Baskervillərin iti: Konan
Doyl və Terens Fişer üz-üzə
Bu dəfə oxumağa bir şey axtaranda nədənsə
elə əlimi məhz bu kitaba uzatdım.
Sonra bir qədər tərəddüd etdim, detektivdən
daha dəyərli əsər axtarmağa başladım. Lakin fikirləşib sonda
yenə də bu kitabın üzərində qərar tutdum:
"Baskervillərin iti". Tez bir zamanda Artur
Konan Doylun məşhur əsərini böyük maraqla oxuyub
bitirdim. Bu vaxta qədər bir neçə
müxtəlif müəlliflərin detektiv əsərlərini
oxusam da, bu əsər məndə xüsusi, özünəməxsus
təsirini buraxdı. Yazıçının mükəmməl
təsviri, hadisələrə yanaşma tərzi, süjet xəttini
kifayət qədər peşəkar, hətta mən
düşünmədən, cəsarətlə deyərdim ki,
mükəmməl və qüsursuz şəkildə
qurması, parlaq obrazlar yaratması, hər bir qaranlıq məqama
və onların açıqlamasına həssaslıqla
yanaşması bir oxucu kimi məndə yüksək təəssürat
yaratdı. Bu - indiyə qədər oxuduğum bütün
detektivlərin ən uğurlusu, bütün detektiv
yazıçılarının isə ən
yaxşısı idi.
Hələ
əsəri oxuyarkən, hər an
düşünürdüm ki, bitirən kimi dərhal vaxt
itirmədən bu əsər əsasında çəkilən
filmə baxmaq lazımdır. Əmin idim ki, bu roman əsasında
film çəkilib, özü də bir neçə dəfə...
Zənnimdə yanılmadım. "Baskervillərin iti" əsəri əsasında
müxtəlif vaxtlarda Almaniyada (1914, 1915, 1920, 1929, 1936, 1955),
Böyük Britaniyada (1921, 1932, 1959, 1978, 1982, 1983, 1988, 1998),
ABŞ-da (1939, 1972), SSRİ-də (1971, 1979, 1981), Avstraliyada
(1983) və Kanadada (2000) filmlər çəkilib. Bir çox dünya şöhrətli əsərlərin
kinematoqrafçılar tərəfindən dəfələrlə
ekranlaşdırılması faktı danılmazdır və
belə hallara çox rast gəlmişik. Göründüyü
kimi bu baxımdan Konan Doylun həmin əsəri də istisna
deyil. Çox düşünmədən
bu filmlərdən birini - 1959-cu ildə Böyük Britaniyada
istehsal olunmuş filmi seçdim və baxmağa
başladım.
Film başlayan kimi səslənən musiqi insanı
müəyyən mənada hadisələrin baş verəcəyi
dəhşətli məkana yaxınlaşdırır. Adını
ilk dəfə eşitdiyim bəstəkar Ceyms Bernardın
musiqisini, qarşıda məni maraqlı film gözlədiyinə
işarə kimi qəbul etdim. Ekran əsərinin
operatoru Cek Eşer qaranlıq gecə səhnələrində
işıqla səliqəli işləməsi və detektiv
janrının əsas cəhətlərindən birini təşkil
edən iri planları (yalnız aktyorların iri planları nəzərdə
tutulmur - B.A.) gözəl lentə alması ilə diqqət
çəkir. Şerlok Holms rolunu ifa edən ingilis
aktyoru Piter Kaşinq bu obrazı maraqlı çalarlarla təqdim
edərək, ekranda tipik xəfiyyə obrazı yaratmağa
nail olmuşdur.
