Osman Sarıvəlli dünyası
XALQ ŞAİRİNİN 110 İLLİYİNƏ
Osman
Sarıvəlli... Bu gün XX əsr Azərbaycan
poeziyasının mənzərəsini göz önünə
gətirəndə bu adı xatırlamamaq mümkün deyil.
Amma nədənsə, son illərdə Osman
Sarıvəllinin keçdiyi ömür yolu, bir şair kimi zəngin
yaradıcılığı tədqiqat əsərlərində,
elmi araşdırmalarda layiqincə əks olunmur.
Halbuki, Səməd
Vurğun, Süleyman Rüstəm, Rəsul Rza kimi şairlərlə
bir sırada onun da poeziyamızın inkişafında,
şeirimizin yenilik ruhu ilə aşılanmasında xidmətləri
az olmamışdır.
Osman Sarıvəllinin Azərbaycan şeirinə verdiyi
töhfələr çoxdur və bəlkə də bir
çoxlarına şablon təsir bağışlayan bu
cümlənin arxasında əsl həqiqət durur. Həqiqət
budur ki, Osman Sarıvəlli şeirimizdə heç kimə bənzəmirdi,
onun özünəməxsus yolu, poetik üslubu vardı.
Çox zaman onun adını ustad Səməd
Vurğunla yanaşı çəkirlər, hətta belə
bir fikir də mövcuddur ki, Osman Sarıvəlli Səməd
Vurğun poeziyasından bəhrələnib. Osman Sarıvəllinin Səməd Vurğunla qibtəediləsi
dostluğu, qardaşlığı, ünsiyyəti olub, bu iki
şəxsin münasibəti ideal bir səviyyədəydi və
olsun ki, bəlkə bu dostluğun aliliyi çoxlarında elə
bir fikir oyatmışdı.
Çox kasıb bir ailədə dünyaya göz
açmışdı, uşaqlıq və gənclik illəri
ağır ehtiyac içində keçmişdi. Özünün şah əsəri
olan "Gətir oğlum, gətir!" poemasında Osman
müəllim həyatının o ağır günlərini
təsvir edir, oğlu Babəkə həsr etdiyi bu əsərdə
yazır ki:
Mən kənddə
doğuldum, sən də şəhərdə,
Sən beşikdə yatdın, mənsə yəhərdə.
Yatdım
boz otlaqda boz dovşan kimi...
Gözümüz
dünyaya açılan kimi
Mən
çomaq götürdüm, sən kağız, qələm,
Çomaq
bir aləmdir, qələm bir aləm...
Osman Sarıvəllinin tərcümeyi-halı XX əsrin
əvvəli ilə sonu arasında (1905-1990) yaşanılan
bir həyatın çox mənalı, mənalı olduğu
qədər də keşməkeşli bir ömür yoludur. Çobanlıqdan,
yamaqlı şalvardan, ehtiyacdan sıyrılıb təhsilə,
elmə, şairliyə doğru, Qazaxdan Bakıya, Bakıdan
Moskvaya qədər uzanan bu yol iyirminci illərin komsomol həyatından,
otuzuncu illərin ziddiyyətli, qırxıncı illərin
müharibə alovlarından, Cənubi Azərbaycanda
yaşanılan qısamüddətli naşirlik dönəmindən,
əllinci illərin quruculuq,
altmışıncı-səksəninci illərin kamillik mərhələsindən
keçib. Bu səksən beş illik
ömrün demək olar ki, əksər sənələri,
günləri, ayları onun yaddaşından silinməyib.
Osman Sarıvəlli poeziyası bu mənada onun bədii-həm
real, həm də romantik, yaradıcılıq ehtirası ilə
coşub-daşan
salnaməsidir.
İnsan ağır, çətin, məşəqqətli
günlər yaşaya bilər, amma o günlərin sonralar
romantik duyğulara çevrilən anları olur. "Dumanlı
səhərlər, çənli axşamlar, keçəli
çadırlar, yeraltı damlar, yaşıl təpələr,
sərin bulaqlar, yaşıl çöllər"
xatırlanır və bunlar heç də retrospektiv elementlərə
çevrilmir, bütün ömrü boyu şairin
varlığında yaşayır. Məşhur "Bənövşə"
şeirində deyirdi ki:
Yamaqlı
şalvarım, yamaqlı çuxam,
Vüqarlı
başımı saldı aşağı,
Çıxdı
gözlərimə qəlbimin dağı,
Ələmdən, kədərdən qaça bilmədim.
Ciyərim
həsrətlə alışdı, yandı,
Könlümü
kimsəyə aça bilmədim,
Cırıq paltarımdan eşqim utandı.
