Teatr elə bir məbəddir ki...

 

 

Yeni ilin gəlişi ilk baxışdan bəziləri üçün təqvimdə bir rəqəmin digəri ilə əvəz olunması qədər sadə və önəmsiz görünən bir proses də sayıla bilər.

 

Əslindəsə, bu hər bir insanın istəyindən asılı olmayaraq özünə verdiyi daxili hesabatı, illərin yol ayrıcınadək yaşadığı zaman kəsiyində etdiyi və həyata keçirməyə vaxt, fürsət, məqam və bəlkə də həvəs, güc tapmadığı işlərin, arzu və istəklərinin etiraf anıdır. Bu mənada hər yeni ilin özü ilə çox qəribə və sirli bir cazibə qüvvəsi, yaşamaq, yaratmaq təşnəsi gətirməsi insanı ayaqda saxlayan, həyatı onun üçün doyulmaz və maraqlı edən enerji qaynaqlarındandır. Hər ilin sonunda bütün yaradıcı insanlar (bu həyatda hər kəs öz görəvi ilə yaratmaq missiyasına malikdir) yaşadıqları və yaşayacaqları ilin hər ayına və hər gününə xüsusi həssaslıqla yanaşmağa, necə deyərlər, mənəvi yaddaş xəzinəsini önəmli hadisələrlə zənginləşdirməyə çalışır.

 

Bu yazımızı dünyanın ən qədim və gözəl yaradıcılıq sahələrindən birinə teatra həsr etməyimiz də təsadüfi deyil. Çünki teatr ürəyində yaradıcılq eşqi yaşadan insanların toplaşdığı məkandır ki, onun direktorundan, rejissor, müəllif, rəssam, bəstəkar, dirijor, xormeyster, baletmeyster, qrimçisinədək, qapıçısından, sürücüsünə, əlbəsəçisinə, dərzisinə və nəhayət aktyorunadək (əslində sadaladığım və adlarını çəkmədiyim bütün sahələrdə çalışanlar yalnız sonuncuların blavasitə iştirakı ilə öz zəhmətini geniş auditoriya qarşısında sərgiləyə bilir) hər kəs sənətə tükənməz və təmənnasız sevgisini izhar eləmək üçün çalışmaqdadır.

 

Cəmiyyətin mənəvi tərbiyəsində, xüsusilə də gənc nəslin yetkin və hərtərəfli insan, vətəndaş kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edən teatrın- yəni bədii sözün, təsirli musiqinin, maraqlı səhnə quruluşlarının daha da təkmilləşdirilməsi, yenə əsərlərin və yeni istedadlı ifaçıların səhnəyə gəlməsi, incəsənətin bu növünün inkişafına qayğı göstərilməsi çox vacibdir və dəyişən illər bir daha sübut edir ki, "Dünyanı gözəllik xilas edəcək!"-deyən dahilər yanılmayıblar. Bu gün təkcə öz xalqının deyil, dünyanın müxtəlif qitələrində yaşayan milyonlarla insanın sakit həyat tərzini pozan, min illər boyu yaradılmış milli mədəniyyət abidələrini bir göz qırpımındaca məhv edən, bəşəriyyətin başına "əngəl-kələf olan" qüvvələr onsuz da ekoloji böhran sınağı üz-üzə qalmış yer kürəsini necə böyük fəlakətlərə sürüklədiklərini düşünmürlər.

 

Şərqdə ilk professional teatrın yaradılış məkanı sayılan ölkəmizdə bu gün də bu sənətin inkişafı, təkmilləşdirilməsi, zəngin bədii irsimizin və yaradıcılıq ənənələrinin möhkəmləndirilməsi, teatr binalarının müasir standartlara uyğunlaşdırılması, onların maddi-texniki bazasının daha sivil tələblərə uyğunlaşdırılması, ən başlıcası isə tamaşaçı və dinləyicilərin mənəvi ehtiyaclarını, estetik baxışlarını formalaşdıra biləcək səhnə əsərlərinin yaradılması üçün nəzərə çarpacaq dərəcədə çox böyük işlər görülməkdədir.

