Bizim görüşümüz uzaqdan-uzaq,

 

Tural Adışirin 1990-cı il Şəki rayonunun Oxud kəndində anadan olub.

 

Şeirləri Dünya Gənc Türk Yazarlar Birliyinin "Bölgələrdən səslər" toplusunda, "Ədəbiyyat qəzeti"ndə, "Ulduz" jurnalında dərc edilib.

 

AYB-nin nəzdində fəaliyyət göstərən "Gənc ədiblər məktəbi"nin müdavimidir.

 

Şeirlərindən nümunələri oxucularımıza təqdim edirik.

 

Bizim görüşümüz qarlı bir sazaq.

Ya səni, ya məni soyudacaqdır,

Sonra öz qütbünə qayıdacaqdır.

Arzumuz başqadır, yolumuz başqa,

Bəs harda, haçandan tanışmışıq biz.

Yoxsa o günlərə qayıtmaq üçün,

İndi görüşlərdən yapışmışıq biz.

Gör neçə sakitik yay sularıtək,

Qaynar qəlbimizdə susur hay-haray.

Kövrək bir ürəyin arzularıtək,

Keçir gözümüzdən görüşlər lay-lay.

Bizim görüşümüz payız sükutlu,

Hansı günlərəsə hələ ümidli.

Yanırıq yanğımız qalır ürəkdə,

Alova dönürük, közə dönürük,

Ayrılıq çağında vüsal deməkdən

Görüş çağlarında buza dönürük.

Bizli , bizsiz ötdükcə zaman,

Məhəbbət yolunda lap çaşırıq ki...

Hər görüş bir az da yaxın olmaqdan,

Hər görüş bir az da yadlaşırıq ki...

Bəlkə nəzərlərdən yayınaq daha,

Bəlkə heç düşməyə duyuq görüşlər.

Gedək xatirəylə qızınaq daha,

Bizi isitməyir soyuq görüşlər.

 

lll

 

Qapına gələcək xoşbəxtlik bu yaz,

Axtar o ünvanı gəz ürəyimdə.

Dərdimi bir kəsə aça bilmirəm,

Qaralıb, pas atıb söz ürəyimdə.

Yoxdur bu həsrətə dözməyə halım,

Qalmayıb başımda huşum, kamalım.

Yanıram oduna düşüb a zalım,

Atəş bəbəyimdə köz ürəyimdə.

Bu dəli könlümdür səndən pay uman,

Əgər sevirsənsə od tut, alovlan.

Baxışın üstümə səpilən zaman,

Elə bil gül açır yaz ürəyimdə.

Düşmüşəm eşq adlı ağır dərdə mən,

Çəkmişəm pis gözə qara pərdə mən.

Gəzmərəm kənddə, şəhərdə mən,

Səni axtararam öz ürəyimdə.

 

lll

 

Tale dənizində qaldırıb yelkən,

Ömür uzaqlara üzüb gedəndir.

Dünya başdan-başa bir nəğmə ikən,

Bu kədər hardandır, bu qəm nədəndir?

Yəqin xoşbəxtliyin yolu daş-kəsək,

Yəqin bədbəxtliyin yolu düz-hamar.

Əgər qarış-qarış dünyanı gəzsək,

Görərik sevincdən artıq kədər var.

Qara saçlara da vaxtsız salar dən,

Sevinc bir üzlüdü, kədər min yönlü.

Qəm elə hissdir ki, özün bilmədən,

Ağlada-ağlada ovudar könlü.

Sevinc qəm içində kiçik bir ada,

Kədər təlatümlü, dalğalı ümman.

Bir cür sevinsə hər kəs dünyada,

Başqa cür qəmlənir, qəmlənən zaman.

Sevinclər hardasa uyuyar, yatar,

Hiss edər vaxtsa qəmi qovacaq.

Günəş belədir, axşamlar batar,

Bilər ki, səhərlər bir doğacaq.

 

lll

 

Tüstü havalanıb, göydə əriyir,

Ocağın yerində kül düşüb qalır.

Durna qatarıtək vaxt köç eləyir,

Durna qatarından tel düşüb qalır.

İllərdən süzülüb söz təmizlənir,

Təmiz göz yaşından göz təmizlənir.

İl var, xəcalətdən qaçıb gizlənir,

İl var ki, üzünə irişib qalır.

 

İl ötür, qovuşur o yol bu yola,

Yaş gedir qabağa, il gedir dala.

İllər başımızda dönür xəyala,

Sonra alnımızda bürüşüb qalır.

 

Dünya dəmdədir, könül dəmdə,

Fikrin başı göydə, ayağı qəmdə.

İl var, çöküb qalır quru rəqəmdə,

İl var, xatirəyə ilişib qalır.

 

lll

 

dünya sənindi, dünyan mənəm,

sən mənimçün dünyadan baha.

İnana bilmirəm yuxuna gələm,

Məni yuxunda da gözləmə daha.

Bu  çətin sınaqlar mənimi yordu?

Sənmi gözlərimdən düşmüsən qaçaq...

Bilmirəm, qəlbimdə sönən bu odu,

Bilmirəm, təzədən kim qalayacaq.

olsun oxumuz toxundu daşa,

Tale öz verdiyi qisməti aldı.

Deyirəm, bir az da gəl mənsiz yaşa,

Demirəm, səninki Allaha qaldı.

Bu dünya yaxşını yamandan seçər,

Hər qəmi bir şıltaq sevinc izləyir.

Bir oğlan səninçün başından keçər,

Məni hardasa bir qız gözləyir.

 

lll

 

Dünya məni dərdə salır,

Üzündən keçə bilmirəm.

Ağlasam qəlbim yumşalır,

Gözümdən keçə bilmirəm.

 

Nədir faydası bu qəmin?

Gedin Məcnundan öyrənin.

Füzuli kimi iynənin,

Gözündən keçə bilmirəm.

 

Hər çür savaşdan keçirəm,

Qurudan, yaşdan keçirəm,

Yol açıb daşdan keçirəm,

Özümdən keçə bilmirəm.

 

Tural ADIŞİRİN

525-ci qəzet.- 2016.- 15 yanvar.- S.8.