Təqdir olunmağa layiq ədəbi-poetik fakt
Trilogiya klassik ədəbiyyatdan üzübəri gələn
ədəbiyyatşünaslıq terminidir.
Bu terminə "Ədəbiyyatşünaslıq
terminləri lüğəti"ndə
belə şərh verilib: Dramaturji, yaxud təhkiyə janrında yazılıb, vahid müəllif qayəsi ilə bir-birinə bağlı olan üç ədəbi əsər".
Məsələn, Bomarşenin "Sevilya bərbəri",
"Fiqaronun evlənməsi",
"Cinayətkar ana"
trilogiyası. Trilogiya:
(yun.) - bir
müəllifin ideya ümumiliyi və mövzu ardıcıllığı,
süjeti, kompozisiyası
ilə birləşən üç müstəqil ədəbi,
kino və ya musiqi əsəri.
Silsilə təşkil
edən iki hissəli roman dilogiya, silsilə
təşkil edən üç hissəli roman
trilogiya, dörd hissəli tetralogiya (kvadrologiya), beş hissəli pentalogiya və s. adlanır. Sonuncular əsasən musiqi əsərlərinə və
müasir seriyalara aid edilir. Bədii ədəbiyyatda ən çox dilogiya və trilogiya mövcuddur. Azərbaycan nəsrində, məsələn,
M.Hüseynin "Abşeron",
"Qara daşlar"
romanları birlikdə
dilogiyadır. M.S.Ordubadinin
"Gizli Bakı",
"Döyüşən şəhər"
və "Dünya dəyişir", Əzizə
Cəfərzadənin "Eldən-elə",
"Aləmdə səsim
var mənim" və "Vətənə
qayıt" romanları
isə trilogiyadır. Dilogiya və trilogiyada hər hissə müstəqil roman sayılır
və hər birinin də, bir qayda olaraq,
öz müstəqil adı olur. Sadəcə, bu müstəqil romanları
az-çox eyni mövzu və eyni obrazlar birləşdirir.
Tarixi qədimdir və antik ədəbiyyata (bizim eradan əvvəl
IV-V əsrlərə) gedib
çıxır. İlk dəfə
Yunanıstanda dramaturgiya
janrında yazılan silsilə pyeslərə tətbiq edilibdir. Esxilin, Sofoklun əsərləri buna misaldır. Yeni dövr ədəbiyyatında F.Şillerin
("Vallenşteyn"), R.Vaqnerin
("Nibelunqlar"), A.K.Tolstoyun
("İvan Qroznunun ölümü", "Çar
Fyodr İvanoviç",
"Boris Qodunov") pyesləri,
Dümanın
("Üç muşketyor",
"İyirmi il sonra", "Vikont de Brajelon"), Emil Zolyanın
("Lurd" , "Rim", "Parij"), L.N.Tolstoyun, M.Qorkinin memuarları bu sıradan olan dəyərli nümunələrdir.
Höte
("Trilogie der Leidenschaft"), Heyne
("Trilogiye") kimi
dahilər buna cəhd etsələr də, poeziyada bu termin demək
olar ki, tətbiq edilməyib, yəni poeziyada bu formatda ədəbi
nümunə olmayıb.
Hətta
M.Y.Lermontov da trilogiya yaratmaq niyyətində olmuş, amma həyata keçirməmişdi. İndiki mərhələdə
"trilogiya" adı
altında təqdim edilən, lakin özünü doğrultmayan
bir neçə fakta rast gəlmək
olur. Məsələn,
müasir rus poeziyasında İqor İverin "İronik məhəbbət trilogiyası"
15 bəndlik, üç
hissəyə ayrılmış
şeir parçalarını,
Anotoli Verşinskinin özünün
də qeyri-ciddi hesab elədiyi üç hissəli elmi-mistik serial adlandırdığı
"Ehtirasların trilogiyası"
("Texnika-molodyoji" jurn.,
1996) kiçik mənzuməsi
hələlikdə bizim
bildiyimiz faktlardandır
və bunlar da trilogiya formatına
uyğun gəlmir!
Bütün bunların üzərində
ona görə belə ətraflı dayandıq ki, poeziya tarixində trilogiya standartına, modelinə tam uyğun gələn ilk nümunələrin
məhz Azərbaycan ədəbiyyatında yaranması
faktının mahiyyətinə
varaq...
Əlbəttə, Şərq poeziya
tarixində ilk beşliyi
- !Xəmsə”ni yaradan XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvi olub. Nizami Gəncəvi öz ölməz beş poeması ("Sirlər xəzinəsi",
"Xosrov və Şirin", "Leyli və Məcnun" ,
"Yeddi gözəl",
"İsgəndərnamə") ilə dünya ədəbiyyatına tamamilə
yeni bir poetik səs, nəfəs gətirib. Nizaminin bu poemaları sonralar "Xəmsə"
- "Beşlik" adı
altında birləşdirilib,
bu adla da
Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatında
məşhur olub.
