Baltik ölkələrində Azərbaycan
mədəni irsini yayma yolları
Azərbaycanın qədim milli-mənəvi dəyərləri
və mədəni irsi xalqımızın milli identikliyini əsaslandıran,
etnik özünəməxsusluğunu şərtləndirən
başlıca amillərdir.
Filologiya
elmləri doktoru, professor Nizami Cəfərovun
(1959) təbirilə desək “...azərbaycanlıların bir
xalq kimi mükəmməlliyinin göstəricilərindən
biri (bəlkə də birinci!) onun tarixən
formalaşmış özünəməxsus etnokulturoloji
sistemə malik olmasıdır ki, bunun da əsas komponenti mədəniyyətdir...”
Mədəniyyət
Azərbaycan ictimaiyyətinin əsrlər boyu inkişaf səviyyəsini
əks etdirən mühüm göstəricilərdən biri
olaraq həmçinin xalqımız və tarixi Vətənimiz
haqqında xarici ölkələrdə müvafiq təsəvvür yaradan və
imic formalaşdıran misilsiz maddi-mənəvi faktordur, hətta
deyərdik ki, xalqın ən böyük elçisidir. Odur ki, Litva Azərbaycanlıları Cəmiyyətinin
çoxşaxəli fəaliyyətinin prioritet məqsədlərindən
biri Azərbaycan mədəniyyətinin təbliğ və təşviqinə
yönəlik tədbirlərdir.
SSRİ
dönəmindəki beynəlmiləlçilik ideologiyası
və vahid Sovet xalqının formalaşdırılması siyasəti
tamamilə iflasa uğradığı üçün, eyni
zamanda fərqli mədəniyyətləri, etnik, irqi və
dini müxtəliflikləri öz etnokulturoloji dəyərlərinə
və hətta həyat tərzlərinə təhlükə
hesab edən çoxmədəniyyətliyin Avropa modeli
hazırda kəskin böhran dövrünü
yaşadığına görə, Baltik ölkələrində
Azərbaycan diaspora təşkilatlarının xətti ilə
mədəni irsimizin yayımlanması ilə bağlı tədbirlər
keçirərkən, çox vaxt, yerli mühitə
münasib, Baltik xalqlarının düşüncə və
həyat tərzinə uyğun gələn orijinal təbliğ
üsullarından istifadə etmək lazım gəlir.
Həmin üsullar məzmun və gerçəkləşdirilmə
ssenariləri baxımından çeşidli palitra təşkil
edir. Bunu nəzərə
alaraq, o üsulların təşkilatımızın fəaliyyətində
leytmotivini təşkil edən bir neçə vektorunugöstərməklə
sözügedən mövzu ətrafında ümumi təsəvvür
yaratmağa səy göstərəcəyik.
TARİXİ
KÖKLƏRƏ SÖYKƏNƏN ÇAĞDAŞLIQ...
Litva Azərbaycanlıları
Cəmiyyəti Litva və Azərbaycan arasında ictimai-siyasi,
ədəbi, mədəni, elmi, pedaqoji və digər sahələr
üzrə müxtəlif dövrlərdə vacib əlaqələr
qurmuş və yaxud bu əlaqələri nəzərəçarpan
dərəcədə zənginləşdirmiş xadimlərin,
eləcə də Azərbaycan mədəniyyətini Baltik
ölkələrində tanıtmaq üçün
çeşidli janrlarda qələm çalmış,
fırça nümunələri yaratmış
yaradıcı şəxslərin, müstəqil Azərbaycan-Baltik
dövlətlərarası münasibətlərinin
qurulması və inkişafına töhfələr vermiş
ictimai-siyasi simaların həyat və fəaliyyət
ildönümlərinə həsr edilmiş tədbirlər
vasitəsi ilə bu ölkələrdə mədəni
irsimizin təbliğinə və bu kontekstdə Azərbaycan
haqqında geniş bilgilərin yayımlanmasına
üstünlük verir. Zənnimizcə, bu
cür fəaliyyət yönümünü tarixi-müqayisəli
üsul və yaxud komparativistik metoda söykənən mədəniyyət
yayımı forması da adlandırmaq olar.