İndi isə keçək filmin özünə... İlk baxışdan hər şey normal gedir. Film yazıçının əsərdə təsvir etdiyi məşhur Baskervillər nəslinin əfsanəsi ilə başlayır. Ardınca hadisələr kitabdakı məzmun və xronologiyaya uyğun davam edir. Sanki kitabı yenidən oxuyurdum. Amma bu dəfə vizual təsvir vasitəsilə. Əsərlə film arasındakı ilk fərqi isə Şerlok Holms və doktor Vatsonun ser Henri Baskervillə tanışlıq səhnəsində müşahidə etdim. Ser Henri ayaqqabısının bir tayının itməsindən danışan vaxt, o biri tayın içindən zəhərli hörümçək olan tarantul çıxır və bunu birinci görən Şerlok Holms ser Henriyə tərpənməməyi tapşırır. Holms tarantulu məhv edir. Əsərdə belə bir səhnə mövcud deyil. Və mən bir tamaşaçı olaraq, düşündüm ki, burada rejissor əsərə xələl gətirmədən maraqlı əlavələrini etməyə çalışıb. Lakin sən demə, məni qarşıda filmin rejissoru Terens Fişer və ssenari müəllifi Piter Brayanın Konan Doylun təqdim etdiyi materiala amansız "hücumu" gözləyirdi. Bunu cənab Stepltonun xanım Stepltonu öz bacısı kimi yox, qızı kimi təqdim etdiyi səhnədə hiss etməyə başladım. Etiraf edim ki, müəlliflərin bu mənasız müdaxiləsi süjet xəttində heç bir şeyi nə yaxşılığa, nə də əks istiqamətə dəyişdirə bilmir. Yəni elə əsərdə olduğu kimi "bacısı" kimi təqdim etsəydi də, heç nə dəyişməyəcəkdi.
"Hücum" davam edir. Əsərdə xanım Steplton səhvən doktor Vatsona onun Baskervill-Hollu tezliklə tərk etməsi barədə xəbərdarlıq edir. O, Vatsonla həmin əraziyə gələn ser Henrini qarışıq salıb. Filmdə isə qadın qəhrəman sözünü birbaşa ser Henriyə deyir. Lakin bu dəyişikliyi də uğursuz hesab etmək mümkündür. Çünki əsərdə xanım Steplton qatil ərinə cinayət əməllərinə hazırlaşdığı zaman kömək etməkdən imtina edir. Buna görə də ser Henriyə yardım göstərmək üçün ona xəbərdarlıq edir. Lakin filmdə xanım Steplton ərinin sağ əli kimi təqdim edilmiş və hətta filmin son səhnələrində müəlliflər bataqlıqda cənab Stepltonu yox, məhz onu "batırırlar". Düşünmək olar ki, rejissorun bataqlıqda ölməyə layiq bildiyi qəhrəman onun bu obrazı nə qədər çirkin, bəd niyyətli və murdar təqdim etmək istəməsi ilə bağlıdır. O zaman gəldiyimiz qənaətdən bir sual meydana çıxır. Bəs əgər rejissor həmin obraza bu qədər nifrət aşılayırsa, nəyə görə filmin əvvəlində "öz xanım Stepltonunu" deyil, "Konan Doylun xanım Stepltonunu" bizə göstərir? Çox güman ki, müəlliflər bu obrazı sonradan mənfi qəhrəmana çevirmiş və hətta yuxarıda qeyd edilən nüansları belə nəzər almamışlar. Yeri gəlmişkən, ser Henri ilə xanım Stepltonun məhəbbət səhnələri onları əhatəyə alan hadisələrin dəyişdirilməsinə baxmayaraq, öz təsir qüvvəsini saxlaya bilir. Belə ki, əsərdə bu səhnələr ser Henrinin saf məhəbbəti kimi, filmdə isə xanım Stepltonun riyakar sevgisi sayəsində əri ilə birlikdə ser Henrini öz ölümünə yaxınlaşdırması kimi qəbul oluna bilər.
Başqa bir epizoda nəzər salaq: qaçmış dustağın aşkara çıxarılması səhnəsi. Əsərdə ser Henri və doktor Vatson dustağı Berrimor ona işarə verərkən aşkara çıxarırlar. Filmdə isə onlar əllərində şam tutmuş halda səs eşitdikləri otağa daxil olanda bataqlıqdan da şamla işarə verildiyini görürlər. Bu işarə əsərdə də var, lakin bu, Berrimor ona yemək gətirərkən və ser Henri ilə doktor Vatson onu həmin məqamda yaxalayarkən baş verir. Müəlliflər tərəfindən bu səhnədə Berrimor obrazının ixtisara salınması və onun təsadüfi hərəkətlərinin çıxarılması ilə belə bir nəticə əmələ gəlir ki, qəhrəmanlar bu işarəni çox tələm-tələsik aşkarlayırlar. Sanki onlar nə olacağından əvvəlcədən xəbərdarmışlar. Başqa bir səhnədə də yazıçının təqdim etdiyi maraqlı kinematoqrafik təsvir forması təhrif edilmişdir. Vatson Holmsun Devonşirdə olmasını bildiyi səhnə əsərdə daha parlaq boyalarla verilir. Filmdə isə Holms "Siz nəyə görə ser Henrini tək buraxmısınız?" kimi olduqca teatral görüntü ilə Vatsonun qarşısına çıxır. Əsərin bu məqamında Konan Doylun mükəmməl yaratdığı səhnəni oxuyarkən, oxucu sanki əhvalatı öz gözləri önündə canlandırır. Filmdə isə görüntü göz qarşısında olsa da, tamaşaçı bu səhnədən aldığı mənfi təəssüratdan ekranı qapadıb yenidən kitabı açmağı arzu edir. Bəlkə də elə budur, kitabın ekrana qalib gəlməsi!..
