Tofiq Quliyev Vyanada konsertlə anılıb
Vyanadakı Azərbaycan Mədəniyyət
Mərkəzində Azərbaycanın
görkəmli bəstəkarı,
Xalq artisti Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert keçirilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin
rəhbəri Leyla Qasımova qonaqlara bəstəkar Tofiq Quliyevin həyat və yaradıcılığı
haqqında məlumat verib, onu müasir
Azərbaycan estrada
musiqisinin banilərindən
biri kimi xarakterizə edib.
O, Azərbaycanda mahnı janrının inkişafında
müstəsna rol oynamış Tofiq Quliyevin yaratdığı
əsərlərin bu
gün də dillər əzbəri olduğunu, Azərbaycanda və ölkə hüdudlarından kənarda
sevildiyini vurğulayıb.
"Mədəniyyətlərin görüşmə məkanı"
ictimai qurumunun idarə heyətinin üzvü və musiqi direktoru Fərəh Tahirova bəstəkarın yaradıcılığının
bədii məziyyətləri
barədə ətraflı
danışıb. O, Tofiq Quliyevin XX əsrdə Azərbaycanın musiqi sənətinin inkişafında,
eləcə də ictimai həyatında oynadığı roldan, Azərbaycan muğamlarının
nota köçürülməsində onun əvəzsiz xidmətlərindən, Azərbaycanda
ilk estrada orkestrinin yaradıcısı
kimi müasir Azərbaycan musiqisinə verdiyi töhfələrdən
bəhs edib. Konsertdə görkəmli opera müğənniləri,
Azərbaycanın Xalq
artistləri, dövlət
mükafatları laureatları
Fidan və Xuraman Qasımova bacıları Tofiq Quliyevin repertuarından mahnılar ifa ediblər. Fortepianoda onları Nigar
Məlikova müşayiət
edib.
Görkəmli bəstəkarın ən
tanınmış "Azərbaycan",
"Bakı", "Axşam
mahnısı", "Dostluq
mahnısı", "Qızıl
üzük" mahnıları,
eləcə də digər Azərbaycan bəstəkarlarının əsərləri
tamaşaçılar tərəfindən
rəğbətlə qarşılanıb.
Konsertdə Tofiq Quliyev haqqında çəkilmiş sənədli
filmlərdən süjetlər, onun
canlı fortepiano ifaları, xüsusilə
də ulu öndər Heydər Əliyevin
Tofiq Quliyevin 80 illik yubileyində bəstəkar haqqında
söylədiyi fikirlərin əks olunduğu
kadrlar nümayiş etdirilib.
525-ci qəzet.- 2016.- 14 yanvar.- S.7.