Yaşar Qarayevin elmi
irsinə bir nəzər
(Əvvəli
ötən sayımızda)
Yaşar Qarayev milli ədəbiyyatın "Ən yeni
dövrü"nü Xalq Cümhuriyyəti ilə başlamaq
ideyasını irəli sürüb, XX əsrin 20-90-cı illərini
milli intibahdan sonra yaranan dövr kimi dəyərləndirib.
O, Azərbaycan
ədəbiyyatının "Ən yeni
dövrü"nü Cümhuriyyətlə başlamaq
ideyasını isə milli təfəkkürün, tarixin
özünüdərkin tamlığına, soyumuza, tariximizə
atılan "doğru yolda ən dəqiq start mövqeyi"
kimi səciyyələndirib. Y.Qarayev realist-bədii nəsrin
20-50-ci illərin aparıcı janrına çevrildiyini, həmin
dövrün realist-bədii nəsrinin S. Hüseyn, Y.V. Çəmənzəminli,
S.S. Axundov, Ə. Haqverdiyev, C. Məmmədquluzadə kimi ədiblərin
yaradıcılığı ilə
bağlılığını vurğulayıb.
Ədəbiyyatşünaslığımızda
ən görkəmli nəzəriyyəçilərdən
hesab edilən Y.Qarayev öz araşdırmalarında janr nəzəriyyəsinin
problemlərinə, mənzum dramın, tragediyanın və
roman janrlarının xüsusiyyətlərinə, milli ədəbiyyatmızda
Sovet tarixi romanının və milli-tarixi romanların
yaranması məsələlərinə, Azərbaycanda
realizmin bir cərəyan kimi inkişaf xüsusiyyətlərinə,
"maarifçi realizm"in və "ağrı ədəbiyyatı"nın
milli şüurun formalaşmasına təsirinə, tənqidi
realizmin sosialist realizminə keçidi problemlərinə,
sosialist realizminin ədəbiyyatımızda yaranması və
inkişaf özəlliklərinə, Cənubi Azərbaycan ədəbiyyatının
inkişaf problemlərinə də ətraflı toxunub.
XX əsrin əvvəllərini bizim ədəbiyyatda
romantizmin yüksəliş və kamal dövrü hesab edən
Y. Qarayev yazır ki, "Azərbaycan romantizmi məhz
imperializmin dünya miqyasında süqutu epoxasının məhsulu
kimi, yeni, mürəkkəb bir tarixi şəraitin hadisəsi
kimi meydana çıxır". Y. Qarayev milli romantizm cərəyanının
Maarifçilikdən sonra meydana gəldiyini
vurğulamış və romantizmin fərdilik probleminə də
toxunmuşdur: "Fərdilik isə odur ki, klassik romantizmin bir
sıra milli Avropa tiplərindən fərqli olaraq, ilk mərhələdə
o, hələ Maarifçiliyin idealları zəminində
formalaşa bilir". Görkəmli alimimiz romantizmin
özünəməxsus şəkildə təyinini verib:
"Romantizm - adətən hələ tapılmamış həqiqətlər
sorağında yaranan narahat axtarışların ifadə
forması, üslubu, metodu kimi doğulur, bu
"tapılmamış həqiqətlər
poeziyasının" "tapılmış həqiqətlər"
mövqeyindən təftişi özünü
doğrultmur".
İlk Azərbaycan tragediyasını maarifçiliyin
janrı kimi təqdim edən alim onun ilk nümunəsi olaraq
N. Vəzirovun "Müsibəti-Fəxrəddin" əsərini
göstərir. Əsərdə ictimai dərd, müsibətlər
və nadanlıq Fəxrəddinin faciəsi şəklində
təsvir edilir. Təbii ki, bu faciə
yalnız Fəxrəddinin deyil, həmçinin cəmiyyətin
faciəsidir, "müsibəti-müsəlmanan"dır.