Hazırda
Baltik ölkələri ərazilərinin beynəlxalq aləmdə
ümumi region kimi qəbul olunduğunu nəzərə alaraq,
həmçinin Baltik ölkələrində fəaliyyət
göstərən Azərbaycan cəmiyyətlərinin eyni
dövrdə (1988-ci ildə) yaradıldığını
vurğulayaraq, Estoniya, Latviya və Litva azərbaycanlıları
təşkilatlarının məqsəd və vəzifələrinin
analoji xarakter daşıdığına əsaslanaraq, bu
mövzu ətrafında bəzi mülahizələri
yalnız Litva ilə bağlı yox, ümumən Azərbaycan-Baltik
xalqları əlaqələri müstəvisində aparmaq daha
məqsədəuyğun olardı. Həm də ki, Baltik
ölkələrindəki Azərbaycan diasporununliderləri və
yaradıcı xadimləri- Estoniyada Rauf Avşar (1952), Eldar
Əfəndiyev (1954), Vidadi Məmmədov (1959), Cəfər Məmmədov
(1960), Niyazi Hacıyev (1964)və Xaqani Qayıblı (1964),
Latviyada Ulduzxan Əhmədov (1952) və Roman Əliyev (1963),
Litvada Adilə xanım Əfəndi (1961) və Leyla
Şükürova (1966) kimi ictimai-siyasi və mədəni
simalar uzun illərdir ki, bu yönümdə əhəmiyyətli
işlər görür və əlaqələrimizin zənginləşdirilməsi
üçün bənzərsiz töhfələr verirlər.
Vurğulamaq
istərdik ki, Azərbaycan - Baltik əlaqələri yönəmində
aşağıda təqdim olunan mülahizə və
ümumiləşdirmələr XIX əsrdən başlayaraq
1940-cı ilin iyul-avqust aylarında Estoniya, Latviya və
Litvanın SSRİ-nin tərkibinə zorən inkorporasiya edilməsinə
qədərki dövrə aid ilişkilərlə
bağlı çeşidli nəşrlər, arxiv
materialları, rəsmi sənədlər, elmi işlər,
müxtəlif publikasiyalar və biblioqrafik mənbələr əsasında
aparılır. Həm də bu yazıda məqsəd
Azərbaycan və Baltik xalqları ədəbi-mədəni və
ictimai-siyasi əlaqələrinin qurulub inkişaf etdirilməsinə
töhfələr vermiş bütün xadimləri və onların
gördükləri işlərin hamısını incorporo
olaraq tədqiqat obyekti kimi kulturoloji icmala cəlb etmək
deyildir.
Mədəni
irsimizi Azərbaycan - Baltik ədəbi və mədəni əlaqələri
kontekstində tanıdıb yaymaq üçün təbii ki,
ilk növbədə səthi də olsa həmin əlaqələrin
tarixini, mahiyyətini və səciyyəvi cəhətlərini,
həmçinin müxtəlif milli mədəniyyətləri
təmsil edərək bu əlaqələrin qurucuları və
memarları olmuş önəmli şəxsiyyətlərin
Azərbaycanla bağlı fəaliyyət istiqamətlərini
bilmək vacibdir. Odur ki, öncə biz həmin əlaqələrin
səhifələrini tarixi və kulturoloji araşdırmalar
bucağı altında qısaca işıqlandırmaq, bəzi
ədəbi əlaqə və tərcümə faktlarına
isə müqayisəli ədəbiyyatşünaslıq
prizmasından nəzər salmaq istərdik.
TALELƏRİNƏ
QÜRBƏT BİÇİLMİŞ BALTİK
ÖVLADLARI...
Sözügedən
əlaqələrin ilkin qaynaqlarının yaranmasında və
kök atmasında Baltik xalqlarının hələ XIX əsrin
birinci yarısından - 1830-1831 və 1863-1864-cü illərdən
başlayaraq XX əsrin birinci rübünə qədər
müxtəlif səbəblər üzündən
(sürgünlər və məcburi köçürmələr
də daxil olmaqla)
Azərbaycana və ümumən Qafqaza mühacirət
edərək burada məskunlaşmış icmaları əsas
rol oynamışlar.