 

Dövlətin tükənməz qayğısını hiss edən teatrlarımız 2015-ci ildə bir sıra maraqlı tamaşalar hazırladılar, bir sıra xarici ölkələrdə qastrol səfərlərində oldular, yeni dramaturqlar, ifaçılar, bəstəkar və rejissorlar həvəslə teatrlarla yaradıcılıq əməkdaşlığına başladılar. Bu mənada, Azərbaycan Dövlət Musiqili Teatrın da ömür tarixçəsinə yeni, həm də unudulmaz məqamlar, yaddaqalan premyeralar yazıldı. Şübhəsiz ki, teatrın yenidən qurulması, daha dəqiq desək, onun həm daxili, həm də xarici görkəminin inanılmaz dərəcədə dəyişməsi, salonun və səhnənin ən müasir texniki avadanlıqlarla təchiz edilməsi, yaradıcı heyətin iş şəraitinin son dərəcə yaxşılaşdırılması kollektivin daha böyük şövqlə işləməsi üçün gözəl imkanlar yaradıb.

 

106-cı teatr mövsümündə teatrda bir neçə yeni tamaşa hazırlanıb təhvil verildi, bir neçə yeni əsər isə məşq prosesindədir. Ötən ilin ən uğurlu tamaşalarından biri Əli Səmədlinin "Toya bir gün qalmış" komediyası oldu.

 

60 illik yubileyini məhz bu əsərlə qeyd edən Xalq artisti, "Şöhrət" ordenli Afaq Bəşirqızı bu tamaşada baş qəhrəmanın obrazını canlandırdı. Tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənovla bərabər gözlənilməz və maraqlı situasiyalarla zəngin bir tamaşa hazırlamağa nail oldu. Afaq xanım illər boyu çiyin-çiyinə çalışdığı sənət dostları ilə bərabər sənətsevərlərə mənəvi zövq aşılaya bildi:

 

- Bu teatrda işlədiyim 27 il ərzində (ay Allah, gör illər necə keçdi ey, düz 27 ildir mən bu teatrdayam) - deyir Xalq artisti, milyonların sevimlisi Afaq Bəşirqızı. - Çox maraqlı obrazlarım olub, hər birinə də ömrümün müəyyən bir hissəsini vermişəm, bütün rollarımı sevə-sevə oynamışam. Hər dəfə də bu müqəddəs səhnəyə çıxanda düşünmüşəm ki, əgər atam Bəşir Səfəroğlu salonda oturub mənə tamaşa etsəydi, görəsən mənim oyunumu bəyənərdimi? Mən demək olar ki, bütün həyatını bu möcüzəli məkanda keçirən xoşbəxt insanlar sırasındayam. Uşaqkən atamla gələrdim bura. Onun məşqlərinə, tamaşalarına baxardım, sənət dostları ilə ünsiyyətdə olardım. Zaman keçdikcə onların teatra sevgisinin, məhəbbətinin şəfəqi mənim gözümü və könlümü elə nurlandırdı ki, bir gün özümü böyük səhnədə görəndə heç təəccüblənmədim, əksinə, atamın adını, sənətini yaşatdığım, onun yolunu davam etdirdiyim üçün qürur duydum. Tərəf müqabillərimlə bərabər oynadığım hər tamaşanı teatr hadisəsi kimi təqdim etməyə çalışdım. İnanıram ki, tamaşaçılarım da mənim yaratdığım xarakterləri sevirlər və böyük məmnunluq hissi ilə teatra gəlirlər. Bu əlbəttə çox vacib bir faktdır...

 

 Musiqili Teatr üçün yola saldığımız ilin maraqlı sənət uğurlarından biri də məşhur bəstəkar Rauf Hacıyevin "Qafqazlı qardaşqızı" əsəri olub. Tamaşa bir daha sübut etdi ki, bir vaxtlar keçmiş Sovetlər Birliyinin əksər teatrlarının səhnəsində böyük uğurla oynanılan bu əsər bu gün də aktuallığını itirməyib. Rus bölməsində hazırlanan, beynəlxalq layihə kimi Musiqili Teatrın tarixinə yazılan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əli Usubov, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, quruluşçu-baletmeysterləri Leyla və Zakir Ağayevlər, xormeyster Əməkdar artist Vaqif Məstanov bu dəfə fərqli bir tamaşa qoymağa nail oldular. Əməkdar artistlər Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Boris Qrafkin, Svetlana Bulax və başqaları rəngarəng dekorasiyalar fonunda öz ehtiraslı və çılğın ifaları ilə, necə deyərlər, köhnə əsərə yeni ömür verdilər.