Yaşar müəllim maarifçi dramların
bir qayda olaraq tragik finalla tamamlanması amilinə də
toxunmuş və "tragik final targik xarakterlərlə"
hazırlanmadığını qeyd etmişdir.
O, XX əsrin
30-cu illərinin əvvəlində nəsrin
ağırlığının romanın üzərinə
düşdüyünü, Şərq və dünya roman mədəniyyətinin
ənənəsində formalaşdığını bildirərək
yazır ki, "gerçəkliyin romanda yaranan bədii
tarixinin aynasında, zaman məhz olduğu kimi - bütün
yaxşı-pis, əyri-düz təsəvvürləri,
illüziyaları, pafosu, aldanışı və eyforiyası
ilə birlikdə əks olunur".
Y. Qarayev
M.S. Ordubadini ilk Azərbaycan Sovet tarixi romanının, həmçinin
bir janr kimi milli-tarixi epopeyanın banisi hesab edir. M.S. Ordubadi
İranda baş vermiş milli azadlıq hərəkatının
tarixini əks etdirən dörd cildlik "Dumanlı Təbriz"
epopeyasını, milli-inqilabi hərəkatın
davamını Şimal Azərbaycanda əks etdirən
"Gizli Bakı", "Döyüşən şəhər"
romanlarını qələmə almışdır. S.Rəhimovun "Şamo"su XX əsrin ilk
rübündə Azərbaycanda xalq hərəkatının
epik lövhəsini əks etdirən epopeyadır. Bu cəhətdən Y. Qarayev "realist epik nəsrin,
miqyaslı roman təfəkkürünün təşəkkülü
və uğurları baxımından yeni ədəbi nəslin
axtarışları daha çox Süleyman Rəhimovun
adı və üslubu ilə bağlıdır" fikrinin də
müəllifidir. O, milliliyi özündə yaşadan
"Şamo" epopeyasının folklor kökünə,
dastan poetikasına yaxınlığını qeyd edib.
Y. Qarayev
ictimai fikrin sonrakı mərhələlərində meydana
çıxan, ədəbiyyatın ümumi inkişaf
qanunauyğunluqlarını əks etdirməyə qadir olan
realizmi azadlıq və həqiqət axtarışlarına
düzgün və dolğun cavab verən metod və cərəyan
kimi dəyərləndirmişdir. O, XIX-XX əsrlərdə zəngin
inkişaf yolu keçmiş və gerçəkliyin obyektiv hərəkət
tendensiyasını müəyyən etməyi qarşıya məqsəd
qoymuş realizmin üç mərhələdən
keçdiyini və hər mərhələyə uyğun
tarixi formada, yəni maarifçi realizmi, tənqidi realizmi,
sosialist realizmi kimi meydana çıxdığını
önə çəkir. Yaşar müəllim realizmin tip təsnifi
ilə mərhələ təsnifinin vəhdət təşkil
etdiyini və mərhələ təsnifinin tip təsnifini
tarixən də şərtləndirdiyini vurğulayır. Həmçinin
görkəmli alim daxili inkişafın istiqamətini müəyyən
edən realizmin tip və mərhələlərinin necə
müəyyənləşdirilməsi amilinə də toxunub:
"Realizmin eyni bir tipini və ya mərhələsini
xarakterizə edən konflikt və xarakterlər, poetika və
problematika qohumluğu, fəlsəfi - estetik platforma və nəhayət,
ən başlıcası - bütün bunları şərtləndirən
konkret ictimai amillər - bax bunlara əsasən realizmin
ayrı-ayrı tiplərini və mərhələlərini
müəyyənləşdirmək olar". Buna baxmayaraq,
Yaşar müəllim realizmin özünəməxsus şəkildə
də təyinini verməyə nail olun: "Realizm - tarixi
düşünə bilmək xüsusiyyətini, obraza ictimai
qiyməti, psixoloji təhlili, obrazı, hadisəni tarixi
perspektivdə göstərməyi, fərdlə şərait
arasında ictimai-dialektik əlaqəni nəzərdə
tutur". O, ədəbiyyatmızda realizmin mənşəyinin
Vaqif poeziyasına bağlılığını,
davamının isə M.F. Axundov və C. Məmmədquluzadə
yaradıcılıqlarında özünü göstərdiyini
yazıb. Y. Qarayev realizmin də rəngarəng olmasını
vurğulayaraq, maarifçi realizmə, tənqidi realizmə və
sosialist realizminə diqqət yönəldib.