Filmin sonrakı səhnələrində əvvəldə
verilmiş "zəhərli hörümçək" xəttinin
inkişafını görmək mümkündür. Belə
ki, dəyişdirilmiş süjetə görə Frenklend
tarantul kolleksiyası toplayır. Və bu, Holms
üçün yeni bir açar - ayaqqabı içindən
çıxan sirrə, müəmmaya gedən bir
cığır olur. Müəlliflər filmə ədəbi
materialda olmayan daha bir səhnə əlavə ediblər:
şaxta səhnəsi. Holms doktor Mortimer və cənab
Stepltonla birlikdə şaxtaya araşdırmaya gedir. Orada qatil ona
sui-qəsd etməyə çalışır. Zəhərli hörümçəklə
bağlı olan səhnələri də nəzərə
alsaq, bu epizod da ssenarist və rejissorun əsərə
uğurlu müdaxiləsi hesab oluna bilər. Çünki bu səhnələr süjet xətti
ilə sıx vəhdətdə qurulmuş və onun
düzgün inkişafına xidmət etmişdir.
Romanda Stepltonun Baskervill-Holldakı portret vasitəsilə
Baskervillər nəslinin varisi olma faktının
açılması - portretdə təsvir olunan əcdadlardan
birinin simasının cənab Stepltonun siması ilə
oxşarlıq təşkil etməsilə verilir. Filmdə isə
diqqət simaya yox, oğurlanmış portretə yönəldilir.
Və xəfiyyə Şerlok Holms portretin nə
üçün oğurlandığını təyin edir:
şəkiləki şəxsin əlləri qatili üzə
çıxara bilərdi. Filmdə Stepltonun əllərində
barmaqlararası pərdənin olmasına dəfələrlə
işarə edilir. Belə hesab etmək
olar ki, bu da müəlliflərin süjet xəttində dəyişikliklər
apardıqları zaman həyata keçirdikləri maraqlı
dramaturji tapıntılardan biridir.
Əsərin mühüm qəhrəmanlarından biri
olan Baskervillər itinin vizual həllinə də münasibət
bildirmək mütləqdir. Filmin ilk səhnələrində
Baskervillər nəslinin əfsanəsi təsvir edilərkən
hücum zamanı itin üzünün göstərilməməsi
və həmin funksiyanın kameranın hərəkəti ilə
tamaşaçılara çatdırılması rejissorun təqdirəlayiq
yanaşma tərzlərindən biridir. İtin
görünüşü tamaşaçılara son səhnələrdə
təqdim edilir. Burada da dəyişikliklər
aparılmışdır. İtin
qorxuncluğunu sübuta yetirən detal maskaya dəyişdirilmişdir.
Əsərdə isə bu məqsədlə
qatil fosfor kimyəvi maddəsindən istifadə edir. Çox güman ki, rejissor
quraşdırılmış xüsusi çəkilişlərə
müraciət etməməkdən və hər şeyi ekranda
daha real görünən vasitələrlə nümayiş
etdirmək istəyindən irəli gələrək, belə
bir dəyişikliyə yol vermişdir. Əsərin
ümumi ideyasına və ana xəttinə xələl gətirmədiyi
üçün bu əvəzləməni normal hesab etmək
olar.
