Sadıq Elcanlının 60 yaşına
Gözəl nasir, publisist, neçə-neçə ekran
işinin uğurlu taleyində böyük əməyi olan Sadıq Elcanlının qəzetlərdə, ədəbi
dərgilərdə işıq
üzü görən
yazılarını hər
dəfə oxuyanda nəsrimizin klassik ənənələrindən gələn
özünəməxsus ifadə
tərzi sayəsində,
heç imzaya baxmadan da, onların
kimin qələmindən
çıxdığını təxmin edə bilirəm.
"Sözün güneyləri
çağırır məni,
yaxud bir ömrün monoloqu" adlı essesini "525-ci qəzet"də oxuduqda anladım ki, Sadıq Elcanlının bu yeni yazısı,
demə, öz 60 illik yubileyi ərəfəsində onun
təkcə monoloqu yox, həm də
oxucularına səmimi
müraciəti imiş!
Həmin "Monoloq"
haqqında ədəbi
düşüncələrim, oxucu fikirlərim bir yana,
bəri başdan, qələm dostumuzu - əzizimiz Sadıq Elcanlını 60 illik yubileyi münasibəti ilə təbrik edirəm!
Nə yaxşı
ki, qəzetin həmin sayını, adətimcə, başdan-ayağa
oxudum və onun qarşıdan gələn ad günündən,
necə deyərlər,
isti-isti, vaxtında xəbər tutdum. Demə,
yaxın dostumuzun 60 yaşının tamamına
cəmi beşcə gün qalıbmış...
Belə
baxanda, heç özümü qınamıram
da! Axı, doğulub boya-başa
çatdığı doğma
Şabranda son illər
Sadıq Elcanlı ilə arabir görüşüb həsbi-hal
edəndə heç
ağlıma-gümanıma gəlməyib ki, o, 60 yaşının astanasındadır.
Özündən əvvəl onun
yaradıcılığı ilə tanış
olmuşam. Və burası da var ki, qalın-qalın
romanlarını oxuyanda
o əsərlərin müəllifini,
nə gizlədim, müdrik, dünya görmüş,
ahıl bir qoca kimi təsəvvür
etmişəm.
Bizim Şabran
elinin hər yurd yeri, kənd-kəsəyi
ululardan üzübəri
minillikləri keçib
gələn əfsanələr
və rəvayətlərlə,
nəğmələr və
deyimlərlə, eləcə
də müdrik el sözləri ilə olduqca zəngindir. Sinəsi kitab-kitab
söz, kəlam dolu ağsaqqallar, sinədəftər ağbirçəklər
öz yaddaş xəzinəsindəki inciləri
ürək genişliyi
və səxavətlə,
qızırqanmadan nəsillərdən-nəsillərə
ötürə-ötürə gəliblər və bu ənənə indi də yaşayır.
Elə buna görədir ki, Şabranda sözə, söz deməyə daima həvəsli bir mühit var, o həvəsi öz yazı-pozuları, qələmə
alıb yaratdıqları
ilə göyərdib
sənət əsərinə
çevirənlər də
az deyil!
Dəyərli yazıçı
dostumuz Sadıq Elcanlı kimi!
Yəqin ki, doğma Şabranda da onun yubileyini layiqli bir tədbirlə
qeyd edəcəyik, həmyerliləri öz səmimi ürək sözlərini elə doğulub boya-başa çatdığı torpaqdaca
Sadıq Elcanlıya çatdıracaqlar. Deməli, yeni görüşlərimiz
hələ irəlidədir.
İndilikdə isə öz qələmi ilə Azərbaycanımızın ədəbi
xəritəsində Şabranımızı
uğurla təmsil edən, yerli-yataqlı tanıdan, çağdaş
nəsrimizin ədəbi
yükünün ağırlığına
qürurla çiyin verən gözəl yazıçımızı, publisistimizi,
ədəbi tənqidçimizi
- əziz qələm
dostumuzu anadan olmasının 60 illiyi münasibəti ilə bir daha ürəkdən
təbrik edirəm.
Sadıq Elcanlıya yeni yaradıcılıq uğurları,
uzun ömür, möhkəm cansağlığı
arzulayıram.
Şabran
7 yanvar, 2016
Novruz Nəcəfoğlu
525-ci qəzet.- 2016.- 13 yanvar.- S.7