Suraxanı rayonunun sosial-iqtisadi
inkişafı: real vəziyyət və perspektivlər
Bir zamanlar dəvə karvanlarını əhənglə, ağ neftlə yükləyib İpək Yolu ilə şərqə və qərbə yola salan Suraxanı bu gün paytaxt Bakının rayonları sırasında özünəməxsus yer tutur. Suraxanı rayonu sosial-iqtisadi inkişaf göstəricilərinə görə Bakının 12 rayonu arasında öncül yerlərdən birini tutaraq “Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurla icra olunduğunun bariz nümunəsi kimi çıxış edir. Bu proqramın 2014-2016-cı illəri əhatə edən dövrünün uğurlu icrasının nəticəsi olaraq Suraxanı rayonu müsbət istiqamətdə inkişaf edir. Tarixən neft və təbii qaz istehsalı ilə tanınan Suraxanı Bakının rayonu kimi 1920-ci ildə yaradılıb və bu gün 122 kvadrat kilometr ərazini əhatə edir. Burada şəhərətrafı elektrik dəmir yolu stansiyası ərazidə istehsal edilən ağ neft məhsullarının ixracı üçün istifadə olunurdu. Çar Rusiyasında ilk neftayırma zavodu 1859-cu ildə Suraxanıda istifadəyə verilib. Bununla əlaqədar 1878-80-ci illərdə Bakı-Suraxanı dəmir yolu çəkilib. Suraxanı rayonu eyni zamanda mineral suları və müalicəvi palçıq vulkanları ilə də tanınır.
Atəşgah Avropa Oyunları məşəlini alovlandırdı
Suraxanı deyəndə hər şeydən əvvəl ağlımıza Atəşgah məbədi gəlir. Zəngin mədəniyyətə və nümunəvi tolerantlığa malik Azərbaycan xalqının qədim irsini tanıdan bu abidə beşguşəli daxili həyəti əhatə edən hücrələrdən və həyətin ortasında tikilmiş üstü günbəzli dördbucaqlı od məbədindən ibarətdir. Şəhər karvansaralarını xatırladan Atəşgah müqəddəs odun - təbii yanar qazın saxlandığı və oda sitayiş ayinlərinin icra edildiyi məkan idi. Abidə Midiya dövrünə aid olsa da onun üzərində hind dilində yazılan yazılar onun 1713-cü ildə Hindistanın Multan vilayətindən gələn atəşpərəst tacir və zəvvarlar tərəfindən tikildiyini göstərir.
Atəşgah
məbədinə yeni can 2007-ci ildə verilib. Prezident
İlham Əliyevin 19 dekabr 2007-ci il tarixli
Sərəncamı ilə bu abidə dövlət
tarix-memarlıq qoruğu elan edilib. Dövlət
başçısının 2009-cu ildə verdiyi yeni Sərəncama
əsasən, burada həm də arxeoloji tədqiqat işlərinin
aparılması və Atəşgah tarixi muzey mərkəzinin
yaradılmasının əsası qoyuldu. Məbəd
çox dəyərli tarixi abidə kimi UNESCO-nun Qeyri-maddi mədəni
irs siyahısına daxil edilib.
Prezidenti
İlham Əliyevin 27 dekabr 2013-cü il
tarixli Sərəncamı ilə qoruğun ərazisində
arxeoloji tədqiqat işlərinin aparılması və Atəşgah
tarixi muzey mərkəzinin yaradılması üçün
Prezidentin Ehtiyat Fondundan 1 milyon manat vəsait ayrılıb.
Bu gün Atəşgah məbədini Bakı 2015 Birinci
Avropa Oyunlarını izləmiş hər bir insan
tanıyır.
Çünki, 2015-ci ilin ən əlamətdar idman hadisəsi
olan və Odlar Yurdu Azərbaycanın ev
sahibliyi etdiyi ilk Avropa Oyunlarının məşəli öz
alovunu Atəşgahdan aldı və bu bir ənənəyə
çecriləcək. Belə ki, bundan sonra
harada keçirilməsindən asılı olmayaraq, Avropa
Oyunlarının məşəli ilk alovunu Atəşgah məbədindən
götürəcək.
Suraxanı rayonu Birinci Avropa Oyunlarında təkcə məşəli
alovlandırmaqla yox, həm də öz
idmançılarının uğurları ilə yadda
qaldı. Bu oyunlarda Suraxanı idmançıları – Ayxan
Mamayev qkarate üzrə qızıl, sambo üzrə Vasif Səfərbəyov
gümüş, qılıncoynatma üzrə Sevil və
Sevinc Bünyatova bacıları isə gümüş və
bürünc medal qazandılar.