Ümumiyyətlə baxdıqda isə, filmdə
mövcud obrazlar azaldılmış, ədəbi material
yalnız bünövrə kimi istifadə edilmişdir. Bunun nəticəsində
faytondakı müəmmalı saqqallı adam,
xanım Laura Layons və digər vacib personajlar filmdə
göstərilmir. Laura Layons obrazının
süjetdən çıxarılması ilə qatilin ilk
qurbanının nə üçün cinayət baş verən
gecə küçədə gözləməsi sual
altında qalır. Şübhəsiz ki,
Artur Konan Doylun son dərəcə kino dilinə yaxın olan
yazı üslubunu dərindən hiss edən istənilən
oxucu, filmə baxarkən də eyni şeyləri görməyi
arzu edir. Çünki bu dərəcədə mükəmməl
işlənmiş ədəbi material, müəyyən qədər
daha az istedadlı yazıçının
əsəri deyil ki, hansısa Terens Fişer adlı daha
çox qorxu filmləri çəkən rejissor ondan öz
bildiyi kimi istifadə etsin. Məsələn, əsərdə
itin ulamasının və heyvanların bataqlıqda
batmasının təsviri olduqca kinematoqrafik idi və hadisələrə
ümumi ruh, ab-hava bəxş edirdi. Filmdə
ulama səsi çox sadə və primitiv formada təqdim
edilir, rejissorun heç bir xüsusi ideyasına xidmət etmir,
yalnız əsəri imitasiya edir. Qəhrəmanların
baş verənlərə reaksiyası və ya qorxusu ekranda,
demək olar ki, əks olunmur. Doğrudur,
şəxsən mən ədəbi əsası olan filmlərdəki
hadisələrin rejissor tərəfindən istənilən
şəkildə, öz baxış bucağına uyğun
formada dəyişdirilməsinin tərəfdarıyam. Lakin özümə də sirr olan hansısa məqamlar
mənə belə bir istisna fikrə yol verməyə mane
olmadı. Düşünürəm ki, bu
məqamların ən birincisi, Artur Konan Doyl kimi son dərəcə
istedadlı bir yazıçının bu gün də
böyük mənada mövcudluğu və dramaturgiyada istənilən
ssenaristdən daha yüksəkdə qərar tutması faktoru
ilə bağlıdır.
"Baskervillərin
iti" haqqında danışdığım zaman əhatəmdə
olan bir çox insanlar SSRİ istehsalı olan eyniadlı
ekranlaşdırmaya da baxmağımı məsləhət
gördülər. Baxmağı qət
etməyimin səbəbi isə, orada əsərin olduğu
kimi çəkildiyini eşitməyim oldu. Beləliklə,
mən 1981-ci ildə "Şerlok Holms və doktor Vatsonun macəraları"
adlı silsilə filmlərin "Baskervillərin iti"
seriyasına tamaşa etməyə başladım. İkiseriyalı film deyildiyi kimi çox gözəl
çəkilmişdi. Yuxarıda qeyd
etdiyim kimi Konan Doylun həmyerlilərinin belə öhdəsindən
gələ bilmədiyi bir çox səhnələrə uzaq
və qapalı Sovet ölkəsi, necə deyərlər,
bütün varlığı ilə "canını
qoyub". Maraqlıdır ki, Rusiya kino ənənələri
bu əsəri çox peşəkarlıqla biz
tamaşaçılara təqdim edə bilir. Əsərlə
film arasında, demək olar ki, heç bir dəyişikliyin
aparılmaması, olduqca istedadla lentə alınması,
rejissor-aktyor münasibətlərinin maraqlı səpkidə
qurulması, rejissorun hər bir obraza çox həssaslıqla
yanaşması, xüsusilə də ser Henri Baskervil
obrazının nisbətən fərqli, xarakterik şəkildə
işlənməsi, əsərdəki detektiv elementlərini dəqiqliklə
nümayiş etdirməsi, bəstəkar Vladimir
Daşkeviçin filmin unikal atmosferini yaradan musiqisi bu əsərin
1959-cu il ekran variantını geridə qoyan məsələlərdən
idi. Sovet kinosunun ulduzları Livanovu, Solomini,
Mixalkovu, Yankovskini, Demidovanı bu filmdə görmək olduqca
xoş idi. Yeri gəlmişkən, rejissorun Steplton (Oleq
Yankovski) və Berrimor (Aleksandr Adabaşyan) obrazlarının
zahiri görkəmləri məsələsinin üstündən
necəgəldi keçməməsi təqdirəlayiq idi - bu
və bir çox başqa cəhətlər rejissor İqor
Maslennikovun ədəbi materiala və onun ekran həlli məsələsinə
vicdanlı yanaşmasından xəbər verirdi. Onu da deyim ki, filmdə iri planda göstərilən
bütün məktubların ingilis dilində yazılması
rejissorun əsərin müəllifinə böyük hörməti
və tamaşaçıları ingilis həyatına hətta
belə kiçik məqamlarda belə
yaxınlaşdırmağa çalışması demək
idi. Və yaxud rejissorun təqdim etdiyi xüsusi diqqətçəkən
maraqlı məqam: poçt işçisinin doktor Vatsona
dediyi "Çox qaranlıq məsələdir" sözləri
eşidiləndə ekranda iri planda sakitcə oturmuş bir
pişik göstərilməsi sadəcə mükəmməl
düşünülmüş kadr idi...