Nə qədər təsirli, nə qədər real bir səhnə. Bunu Osman
müəllim "Bənövşə" şeirində
izhar edir və deyək ki, həmin bənövşə
şairin poetik obrazlar silsiləsində birinci sırada durur.
Ustad Qurbanidən sonra Bənövşəyə
şeir çələngi taxan Osman Sarıvəlli bu
obrazı simvol səviyyəsinə qaldırır. Bənövşə
həm təbiətin gözəllik hüsnü kimi bənzərsiz
təşbehlərə, metaforalara bürünür, həm də
hardasa insaniləşir.
Bənövşə
həm eşqin, alovlu duyğunun mücəssiməsinə
çevrilir, həm insan-təbiət vəhdətini
özündə əks etdirir, həm də insan mənəviyyatının,
gözəlliyə estetik baxışının dəyəri
kimi mənalanır. Şeirin ilk bəndlərində
keçmişin qara günləri xatırlanır.
"Nədir üzündəki qara, bənövşə?"
misrası "yaralı qəlbin, dərdli başın"
nisgillərindən söz açır və sonra:
"Neçə qış dolandı, neçə yaz oldu,
boranlı günlərin ömrü az oldu":
Bənövşəm!
Sənin də kəsildi ahın,
Tikanlar diz çöküb sənə əyildi.
Yetdi fəryadına
əli sabahın;
Günəş gözlərinin nəmini sildi.
Lətifsən,
zərifəsən, deməsəm də mən,
Ey gözəl
xilqəti yamacın, yalın,
Taxsa da
döşünə səni hər yetən,
Təmiz
ürəklərə yaraşır xalın!
Osman
Sarıvəlli 1977-ci ildə, artıq
yaşıdlarının hamısı Xalq şairi fəxri
adını aldıqdan sonra o ada layiq görüldü. Gec də olsa, haqqını aldı, ulu öndərimiz
Heydər Əliyev onu yaxşı tanıyırdı və əməyini,
ədəbiyyatımızın inkişafında xidmətlərini
layiqincə qiymətləndirdi. Çünki
Osman Sarıvəlli elə başdan-binadan, Xalq şairi
olmamışdan xalqın şairi idi. Onun
"Gətir oğlum, gətir!" poeması XX əsr Azərbaycan
poeziyasının şedevr nümunələrindən biridir və
Osman Sarıvəllidən söz düşəndə bu əsərin
adı həmişə birinci çəkilir. Səməd
Vurğunun "Azərbaycan" şeirindən sonra vətən
sevgisini ali hiss, müqəddəs duyğu
səviyyəsində bu qədər ehtirasla tərənnüm
etmək böyük istedadın qələbəsiydi. Poemada
Atanın diliylə söylənilən "gətir!",
"yaşat!" kəlmələri xalq müdrikliyinin, milli-mənəvi
dəyərlərin yaşanılmasına inamdır. Burada kəndin şəhərlə, köhnəliyin
yeniliklə qarşılaşdırılması
tendensiyası qətiyyən hiss edilmir, "gətir" elə
"yaşat" deməkdir. Nəyi gətirmək,
nəyi yaşatma? Məsələ bundadır:
Kömürdən
almaz çək, yarpaqdan ipək,
Daşdan
gövhər çıxart, buluddan şimşək,
Gətir,
ildırımın məğrur səsini,
Qumru
bulaqların zümzüməsini,
Zəmilərdən
sünbül, bağçalardan bar,
Dərələrdən
vüsət, dağlardan vüqar...
Özünlə
çiçəkli, güllü yaz gətir,
Bir
aşıq mahnısı, bir də saz gətir!
Ana
yurdumuzun nəyi var gətir-
Məhəbbət,
sədaqət, etibar gətir!..
Osman Sarıvəlli aşıq poeziyasının
vurğunu idi, bu poeziyanın qanadlarında ədəbiyyata gəlmişdi. Qazaxlı
olasan, saz -söz mühitində pərvəriş tapasan,
Aşıq Abbası, Qurbanini, Xəstə Qasımı,
Aşıq Ələsgəri sevməyə bilərsənmi?
Onun Aşıq Ələsgər
yaradıcılığından söz açan "Qüdrətli
şair, ustad sənətkar" adlı kiçik bir
monoqrafiyası var və bu monoqrafiya ustad aşığa həsr
olunan ən sanballı əsərlərdən biridir. Xalq poeziyasını, aşıq şeirini sevmək
azdır, əgər şairsənsə, yazdığın
qoşma və gəraylılar da o klassik incilər
sırasında durmalıdır, həm də öz yeniliyi, bədii
naxışları ilə seçilməlidir. Osman
Sarıvəllinin qoşmaları da bu mənada öz poetik incəlikləri
ilə göz oxşayır və bu nümunələr
"köhnə havalarda" təzə notlar kimi səslənir:
Oylağımda
boran qopdu bir zaman,
Dağ başını qar almağa başladı.