Oyunlar ərəfəsində Suraxanı Rayon İcra
Hakimiyyəti rayonun sosial-iqtisadi inkişafına yönələn
əməli tədbirlər, abadlıq-quruculuq işləri
yerinə yetirdi. Belə ki, Səttar Bəhlulzadə, İlqar Məmmədov,
Şahin Məhərrəmov, Oqtay Əliyev və Xanlar Ələkbərov
küçələrində yaşayış və
qeyri-yaşayış obyektlərinin fasadları və
hasarları təmir olunaraq rəngləndi, aqlay daşları
ilə üzləndi, Əmircan qəsəbəsində yerləşən
Tofiq Bayram parkı əsaslı təmir olunaraq yenidən
quruldu, Bülbülə qəsəbəsində yerləşən
24 saylı poliklinikanın qarşısında yeni park
salındı, rayonun Səttar Bəhlulzadə, İlqar Məmmədov
və Xanlar Ələkbərov küçələrində
ümumilikdə 12 min kvadrat metr yaşıllıq
salındı. Bundan başqa, “Bakubus" MMC-nin
Birinci Avropa Oyunları üçün avtobus deposu və təlim
mərkəzi də Suraxanı rayonunun Zığ qəsəbəsində
salınıb.
Səttar
Bəhlulzadə və Oqtay Əliyev küçələrində
27,7 min kvadrat metr sahə, həmçinin 3252 kvadrat metr səki
asfaltlanıb, küçələrin
işıqlandırılması üçün 2707 metr
elektrik kabeli çəkildi, işıq dirəkləri
quraşdırılıb.
Ekologiya
prioritetdir
2015-ci ildə Suraxanı rayonu ərazisində ekoloji məsələlərin
həlli üçün müxtəlif tədbirlər
görülüb. Paytaxtın neft sənayesi rayonlarından biri olan
Suraxanı üçün ekoloji məsələrin həlli
vacib əhəmiyyət kəsb etdiyindən Prezident İlham
Əliyevin “Zığ gölünün ekoloji vəziyyətinin
yaxşılaşdırılması, mühafizəsi və
ondan istifadə sahəsində əlavə tədbirlər
haqqında” imzaladığı sərəncama və qəbul
edilmiş müvafiq dövlət proqramına əsasən,
Suraxanı rayonu ərazisində yerləşən
Bülbülə və Zığ gölləri təmizlənərək
ətrafları abadlaşdırılıb.
Həmçinin rayon ərazisində olan neftlə
çirklənmiş hektarlarla ərazi təmizlənərək
rekultivasiya olunub, ekoloji cəhətdən zərərli 20-dən
çox gölməçələrin əksəriyyəti
qurudulub, 30 neft quyusunun ətrafları tullantılardan təmizlənib
və neft kollektorları təmir olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
təşəbbüsü ilə başlanan 1-ci
"Ümumrespublika Yaşıllaşdırma Marafonu"
çərçivəsində ağacəkmə
kampaniyası Suraxanı rayonuna da öz töhfəsini verib. Keçən il rayonun
müxtəlif ərazilərində 7,4
mindən artıq ağac əkilib.
Rəqəmlər
inkişafı göstərir
Hazırda
212 mindən çox əhalisi olan Suraxanı rayonu
Bülbülə, Əmircan, Qaraçuxur, Yeni Suraxanı,
Yeni Günəşli, Hövsan, Zığ qəsəbələri
və Dədə Qorqud yaşayış sahəsindən ibarətdir.
Suraxanı bir ildə 338,3 min ton xam neft,
232,1 milyon kubmetr qaz istehsal edir. Rayonda neft və qaz
çıxaran "Bahar Enerji", "Suraxanı Oyl"
şirkətləri, "Qaraçuxur iriləşdirilmiş
neft mədəni", "Abşeron Operatinq Company" və
digər müəssisələr fəaliyyət göstərir.
Ümumiyyətlə, burada 60-a yaxın sənaye
müəssisəsi fəaliyyət göstərir ki, bunların
da istehsal etdiyi məhsulların bir hissəsi xaricə ixrac
olunur.
