Köklənibdir bir ilahi əhvala...
Aqil, həssas qələm dostum Sadıq Elcanlının 60 illik yubileyinə
Tək kəlməmdən ürəyimdən
keçəni,
Duyur, onu yanıltmır ki heç zənni.
Aman Allah, "görücü"mü
bu yəni?
Heyrətimdən az qalıram mən çaşım,
Doğmamdır o - ruh, düşüncə qardaşım.
Fikirlərim ovcundadır elə bil,
İzhar edir birər-birər onu dil.
Dedikləri nə çox,
nə də kəm deyil,
Yox ehtiyac söz-sovuna qarışım,
Doğmamdır o - ruh, düşüncə qardaşım.
Dürüst deyər, "elə-belə,
nəsə" yox,
Məna
yüklü, həm də qısa - kəsə çox,
Bəhsə-bəhsdə hər sözündən çəkin, qorx.
Deyir: - Mənim məntiqidir savaşım...
Doğmamdır o - ruh, düşüncə qardaşım.
Adi sözdən duyğulanır
həmin an,
Sarır bütün varlığını
həyəcan.
Çökür sanki üzərinə asiman.
Artır
onun bu halından
təlaşım,
Doğmamdır o - ruh, düşüncə qardaşım.
Köklənibdir bir ilahi əhvala,
Sözdən qurub bir möhtəşəm
bürc, qala.
İstər köçə ürəklərdə
ucala,
Aqil, müdrik, həssas dostum, sirdaşım,
Doğmamdır o - ruh, düşüncə qardaşım.
09.01.2016
Nəcməddin MÜRVƏTOV
525-ci qəzet.- 2016.- 13 yanvar.- S.7