Qanadından
yaralandı laçınım,
Turacımı
sar almağa başladı.
Qapımızı
döydü qara bir külək,
Bağçamızda
nə gül qoydu, nə çiçək;
Payız
fəsli şaxta vurmuş xəzəltək
İrzi-rəngim saralmağa başladı.
Zaman gəldi...
üzümüzə doğdu gün,
Ç
içəklədi ilk baharı ömrümün,
Büsat
qurdu hər məhlədə toy, dügün-
Yar könlünü yar almağa başladı.
Qocalığı
heç qaxmayın başıma,
Yeni
çatır ömrüm əlli yaşına,
Ağ
gün çəkdi sağ əlini başıma,
Ağ saçlarım qaralmağa başladı.
Mükəmməl bir qoşmadır bu şeir və
çox təəssüf ki, say etibarilə onun qoşma və
gəraylıları o qədər də çox deyil, amma nə
yazıbsa, bunlar hamısı "qoşmanı, gəraylını
belə yazarlar!" hökmünü təsdiq edə bilər.
Öncə qeyd etdik ki, o, aşıq poeziyasının
vurğunu idi.
Şeirlərində də ustad
aşıqları, sazı, saz havalarını tərənnüm
edirdi. Şairin "O kimdir başımda
çalır, çağırır" adlı bir şeiri
var və bu şeir yaradıcılığında,
özünün dediyi kimi şairliklə aşıqlıqla
birləşdirən bir ustadın poetik qaynaqlara necə
möhkəm tellərlə bağlı olduğunu sübut
edir.
Ümmanda
şirmayı, sədəf axtaran,
Hansı qəvvas üzüb belə dərində?
Hansı
zərgər belə zərif işləyib,
Almaz tozlarını zər üzərində?
Dolandım
başına Ocaq dağının,
Dolandı
mənimlə o mahnılar da...
Qoşmalar
dilimdə elə yandı ki,
Ayağım
altında əridi qar da...
Osman Sarıvəlli Sovet dövrünün şairi idi. Gizlətməyək
ki, onun yaradıcılığının müəyyən
bir qismi o dövrün əhval-ruhiyyəsini, Sovet həqiqətlərini
əks etdirirdi. Ancaq bu fikri də birmənalı
şəkildə mütləq bir fikir qəbul etməyək.
Unutmayaq ki, Osman Sarıvəlli kasıblıqdan, ehtiyacdan
yalnız Şura inqilabından sonra qurtulmuşdu, Qori Müəllimlər
Seminariyasında təhsil almışdı, Moskva Dövlət
Universitetinin Filologiya fakültəsində təhsilini davam
etdirmişdi, onu Sovet dönəmində bir sıra vəzifələrə
irəli çəkmişdilər: Bakı Teatr Texnikumunda
müdir işləmişdi, Nizami adına Dil və Ədəbiyyat
İnstitutunda müdir müavini vəzifəsində
çalışmışdı, bir müddət "Ədəbiyyat
qəzeti"nin redaktoru olmuşdu və s. Onun yaşadığı
quruluşdan narazılığı yox idi, şair dostları
kimi o da kommunist ideallarına inanırdı.
Əgər
bir şair, yaradıcı adam ürəkdən
nəyəsə inanırsa, bu inam və etibarı qırmaq
olmaz! Amma bir həqiqət var ki, Osman Sarıvəllinin
poeziyasında o partiyalı motivlər, o tərənnümlər
İnsana, onun xoş əməllərinə böyük
inamdan irəli gəlirdi.
Onun
"Böyük dostluq", "Sibir dəftəri",
"Neapol şeirləri", "Mərakeş lövhələri",
"Misirli qardaşlar"ı, həmçinin gürcü
qardaşlara həsr etdiyi "səyahət şeirləri"
Azərbaycandan dünyanın, qardaş respublikaların o zamankı mənzərəsinə
şair baxışı idi. "Mən Sibirə
gedirəm"- ona görə ki, "hərarətli qəlbilə
qarı, buzu əridən, Tayqanı, tundranı
qızdıran sibirli qardaşımı öz bağrıma
basmaq üçün".