Nizami məktəbinin bir çox ardıcılları
ölməz ustad kimi "Xəmsə" yaratmaq arzusunda olmuşlar. Sonralar Şərq poeziyasında
neçə-neçə "Xəmsə"lər yarandı.
Lakin bu əsərləri pantalogiya-beşlik hesab etmək olmaz, çünki bu möhtəşəm əsərlər
say etibarilə beşlikdirlər,
hərəsi müstəqil
mövzuda, müstəqil
süjetdə olan
monumental mənzum epik
əsərlərdir.
Bizim müəyyənləşdirməmizə
görə, poema-trilogiya
janrında, formatında
ilk nümunə Azərbaycan
poeziyasına məxsusdur. Görkəmli,
cəsarətli, olduqca
istedadlı şairimiz
Famil Mehdi bu janrda ilk dəfə
"Raykom katibi"
(1975), "Günəş həmişə səmadadır",
"Gəlimli-gedimli dünya"
poemalarını qələmə
alaraq hər üç poemanı
"Göyü çiynində
saxlayan adam" poema-trilogiya adı altında "Ömür
keçir, gün keçir" (B.,
"Yazıçı",1983) kitabında
nəşr etdirmiş,
ədəbi mühit tərəfindən olduqca
maraqla qarşılansa
da, ədəbi-tənqiddə
yüksək qiymətini
alsa da, poema-trilogiya formatı heç kimin diqqətini cəlb etməmişdi. Sonralar bu poema-trilogiya Famil Mehdinin "Seçilmiş əsərləri"
(B., Azərnəşr, 1989) kitabında da nəşr olunub, rus dilinə çevrilərək Moskvada
böyük tirajla yayılıb.
Böyük şairimiz Famil
Mehdidən sonra ilk dəfə bu formata - poema-trilogiya formatına tanınmış şair-publisist Şöhlət Əfşar müraciət
edib.
Şöhlət Əfşarın ayrı-ayrılıqda
qələmə alıb
mətbuatda və kitab halında çap etdirdiyi "Həyat sən öyrədən deyil, müəllim", "Bu dünyanın
havasına oynama",
"Bu dünya düzəlməz,
düzəlməz, baba!"
lirik poemalarını
oxuduqdan sonra bu fakt, doğrusu
məni sevindirdi və belə qərara gəldik ki, vahid süjet,
ideya, kompozisiya, poetik-estetik qayə etibarı ilə birləşən, bütövləşən
və biri digərinin davamı olan bu poemaları
"Poema-Trilogiya" formatında
oxuculara təqdim edək. Hər üç poemada aparıcı lirik qəhrəman
müəllifin özüdür.
Poemaları birləşdirən
cəhətlərdən biri
də, müəllifin
yüksək vətəndaşlıq,
vətənpərvərlik və dövlətçilik mövqeyidir,
millətsevərlik, yurdsevərlik
qayəsidir.
Azərbaycanımızın müstəqilliyə
qovuşmaq prosesində
- keçid mərhələsində
ictimai-siyasi mühitdə
baş vermiş kataklizmlər, mənəvi-əxlaqi
aşınmalar, erroziyalar,
inteqrasiya adı altında yad mühitdən gələn
özgə "havalar",
milli-mənəvi, əxlaqi
ənənələrimizə dəyən zərbələr
bu oxunaqlı, poetik cəhətdən mükəmməl lirik poemaların başlıca
mövzularıdır. Bu poema-trilogiyada
klassik ədəbi ənənələrimizdən qaynaqlanan, nəşət
edib gələn irfani dəyərlər örnək
götürülərək müasir mühitimizə transformasiya edilib, yeniləşən sosial-psixoloji
yanğıya, mənəvi-əxlaqi
ağrıya çevrilib...
Bütün bunlarla yanaşı,
bir daha qeyd edirik və
o qənaətdəyik ki,
şair Şöhlət
Əfşar Azərbaycan
poeziya tarixində (eləcə də dünya poeziya tarixində) ikinci dəfə olaraq bütün ədəbi-nəzəri
tələblərə cavab
verən "poema-trilogiya"
janrında, formatında
əsər yaratmağa
nail olub və bu, təqdir olunmağa layiq ədəbi-poetik faktdır...
Qurban BAYRAMOV
Ədəbiyyatşünas-tənqidçi
525-ci qəzet.-
2016.- 14 yanvar.- S.8.