 

Vidalaşdığımız ildə teatr balaca tamaşaçılarını da unutmayıb. Rejissor Əhəd Hacıyevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin məşhur "Şəngülüm, Şüngülüm, Məngülüm" əsərinin motivləri əsasında hazırladığı "Dəcəl çəpişlər" əsəri uşaqlar üçün yaddaqalan bir hadisəyə çevrildi. Bəstəkar, Xalq artisti Oqtay Zülfüqarov, liberotto müəllifi Ramiz Heydər də uşaq psixologiyasını nəzərə almağa çalışmışdılar. Əsasən gənclərdən ibarət olan yaradıcı heyət bu tamaşaya bir sıra yeni obrazlar əlavə edərək onu bir qədər də müasirləşdirdiyindən balacalar tamaşaya böyük maraq göstərirlər.

 

Rejissor deyir ki, indi uşaqları teatra cəlb etmək çox çətindir. Əvvəla bu işə valideynlər daha çox maraq göstərməli, övladlarının bədii zövqünün formalaşması qayğısına qalmalı, onları vaxtaşırı bu və ya digər teatr tamaşasına, rəsm sərgilərinə, konsertlərə aparmalıdırlar. Digər tərəfdən, bu mədəniyyət ocaqları da balaca tamaşaçıların zövq və tələbini, arzu və istəklərini nəzərə almalıdır. Müasir dövrün uşaqlarını 25-30 il əvvəlki yaşıdları kimi Cırtdanın macəraları, Tülkünün hiyləsi, Tıq-tıq xanımın saflığı ilə aldatmaq mümkün deyil. Onların bir çoxu internetin köməyi ilə dünyanın nəhəng animator istehsalçılarının məhsulu olan, həm də rəngarəngliyi, musiqisi, personajların zənginliyi ilə biz böyükləri belə heyrətə gətirən filmlər izləyirlər. Amma teatrın canlı ünsiyyət ləzzətini, coşqusunu, təbiiliyini verə bilmir internet, bax onda teatrın böyük rolu və danılmaz cazibə qüvvəsi birinci plana keçir.

 

Musiqili Teatrda bu gün hazırlıq mərhələsində olan əsərlər də var. Belə tamaşalarımızdan biri Xalq yazıçısı Elçinin "Baladadaşın toy hamamı" adlı psixoloji komediyasıdır. Tamaşanın bəstəkarı bir sıra beynəlxalq müsabiqələrin iştirakçısı və qalibi Firudin Allahverdi, liberetto müəllifi Nofəl Vəliyevdir, səslənəcək mahnıların sözləri isə Vuqar Əbdülovundur. Yazıçının məşhur hekayələrinin motivləri əsasında səhnələşdirilən əsərin quruluşçu-rejissoru Xalq artisti, "Şöhrət" ordenli Cənnət xanım Səlimovaya həvalə olunub, quruluşçu dirijor Fəxrəddin Atayevdir. Tamaşaçılar sevdikləri aktyorları - Xalq artistləri Fatma Mahmudovanı, Ramiz Məmmədovu, Əməkdar artistlər Çingiz Əhmədovu, Ələkbər Əliyevi, Nərgiz Kərimovanı, Nahidə Orucovanı, Əkbər Əlizadəni, Novruz Əliyevi, aktyorlar Möylə Mirzəliyevi, Gültac Əlilini, Türkel Şabanovanı yeni ampluada görəcəklər. Baladadaş obrazını isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Əmrah Dadaşov ifa edəcək.

 

Yazıçı-dramaturq Sabit Rəhmanın "Əliqulu evlənir" əsəri kimə tanış deyil? Azərbaycan səhnəsinin bir sıra müqtədir aktyorlarının məhz bu əsərdə yüksək sənətkarlıqla yaratdıqları obrazlara görə tanınıb, şöhrət qazanıblar. Bu dəfə əsər Xalq artisti İlham Namiq Kamalın təfsirində səhnəyə gətiriləcək.

 

Yaradıcı heyət 2016-cı ilin repertuar planına daha bir əsər əlavə etməyi planlaşdırır. Bu əsrlərdən bəri dünyanı heyrətdə qoyan "1001 gecə" nağılı və dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun eyniadlı baletinin musiqisi əsasında "Çəkməçi Maruf və onun ifritə arvadı Fatma" tamaşasıdır. Yeni tamaşaya rejissor İradə Gözəlova quruluş verəcək.