Sibir torpağının özünəməxsus təbiət
mənzərələri ilk dəfə Osman Sarıvəllinin
poeziyasında öz əksini tapmışdır,-desə, səhv
etmərik. "Neapol şeirləri"ndə
İtaliyanın bu qədim şəhərinin gözəlliklərindən
söz açır, onun tarixinin qəmli və həm də
şanlı səhifələrini vərəqləyir,
Bakıya oxşarlığını göz önünə
gətirir, amma bu gözəl şəhərin dilənçilərini
də unutmur, pulun hökmranlığını, insanların
kasıbçılıqla ömrü başa
vurmalarını kədərlə xatırlayır.
"Misirli qardaşlar"dakı bu misralar isə elə bil,
bu gün üçün deyilib, ərəb ölkələrində
baş verən çaxnaşmalar, qanlı terror hadisələri
yada düşür:
Ərəb
oğlu! Ərəb qızı!
Göz
dikib torpağınıza
hamı
bir cani kimi,
Sürünür
kölgənizcə
əli
bıçaqlı dizin-dizin...
Mətanətlə
durun keşiyində ölkənizin,
Möhkəm
çaxın ayağınızı yerə,
hamı
bir nəfər, hamı bir can kimi!
Osman Sarıvəlli ustad şair idi. Hər
sözün, hər kəlmənin, hər misranın poetik mənasına
varmağa can atırdı və buna nail olurdu.
Yazırdı ki:
Baxın
kimi sərraf gözün,
Təmtəraqlı
yalan sözün
Canı
yoxdur, dedin özün,
Məna sözün düzündədir.
Onun şeir dili saf, təmiz, duru idi, bir çeşmə
idi ki, suyu bulanıq deyildi. Xalq dilinin şəhdi-şirəsi,
etnoqrafik incəlikləri, məişətdən, adət və
inanclardan gələn sözlər, ifadələr, atalar
sözləri, məsəllər, folklordan əsən sərin
meh Osman Sarıvəllinin poeziyasında xalq ruhunun şeir
dilində ifadəsiydi. Baxın:
Bu yerlərdə
gözəl dostum, sinəmdə
Bir yaralı bülbül ağlar, nə bilsin?
Buruq-buruq
duman çıxır başımdan,
Mən yanıram, qarlı dağlar nə bilsin?
Bir də
baxın:
Zülfün
qamətindən uzundur, uzun,
Yalansa, əmr
eylə boynum vurulsun!
Ayna
qabağında bir ayna dursun,
Görünsün əndamın yara, görünmə.
O, sərbəst
şeirlər də yazırdı, amma insafən deyək ki, o
şeirlərin bir çoxu hecada da yazıla bilərdi,
çünki Osman Sarıvəllinin şair qüdrəti
hecada daha parlaq şəkildə ifadə olunurdu. Təbii ki,
bu, mənim subyektiv fikrimdir, razılaşmaya da bilərsiniz....
Osman
Sarıvəllinin məşhur bir şeiri var: "Günah
onun özündədir"
Dostum, incə
barmaqların
Sədəflərin üzündədir.
Mənim
meylim bir sazında,
Bir də şirin sözündədir.
Qarayazı
meşəsində,
Cavan
ovçu həvəsində,
Qulağın
maral səsində,
Gözün ceyran izindədir.
Söz şairin ürəyində,
Zor binanın dirəyində,
Güc pələngin biləyində,
Pəhləvanın dizindədir.
Heç əlinə alma əsa,
Yetmişində batma yasa,
Hər kim yüz il yaşamasa,
Günah onun özündədir.
Bu şeiri O.Sarıvəlli əlli yaşında yazmışdı. Mən onu əlli yaşında yox, yetmiş yaşı olanda görmüşəm və o yetmiş yaşlı Osman baba qədd-qamətli, dolu bədənli, qıvraq bir kişi idi. Amma bir gün səksən yaşında, Bakı bulvarında, bir söyüd ağacının yanındakı skamyada onu görəndə gözlərimə inanmadım. Osman baba arıqlamışdı, beli əyilmişdi bir az, amma gözlərində o həyat eşqi sönməmişdi. Harasa, uzaqlara boylanırdı. 1990-cı ilin 3 iyul günündə Osman baba da gözlərini əbədi yumdu və onu öz doğma kəndində - Sarıvəllidə dəfn etdilər. O kənddə ki:
Orda öz gülüm var, öz gülşənim var,
Yolumu gözləyən Solmazım ağlar;
Uzun qollarını ala çinarlar
Boynuma
salsa da, mən gedər oldum!
Yenə
tut ağacı dərdimi dinlər...
Uzun qələmələr
ah çəkib inlər,
Ağlayıb
dalınca salxım söyüdlər,
Saçını
yolsa da, mən gedər oldum!
Vaqif
YUSİFLİ
525-ci qəzet.-
2016.- 14 yanvar.- S.6.