Zəlimxan

 

ÖLMƏZ ŞAİRİMİZİN XATİRƏSİNƏ

 

 >

Bir ömür yaşadı öz aləmində,

Yandı, külə döndü köz aləmində,

Mən elə bilirəm söz aləmində,

Neçə yazanlardan başdı Zəlimxan!

Bəs niyə vədəsiz köçdü Zəlimxan?!

 

Sənətdə ucadı qiyməti, qədri,

Bəhlul - Şəhriyardan başında çətri.

Torpağa qarışsın şairin ətri,

Dərdini torpağa açdı Zəlimxan,

Bəs niyə vədəsiz köçdü Zəlimxan?!

 

Allahın işinə neyləsin bəndə,

Vaxt-vədə yetəndə qalırsan çəndə.

Hər iki dünyada pay bölünəndə

Axirət evini seçdi, Zəlimxan!

Bəs niyə vədəsiz köçdü Zəlimxan?!

 

Çox yazdı, yaratdı, qalmadı kəsri,

Cənnətdə ucalar şairin qəsri.

Bu illər adlansın Zəlimxan əsri,

Sənət zirvələrin aşdı Zəlimxan,

Bəs niyə vədəsiz köçdü Zəlimxan?!

 

Sanki bir doğuldun baharla, yazla,

Yüz ömür yaşadın bir xoş avazla.

Aldın könülləri şeirlə, sazla,

Səni duymayanlar daşdı, Zəlimxan!..

Bəs niyə vədəsiz köçdü Zəlimxan?!

 

Dağlar, ötən ömrü çox verdin yelə,

Şairlə görüşmək ta düşməz ələ.

Ötsə qərinələr, əsrlər belə,

Üzüyün üstündə qaşdı Zəlimxan!

Bəs niyə vədəsiz köçdü Zəlimxan?!

 

Dağlar SƏFƏROV

Laza kəndi

525-ci qəzet.- 2016.- 14 yanvar.- S.7.