuxarı qaldırıb ürəkparçalayan bir səslə:
-”Ya Allah-deyərək, barmağını
başa tuşladı. Bu,
heç! Bu, buyruq quludu!
Şuşa
müsibətinin cəzasını bunların
hökmdarına ver! Eşidirsənmi? Mən
ömrümün axırına kimi gecə-gündüz Sənə
yalvaracağam ki, Rusiya hökmdarı da öz övladları
ilə, xanımı ilə birlikdə bir-birinin gözü
qabağında gülləbaran edilsin”!...
Mən bu sətirləri oxuyarkən
düşündüm ki, bu yanıqlı fəryad, iztirab dolu
yalvarış “ONA”- o şəffaf və çəkisizliyin məkanına
çatdımı, görəsən?
MƏXSUSİ
BİR HAŞİYƏ
Əzizimiz
Elçin müəllim!
Siz
“Baş” romanını Azərbaycan ədəbiyyatının
klassiki İlyas Əfəndiyevin unudulmaz xatirəsinə həsr
etmisiniz və bu müqtədir sənətkarın adına, ədəbi şöhrətinə,
yazıçı böyüklüyünə layiq mükəmməl
bir roman yaratmısınız.
Siz romanın girişində şəxsi həyatları
bir-birinə bənzəyən iki nəfər ədəbiyyat
fədaisindən-Ənvər Məmmədxanlıdan və
Arif Abdullazadədən sitat gətirib, onların ruhunu şad
etmisiniz.
Tarixi faktları, dəlilləri, olmuşları,
sübutları yadımıza salmaqla, keçmişimizə
obyektiv yazıçı, vətəndaş münasibətinizi
bildirməklə, yetərincə cəsarət göstərmisiniz,
ədəbiyatımıza müxtəlif xarakterli yeni insan
obrazları gətirmisiniz.
Bütün mənalarda “Baş” romanı XXI əsr Azərbaycan ədəbiyyatının başucalığıdır desəm, daha düz olar.
Romanda adı gedən və bir neçə ştrixlə yadda qalan gürcü Babua Arçil obrazı məni doluxsundurdu, kədərləndirdi, nədənsə ruh etibarilə onu özümə yaxın bildim.
General P.Sisianovun ailəsinə Siz demiş “ən yaxın və mərhəm adam” olan, Tiflisdən köçüb Moskvada yaşayan Babua Arçilin ölümü mənə ağır gəldi, desəm, mənə təəccüblə baxmayın.
“Hər dəfə Babua Arçildən yaşını soruşanda “79” deyərdi, elə bil səksənə keçməyə qorxurdu”- yazırsınız. Sonra əlavə edirsiniz ki, Babua Moskvanın günəşli yaz günlərinin birində öz evində pəncərənin qarşısında kürsüdə oturub şüşədən çölə baxdığı yerdə sakitcə vəfat etmişdi. Daha sonra bildirirsiniz ki, Babua Arçilin ölüm xəbərini eşidib onun otağına daxil olan Pavelə elə gəldi ki, Babua Arçil o son anlarda pəncərədən Moskva küçələrinə yox, Gürcüstan dağlarına baxıb...
Bu fikirlər məni ona görə pərişan etdi ki, indi mənim də düz yetmiş doqquz yaşım var.
İndi mən də Şüvəlandakı özüm kimi köhnəlmiş evimin üzü Günəşə açılan pəncərələrindən xəyalən Qarabağ dağlarına, Ağdam şəhərindəki bir vaxtlar “Voroşilov” adlanan küçəmizə boylanıram, Şuşaya qalxıb, İsa bulağının başına dolanıb, Zarıslı obasını keçib, Turşsu yaylağımıza, Laçına gedən dolayı dağ yollarının sol qanadında geniş dərədəki alaçıq yerlərimizə salam verirəm...
Yox, o bənzərsiz, ilahi cənnətməkan yurdumuza dönmədən, o yerlərə qovuşmadan qəti ölmək istəmirəm, istəklimiz, doğmamız Elçin müəllim!...
Şüvəlan, 20-25 dekabr, 2015-ci il.
Ramiz Məmmədzadə
525-ci qəzet.- 2016.- 9 yanvar.- S.14-15