Y. Qarayev
realizmin vahid və ədəbi-estetik sistem kimi ədəbiyyatımızda
"maarifçi realizm" kimi təşəkkül
tapdığını qeyd etmişdir. "Maarifçi
realizm" istilahı ətrafında mübahisələrə
toxunan alim "Azərbaycanda milli ictimai fikrin inkişafında
müstəqil ideya mərhələsi səviyyəsində
maarifçiliyi hansı dövrə aid etmək mübahisələrinin
artıq həll edildiyini" yazıb. Azərbaycan
realizminin ən böyük dövrü olan "maarifçi
realizm"in Axundov ədəbi məktəbini, realizm nəzəriyyəsini,
estetikası və ənənələrini əhatə etməsini
vurğulayan Y. Qarayev məhz "Aldanmış kəvakib"ə
toxunaraq, bu əsəri "maarifçiliyin konseptual və
rassional nəsrini klassik şəkildə əks etdirən bədii
üslub nümunəsi" kimi təqdim edib.
Yaşar
Qarayev çağdaş ədəbi fikirdə
"ağrı ədəbiyyatı"na
da münasibət bildirib, bunun əsasının yeni tipli
realist ədəbiyyatın banisi olan C. Məmmədquluzadə
tərəfindən qoyulduğunu göstərib: "C. Məmmədquluzadə
realist milli ədəbiyyatın bədii əhvalını,
psixoloji ovqatını dəyişir: çağdaş ədəbi
fikirdə "ağrı ədəbiyyatı" deyilən
qəhrəman, janr və üslubun əsasını
qoyur".
"Tənqidi realizm" istilahını "tənqid
edən realizm" kimi qiymətləndirənlərə
qarşı çıxan Y. Qarayev yazır ki, "tənqid
eləmək bütün metodlara və ədəbi dövrlərə
məxsus xüsusiyyətdir (Satira romantizmdə də, eposda
da, antik komediyada da vardır). Tənqid burada mütləq
məqsəd deyil. Məqsəd - həyatı
olduğu kimi, tam obyektiv bir ehtirasla tədqiq eləməkdir".
O, realist-satirik poetik bədii təfəkkürdə milliləşmə
və xəlqiləşmənin də Sabir
yaradıcılığında başa
çatdığını qeyd edib. Müasir
satiranın Sabir mənşəyindən, Sabir
yaradıcılığının folklor mənşəyindən
qaynaqlandığını iddia edən Y. Qarayev milliləşmə
və xəlqiləşmənin realist satirik bədii təfəkkürə
məxsus hər şeydə, xüsusilə də Sabir
poeziyasında başa çatdığını yazıb.
Sovet
dövründə ədəbiyyatımızda sosialist realizminin
banisi hesab olunan C. Cabbarlı yaradıcılığında
insan və aləm, şəxsiyyət və cəmiyyət
yeni konsepsiya şəklində formalaşır, klassik ənənə
və yeni inkişaf istiqamətlərində vəhdət təşkil
etdiyini düşünən Y. Qarayev qeyd edir ki, "ictimai
gerçəkliyin aktual əxlaqın problemləri, sosialist həyat
tərzinin mənəvi axtarışları və ideya
mübarizələri onun üçün həyat
materialı və mövzunun müasirliyi demək idi".