Baltik mühacirləri burada çar Rusiyası ordusunda,
neft sənayesində, dəmir yolunda, poçt xidmətində,
maarif və təbabətdə, hüquq və məhkəmə
sistemində, eləcə də digər sahələrdə
çalışırdılar. Bununla bərabər,
Baltik mühacirləri arasında din xadimləri, yazarlar, tərcüməçilər,
publisistlər, rəssamlar, pedaqoqlar, folklorşünaslar,
tarixçilər və başqa sahələr üzrə
mütəxəssislər də vardı. Odur ki,
onların Qafqazda məskunlaşmalarından bir zaman sonra - XIX əsrin
30-cu illərin ikinci yarısından etibarən azərbaycanlılar
və Baltik xalqları arasında mədəni, ədəbi və
ictimai-siyasi əlaqə körpüləri salındı(Azərbaycan
tərəfdən bu fikri söyləməyə imkan verən
faktlardan biri olaraq A. Bakıxanovun “Gülüstani-İrəm”
(1841) əsərində onun 1833-1835-ci illərdə bir
çox ölkələrə səyahətə
çıxması, o cümlədən, Liflandiyada (1918-ci ildən
Estoniya və Latviya), Litva və Lehistanda (Polşada) olması,
eləcə də bu ölkələrdə bir sıra
dövlət adamları, alimlər və sənətkarlarla
görüşməsi barədə yer almış bilgiləri
göstərmək olar).
XIX əsrin sonlarından başlayaraq Azərbaycan - Baltik
əlaqələri məzmun və ideya cəhətdən
müxtəlif istiqamətlərdə qəlibləşərək
genişlənməyə başladı. Həmin əlaqə
formalarından biri də o zaman Cənubi Qafqazda (o cümlədən,
Bakıda, Gəncədə, Tiflisdə və
Gürcüstanın Qara dəniz sahilləri bölgəsində)
yaşamış Baltik ziyalıları tərəfindən Azərbaycan
mövzusunun Baltik xalqlarının ədəbiyyat və
publisistikasında gündəmə gətirilməsi, həmçinin
Azərbaycan xalqının qədim mənəvi dəyərlərinin,
mədəni sərvətinin Baltik xalqları arasında
tanıdılması və yayımlanması ilə
bağlıdır.
Onların bir qismi Azərbaycan tarixinə və mədəniyyətinə,
milli adət-ənənələrinə və xalq məişətinə
böyük maraq göstərir və bunu öz
yaradıcılığında bədii üsullarla əks
etdirirdilər.
Həmin şəxslər tarixi vətənləri
ilə yaradıcılıq əlaqələri saxlayır, Azərbaycanla
bağlı maarifləndirmə və informasiya xarakteri
daşıyan publisist yazıları, klassik ədəbiyyat və
folklorumuzdan etdikləri bədii tərcümələri Litva,
Estoniya və Latviya mətbuatında dərc etdirirdilər.
ESTONİYA-AZƏRBAYCAN
ƏDƏBİ ƏLAQƏLƏRİ
Belə
yönəlik Estoniya-Azərbaycan əlaqələrini
qurmuş “qafqazlı” eston mühacirlərdən Otto Yohannes Kiisel (1886-1967), Peeter
Friedrix Kıyv (1866-1946), Yoosep Robert Rezold (1847-1909) və Tiit
Teder kimi tanınmış ədəbiyyat, mədəniyyət
və mətbuat xadimlərinin
yaradıcılığını örnək olaraq təqdim
etmək mümkündür.
Göstərilən
eston ziyalıları Azərbaycanın keçmişi,
coğrafiyası və təbiəti, xanlıqların
tarixi, şəhərləri, ədəbiyyat
və mədəniyyəti, həmçinin digər
etnokulturoloji dəyərləri mövzusunda eston dilində
Qafqazda bir sıra əsərlər yaratmış, tərcümələr
etmiş və tarixi vətənlərində nəşr
etdirmişlər. O.Y. Kiiselin “Aşıq Qərib”
dastanından etdiyi bəzi tərcümələr, “Qafqaz
tatarlarının nağılları” (Azərbaycan
nağıllarından parçalar), “Şərq
qadınlarının həyatından qeydlər” adlı əsərləri,
həmçinin Bakının tarixinə və
memarlığına həsr etdiyi oçerklər, P.F.