Bu müəssisələrin uğurlu fəaliyyəti nəticəsində
Azərbaycanın sənaye məhsullarına olan tələbatının
bir hissəsi ödənir, rayonun əhalisinin işsizlik
problemi qismən aradan qalxır. Bunu statistic göstəricilər
də sübut edir. 2015-ci ilin 9 ayı üçün
olan statistika göstərir ki, Suraxanı rayonunda
sözügedən dövrdə 198,1 milyon manat həcmində
sənaye məhsulu istehsal edilib və 2355 yeni iş yeri
açılıb.
Suraxanı rayonu ərazisində fəaliyyət göstərən
transformator və başqa elektrotexniki avadanlıqlar istehsal edən
zavodun məhsulları gələcəkdə Kanada, Rusiya,
Gürcüstan, Qazaxıstan, Türkmənistan, Ukrayna,
İraq, Bəhreyn kimi ölkələrə ixrac olunacaq.
Ərazisi neft qurğuları ilə zəngin olan
Suraxanı bərpa oluna enerjinin istehsalı üçün də
böyük potensiala malikdir. Bu potensial Suraxanı
Günəş Elektrik Stansiyası vasitəsilə gerçəkləşdirilir.
Stansiya Azərbaycan Alternativ və Bərpa Olunan
Enerji Mənbələri üzrə Dövlət Agentliyinin
“Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən
inşa edilərək 2015-ci ilin mayından test rejimində,
iyun ayından isə tam gücü ilə işləyir.
6 hektar ərazini əhatə edən stansiyada 8 min günəş
paneli quraşdırılıb ki, bu panellər gündə təqribən
12 min kilovatt-saat elektrik enerjisi istehsal etmək
iqtidarındadır. Gələcəkdə
burada daha 4 min belə panelin quraşdırılması nəzərdə
tutulur. Stansiyanın layihə gücü
2800 kilovat, illik elektrik enerjisi istehsalı 4 milyon kilovatdır.
Stansiya layihə gücü ilə tam işlədikdə il ərzində
1,5 milyon kubmetr qaza qənaət
olunacağı proqnozlaşdırılır.
Sosial tədbirlər
rifaha yönəlib
Suraxanı rayonunda 2015-ci ildə ictimai iaşə obyektlərinin
təmiri və yenidən qurulması istiqamətində də
mühüm işlər görülüb. Belə ki, 2015-ci ilin 9
ayı ərzində Qaraçuxur qəsəbəsində 146
saylı orta məktəb üçün 25 əlavə sinif
otağından ibarət tədris korpusu, idman və akt
zalları tikilərək istifadəyə verilib. Əmircan qəsəbəsində 5 saylı və
Yeni Günəşli qəsəbəsində 262 saylı
uşaq bağçaları əsaslı təmir olunub.
Qaraçuxur və Bülbülə qəsəbələrində
idman zalları, Yeni Günəşli "V" sahəsində
idman meydançası, Əmircan qəsəbəsində 100
yerlik uşaq bağçası, şahmat məktəbi və
Yanğından Mühafizə Bölməsinin tikintisi
uğurla davam etdirilib.
2015-ci
ilin 9 ayı ərzində Suraxanı Rayon Əhalisinin Sosial
Müdafiəsi Mərkəzində 7 mindən çox sakinə
4.57 milyon manatdan artıq sosial müavinət ödənilib,
2173 ailəyə 3.04 milyon manat ünvanlı sosial yardım
göstərilib. Həmçinin, 218 nəfər
tənha və əlil vətəndaşa evində sosial xidmət
göstərilib. 58 nəfər güzəştli
vətəndaş reabilitasiya mərkəzi və sanatoriyalarda
istirahət edib. Rayon Məşğulluq Mərkəzinə
işlə əlaqədar müraciət edən 592 nəfərdən
476 nəfəri işlə təmin edilib.
2015-ci
ilin may ayının 1-dək bütün ölkə vətəndaşlarının
pulsuz tibbi müayinədən keçirilməsi ilə əlaqədar
Prezident İlham Əliyevin tapşırığı
Suraxanı rayonunda uğurla icra edilib. Aşkarlanan xəstəliklər
üzrə 6751 nəfər sakin ambulator müalicəyə və
570 nəfər stasionar müalicəyə cəlb olunub, 704 nəfərin
sağlamlığı bərpa edilib.