Lakin eyni sualı yenidən özüm-özümə ünvanlayıram: mən bu filmdən tamamilə Konan Doyldan aldığım təəssüratı ala bildimmi? Ümumilikdə götürdükdə, bəli, film alınmışdı. Lakin dolğun şəkildə aparılmış müqayisə daha incə məsələlərə gedib çıxır. Hər şeyin əsərdə olduğu kimi çəkildiyi bu filmdə ümumi ab-hava kitabdan aldığımız təəssürat ilə tamamilə fərqlilik təşkil edir. Əvvəlcə ilk öncə insan bu təzadlı fərqliliyin kökündə nəyin dayandığını aşkara çıxara bilmir. Onu da qeyd edim ki, bu, adət etdiyimiz fərqlərdən deyildi. Fərqlə fərqsizliyin arasında ilişib qaldım. Lakin sonra belə qənaətə gəldim ki, bəlkə də bu, Sovet mühafizəkarlığından irəli gəlir... Konan Doylun hər bir səhnəsi yerindədir, lakin həmin effekti almaq olmur. Effekt var və qarşımızda çox peşəkar çəkilmiş bir detektiv görürük, lakin eyni effekt deyil, 180 dərəcə aralarında fərq var. Çünki filmin quruluşçu rəssam işi nəticəsində ekranda macəra dolu əhvalatlardan çox, ədəbi əsərlərin ekrana gətirilməsi baxımından klassik Sovet kino ənənələrinə söykənən bir təsvir yaradılıb. Tutqun-qaranlıq otaqlara həddindən artıq rəng vurğusu edilir. Məncə bu, filmi Şekspirsayağı, əgər bir qədər də dəqiqləşdirsək Tolstoysayağı ədəbiyyata yaxınlaşdırır. Yaradıcı heyət (ən əsası quruluşçu operatorlar Dmitri Dolininlə Vladimir İlyin və quruluşçu rəssam Bella Maneviç) pavilyon çəkilişlərinin ekran həllini Tolstoysayağı ciddi yox, Konan Doylsayağı sirrli-müəmmalı etməyə çalışmalı idi. Yeri gəlmişkən, bu filmdən daha az bəyəndiyim Britaniya ekranlaşdırmasında həmin problem hiss olunmurdu. Lakin istənilən halda etiraf etməliyəm ki, bu - yalnız və yalnız ilk seriyadan aldığım təəssüratlar idi. Rejissorun tamaşaçını peşəkarlıqla arxasınca apara bilməsi və tədricən filmin təsirinə salması onun ekranın dramaturgiyasına yaxından bələd olmasından irəli gəlirdi.
Ancaq itin sonuncu hücumu və öldürülməsi səhnəsinə yenə də səthi yanaşıldığı qənaətindəyəm. Əminəm ki, bu filmi Sovet kinosunun böyük nümayəndələrindən biri olan Kozinsev çəksəydi, həmin səhnəyə xüsusi diqqət ayırardı... Bütün deyilənlərə rəğmən, bu cüzi qeydlər idi, bir daha qeyd edim ki, bütövlükdə götürdükdə filmi çox bəyəndim. Sonuncu səhnədə Şerlok Holmsla doktor Vatsonun arxadan oturmuş vəziyyətdə göstərilməsi və hər ikisinin qəlyanından tüstü qalxması əla rakursdan çəkilmiş səhnələrdən biri idi.
Bir sözlə, oxuduğum roman və baxdığım hər iki film mənə izah etdi ki, "Artur Konan Doyl" mövzusuna toxunmaq öz-özlüyündə olduqca incə məsələdir! Onun yazdıqları ilə hər adam "oynaya" bilməz! Nə qədər düzgün istiqamətdə getsə belə, yenə də həmin adamın bir çatışmayan cəhəti var: o, Konan Doyl deyil!.. Hadisələri onun yazdığı kimi eyni cür çəkmək olar, lakin tamaşaçıya (oxucuya) eyni hissləri aşılaya bilməzsən. Bunun üçün sənin Konan Doyl kimi süjetin incə məqamları ilə "rəftar etmək" qabiliyyətin olmalıdır...
Babək ABBASZADƏ
525-ci qəzet.-
2016.- 13 yanvar.- S.8