Kıyv tərəfindən qələmə
alınmış hekayə, oçerk və yol qeydləri, o
cümlədən, “Qonaq Süleyman”, “Qafqazdan məktublar” kimi
əsərləri, Y.R. Rezoldun “Qafqaz məktubları” silsiləsi,
T.Tederin “Qafqaz xalqlarının həyat və məişətindən
səhifələr” başlıqlı publisistik
yazıları 1878-1914-cü illərdə
“Eesti Postimees” (“Eston poçtalyonu”), “Kodu” (“Ev”), “Perekonnaleht”
(“Ailə səhifəsi”), “Eesti kiryandus” (“Eston ədəbiyyatı”)
adlı qəzet və məcmuələr vasitəsilə
eston oxucularına təqdim olunmuşdur.
LATVİYA-AZƏRBAYCAN
MƏDƏNİ VƏ MƏNƏVİ BAĞLARI
Latviya-Azərbaycan
mədəni əlaqələrinin təməlinin
qoyulmasından danışarkən XIX əsrin sonlarından
başlayaraq XX əsrin üçüncü onilliyinə qədər
Azərbaycanda yaşayaraq fəaliyyət göstərmiş
latış ziyalılarından ilk növbədə
Latviyanın Xalq yazıçısı (1947) Ernests
Birznieks-Upitis (1871-1960), pedaqoq, leksikograf və naşir Yekabs
Dravin-Dravnieks (1858-1927), yazıçı, jurnalist və tərcüməçi
Pavils Rozitis (1889-1937), müəllim və yazıçı
Sudrabu Edjus (1860-1941; əsl adı və soyadı - Moris Eduard
Zilber),qələm və fırça ustası Yanis
Yaunsudrabinş (1877-1962) kimi tanınmış xadimlərin
adlarını çəkmək lazımdır.
Bunlarla
yanaşı, Latviya Yazıçılar İttifaqının
sədri (1941-1954), Xalq yazıçısı (1943), məşhur
nasir, dramaturq, şair, tərcüməçi və ədəbi
tənqidçi olaraq tanınmış, sonralar isə Sovet
Latviyasının dövlət xadimi olmuş Andreys Upitis
(1877-1970) I Dünya müharibəsi dövründə - 1915-ci
ildə Azərbaycana pənah gətirmiş və bir müddət Bakıda
latış həmkarı E.Birznieks-Upitisin yanında qalaraq
yazıb-yaratmışdır.
Yuxarıda adıçəkilən yazıçı
P. Rozitis də I Dünya müharibəsi illərində Azərbaycana
pənah gətirmiş və 1915-1918-ci illərdə
Bakıda “Nobel qardaşları” neft sənayesi şirkətində
çalışmışdır. Bakıda
yazıb-yaratmış bu latış yazıçısı
həmçinin ailə xoşbəxtliyini də Bakıda
tapmış və burada Antoniya adlı xanımla evlənmişdir
(1917-ci ildə Bakıda onların ilk övladı - Viestards
adlı oğulları dünyaya gəldi).
E.
Birznieks-Upitisin “Qafqaz hekayələri” toplusu, A. Upitisin “1915-ci
ildə Bakıda” bağlıqlı publisistik xatirələri,
S. Edjusun “Cənub səması altında”, “Yunus” və bu kimi
digər əsərləri Azərbaycan mövzusunda
yaradılmış çalışmalardır.
Göstərilən yaradıcı xadimlərlə
yanaşı, tanınmış latış
yazıçısı və ədəbi tənqidçi,
1928-1930-cu illərdə müstəqil Latviyanın xarici
işlər naziri olmuş dövlət xadimi Antons Balodis
(1880-1942; ədəbi təxəllüsü - Antons Krauya)
fransız dili müəllimi olaraq 1911-1920-ci illərdə
Bakıda çalışmış, eyni zamanda 1915-ci ildən
başlayaraq Bakıda Latış müharibə
qaçqınları komitəsinin rəhbəri olaraq fəaliyyət
göstərmişdir. Habelə, görkəmli latış bəstəkarı,
pedaqoq və dirijor Yazeps Medinş (1877-1947) Bakı Opera
Teatrının xormeystri və dirijoru olaraq 1916-1922-ci illərdə
Azərbaycanda yaşayıb fəaliyyət göstərmişdir.
(Ardı gələn şənbə sayımızda)
(Vilnüs)
Mahir Həmzəyev
525-ci qəzet.- 2016.- 9 yanvar.- S.10