Rayonda Heydər Əliyev Mərkəzində müasir
informasiya texnologiyaları ilə təchiz edilən kitabxana,
konfrans salonu və təlim kursları artıq 7 ildir rayon əhalisinə
xidmət göstərir. Mərkəzdə ötən ilin 9 ayı ərzində
14 ümumrayon tədbiri, Azərbaycan tarixinin öyrənilməsi
məqsədilə 9-11-ci sinif şagirdlərinə 38
açıq dərs və digər maarifləndirmə tədbirləri
keçirilib.
Rayonda
2015-ci ilin 9 ayı ərzində yeniləşən internet
saytı, elektron poçt ünvanı, "Qaynar xətt"
telefonu kimi müasir əlaqə və informasiya vasitələrindən,
"Şikayət və təkliflər" səyyar
poçt qutusundan geniş istifadə edilib, 205 elektron məktuba
cavab verilib. Bu müddət ərzində Rayon
İcra Hakimiyyəti başçısı tərəfindən
759 nəfər sakin qəbul edilib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin fəsadları Suraxanı rayonundan da
yan keçməyib. Belə ki, münaqişə
başlayandan öz yurd-yuvalarından didərgin
düşmüş 8386 qaçqın və 21368 məcburi
köçkün bu rayon ərazisində məskunlaşıb.
Ona görə də rayon ərazisində məskunlaşan
qaçqın və məcburi köçkün ailələrinin
sosial-məişət problemlərinin həlli daim diqqət mərkəzində
saxlanılır. Bayram günlərində
bir qayda olaraq Rayon İcra Hakimiyyəti tərəfindən
onlara yardım göstərilir.
Problemlər
həllini gözləyir
Suraxanı rayonunda 2015-ci ilin 9 ayında əldə olunan
bu nailiyyətlərlə yanaşı, bəzi həllini
gözləyən məsələlər hələ də
qalmaqda davam edir. Rayonda mövcud olan ən ciddi problem
Zığ qəsəbəsi ərazisində qəzalı evlərdə
yaşayan sakinlərlə bağlıdır. Bunu nəzərə
alan Suraxanı Rayon İcra Hakimiyyəti
Zığ qəsəbəsindəki evlərə texniki
baxış keçirib, ərazinin relyefini nəzərə
alaraq 40 evin qəzalı vəziyyətdə olmasını
aşkarlayıb. 22 qəzalı evin
boşaldılmasına dair məhkəmə iddiaları təmin
edilib, 22 ailə kirayə evlərə
köçürülüb.
Həllini gözləyən məsələlər
sırasında məhəllə yollarının təmiri, təbii
qaz və su verilişi problemi yaşayan yaşayış
binaları və fərdi evlərin problemlərinin həlli
xüsusi yer tutur. Suraxanı sakinləri ümid edir ki, yeni başlayan
2016-cı il onlar üçün bu tip
problemlərin həll olunması ilə yadda qalacaq.
Hazırda qış fəslinin olmasını nəzərə
alsaq deyi bilərik ki, Suraxanı Rayon İcra Hakimiyyətinin
qarşısında duran hazırkı prioritet məsələ
rayonun qış mövsümünə
hazırlığını yüksək səviyyədə
təmin etməkdir. Bunu nəzərə alan rayon
İcra Hakimiyyəti başçısı İlqar Abbasovun sərəncamı
ilə xüsusi tədbirlər planı təsdiq edilib. Bu tədbirlər
planı istilik qazanxanalarının enerji
daşıyıcıları ilə fasiləsiz təmin
olunması, mərkəzi istilik sisteminə qoşulmuş
yaşayış binalarının, ictimai iaşə obyektlərinin
keyfiyyətli istiliklə təchiz edilməsi, mənzil-kommunal
təsərrüfatında zəruri təmir işlərinin
aparılması, qış mövsümündə nəqliyyatın
normal fəaliyyət göstərməsi üçün
küçə və yolların işlək vəziyyətdə
saxlanılması kimi həyati vacib məsələləri nəzərdə
tutur.
Beləliklə, Suraxanı təkcə neft
qoxulu küçələri ilə yox iqtisadiyyat, mədəniyyət,
təhsil, tibb və idman sahəsinə böyük töhfələr
verən müasir rayon kimi xatırlanır.
Görülmüş işlər, əldə olunmuş
nailiyyətlər, həmçinin qarşıda duran vəzifələr
Suraxanı rayonunun perspektivli gələcəyindən xəbər
verir.
Məmmədli
Vəfa
525-ci qəzet.- 2016.- 13 yanvar.- S.4.