Müəllimlik və insanlıq ləyaqəti

 

 

(Yalçın Əlizadənin 76 yaşına ön söz)

 

Dostumuz, iş yoldaşımız, Azərbaycan jurnalistikasının elmi və praktik istiqamətində öz məhsuldar fəaliyyəti ilə ömrünün 76-cı ilində də səmərəli işlərə imza qoymaqda davam edən professor Yalçın Əlizadə həm də özünün insanlıq keyfiyyətləri ilə hamının sevgisini qazanmış alim və müəllimdir. Və hər şeydən əvvəl, bu alim və müəllim bizim üçün, onu tanıyanların hamısı üçün bir ləyaqət simvoludur.

 

Ləyaqətsə insanın ali keyfiyyətidir. Və ləyaqət insanın təkcə davranışına, münasibətinə  deyil, onun fəaliyyətinin bütün istiqamətlərinə şamil edilən epitetdir. Kimin harada, hansı sahədə fəaliyyət göstərməsindən asılı olaraq, insanın bu sahədəki işi də ləyaqət tələb edir. Həkim ləyaqəti, müəllim ləyaqəti, alim, sənətkar, usta… ləyaqəti. Bütün bunların məcmusunda isə insan-vətəndaş ləyaqəti kimi ağır çəkili bir məzmun dayanır.

 

Bu fakultəyə o, jurnalist peşəsində formalaşandan, radio sahəsində tanınmış bir peşəkar olandan sonra gəlib. Hələ 1962-ci ildə elə bu universitetdə jurnalistika ixtisasını bitirən kimi Azərbaycan radiosunda çalışmağa başlayıb.

 

Radioda müxtəlif vəzifələrdə işləyib və həm də elə peşəkar jurnalistlik illərində radiojurnalistikanın nəzəri problemləri ətrafında tədqiqatlar aparıb. O illərdə Azərbaycan radiosunda  siyasi icmalçı kimi də fəaliyyət göstərmiş Şirməmməd Hüseynov Yalçın Əlizadəni dekanı olduğu Jurnalistika fakültəsinə müəllim dəvət edib.

Y.Əlizadənin bu dəvəti qəbul etdiyi vaxtdan üzü bu yana bütün rəsmi, ictimai, elmi fəaliyyəti bizim də gözümüzün önündə keçib. Yalçın müəllim fakültəyə qədəm qoyan kimi özünün elm, alim, müəllim kredosunu ortaya qoydu: radiojurnalistikanın nəzəri əsaslarını hazırladı, bu sahədəki boşluğu doldurdu, klassik müəllimliyin pedaqoji ləyaqəti ilə tələbələrinin hörmətini qazandı. Heç yerə, heç nəyə tələsmədi.

 

Əsas işi hələ təzəcə formalaşmaqda olan fakültənin nüfuz qazanmasına yönəldi. Moskva Dövlət Universiteti Jurnalistika fakultəsindəki televiziya və radio jurnalistikası kafedrasının müdiri, "dünya şöhrətli TV, radio nəzəriyyəçisi" (prof. Y.Boretski) Ənvər Bağırovun Azərbaycan təmsilçisi oldu. Kitablar, məqalələr, dərs vəsaitləri, tədris proqramları, pedaqoji fəaliyyət. Mərhum professor Tofiq Rüstəmovun, Yalçın Əlizadə kimi mütəxəssislərin yetişməsi ilə fakültədə Televiziya və radio jurnalistikası kafedrası yaradıldı. Şirməmməd Hüseynovun təşəbbüsü ilə ərsəyə gəlmiş bu kafedraya əvvəlcə professor Tofiq Rüstəmov, sonralarsa uzun müddət Yalçın Əlizadə rəhbərlik etdi. Bir az da keçdi və Yalçın müəllim fakültənin dekanı seçildi. Yalçın Əlizadənin alim kimi, müəllim kimi, nəhayət kafedra müdiri və dekan kimi ləyaqəti bu məqamda özünü daha çox göstərdi.

 