 

Yeri gəlmişkən, məhz 2015-ci ildə teatrın nəzdində Gənclərin Yaradıcılıq Studiyası fəaliyyətə başlayıb. Bu günlərdə Studiyanın ilk konsert-tamaşası sənətsevərlərin ixtiyarına verildi. Studiya mədəniyyətimizi təbliğ etmək, teatra kütləvi marağı artırmaq niyyəti ilə yaradılan bu qurum səhnə sənətinə maraq göstərən, xoreoqrafiya, vokal, aktyorluq və ifaçılıq qabiliyyəti və xüsusi bacarığı olan istedadlı gəncləri teatra cəlb etmək, novator səhnə formalarını tətbiq etmək niyyətindədir. Cavanlar müasir və klassik Azərbaycan operetta əsərlərindən seçmələri səhnələşdirmək, habelə operetta janrında yaradıcılıq axtarışları aparan gənc ifaçılar və müəlliflər nəslinin yetişdirmək müasir və milli səhnə sənətinin hərtərəfli inkişafını təmin etmək niyyəti ilə bir araya gəliblər. Studiyanın rəhbəri Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərovun qənaətinə görə, Musiqili Teatrın gəncləri ilə yanaşı bir sıra teatrların aktyor və rejissorları, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, gələcəyin aktyor və rejissorları burada öz bacarığını, ideya və düşüncələrini gerçəkləşdirmək fürsəti tapacaqlar. Bəzən ali təhsil ocağını bitirən elə gənclərlə rastlaşırıq ki, onun səhnə alışqanlığı, tamaşa hazırlamaq və ya sırf teatra aid olan istənilən bir məsələ barədə qənaətbəxş sayıla biləcək bilgisi və təcrübəsi olmur. Amma nəsə eləməyə həvəs göstərənlər də istənilən qədərdir, sadəcə gözlənilən və arzu olunan şərait də çox vaxt bu həvəslə tərs mütənasib gəldiyindən bəzən biz sözün əsl mənasında istedadı olan cavanları "itiririk", yəni onlar teatra yox tamam kənar bir sahəyə getməyə məcbur qalır. Bilirəm ki, başqa universitetlərdə oxuyanlar arasında da istedadı və səhnəyə marağı olan xeyli cavan var, biz onlarla da əməkdaşlığa hazırıq. Azərbaycan Dövlət Musiqili Teatrının nəzdində fəaliyyət göstərən Yaradıcılıq Studiyasının qapıları onların üzünə həmişə açıqdır, buyurub gəlsinlər.

 

Bütün insanlar harada çalışmalarından asılı olmayaraq, nədənsə onları əhatə edən insanlardan, doğmalarından, yaxınlarından, hətta yadlardan belə diqqət, qayğı və xoş söz gözləyir. Bu insan övladının xislətindədir. O da ola bütün həyatını və ömrünü sənətə qurban verənlər ola, onlar ikiqat sevgiyə layiqdi. Artıq tarixin yaddaş arxivindən boylanan 2015-ci ildə Azərbaycan Dövlət Musiqili Teatrı ilk olaraq 105-ci mövsümünün başa çatması ilə əlaqədar yaradıcılıq fəaliyyətləri ilə seçilən, uğurlu rolları, sənət uğurları, öz peşələri ilə hər kəs tərəfindən sevilən, teatrın inkişafina xidmət edən əməkdaşlarını mükafatlandırdı. Düşünürük ki, teatr tariximizdə ilk dəfə arxada qalan mövsümün belə bir bayram əhval-ruhiyyəli tədbirlə dəyərləndirilməsi xüsusilə gənclərin gələcək fəaliyyətlərində mühüm rol oynayacaq, onlara böyük stimul verəcək.

 

- Musiqili Teatr yeni ildə 106 illik tarixinin ən mühüm dövrünə qədəm qoyur. Biz tamaşaçılarımızı yeni tamaşalarla sevindirmək niyyətindəyik - deyir teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev. - Mən yazıçılarımızı, bəstəkarlarımızı, rəssamlarımızı, istedadlı gənclərimizi, bir sözlə, Azərbaycan teatrının zəngin ənənələrini yaşatmaq istəyən hər kəsi teatrımızla əməkdaşlığa dəvət edirəm. Çünki teatr elə bir müqəddəs məbəddir ki, onun ab-havası zaman-zaman dəyişməli, orada duyulan yeni nəfəslərin, yeni səslərin, yeni əhval-ruhiyyə və yeni rəng çalarlarının yandırdığı yaradıcılıq tonqalı minlərin, milyonların ürəyinə istilik gətirməli, könüllərini sevgi ilə süsləməli, zövqlərini cilalamalıdır.

 

Telli Pənahqızı

525-ci qəzet.- 2016.- 12 yanvar.- S.7