Görkəmli alim "sosialist realizmi"nin
sənətə bədii dəyər kimi baxmamasını, bədii
əsərə ictimai fikir və sosial ideyanın adekvat
illüstrasiyası kimi yanaşmasını ciddi qüsur hesab
edib. Onun fikrincə, "sosialist realizmi"ndə
sənətin həyatdan fərqləndirilməməsi, doqmaya
xidmət etməsi özünü qabarıq şəkildə
göstərib.
Yaşar
Qarayev ədəbiyyatımızda qaldırılan fəlsəfi
məsələlərə xüsusi diqqət yetirirdi, o
cümlədən, "ümumi məhəbbət"
mövzusu, "şəxsiyyətin kamilliyi",
"altmışıncılar" ədəbiyyatında
insan və milli dəyərlər problemləri, qloballaşma
fonunda ədəbiyyatımızda Şərq-Qərb təsirinin
dinamikası kimi elementlərə həssas
yanaşırdı.
"Ümumi məhəbbət" mövzusuna toxunarkən Y. Qarayev H. Cavid yaradıcılığına da diqqət yetirir. İnsanda, təbiətdə, dünyada gözəllik axtarışını ehtiva edən H. Cavid yaradıcılığında "ümumi məhəbbət" idealı ənənəvi-passiv məzmun daşımır. Yaşar müəllim Caviddəki "ümumi məhəbbət" idealının şairin "mübarizəyə çağırış" ehtirası ilə vəhdətdə olduğunu vurğulayır, Cavidin "ümumi məhəbbət"ə necə nail olması faktına da toxunur: "Cavid "ümumi məhəbbət"ə fərdi "daxili təkamül" yolu ilə yox, həyatda birlik və cəmiyyətdə mübarizə yolu ilə nail olmağa çağırırdı".
Yaşar Qarayev 60-cı illərdə yeni nəsrin tarixi mərhələ, xronoloji əhatə baxımından Sovet ədəbiyyatına aid olmasını, lakin "Sovet ideologiyasına" xidmət etməməsini önə şəkib:
"Altmışıncı illər ədəbi gerçəkliyin, hər şeydən əvvəl, məhz vulqar sinfi və ifrat partiyalı meyardan tədricən təmizlənməsi, milli və bəşəri dəyərlərə qəti üz tutması dövrü oldu". "Altmışıncılar"ın ədəbiyyata gəlişi ilə ədəbiyyatın totalitar rejimə qarşı çevrilməsi və gələcək istiqlal hərəkatının iştirakçısına çevrilməsi də Y. Qarayev tərəfindən qeyd edilib. Onun fikrincə, 60-ci illərdə ədəbi gerçəkliyin sinfi meyarlardan təmizlənməsi və milli dəyərlərə üz tutması baş verib.
Y. Qarayev ədəbiyyatmızda Şərq-Qərb təsirinin dinamikasını izləyərkən, qlobalizmin təzahürünə toxunmadan ötməyib. Şərq-Qərb təsirini izləmiş Y. Qarayev bu təsirdə qloballaşmanın mühüm rol oynamasına diqqət yetirib:
"Qloballaşma - mədəni,
milli və sosial unifikasiya utopiyası (planetar miqyasda vahid,
yekcins demokratiya, total universal ictimai, siyasi, iqtisadi məkan) əməldə,
işdə yalnız ona gətirib çıxarır ki, region
və arealların yeni dövriyyədə, yeni sxemdə və
nisbətdə iyerarxiyası və qarşıdurması...
yaranır". Y. Qarayev "ümumbəşəri tərəqqidə
Qərb-Şərq axtarışları birləşmədi və
bir-birini tamamlamadı" fikri ilə müasir cəmiyyətdə
"ikili standartlar"ın mövcudluğuna da işarə
edib.
Salidə
ŞƏRİFOVA
filologiya
üzrə elmlər doktoru, dosent
525-ci qəzet.-
2016.- 13 yanvar.- S.6