Xüsusi vurğulamaq istərdik ki, Jurnalistika Bakı Dövlət Universitetində həcmcə kiçik olmasına baxmayaraq, daxilən mürəkkəb, çox xarakterli bir fakultədir. Bütün dövrlərdə bu fakultə öz müstəqil sözü ilə, hadisələrə müstəqil baxışı ilə, hər cür diktədən uzaqlığı ilə seçilib. Bu fakultənin əbədi bir təmizlik qüruru, saflıq xarakteri var. Bu təmizlik və saflıq onun müəllimlərini bir az ərköyün, bir az dili uzun edir. Bu fakultənin müəllimli-tələbəli mətbuatla, həm də bu mətbuatın ən çeşidli tipləri ilə daimi əlaqəsi, işbirliyi var. Belə bir fakultənin təmizlik, saflıq xarakterini zamanın keşməkeşlərindən çıxarmış Nurəddin Babayev, Şirməmməd Hüseynov, Famil Mehdi, Tofiq Rüstəmov, Nəriman Zeynalov, Akif Rüstəmov kimi dekanları, sahiblik edənləri olub. Estafeti bu adamlardan almaq və onu yeni dövrə çatdırmaq Yalçın Əlizadəyə qismət olub. Onun ilk dekanlıq günlərində skeptiklər də tapıldı. Yeni, cavan qüvvələrin də qatıldığı bu fakultənin saflığını, tələbəyə ideal, klassik münasibətini qoruyub saxlamağa Yalçın Əlizadənin gücü çatacaqmı? Elə bil bu fakultənin taleyini Allah verib. Onun dekanlarının hamısı müəllim namusunu hər şeydən uca tutub. Yalçın müəllim də bu sıraya elə bu kredo ilə qoşuldu. Dekanlığının birinci dördillik seçkilərində hər kəs onun o müqəddəs təmizlik sıralarında ləyaqətlə dayandığını, universitet anlayışı altında dayanan məsuliyyətli məzmunu necə vicdanla dərk etdiyini gördü. İkinci dördilliyə seçki zamanı Yalçın müəllim yekdilliklə dekan seçildi, bu dəfə onun fəaliyyətinə şübhə ilə yanaşan skeptiklər tapılmadı…

 

Daha dörd il keçdi, Jurnalistika fakultəsinə dekan seçkisi yenidən gündəmə gəldi. Fakultənin kollektivi bir müddət narahatlıq keçirtdi: rəhbərlik Yalçın Əlizadənin üçüncü dəfə namizədliyinə etiraz etməz ki? Başda əbədi müəllimimiz Şirməmməd Hüseynov olmaqla hamımız universitet rəhbərliyinə müraciət etdik: Yalçın Əlizadəni yenidən dekan seçmək üçün namizədliyini irəli sürməyimizə etiraz etməməsi üçün. Onda da rəhbərlik bizi başa düşdü. Və Yalçın Əlizadə üçüncü dəfə fakultəyə dekan seçildi. Bu seçki ərəfəsində professor Ş.Hüseynov Yalçın Əlizadəni bir dekan kimi belə xarakterizə etdi: "Yalçın ləyaqət sahibidir, mənim ümidlərimi doğrultmuş alim və müəllimdir, dekanlığa yaraşan şəxsiyyətdir".

 

Fakultənin əməkdaşları  və tələbələr yaxşı bilirdilər: Yalçın müəllim bir dekan kimi yeri gələndə səhlənkarlığa, nöqsanlara görə hər kəsi möhkəm danlaya bilər. Amma dekan bu əməkdaşların və tələbələrin haqqını ən kritik anlarda, hər yerdə cəsarətlə qoruyan, müdafiə edən insandır. Nə gizlədək, bəzən fakultəyə kənar kafedralardan gələn, bu fakultənin təmiz dünyasına ləkə vurmaq istəyən nabələd "müəllimlər" də peyda  olurdu. Belə anda dekan heç ehtimalları da yaxın buraxmırdı: həmin "müəllim"i fakultədən  dərhal uzaqlaşdırırdı. Universitet rektorunun "mübahisəli şeyləri həmişə tələbənin  xeyrinə həll edin" tövsiyəsi bir dekan kimi Yalçın Əlizadənin əsas prinsiplərindən biri idi.

 

Jurnalistika ölkənin ali təhsil sistemində Boloniya tədris prosesinə ilk qoşulan fakultədir. İlk illərin çətinlikləri, bütün universitet üçün yeni təcrübədə istinad nöqtəsi bu fakultə oldu. Yalçın Əlizadə bu çətinlikləri, ilk təcrübə məqamlarını birinci yaşayan dekan oldu. İndi o vaxtlar xeyli arxada qalıb. Jurnalistika fakultəsi bu sahədə də inkişafın yeni mərhələsindədir. Etiraf edək ki, Jurnalistika fakultəsinin müəllimləri həmişə mətbuatla əlaqəli olduqlarından, başları daha çox praktik yaradıcılığa qarışdığından elmi dərəcəyə o qədər də bənd olmayıblar. Bu, fakultədə bir az da ətalətə bənzəyirdi. Yalçın Əlizadə dekan olan vaxtdan müəllimlərin qarşısına ciddi bir tələb qoymuşdu: auditoriyaya girən müəllimin öz konsepsiyası, öz nəzəri iddiaları olmalıdır. Bu da elmdən, elmi tədqiqatdan keçir. Fakultədə dissertabelli tədqiqat işləri sürətlənməlidir. O vaxtdan bəri fakultədə neçə-neçə namizədlik və doktorluq işi müdafiə edilmişdir. Dekan elmi, pedaqoji qabiliyyətini duyduğu əməkdaşların müəllim keçməsinə xüsusi diqqətlə yanaşırdı. Ona görə də son illər fakultədə pedaqoji kollektivin cavanlaşma prosesi getmişdir. Məhz Yalçın müəllimin tövsiyəsi, xeyir-duası ilə fakultədə işə qəbul olunmuş gənclərin ürək sözləri:

 

Sevinc Məmmədova (Teleradio kafedrasının müəllimi):

 

- Yalçın Əlizadə atamın dost yadigarıdır. Mən ondan elmə, tələbəyə, insana münasibət öyrənmişəm.

 

Sevil Həsənova (Teleradio kafedrasının müəllimi):

 

- Tale elə gətirib ki, həyat yoldaşım da, mən   Yalçın müəllimin tələbələri olmuşuq. İndi fəxr edirəm ki, çox sevdiyim bir müəllimimlə bir kafedrada işləyirəm.

 

Gülnarə Sadıqova  (Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müəllimi):

 

- Yalçın müəllim təkcə dekan deyil, bizə həm də arxadır, dayaq, problemlərimizlə yaşayan insan olub.

 

Könül Niftəliyeva (Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti):

 

- İlk baxışdan sərt görünən Yalçın müəllimin bu sərtliyi də yalnız həqiqətə xidmət edir. Bu gün bizim həqiqətimiz ona çox bağlıdır.

 

Qeydlərini təqdim etdiyim bu gənclərin hamısı indi jurnalistikanın nəzəri problemlərini araşdırmaqla məşğuldur.

 

Yalçın müəllim peşəkar jurnalistdir. Respublikanın mətbuat orqanlarında müntəzəm yazıları dərc edilir. Bu yazılar öz peşəkarlığı ilə tələbələrə örnək rolunu oynayır.

 

Yalçın Əlizadə uzun müddət fakultə Elmi Şurasının sədri olub. Bu Şura öz yığıncaqlarında tədrisin problemlərini, elmi-tədqiqat məsələlərini, fakultənin dünyanın qabaqcıl universitetlərində analoji tədris qurumları ilə əlaqələrini təhlil edir. Fakultənin müxtəlif jurnalist təşkilatları ilə əməkdaşlığının da mühüm bir  hissəsi həm də dekanın, Elmi Şura sədrinin təşəbbüslərinə bağlı olub.

 

Yalçın Əlizadə  uzun müddət  həm də universitet Elmi Şurasının üzvü olub. Bu şuradakı fəaliyyəti ilə də Yalçın müəllim ləyaqət nümunəsi göstərmişdir.

 

İndi professor Yalçın Əlizadə sadaladığımız və hələ çoxunu qeyd etmədiyimiz vəzifələri geridə qoyub. Onun üçün müəllimlikdən vacib heç bir vəzifə yoxdur. O, uzun müddət dekan olduğu Jurnalistika fakultəsində və uzun müddət rəhbərlik etdiyi Televiziya və radio jurnalistikası kafedrasında bu gün də professor vəzifəsində çalışmaqdadır. Səhhətində yaranan narahatlıq bəzən onu istədiymiz anda görməyimizə, elmindən, sözündən-söhbətindən öyrənməyimizə mane də olur. Lakin əsl müəllim ləyaqətini qazanmış bir insanla ən qısa görüş anları belə bizə nəsə öyrədir, bizi yenidən həyata bağlayır. Yalçın müəllimin hətta qısa bir telefon bağlantısı da bizə təsəllidir, ürək-dirək məqamıdır.

 

Bütün bunları ona görə qələmə aldıq ki, yanvarın 17-də Yalçın müəllimin 76 yaşı tamam olur. Bu yaş, hər kəsdən əvvəl, onun tələbələrinin bayramıdır, uzun illərdən bəri bir yerdə işlədiyi universitet  kollektivinin, Junalistika fakultəsinin, yaxınlarının, doğmalarının bayramıdır. Yalçın müəllim hər an, hər yerdə, çətin dövrdə, çətin situasiyada ləyaqət deyilən ali insan keyfiyyətini qoruyub saxlayan adamdır. Deməli, bu 76 yaş həm də ləyaqətin, müəllim, alim, peşəkar jurnalist ləyaqətinin bayramıdır.

 

Nəsir ƏHMƏDLİ

Cahangir MƏMMƏDLİ

525-ci qəzet.- 2016.- 15 yanvar.- S.8.